Azərbaycan parlamenti nümayəndə heyətinin İsrailə
səfəri uğurlu olub
Milli
Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası
əlaqələr komitəsinin sədri Səməd Seyidovun
başçılığı ilə komitənin sədr
müavini Sevinc Fətəliyeva, parlamentin İsraillə
dostluq qrupunun üzvü, Demokratik İslahatlar
Partiyasının sədri Asim Mollazadə, Azərbaycan-İsrail
parlamentlərarası işçi qrupunun sədri Yevda Abramov
və Bakıdakı İsrail Mərkəzinin rəhbəri
Emiliya Xudiyeva İsrail parlamentinin dəvəti ilə bu
ölkədə səfərdə olublar.
Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində İsrail Prezidenti Reuven Rivlin, Knessetin (İsrail parlamenti) spikeri Yuli-Yoel Edelstein, beynəlxalq əlaqələr və müdafiə məsələləri üzrə komitəsinin sədri Tzaçi Haneqbi, İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, “İsrail bizim evimizdir” partiyasının rəhbəri Aviqdor Liberman, Xarici İşlər Nazirliyinin Yaxın Şərq bürosunun və Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Amir Veissbrod, nazirliyin siyasi idarəsinin rəhbəri Alon Uşpiz, Avro-Asiya və Balkanlar üzrə baş direktorunun müavini Zvi Rav-Ner, həmçinin İsrail parlament qruplarının, lobbilərinin rəhbərləri və üzvləri ilə görüşüblər.
İsrail Prezidenti ilə görüşdə Azərbaycan nümayəndə heyəti BMT-də Xocalı soyqırımı ilə bağlı çıxışına və ölkəmizin mövqeyini dəstəklədiyinə görə ona təşəkkür ediblər.
Görüşlərdə İsrail-Azərbaycan münasibətləri ətraflı müzakirə edilib. İsrail tərəfi Azərbaycanın multikultural dəyərlərini, ölkəmizin yəhudilərin öz mədəniyyətlərini inkişaf etdirməyə geniş imkan yaratmasını, onlara qarşı dünyanın heç bir yerində olmayan tolerant münasibətin göstərilməsini yüksək qiymətləndirib. Onlar Azərbaycanla ikitərəfli münasibətlərin genişləndirilməsində, çoxşaxəli, o cümlədən iqtisadi əlaqələrin inkişafında, Azərbaycanın multikultural dəyərlərinin yayılması sahəsində əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.
Səfər zamanı Azərbaycan nümayəndə heyətinin üzvlərinə İsrailin yeni texnologiyalarının inkişafını müəyyənləşdirən mərkəzlərlə tanış olmaq imkanı yaradılıb. Qeyd edək ki, iki dövlətin münasibətləri tarixində ilk dəfə olaraq Azərbaycan Milli Məclisinin nümayəndə heyəti Knessetin dəvəti ilə İsraildə rəsmi səfərdə olub.
Səfər fevralın 12-də başa
çatmışdır.
Azərbaycan. - 2016.- 14 fevral.- S.5.