Rusiyalı və
türkiyəli məktəblilər vətənlərinə
Azərbaycan sevgisi ilə qayıtdılar
Qardaşlaşmış
məktəblilər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə
müraciət ünvanladılar
2016-cı il fevralın 13-dən 16-dək Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə “Qardaşlaşmış məktəblər” layihəsi ilk dəfə olaraq Azərbaycan məktəbliləri ilə yanaşı, Türkiyə və Rusiya məktəblilərinin iştirakı ilə gerçəkləşib. Moskva şəhəri 1273 nömrəli ingilis dili təmayüllü məktəbin, Ankara şəhəri “Heydər Əliyev ilkokulu”nun, Bakı şəhəri 189-190 nömrəli tam orta məktəbin və Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin şagirdləri arasında “Qardaşlaşma sazişi” imzalanıb. Təntənəli imzalanma mərasimindən sonra qardaşlaşmış məktəblilər şəhərimizin görməli yerlərində - Dövlət Bayrağı meydanı, Əl Oyunları Sarayı, Bakı Venesiyası, Qız qalası, Filarmoniya bağı, İçərişəhər, Şirvanşahlar sarayı, Sabir bağı və Fəvvarələr meydanında olublar. Qonaqlar Heydər Əliyev Mərkəzindən və Heydər məscidindən böyük təəssüratla ayrılıblar. Layihə çərçivəsində məktəblilər Beynəlxalq Multikulturalizm Qış məktəbinin iştirakçıları ilə maraqlı görüşlər keçiriblər.
Təhsil nazirinin
müavini Firudin Qurbanov layihə iştirakçıları ilə
görüşdə təmsil etdiyi qurumun Bilik Fondunun
“Qardaşlaşmış məktəblər” layihəsini dəstəklədiyini
deyib, türkiyəli, rusiyalı və azərbaycanlı
məktəbliləri bu gözəl təşəbbüsə
görə təbrik edib.
Məktəbliləri
Yunus Əmrə Türk Mədəniyyət Mərkəzində
direktor İbrahim Yıldırım qarşılayıb. Layihə
iştirakçılarını mərkəzlə
tanış edən direktor Türkiyə ilə Rusiyanın
dostluğunun 500 illik tarixi olduğunu xatırladaraq məktəbliləri
hər zaman qardaşlıq və sülh uğrunda birgə fəaliyyət
göstərməyə çağırıb.
Layihənin
sonuncu günü “Qardaşlaşmış məktəblilər”
və Beynəlxalq Multikulturalizm Qış məktəbinin
iştirakçıları dövlət rəsmilərinin
iştirakı ilə yekun mərasimə qatılıblar.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev mərasimdə çıxış edərək deyib: “Yəqin ki, bizim bir yerdə keçirdiyimiz bu son gecə hamımızın xatirində ömrümüz boyu qalacaq. Mən ona da inanıram ki, gələcəkdə belə görüşlərimiz tez-tez olacaq”.
Beynəlxalq Multikulturalizm Qış məktəbinin iştirakçılarına və təşkilatçılarına öz təşəkkürünü bildirən dövlət müşaviri qardaşlaşan məktəblilərə dostluqlarının bir ömür boyu sürməsini arzulayıb: “Bu gün Azərbaycan müxtəlif millətlərin, dinlərin, irqlərin qaynayıb-qarışdığı və mənəvi bütövlük hiss etdiyi bir Vətənə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyev gələcəyə nikbinliklə baxır. Elə buna görə də Prezident İlham Əliyev 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etdi”.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan multikulturalizminin, mədəniyyətinin, tarixinin dünyaya tanıdılması baxımından Beynəlxalq Multikulturalizm Qış məktəbinin və “Qardaşlaşmış məktəblər” layihəsinin böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı layihənin həm təşkilatçılarını, həm də iştirakçılarını təbrik edib, xarici tələbələrin və məktəblilərin ölkəmizə səfərinin Azərbaycan multikulturalizminin dünyada tanıdılması üçün bir vasitə olduğunu söyləyib.
Yolasalma mərasimində Rusiya, Türkiyə və Azərbaycan məktəbliləri kövrək anlar yaşayıblar. Ürək sözlərini və arzularını bölüşən şagirdlər bir-birinə əlvida yox, “hələlik” deyərək, ayrılıblar.
Qardaşlaşmış Rusiya, Türkiyə və Azərbaycan məktəbliləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar. Müraciətdə deyilir: “Təkcə məktəblilər və məktəblər arasında deyil, həm də xalqlar, ölkələr arasında qardaşlığa, isti münasibətlərə töhfə verən “Qardaşlaşmış məktəblər” layihəsinin məhz Azərbaycanda keçirilməsi Sizin mənəvi haqqınızdır. Görüb eşitdiklərimiz bizim hər birimizdə bu qənaəti də gücləndirdi ki, Siz bir dövlət başçısı, həm də sadə, mehriban insan olaraq yeniyetmə və gənclərin yaxın dostu və himayədarısınız. Sizin təhsil aldığınız 6 nömrəli məktəbdə keçirdiyimiz görüşlər, məktəb illərinizi əks etdirən foto-guşə ilə tanışlıq da qəlbimizdə silinməz xatirəyə çevrildi. Sizə və Prezidenti olduğunuz Odlar diyarına sonsuz sevgi ilə”.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun ilk dəfə beynəlxalq arenaya çıxan “Qardaşlaşmış məktəblər” layihəsi çərçivəsində Bakıya səfər etmiş Rusiya və Türkiyə məktəbliləri öz vətənlərinə qayıdıblar.
Azərbaycan. -
2016.- 17 fevral.-
S.7.