BBC telekanalı “Əli və Nino” filmi haqqında
“Əli
və Nino” filminin rejissoru, “BAFTA” mükafatı
sahibi Asif Kapadia BBC telekanalına bu filmin çəkilişləri
barədə məlumat
verib.
Heydər Əliyev Fondundan
AZƏRTAC-a bildirilib ki,
telekanal, həmçinin
filmdən hissələr
və onun yaradılması prosesini təqdim edib.
“Əli və Nino” filminin icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, prodüseri Kris
Tikyer, ssenari müəllifi isə
“Academy Award” mükafatı laureatı Kristofer Hemptondur.
A.Kapadia
BBC-yə filmdə təqdim edilmiş tarixin Qafqazda - daha əvvəllər haqqında heç nə bilmədiyi regionda baş verdiyini bildirib: “Lakin hazırda bu regionun dünyada
baş verən indiki hadisələr fonunda vacib region olduğu məlum olur. Burada Şərq Qərblə,
Avropa Asiya ilə, müsəlmanlıq
xristianlıqla görüşür.
Bura çox gözəl yerdir”.
Qeyd edək ki, rejissor
A. Kapadianın 2015-ci ildə
çəkdiyi digər
ekran əsəri -
“Emi” (“Amy”) “Ən yaxşı
tammetrajlı sənədli
film” nominasiyasında “Oskar”a
namizəddir.
“Əli və
Nino” filminin nümayişi
ABŞ-ın “Sundance” beynəlxalq
film festivalı çərçivəsində
“Premyera” kateqoriyasında
keçirilib.
Yazıçı Qurban Səidin dünya bestselleri olan eyniadlı romanı əsasında ekranlaşdırılan “Əli
və Nino” Azərbaycanın
müstəqillik uğrunda
mübarizəsi və
20-ci əsrin əvvəlində
Azərbaycanın Rusiya
tərəfindən işğal
edilməsi fonunda müxtəlif dinlərə
etiqad edən iki gəncin sevgisindən bəhs edir.
104 dəqiqəlik ekran əsərində
baş rollarda Adam Bakri (Əli) və Mariya Valverde (Nino) çəkilib. Filmdə, həmçinin
Halit Ergenç, Mendi Petinkin, Konni Nilson, Rikkardo
Samariko, Humayon Erşardi, Fəxrəddin Manafov,
Əsad Bub, Numan Akar və digər məşhur aktyorlar iştirak ediblər.
Azərbaycan. - 2016.- 14 fevral.- S. 7.