Milli Məclisinin rəsmi nümayəndə
heyəti İsrail Knessetində qəbul edilib
Fevralın 9-da Azərbaycan parlamentarilərinin bir qrupu İsrailə üç günlük səfərə gəlib. Nümayəndə heyətinə Milli Məclisin müxtəlif partiyaları təmsil edən deputatları: Səməd Seyidov, Asim Mollazadə, Yevda Abramov və Sevinc Fətəliyeva, habelə Bakıdakı İsrail Mərkəzinin rəhbəri Emiliya Xudiyeva daxildir.
Fevralın 10-da nümayəndə heyəti İsrail Knessetində olub. Qeyd etmək lazımdır ki, Yevda Abramov, Səməd Seyidov və Azərbaycan Parlamentinin digər üzvləri bundan əvvəl də İsrail parlamentində olublar, lakin “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasından AZƏRTAC-a verilən məlumata görə, iki dövlətin münasibətləri tarixində ilk dəfə olaraq Azərbaycan Milli Məclisinin rəsmi nümayəndə heyəti Knessetdə qəbul edilib.
Qonaqları əvvəlcə İsrail-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, “İsrail bizim evimizdir” partiyasının rəhbəri, Knessetin deputatı Aviqdor Liberman qəbul edib. A. Liberman söhbət zamanı iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsinə dair bir sıra təkliflər, ictimai təşkilatları, o cümlədən beynəlxalq qurumları bu əlaqələrə daha fəal cəlb etmək ideyasını irəli sürüb.
Sonra Knessetin beynəlxalq məsələlər və müdafiə komissiyasının sədri Tsaxi Aneqbi və Knessetin spikeri Yuli Edelşteyn ilə görüşlər olub. Bu görüşlərdə Knessetin deputatları Sofa Landver, Maykl Oren, Robert İlatov, “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Spivak və Assosiasiyanın direktorlar şurasının üzvü Şaul Siman-Tov iştirak ediblər.
Günün ikinci yarısında qonaqlar
Holokost qurbanlarının “Yad
va-Şem” xatirə kompleksində olublar.
Azərbaycan. - 2016.- 12 fevral.- S. 2.