Prezident İlham
Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində
iqlim və enerji təhlükəsizliyi mövzusunda
panel-müzakirədə iştirak edib
Xəbər verdiyimiz kimi, fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “İqlim və enerji təhlükəsizliyi. İstiləşmə hələ də davam edirmi?” mövzusunda keçirilən panel-müzakirədə iştirak edib.
Tədbirdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva da iştirak ediblər.
Panel-müzakirənin aparıcısı Melinda Kreyn tədbirin mövzusunun dünyada iqlim və enerji təhlükəsizliyinə həsr olunduğunu dedi. Daha sonra o, bu tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin, bir çox mötəbər qonaqların iştirak etdiyini bildirdi və sözü dövlətimizin başçısına verərək dedi:
-Cənab
Prezident, sualıma Sizdən başlamaq istəyirəm. Azərbaycanda
səhralaşma, daşqınlar, quraqlıq müşahidə
edilir. Uzun müddətdir sərhədyanı münaqişəniz
olan Ermənistan ilə əhəmiyyətli su
resurslarını paylaşırsınız. Sizcə, iqlim təzyiqi
Qafqazda geosiyasi gərginlikləri daha da kəskinləşdirəcəkmi?
Prezident İlham ƏLİYEV: Əlbəttə ki, bu, hamımızın üzləşdiyi bir təhlükədir. Azərbaycana gəlincə, müstəqilliyimizin son 25 ilində atmosferə qaz tullantılarını azalda bilmişik. 1990-cı ildə tullantılar 70 milyon tondan çox təşkil edirdi, indi isə təqribən 50 milyon tondan çoxdur və bu, iqtisadiyyatımızın həmin müddətdə kəskin şəkildə artmasına baxmayaraq, baş verirdi.
Lakin, əlbəttə, çağırışlar və təhlükələr mövcuddur. Bizim üçün əsas təhlükə ondan ibarətdir ki, bizi su ilə təchiz edən əsas çaylarımız mənbəyini qonşu ölkələrdən götürür və xüsusilə Ermənistanda Araz çayının çox ciddi çirklənməsi müşahidə olunur. Bu da bizim hamımız üçün təhlükədir. Çayın çirklənməsinin dayandırılması ilə bağlı etdiyimiz bütün müraciətlərimizə baxmayaraq, əfsuslar olsun ki, Ermənistan bu siyasəti davam etdirir. Sizin də qeyd etdiyiniz kimi, biz iyirmi ildən artıqdır ki, təcavüz və işğaldan əziyyət çəkirik. Ərazilərimizin 20 faizi işğal altındadır. İnsanların əziyyət çəkməsindən savayı, təbiətimiz də əziyyət çəkir. Çünki hər hansı beynəlxalq nəzarət altında olmayan bu ərazilərdə çoxlu qeyri-qanuni fəaliyyətlər, xüsusilə meşələrin qırılması baş verir. Çünki bu ərazilər öz qədim ağac və meşələri ilə çox məşhurdur. İndi isə bu meşələr kommersiya məqsədləri üçün kəsilir.
Biz ağac əkirik. Biz hər il
milyonlarla ağac əkirik. Biz qazlaşdırma
siyasətini davam etdiririk. Bu gün biz elektrik enerjisinin
generasiyası üçün əsasən sudan
və qazdan istifadə edirik. Baxmayaraq ki, Azərbaycanın
Kioto protokoluna əsasən heç bir öhdəliyi yoxdur,
bu, bizim bu işə töhfəmizdir. Biz
bu məsələyə çox sadiqiq və müstəqillik
illərində fəaliyyətimiz də bu prosesdə
etibarlı tərəfdaş olduğumuzu nümayiş
etdirir.
Aparıcı:
Sualımı qısaca davam etdirmək istəyirəm. Vacib sayılan Kür-Araz hövzəsində su
çatışmazlığı perspektivi ilə üzləşmə
Azərbaycanı Ermənistan ilə bu resursların
müştərək paylaşmasının idarə
olunmasında daha da sıx əməkdaşlığa vadar
edirmi?
Prezident İlham ƏLİYEV:
Əlbəttə, biz işğalı davam etdirən ölkə
ilə daha da böyük anlaşmaya malik olmaq istəyirik. Sizə deyə bilərəm ki, bu yaxınlarda -
yanvar ayında Avropa Şurasının Parlament Assambleyası
qonşu regionlara suyun təchizatında problem törətməsinə
görə Ermənistanı pisləyən qətnamə qəbul
etmişdir. Parlament Assambleyasında əksəriyyət
tərəfindən qəbul edilmiş bu qətnamədə əziyyət
çəkən insanlara iztirab verməyə son qoymağa
çağırış edilir. Əfsuslar
ki, onlar Dağlıq Qarabağ Azərbaycanın hələ
de-fakto hissəsi olanda tikilmiş su anbarından mülki əhaliyə
problemlər törətmək üçün istifadə
edirlər.
Əlbəttə ki, Kür və Araz çaylarından
götürülən su bizim üçün çox
vacibdir. Buna
baxmayaraq, biz dağlarımızdan Bakı şəhərinə
su nəql edən boru kəməri tikmişik və regiondan
nisbətən az asılıyıq. Lakin yenə də bu, bizim üçün ciddi
problemdir. Buna baxmayaraq, bizim Xəzər dənizi
kimi böyük su hövzəmiz var. Biz dəniz suyunun
irriqasiya məqsədləri və sonradan içməli su
kimi istifadə edilməsi üçün onun
duzsuzlaşdırılması prosesinə
başlamışıq.
Aparıcı:
Cənab Prezident, Paris razılaşmasında qeyd edildiyi kimi,
Sizin üzərinizə götürdüyünüz iqlim
öhdəliklərində enerji sektorunun müasirləşdirilməsi
üçün bir neçə amil sadalanmışdı.
Əgər ölkəniz Paris razılaşmasının
öhdəliklərini həqiqətən də ciddi qəbul
edirsə, onda enerji əsaslı iqtisadiyyatı şaxələndirmək
üçün hazırda etdiyinizdən daha da çox səylər
göstərilməməlidirmi? Zənnimcə,
enerji ölkənizin gəlirinin 70 faizini təşkil edir.
Prezident
İlham ƏLİYEV: Biz bu məsələnin üzərində
işləyirik. Lakin bir məsələni
unutmamalıyıq, Azərbaycan müstəqilliyini bərpa edəndə
iqtisadiyyat tamamilə məhv edilmişdi, yoxsulluq və
durğunluq geniş vüsət almışdı. Odur ki, dünya xəritəsində yerimizi müəyyənləşdirməyin
yeganə yolu ölkəmizin inkişafı üçün
enerji ehtiyatlarımızdan istifadə etmək idi. Buna
görə də müstəqilliyimizi bərpa etdikdən
sonra üç ildən daha da az müddətdə
- 1994-cü ildə biz dünyanın əsas enerji şirkətlərini
Azərbaycana gəlməyə və sərmayə
yatırmağa dəvət etdik. O zaman Xəzər dənizi
ilk dəfə Amerika və Avropa neft şirkətlərinin
birbaşa cəlb edildiyi ərazi olmuşdu. O zaman bizim
üçün enerji təhlükəsizliyi və enerji siyasəti
müasirləşmək, şaxələnmək və
infrastruktura sərmayə yatırmaq yolu idi. Çünki
neft satışından əldə etdiyimiz vəsait suveren
rifah fondunda saxlanılırdı və eyni zamanda, neftdən
asılılığı azaltmaq üçün
infrastruktura sərmayə kimi yatırılırdı.
Bu şaxələndirmə siyasətinin nəticəsində
indi ümumi daxili məhsulumuzun 70 faizindən çoxu
artıq qeyri-neft sektorunun payına düşür. Əlbəttə
ki, biz ixrac əməliyyatlarında neft qiymətlərindən
asılıyıq. İxracımızın
90 faizini neft və qaz təşkil edir.
İndi isə biz özəlləşdirmə,
iqtisadiyyatımızın şaxələndirilməsi və
biznes mühitinin yaxşılaşdırılması da daxil
olmaqla, neft və qazdan asılılığı azaltmaq
üçün irimiqyaslı islahatlar həyata keçiririk. Yeri gəlmişkən,
neftin qiymətinin kəskin şəkildə - dörd dəfə
ucuzlaşması bizim üçün daha çox
texnologiyaya, qeyri-neft iqtisadiyyatına, kənd təsərrüfatına,
informasiya-kommunikasiya texnologiyalarına sərmayə
yatırmaq baxımından fürsət idi. Növbəti illərdə bütün
planlarımızı uğurla həyata keçirə bilsək,
qəti əminəm ki, Azərbaycan neftdən
asılılığı tamamilə aradan götürəcək.
Qeyd etdiyim kimi, bu yaxınlarda neftin qiymətinin
aşağı düşməsi səbəbindən Azərbaycan
üçün neftdən sonrakı dövr artıq
başlamışdır və biz dünya bazarında təkcə
neft və qaz ixrac edən ölkə kimi yox, digər məhsulları
ixrac edən ölkə kimi yerimizi tapmalıyıq.
Aparıcı:
Maraqlısı odur ki, Sizin iqlim öhdəliklərinizdə
tərəfinizdən bəyan olunan məqsədlərə
çatmaq üçün əngəl törədəcək
əsas potensial məhdudiyyət kimi neftin qiymətinin
ucuzlaşması göstərilir.
Prezident İlham ƏLİYEV:
Əlbəttə ki, bu, bizim gəlirlərimizə təsir edəcək.
Lakin, eyni zamanda, düşünürəm ki,
bu, bizi islahatların aparılmasına daha da ciddi sövq edəcək
və Azərbaycanın gələcək inkişafı neftin
qiymətindən, yaxud da hasilatın həcmindən
asılı olmayacaq. Eyni zamanda, biz minlərlə, on minlərlə
iş yeri yaradacaq və Avropaya şaxələnmək
imkanını verəcək “Cənub” qaz dəhlizi layihəsini
həyata keçiririk. Yeri gəlmişkən,
Avropa əlavə həcmdə təbii qaz əldə edəcək
və həm də istixana effektini yaradan karbon qazının
atmosferə tullantısını azaldacaq. Bu
enerji təhlükəsizliyi təkcə marşrutların
deyil, həm də mənbələrin şaxələndirilməsi
layihəsidir və biz istehsalçılara, tranzit və
istehlakçı ölkələrə fayda verəcək bir
layihədir.
Aparıcı:
Uyğunlaşma üzərinə əsas diqqəti cəmləyərək
yenə də sualımı Prezident Əliyevə vermək istəyirəm.
Ekologiyaya mənfi təsirin aradan
qaldırılmasına böyük vəsait yönəldilir.
Lakin Azərbaycan kimi ölkələrə
kömək etmək üçün uyğunlaşmaya kifayət
qədər vəsait ayrılırmı? Fikrimcə,
ölkəniz uyğunlaşma üçün tələb
olunan xərclərin ən azı 3 milyard avro təşkil
etdiyini təxmin edir. Əgər bu rəqəm bundan da
artıq deyilsə, Siz sizə lazım olan köməyi əldə
edirsiniz?
Prezident İlham Əliyev: Əslində,
Azərbaycanın, ümumiyyətlə, siyasəti ondan ibarətdir
ki, biz qazandığımızdan daha az xərcləməliyik.
Əsas investisiya layihələri, o cümlədən
enerji sahəsinə sərmayələr əsasən
özümüzün və tərəfdaşlarımızın
maliyyə resurslarından qaynaqlanırdı. Buna görə də biz heç bir əsaslı
maliyyə dəstəyini gözləmirik.
Son zamanlar Azərbaycanın
əsaslı dərəcədə maliyyə
resurslarını topladığını nəzərə
alaraq hətta neftin qiymətinin kəskin şəkildə
aşağı düşməsi bizim iqtisadi
inkişafımıza təsir edə bilməmişdi.
Ötən il ümumi daxili məhsulumuz 1
faizdən çox artmışdı və qeyri-neft sektorunda 8
faizdən çox artım qeydə alınmışdı. Bu da əsasən şaxələndirmə və
qeyri-neft infrastrukturuna investisiyaların yatırılması
siyasəti sayəsində mümkün olmuşdur. Ona görə də bu, bizim üçün, əlbəttə
ki, regionda ümumi vəziyyət üçün çox
vacibdir. Dayanıqlı inkişaf bizim məqsədimiz
və hədəfimizdir. İqlim dəyişikliyi
məsələsinə gəldikdə isə əvvəldə
dediyim kimi, Kioto protokoluna əsasən heç bir öhdəliyimizin
olmamasına baxmayaraq, bizim iqtisadi siyasətimiz, bərpa olunan
enerji mənbələrinə yatırdığımız
investisiyalar, 10-dan çox su elektrik stansiyasının tikilməsi,
bütün bunlar bizim verdiyimiz töhfədir.
Yenə də qeyd edirəm ki, əgər tərəfdaşlarımızla
birlikdə, məsələn, neft-qaz sahəsinə sərmayə
yatırmasaydıq, bu gün bizim elektrik stansiyalarımız
Sovet İttifaqı vaxtındakı kimi istismar edilərək
maye yanacaqla işləyərdi. Bu gün bütün
elektrik stansiyalarımız ya təbii qazla, ya da su ilə
işləyir. Beləliklə, bunlar enerji
sektoruna yatırılan investisiyalardır və onlar da öz
növbəsində atmosferə karbon tullantılarının
azalmasına müsbət təsir edir. Bütün
bu məsələlər bir-biri ilə bağlıdır və
əlbəttə ki, biz bu risklərin idarə edilməsində
vacib rol oynamaqda davam edəcəyik.
X X X
Avropa
Komissiyasının enerji birliyi üzrə sədr müavini
Maroş Şefçoviç, ABŞ Senatının ətraf
mühit və ictimai işlər komitəsinin üzvü
Şeldon Uaythaus, “Allianze SE” şirkətinin baş
icraçı direktoru, Münxen Təhlükəsizlik
Konfransının Məşvərət Şurasının
üzvü Oliver Bate, “Green Peace International” təşkilatının
sabiq icraçı direktoru Kumi Naydoo iqlim dəyişikliyi ilə
bağlı ictimai rəyin yaradılması istiqamətində
işlərin görülməsinin vacibliyini bildirdilər. Qeyd olundu ki, iqlim dəyişikliyi təbii sərvətlərə,
insanların həyat tərzinə təsir göstərir, belə
olan halda insanlar iqlim mühacirlərinə çevrilirlər.
Bundan əlavə, dünyada suyun səviyyəsinin
artması baxımından insanların təhlükəli ərazilərdə
məskunlaşmasının qarşısının
alınması ilə bağlı daha çox işlər
görülməlidir.
Çıxış edənlər enerji təhlükəsizliyi
ilə bağlı fikirlərini bölüşdülər. Sonra
müzakirələr aparıldı.
Ermənistanın
Xarici İşlər Nazirliyinin əməkdaşı: Mən
Ermənistan Xarici İşlər Nazirliyindənəm və
sualım Prezident Əliyevədir. Cənab Prezident, Siz Ermənistanı
suyun çirkləndirilməsinə və digər ciddi siyasi
məsələlərə görə
günahlandırırsınız və bununla bağlı
bizim Ermənistanda fərqli mövqeyimiz var. Azərbaycanda
baş verən hər bir mənfi hala görə Azərbaycanın
Ermənistanı günahlandırmasını necə izah edə
bilərsiniz? Məsələn, beynəlxalq
ictimaiyyət Azərbaycanı insan hüquqları sahəsində
vəziyyətə görə tənqid etdikdə Azərbaycan
Ermənistanı günahlandırır. Avropa
Şurasının Parlament Assambleyası və Avropa Parlamenti
Azərbaycanla bağlı ciddi qətnamələr qəbul
etdikdə Azərbaycan yenə də Ermənistanı və
erməni lobbisini tənqid edir. Hətta Azərbaycanda
neft istehsalı azaldıqda “British Petroleum” şirkəti Ermənistanla
əlbir olmasına görə tənqid edilmişdi. Cənab
Prezident, bütün bu çətin suallara bir cavabın
verilməsi daha asan deyilmi?
Prezident İlham ƏLİYEV:
Əvvəla, qeyd etmək istəyirəm ki, sizin
sualınızda ifadə olunan fikirlər tamamilə səhvdir.
Biz Ermənistanı sizin qeyd etdiyiniz səbəblər
üzündən günahlandırmırıq. Əvvəla,
təkcə Azərbaycan deyil, Ermənistan da Avropa
Şurası, Avropa Parlamenti tərəfindən insan
hüquqlarının kobud şəkildə pozulmasına,
prezident və parlament seçkilərinin
saxtalaşdırılmasına və hökumətinizin
törətdiyi bir çox digər işlərə görə
tənqid edilir.
Biz Ermənistanı işğala görə
günahlandırırıq və bunu təkcə biz etmirik. Bunu ən ali
beynəlxalq qurum olan BMT Təhlükəsizlik Şurası da
edir. BMT Təhlükəsizlik Şurası erməni
qüvvələrinin işğal olunmuş ərazilərdən
dərhal və qeyd-şərtsiz
çıxarılmasını tələb edən dörd qətnamə
qəbul etmişdir. Biz Ermənistan
xalqını yox, Ermənistan hökumətini yalnız azərbaycanlı
olduqlarına görə günahsız insanların erməni
vandalları tərəfindən qətlə yetirildiyi
Xocalı soyqırımına görə
günahlandırırıq və bu soyqırımı 10-dan
artıq ölkə tərəfindən tanınır. Biz Ermənistanı öz doğma torpaqlarında
qaçqına çevrilmiş bir milyon qaçqın və
məcburi köçkünlərimizin iztirabına görə
günahlandırırıq. Onların 40
mini Dağlıq Qarabağdandır, 750 mini Azərbaycanın
digər işğal olunmuş rayonlarındandır, 200 mini isə
Ermənistandan qovulmuşdur və etnik təmizləməyə
məruz qalmışdır.
Bütün bunlar sizin işğalınızın nəticəsidir. Bu, sizin
qonşu ölkəyə qarşı yürütdüyünüz
siyasətin nəticəsidir və işğala son
qoyulmalıdır. Regionda sülhə nail olmaq
üçün birinci şərt Azərbaycan
torpaqlarının işğaldan azad edilməsidir.
Aparıcı:
Prezident Əliyev, icazə verin müzakirəmizin əvvəlində
verdiyim sualın digər tərəfini Sizə ünvanlayım.
Bəziləri hesab edir ki, su sahəsində konkret əməkdaşlıq
üzərində işin aparılması tərəflərin
bir-birinə qarşı etimadını artıra bilər və
bəzi digər məsələlərdə daha böyük əməkdaşlığın
aparılması istiqamətində atılmış bir
addım ola bilər. Sizcə, bu,
doğrudurmu?
Prezident İlham ƏLİYEV:
Əlbəttə ki, bir aydan da az müddət öncə
Strasburqda Avropa Şurası Parlament Assambleyası tərəfindən
qəbul edilən qətnamədə bu məsələ
üzrə çox vacib elementə diqqət yönəldilir
və xüsusilə su resurslarının idarə edilməsi
ilə bağlı törətdiyi problemlərə görə
Ermənistanın üzərinə məsuliyyət qoyulur. Buna görə, Ermənistan və Azərbaycan
arasında əməkdaşlığın qurulması
üçün torpaqların işğaldan azad edilməsi
prosesinə başlanılmalıdır. Etimadın
artırılması üçün ən yaxşı yol torpaqların
işğaldan azad olunmasına başlamaqdır. Çünki təkcə tarixən əzəli Azərbaycan
torpağı olan Dağlıq Qarabağ yox, 7 ətraf rayon da
tamamilə məhv edilib. İşğal
20 ildən artıqdır ki, davam edir.
Ermənistan status-kvonun dəyişilməz olaraq
qalmasını istəyir. Biz isə status-kvonu dəyişmək
istəyirik. Beləliklə, birinci
addım torpaqların işğaldan azad edilməsidir, sonra isə
biz əməkdaşlığa başlayacağıq.
Aparıcı: Çox sağ olun.
AZƏRTAC
Azərbaycan. - 2016.- 16 fevral.- S. 1.