Beynəlxalq təhlükəsizlik
konfransı da Suriyaya
çarə olmadı
Münxendə keçirilmiş müzakirələr nəticəsiz
qaldı
Almaniyanın Münxen şəhərində keçirilmiş sayca 52-ci beynəlxalq təhlükəsizlik konfransı başa çatsa da, onun yekunları, daha doğrusu, nəticəsiz qalması hələ də müzakirə mövzusudur.
30 dövlət başçısının, həmçinin 500-dən çox yüksək vəzifəli siyasətçi, diplomat və biznesmenin qatıldığı forumun gündəliyinə rəsmən iki məsələ salınmışdı: Suriyada vəziyyət və miqrasiya böhranı. Lakin müzakirələrin gedişində Qərb-Rusiya münasibətləri diqqət mərkəzinə düşdü və gündəlikdəki məsələləri üstələdi. Hətta Ukrayna problemi bir tərəfdə qaldı, çünki Avropa təhlükəsizliyin gələcəyi və Suriyada cərəyan edən proseslər fonunda Şərq-Qərb qarşıdurmasının perspektivləri daha çox maraq doğururdu.
Forumun gedişatı aydın şəkildə göstərdi ki, Rusiya-Qərb münasibətlərində gərginliyin aradan qalxmasını gözləmək hələ çox tezdir və bunun üçün ilkin şərtlər yaranmamışdır. Əvvəlcə Rusiyanın Baş naziri Dmitri Medvedevin konfransda verdiyi bəyanat ictimaiyyəti əməlli-başlı silkələdi. O, NATO-nun Rusiyaya münasibətdə yürütdüyü siyasi xəttinin dostcasına olmadığını və qapalı qaldığını bildirdi: “Biz yeni “soyuq müharibə” dövrünə yuvarlanmışıq. Az qala hər gün bizi gah bütövlükdə NATO, gah ayrıca olaraq Avropa, gah da Amerika və digər ölkələr üçün ən dəhşətli təhlükə elan edirlər. Bəzən düşünürəm: biz bu gün 2016-cı ildəyik, yoxsa 1962-ci ildə?”
İctimaiyyəti sakitləşdirmək üçün Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer qeyd etdi ki, Medvedevin sözlərini “soyuq müharibə”yə qayıdışdan qaçmağa çağırış kimi başa düşür. Qərbin digər siyasi xadimləri də oxşar fikir söylədilər. ABŞ Dövlət Departamentinin nümayəndəsi Coşua Beyker bildirdi ki, Vaşinqton “soyuq müharibə” mərhələsində deyil. O əlavə etdi ki, tərəflər arasında ixtilaflar var, amma tərəfdaşlıq üçün imkanlar da var. Bir qədər sonra Rusiyanın Baş nazirinin özü də Münxen konfransında dediklərinə aydınlıq gətirdi. Medvedev izah etdi ki, “heç vaxt “soyuq müharibə”nin başladığını” deməmişdir. Onun fikrincə, “NATO-nun qərarları yeni “soyuq müharibə”nin meydana çıxmasına təkan verir”. Söhbət Şimali Atlantika alyansının Şərqi Avropada, Aralıq dənizinin şərqində və Qara dənizdə fəallığını artırmaq planlarından gedir.
Tərəflər arasında “sanksiya müharibəsi” davam edir. Rusiya sanksiyalara görə məsuliyyəti tamamilə Avropa İttifaqı və onu dəstəkləyən ölkələrin üzərinə qoyur və xatırladır ki, tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlər ən az-nə çox - cavab addımıdır. Konfransda sanksiyaların qaldırılması məsələsi müzakirə mövzusu olmadı, çünki tərəflərin mövqeləri onsuz da aydındır. Qərb Rusiya ilə münasibətləri əvvəlki məcraya qaytarmaq üçün Ukrayna böhranının tənzimlənməsini, “Minsk-2” sazişinin yerinə yetirilməsini ilkin şərt kimi irəli sürür. Rusiyanın özü də sazişin reallaşdırılmasının vacibliyini bəyan edir. Lakin fakt odur ki, “Minsk-2” çərçivəsində dinc tənzimləmə prosesini başlamaq hələ də mümkün olmur.
Təhlükəsizlik konfransında müzakirəyə çıxarılmış Suriya probleminə münasibətdə də tərəflərin mövqelərində dəyişiklik müşahidə olunmadı. Problemin müzakirəsi Münxen konfransından qabaq başlamışdı. Forumdan bir gün əvvəl Suriyaya beynəlxalq dəstək qrupunun Münxendə keçirilmiş iclasında ölkədə zorakılığın dərhal azaldılması və bir həftə ərzində atəşin dayandırılması barədə razılaşma əldə edildi. Ardınca ABŞ-ın dövlət katibi Con Kerri bildirdi ki, Suriya rejimi atəşkəs sazişini pozsa, ölkə ərazisinə əlavə qoşun yeridilə bilər: “Əgər Bəşşar Əsəd öhdəliklərini yerinə yetirməsə, iranlılar və ruslar isə söz verdikləri kimi, onu buna məcbur etməsələr, onda, şübhəsiz, dünya birliyinin üzvləri axmaq kimi oturub bunu müşahidə etməyəcəklər. Onlara daha güclü təzyiq göstərmək məqsədilə tədbirlər görüləcək”.
Suriya ətrafında proseslərin gedişindən onsuz da məlumdur ki, ABŞ və Rusiyanın münaqişəyə münasibətdə əsas ixtilafı bombardman hədəflərinin hələ də müyyənləşdirilməməsidir. ABŞ terrorçu təşkilatlar kimi İŞİD və “ən-Nüsrə” cəbhəsini görür. Rusiya isə bu iki qruplaşmaya əlavə olaraq, Bəşşar Əsəd rejiminə qarşı çıxan bütün digər silahlı birləşmələri, o cümlədən Qərbin dəstəklədiyi mötədil müxalifəti də hədəfə götürür. Kerri Münxen konfransında da bu məsələ üzərində dayandı. Dövlət katibinin fikrincə, Rusiya Suriyada aviazərbələr üçün hədəf seçimini dəyişdirməlidir. O əlavə etdi ki, Rusiya aviasiyasının əsas zərbələri “legitim müxalif qruplar”a dəyir: “Siyasi prosesə hazır olan adamlar bombardmana məruz qalırlarsa, bizdə sözün həqiqi mənasında müzakirə olmayacaq”.
Rusiyanı ittiham edən təkcə ABŞ deyildi. Almaniyanın müdafiə naziri Ursula fon der Lyayen bəyan etdi ki, dünya ictimaiyyəti son həftələr Rusiya və Suriya hökumətlərinin ikili oyun oynadığının şahidi oldu: “Onlar, bir tərəfdən, qanlı bombardmanlarla Hələb şəhərini məhv etdilər, digər tərəfdən isə, danışıqlarda etimadı bərqərar etməyə çağırırdılar”. Münxendə Rusiyanı Suriyada insanlığa qarşı cinayətlər törətməkdə günahlandıranlar da vardı.
Öz növbəsində Rusiya tərəfi də ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın atəşi dayandırmadığını nəzərə çarpdırdı. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Münxen konfransında bildirdi ki, Suriyaya beynəlxalq dəstək qrupunun əldə etdiyi razılaşmanın reallaşacağına şübhə ilə yanaşır. O qeyd etdi ki, ABŞ Rusiyanın Suriyada bombardmanlarının dayandırılması üzərində israr edir, amma özü İŞİD terrorçu qruplaşmasına qarşı əməliyyatı davam etdirmək niyyətindədir. Odur ki, Suriyada barışıq barədə müzakirələr Rusiyanın keçirdiyi əməliyyatları dayandırmaq tərəfə yönəlirsə, Münxen razılaşmasının həyata keçəcəyi ciddi şübhə doğurur. Yeri gəlmişkən, Lavrov Suriyada barışığın gerçəkləşməsi ehtimalına 49 faiz, onun alman həmkarı Frank-Valter Ştaynmayer 51 faiz inandığını bildirdilər. Böyük Britaniyanın xarici içlər naziri Filip Həmmond da öz fikrini açıqladı: atəşin dayandırılması ehtimalı “sıfır civarı”ndadır.
Beləliklə, Münxendə aparılmış müzakirələr Suriyada beş ilə yaxındır davam edən vətəndaş müharibəsinə son qoymaq üçün fürsət olmadı. Ölkədə qan axıdılması davam edir. Hamı Suriyanı bombalayır. Hamı əlində silahla milli maraqlarının keşiyindədir. Suriya xalqının taleyi isə hələ də arxa planda “ilişib” qalıb...
Allahverdi MEHDİYEV,
Azərbaycan. - 2016.- 17 fevral.- S. 8.