Veteranlara qayğı və diqqət yetərincədir
Ulu öndər Heydər Əliyev
onları ölkəmizin “qızıl fondu”
adlandırmışdır
Xalqımız ağsaqqal və ağbirçəklərə, elin və evin böyüklərinə hörməti ilə daim seçilib. Bu müdriklik, alicənablıq dövlətimizin siyasətində də özünün ifadəsini tapıb. Müharibə və əmək veteranlarına qayğı dövlətin humanist siyasətinin tərkib hissələrindəndir. Hazırda ölkəmizdə bir sıra dövlət və qeyri-hökumət təşkilatları da var ki, onların fəaliyyəti bilavasitə qocalara, əlillərə, veteranlara xidmətlə bağlıdır.
Cənab İlham Əliyevin dövlət başçısı kimi müharibə və əmək veteranlarına göstərdiyi diqqət və qayğı isə onları nəinki ruhlandırır, hətta ömürlərini uzadır, bu gün də vətənin sıravi əsgərləri kimi keşiyində dayanmağa, düşməndən qorumağa sövq edir. Son illər dövlət və hökumət tərəfindən veteranlara göstərilən diqqət xeyli artırılıb, bunun nəticəsində respublika Veteranlar Təşkilatının maddi-texniki bazası möhkəmlənərək ölkə miqyasında yüksək səviyyəyə qalxıb.
Heç təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev veteranları “qızıl fond” adlandırmışdır. Prezident İlham Əliyev bu istiqamətdə dövlət siyasətini daha da genişləndirir, onlara diqqəti artıraraq sosial müdafiəsini gücləndirir. Respublika Veteranlar Təşkilatına təmirdən çıxmış yeni inzibati bina, veteranlara ev, əlillərə avtomobil və pul mükafatlarının verilməsi - kövrək qəlbli bu insanların sevindirilməsi deyilənlərin təsdiqidir.
Sevindirici hallardan biri budur ki, möhtərəm Prezident İlham Əliyevin veteranlarla bağlı uğurlu siyasəti bütün şəhər və rayon rəhbərlərinin bu kateqoriyadan olan insanlara münasibətini də tamamilə dəyişib. Bunun da nəticəsində veteranlara qayğı artıb, diqqət çoxalıb. Onların sosial-məişət problemlərinin həlli yerli hakimiyyət orqanlarının vəzifələrindən biri kimi aktuallaşıb. Məhz bunun sayəsində veteranlar təşkilatları da işlərini günün tələbləri səviyyəsində qururlar.
Ötən ilə yekun vurularkən bir daha əmin olduq ki, respublikamızın Balakən, Şəki, Zaqatala, Mingəçevir, eləcə də Bakı şəhərinin Nizami və Səbail rayonlarında veteranlarla iş nümunəvi xarakter daşıyıb. Onu da bildirək ki, öz işlərini düzgün quran, veteranların qayğılarını fəaliyyətinin əsas hissəsi hesab edən təşkilatlar da az deyil. Bu sırada Quba, Qusar, Siyəzən, Sumqayıt, Salyan, Qazax rayon veteranlar təşkilatlarının fəaliyyəti ürəkaçan olub. Adları çəkilən təşkilatlarda da elin ağsaqqal və ağbirçəkləri dövlətimizin və cəmiyyətin qayğısını öz üzərlərində hiss edirlər.
Əlbəttə, gənclərin bütün istiqamətlərdə tərbiyəsində veteranların rolunu danmaq olmaz. Bu məqsədlə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri dövri mətbuatda gənclərin marağını cəlb edən məqalələrlə çıxış edir, kitablar buraxır. Nümunə üçün qeyd edək ki, təşkilatın beynəlxalq əlaqələr və xalqlar arasında dostluq komissiyasının sədri Zahiddin Abbasovun nəşr olunmuş “Real hissləri itirmiş ermənilər” adlı kitabı oxucular, xüsusən gənc nəsil tərəfindən rəğbətlə qarşılanıb.
Yuxarıda qeyd etdiyim kimi, haqqında müsbət danışılan, fəaliyyəti nümunə göstərilən təşkilatlarımız az deyil və onlardan biri də təbiətin füsunkar guşəsində yerləşən Şəkidədir. Bu o Şəkidir ki, zaman-zaman xalqımıza yetirdiyi ziyalıları, zəngin mədəni irsi ilə seçilib. Əsrlərin sınağından çıxmış milli adət-ənənələrimizin qorunub-saxlanılmasında bu yerlərin müdriklərinə, elin ağsaqqal və ağbirçəklərinə inam güclü olub. Sevindirici haldır ki, bu gün də Şəkidə böyüyə-kiçiyə hörmət qorunub-saxlanır və veteranlar təşkilatının nümunəvi fəaliyyətində də bu, öz əksini tapıb.
Şəki Veteranlar Təşkilatı da diqqət və qayğıdan kənarda qalmayıb. Təşkilatın yerləşdiyi bina şəhərin mərkəzində, veteranların rahat gediş-gəlişinin təmin edilməsi üçün əlverişli yerdədir. Burada onların istirahəti üçün yaradılmış şərait ürəkaçandır. Otağa daxil olanda diqqəti ilk cəlb edən divarlardakı “Kimlər gəldi, kimlər getdi bu dünyadan”, “Azərbaycan Respublikasının Milli qəhrəmanları”, “Şəkililər 1941-1945-ci illər Böyük Vətən müharibəsi illərində”, “Qəhrəmanlar unudulmur”, “Qarabağ faciəsi”, “Əfqanıstan veteranları” və s. lövhələr olur. Bu lövhələr arasında İkinci Dünya müharibəsi iştirakçılarına aid olanı isə xüsusilə fərqlənir. Burada ictimai və dövlət xadimi Soltan Əzizovun xatirəsinə və Fransa Partizan Hərəkatının fəal üzvü Əhmədiyyə Cəbrayılovun 95 illiyinə həsr olunan sərgi var.
Təşkilat 1978-ci ildə yaradılıb və 2010-cu ildən isə quruma kifayət qədər iş təcrübəsi olan, əmək veteranı Mustafa Əhmədov rəhbərlik edir.
Xatırlatmaq yerinə düşər ki, 1941-1945-ci illər müharibəsi zamanı 14598 nəfər şəkili səfərbər edilib, onlardan 7695-i həlak olub, 6903-ü qayıdıb. Təəssüf ki, zaman keçdikcə onların sırası seyrələrək 24 nəfərədək azalıb.
Prezident İlham Əliyevin Böyük Vətən müharibəsində sağ qalmış hər bir müharibə iştirakçısına Qələbənin 70 illiyi münasibətilə imzaladığı 23 fevral 2015-ci il tarixli sərəncamla 800, arxa cəbhənin veteranlarına 400, müharibədə həlak olmuş veteranların həyat yoldaşlarına isə 400 manat pul verilib.
Şəki Rayon Veteranlar Təşkilatının sədri Mustafa Əhmədov Qələbənin 70 illiyi ilə bağlı ötən il 13 təşkilatda veteranlarla gənclərin görüşünü təşkil etdiyini bildirdi: “Bu görüşlərdə onların hərbi vətənpərvərlik ruhunda formalaşmaları, yeniyetmələrin vətəni, torpağı, milləti sevmək və eyni zamanda milli ordumuzun hazırda torpaqlarımızı erməni işğalçılarından azad etməyə qadir olması kimi mövzularında maraqlı söhbətlər aparılıb. Keçirilən tədbirlərdə gənclərimizin vətənə sədaqətli olmaları üçün onlara yüksək insani keyfiyyətlər aşılanır”.
Azərbaycan Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, general-mayor Dadaş Rzayev Şəki şəhərində olarkən onların iş təcrübəsinin respublika miqyasında digər bu kateqoriyalı qurumlar üçün də nümunə ola biləcəyini qeyd edib. Bu məsələ Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətində müzakirə olunaraq qərar qəbul edilib. Rəyasət heyətinin 26 noyabr 2015-ci il tarixli qərarı ilə Şəki Rayon Veteranlar Təşkilatının müsbət iş təcrübəsi icmal məktubla veteranlar təşkilatları arasında yayılıb.
Cahangir NƏSİROV,
Azərbaycan
Respublikası Müharibə,
Əmək və Silahlı
Qüvvələr Veteranları
Təşkilatı Nəzarət-təftiş komissiyasının sədri
Azərbaycan. - 2016.- 14 fevral.- S.7.