Böyük vətənpərvərin ömür yoluna
işıq salan kitab
Bu günlərdə “Nəriman Nərimanov. Məktublar və
Qarabağ məsələsinə
dair sənədlər”
adlı kitab işıq üzü görüb. “Nurlan” nəşriyyat-poliqrafiya
mərkəzi tərəfindən
nəfis tərtibatla nəşr olunan kitabın elmi redaktoru Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri
akademik Ramiz Mehdiyevdir.
Filologiya elmləri doktoru, professor Teymur Əhmədov tərəfindən tərtib
edilmiş kitab görkəmli ictimai-siyasi
xadim, böyük ədib Nəriman Nərimanovun anadan olmasının 146 illiyinə
həsr edilib.
Təkmilləşdirilmiş bu yeni nəşrə
N.Nərimanovun XX əsrin
əvvəllərində mürəkkəb
şəraitdə xalq
işi uğrunda mübarizəsi və fəaliyyəti barədə
müəyyən təsəvvür
yaradan tarixi sənədlər toplanıb.
Kitaba T.Əhmədov
tərəfindən yazılmış
“Ön söz”də Nəriman Nərimanovun həyat yolu və siyasi, ədəbi fəaliyyəti
geniş şərh edilir. Bildirilir ki, N.Nərimanov
Azərbaycanın inqilabi-demokratik
ədəbiyyatı və
ictimai fikir tarixində görkəmli
rol oynayıb. Müəllif yazır: “Onun inqilabdan əvvəl zəhmətkeş
kütlələr arasında
müəllim, həkim,
jurnalist, nasir, rejissor, aktyor və görkəmli dramaturq kimi şöhrət qazanması
təsadüfi deyildi.
N.Nərimanov, sözün həqiqi
mənasında, mübariz
bir vətənpərvər
idi. O, bütün
ədəbi-elmi yaradıcılığı
və ictimai fəaliyyəti ilə ömrünü doğma xalqın taleyinə bağlamış, çətinliklərlə
dolu şərəfli
bir həyat yolu keçmişdir”.
Kitabda “Mərkəzi komitəyə
yol”, “N.Nərimanovun V.İ.Leninə məktubu”,
“Qarabağ məsələsinə
dair sənədlər”,
“Nəriman Nərimanovun
oğlu Nəcəfə
məktubu” və digər sərlövhəli
tarixi sənədlərin
əks olunduğu yazılar bu böyük insanın həyat yoluna bir daha güzgü
tutur, onun xalq və millət
qarşısındakı unudulmaz
xidmətlərini göstərir.
Nəşrdə, həmçinin Nəriman
Nərimanovun ailə albomundan nadir şəkillərlə
yanaşı, Bakı
sovetinin məsul işçilərinin siyahısı,
o dövrdə Bakıda
mövcud olan məktəblər və uşaq evləri ilə bağlı statistik məlumatlar da yer alıb.
Kitabdakı “Hikmətli sözlər. Nəsihət və mülahizələr”
bölməsində oxuculara
təqdim olunan seçmələr Nəriman
Nərimanovun ədəbi-tənqidi
məqalələrindən və felyetonlarından götürülüb. Bu söz çələngi
kitabla yaxından tanış olan hər bir
kəsdə Nəriman
Nərimanovun düşüncə
tərzi, həyat qayəsi, məfkurəsi barədə daha dolğun təsəvvür
yaradacaq.
Teymur Əhmədovun
böyük zəhməti
hesabına ərsəyə
gələn 176 səhifəlik
bu dəyərli kitab Azərbaycanın tarixi taleyi ilə
maraqlanan oxucular, politoloqlar və tədqiqatçılar üçün
nəzərdə tutulub.
AZƏRTAC
Azərbaycan. - 2016.- 13 fevral.- S. 7.