Prezident İlham Əliyev
Gəncədə “İmamzadə” dini kompleksində
yaradılan şəraitlə tanış olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də Gəncədə “İmamzadə” dini kompleksində aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.
Azərbaycanın müxtəlif bölgələrində Məhəmməd Peyğəmbərin nəslindən olan insanların məzarları var. Bu insanlar imamların övladları olduğu üçün həmin yerlər “İmamzadə” adlandırılıb. Hazırda Azərbaycan ərazisində Naxçıvan, Şamaxı, Bərdə və Masallıda İmamzadə adlı ziyarətgahlar mövcuddur. Bu sahədə araşdırma aparmış bəzi tədqiqatçılara görə, Səudiyyə Ərəbistanı və İraqdan sonra Peyğəmbər nəslinin nümayəndələrinin ən çox məzarları Azərbaycandadır. Belə ziyarətgahlardan biri də Gəncədəki VIII əsrə aid tarixi memarlıq abidəsi - xalq arasında “Göy günbəz”, “Göy məscid”, yaxud “Göy İmam” kimi tanınan “İmamzadə” dini-mədəniyyət kompleksi şəhərin və bütövlükdə ölkəmizin ən dəyərli memarlıq abidələrindən biri hesab edilir. Bu kompleksin ən qiymətli abidəsi türbədir. Burada beşinci imam Məhəmməd Baqirin oğlu İbrahim dəfn olunub.
Memarlıq quruluşuna görə türbənin XIV əsrin sonu - XV əsrin əvvəllərində, ətrafındakı kompleksin isə XVII əsrdə tikildiyi ehtimal edilir. Türbə sonralar ziyarətgaha çevrilib və onun ətrafında müxtəlif binalar inşa edilib. Azərbaycan memarlığının dəyərli nümunələrindən olan “İmamzadə” piri Şərqin qədim karvan-ticarət yolunun üzərində yerləşib. “İmamzadə” əsrlərdən bəri Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də başqa ölkələrdən gələn müsəlmanların ziyarətgahı olub.
Müxtəlif vaxtlarda dağıntılara məruz qalan “İmamzadə” ziyarətgahı 1946-cı ildən “İmamzadə” piri kimi fəaliyyət göstərib. 1970-ci illərdə “İmamzadə”nin idarə olunması Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin tabeliyinə verilib. Müxtəlif vaxtlarda, hətta sovet dövründə, xüsusilə ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə “İmamzadə”də tarixi abidə kimi təmir-bərpa işləri aparılıb. Eyni zamanda, bu, sovet dövründə rəsmi dövlət qeydiyyatından keçmiş yeganə ziyarətgah olub. Bu dini abidə Gəncənin qədimliyini sübut etməklə yanaşı, şəhərin İslam aləmindəki yerini və nüfuzunu da göstərir. Kompleks Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşir. Ölkənin dini-tarixi abidələrinin tamamilə yenidən qurulmasına və gələcək nəsillərə çatdırılmasına həssaslıqla yanaşan Prezident İlham Əliyev bu kompleksin də təmiri və bərpasına xüsusi diqqət göstərib. İnsanların inam və inanc yeri kimi üz tutduğu bu məbəd məhz dövlət başçısının sərəncam və göstərişləri sayəsində belə gözəl görkəm alıb.
Azərbaycan Prezidenti İlham Əliyev əvvəlcə respublika ictimaiyyətinin nümayəndələri və din xadimləri ilə görüşdü.
Mərasim müqəddəs Qurani-Kərimdən ayələrin oxunması ilə başladı.
Dövlət başçısı mərasimdə nitq söylədi.
Prezident İlham Əliyevin
nitqi
- Hörmətli Şeyx həzrətləri, hörmətli din xadimləri, mərasim iştirakçıları.
“İmamzadə” dini mədəniyyət abidəsinin yenidənqurma və əsaslı bərpadan sonra açılışı münasibətilə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.
Bugünkü mərasimdə ölkəmizin hər bir bölgəsindən din xadimləri, nümayəndələr iştirak edirlər. Onları mən dəvət etmişəm. Çünki “İmamzadə” abidəsi bizim ümumxalq sərvətimizdir. “İmamzadə” bütün müsəlman aləminin qiymətli, dəyərli abidəsidir. Azərbaycan xalqı əsrlər boyu ictimai-siyasi quruluşdan asılı olmayaraq bu abidəni qorumuşdur, qoruyur və bundan sonra da qoruyacaqdır. “İmamzadə” bizim milli sərvətimizdir. Bir neçə il bundan əvvəl dini mədəniyyət abidəsinin yenidən qurulması və əsaslı təmiri üçün mənim tərəfimdən müvafiq sərəncam imzalanmışdır, işlər başlanmışdır və bu işlər bu gün göz qabağındadır. Yeni məscid, mərasim zalı, inzibati binalar tikilmişdir, ərazi genişləndirilmişdir. Bu, Azərbaycan dövlətinin öz milli, dini dəyərlərinə göstərdiyi münasibətdir. Azərbaycanda bütün dini abidələr dövlət tərəfindən qorunur, bərpa edilir, yenidən tikilir. Müstəqillik dövründə 2 minə yaxın məscid, digər dinlərin məbədləri tikilmişdir. Pravoslav, katolik, alban kilsələrinin, sinaqoqların tikintisi, təmiri həyata keçirilmişdir. Tariximiz, xalqımız üçün çox böyük əhəmiyyət daşıyan Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı cümə məscidləri və digər məscidlər yenidən qurulmuş və əsaslı təmir edilmişdir. 2014-cü ildə ölkəmizin ən böyük məscidi - Heydər məscidi tikilmişdir ki, bu da müsəlman aləminin mühüm tarixi, memarlıq və dini abidəsidir.
Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədə tənzimlənir, həll olunur. Cəmiyyətimizin, ölkəmizin dayanıqlı inkişafı üçün dövlət-din münasibətlərinin çox böyük əhəmiyyəti var. Azərbaycan modeli, Azərbaycan nümunəsi bu gün dünyanın müxtəlif ölkələrində öyrənilir. Bizim bu istiqamətdəki siyasətimiz artıq özünü həm ölkəmizdə, həm bölgədə və həm də dünyada təsdiq etmişdir. Biz öz milli mənəvi, dini dəyərlərimizə sadiqik, onları qoruyuruq, eyni zamanda, müsəlman aləmində həmrəyliyin möhkəmləndirilməsi üçün səylərimizi əsirgəmirik. Əfsuslar olsun ki, müsəlman aləmində son vaxtlar vəziyyət o qədər də ürəkaçan deyil. Ənənəvi ziddiyyətlərə yeni ziddiyyətlər, yeni qarşıdurmalar əlavə olunur. Bu, bizi çox narahat edir.
Azərbaycan müstəqillik dövründə həmişə çalışıb ki, müsəlman aləmində birlik, həmrəylik daha da möhkəm olsun. Bu məqsədlə ölkəmizdə müxtəlif tədbirlər keçirilmişdir. İslam Əməkdaşlıq Təşkilatının, ISESCO-nun xətti ilə onlarla tədbir keçirilmişdir. Deyə bilərəm ki, bu gün müsəlman aləmində, müsəlman aləminin bütün seqmentlərində Azərbaycan və onun siyasəti çox böyük rəğbətlə qarşılanır. Biz bundan sonra da çalışacağıq ki, öz siyasətimizlə, o cümlədən diplomatik səylərlə müsəlman ölkələri arasındakı ixtilafları aradan götürək, gərginliyi azaldaq və bu, bizim borcumuzdur. Biz bunu belə qəbul edirik. Azərbaycanda bütün müsəlmanlar bir ailə kimi yaşayırlar. Tarixdə Azərbaycanda heç vaxt məzhəbçilik zəminində heç bir məsələ olmamışdır. Kiçik anlaşılmazlıq belə olmamışdır, olmamalıdır və olmayacaqdır. Bunun bariz nümunəsi bu yaxınlarda Heydər məscidində bütün müsəlmanların vəhdət namazı qılmasıdır.
Biz bu istiqamətdə səylərimizi göstərəcəyik. Bir daha demək istəyirəm ki, Azərbaycan müsəlman aləmində çox böyük nüfuza malik olan ölkədir. Biz bunu təkcə iqtisadi və sosial inkişafımıza görə əldə etməmişik. O cümlədən dinlərarası münasibətlərdə oynadığımız rol bütün müsəlman aləmi tərəfindən yüksək qiymətləndirilir. Mənim müsəlman ölkələrinə səfərlərim, müsəlman ölkələrinin rəhbərlərinin Azərbaycana səfərləri dediyimi bir daha təsdiq edir.
Azərbaycanda bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Bu, bizim böyük sərvətimizdir. Qeyd etdiyim kimi, Azərbaycanda pravoslav, katolik, alban kilsələri, sinaqoqlar tikilir, təmir edilir. Azərbaycanda dinlərarası münasibətlər çox sağlam zəmində həllini tapır. Biz dünyada bu istiqamətdə də öz rolumuzu oynayırıq. Azərbaycanda dünya dinləri liderlərinin zirvə görüşü keçirilmişdir. Ənənəvi humanitar forumlar, mədəniyyətlərarası dialoq forumları keçirilir. Bu il isə Azərbaycanda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçiriləcəkdir ki, bu, dünya miqyasında dinlərarası, mədəniyyətlərarası dialoqun aparılması üçün ən mötəbər forumdur. Bu il bu şərəfli missiyanı Azərbaycan öz üzərinə götürür.
Bütün bu işlərin bir məqsədi var ki, ilk növbədə ölkəmizin uğurlu inkişafı təmin edilsin, Azərbaycanda yaşayan bütün insanlar özlərini rahat hiss etsinlər, bölgədə təhlükəsizlik tədbirləri gücləndirilsin, dünya miqyasında Azərbaycanın rolu və bizə olan hörmət, inam, rəğbət daha da artsın. Biz bunu görürük və eyni zamanda, mən tam əminəm ki, əgər dünyada bundan sonra da dini zəmində qarşıdurmalar davam edərsə, bu, böyük fəlakətə gətirib çıxaracaqdır. Biz artıq hər il yeni münaqişə ocaqlarını, yeni problemli yerləri görürük. Bu gün daha çox miqrantlar böhranından danışırlar. Mən dövlət başçısı kimi bu məsələ ilə bağlı ölkəmizin mövqeyini dəfələrlə ifadə etmişəm və hesab edirəm ki, belə də olmalıdır. Biz bu məsələyə biganə qala bilmərik. Bu gün xarici müdaxilədən əziyyət çəkən insanlar öz canlarını, ailələrinin canlarını qurtarmaq üçün məcburi köçkün vəziyyətinə düşmüşlər. Onlar sadəcə olaraq ölməmək üçün bu əzablara qatlaşıb, böyük təhlükələrlə üzləşib Avropaya üz tuturlar. Yolda da onların çoxu ya dənizdə batır, ya başqa yerdə həlak olur. Biz görürük ki, bunlara qarşı münasibət heç də Avropanın bəyan etdiyi prinsiplərə uyğun gəlmir. Bu adamların heç bir günahı yoxdur. Əgər onların ölkələrinə xaricdən müdaxilə olunmasaydı, onlar öz ölkələrində yaşayardılar. Onlar - yaxınlarını itirmiş, qaçqın-köçkün vəziyyətinə düşmüş milyonlarla insan indi sadəcə olaraq öz canını xilas etmək istəyir. Onlara qarşı bəzi hallarda çox nalayiq hərəkətlər edilir. Onların şəxsiyyəti alçaldılır. Onlar haqqında artıq dünya mediasında çox mənfi rəy formalaşır.
Mən bu barədə dəfələrlə fikirlərimi bildirmişəm. O cümlədən bu yaxınlarda Suriya böhranı ilə bağlı Londonda keçirilmiş konfransda çıxış edərkən demişəm ki, Azərbaycan 1990-cı illərin əvvəllərində humanitar fəlakətlə üzləşmişdi. Bir milyon insan erməni işğalı nəticəsində öz yerindən didərgin düşmüşdür. O vaxt bizim nə imkanımız, nə pulumuz var idi, iqtisadiyyat tamamilə dağılmış vəziyyətdə idi. Biz, demək olar ki, təkbaşına o böhranın öhdəsindən gəlirdik. Düzdür, o vaxt - 2010-cu ilə qədər beynəlxalq donor təşkilatları bizə yardımlar edirdilər. Amma təbii ki, o yardımlar 1 milyon insanın tələbatını ödəyə bilməzdi. Yəni biz bunu təkbaşına etmişik, bu sınaqdan çıxmışıq. Bu gün də köçkünlərin məşğulluğu, yaşayış şəraitinin yaxşılaşdırılması üçün çox böyük işlər görülür. Doxsana yaxın qəsəbə salınıb, 250 minə yaxın köçkün yeni, gözəl mənzillərə, evlərə köçüb. Ona görə bəzi hallarda Yaxın Şərqdən köç edən miqrantlara olan belə münasibət başadüşülən deyil.
Bunun digər tərəfi də var. Bu barədə də
mən demişəm, bir daha demək istəyirəm. Belə vəziyyət
və xüsusilə Qərb mediasında miqrantlarla
bağlı gedən birtərəfli antitəbliğat ona gətirib
çıxarır ki, Avropada radikal partiyaların gücü,
onlara səs verən əhalinin sayı artır. Onlar getdikcə daha çox siyasi dəstək
alırlar. Əgər bu, belə davam edərsə,
bir neçə ildən sonra onlar öz ölkələrində
hakimiyyətə gələ bilərlər. Belə olan halda necə olacaq? Belə
olan halda dinlərarası münasibətlər necə tənzimlənəcək?
Bu gün Avropanın, demək olar, bütün
ölkələrinin rəsmi mövqeyi, təbii ki, müsbətdir.
Avropa hökumətləri, onların bəziləri
çalışır ki, miqrantlara layiqli münasibət
göstərilsin. Biz bunu da
görürük və təqdirlə
qarşılayırıq. Ancaq bir daha demək
istəyirəm, əgər dini zəmində bu
qarşıdurma və təbliğat davam edərsə, gələcəkdə
biz çox böyük problemlərlə üzləşəcəyik.
Azərbaycan, əlbəttə ki, dünya miqyasında o
qədər də böyük ölkə deyil. Ancaq bizim
sözümüzün böyük mənası və çəkisi
var. Ona görə, şəxsən mən bütün bu məsələlərlə
bağlı Azərbaycanın mövqeyini dünya birliyinə
çatdıranda, eyni zamanda bunun həll yollarını da
göstərirəm. Həll yolları da
Azərbaycan nümunəsidir. Nə
üçün bu gün bəzi ölkələrdə
deyirlər ki, multikulturalizm iflasa uğrayıb, multikulturalizmin
gələcəyi yoxdur? Bu, səhv bir
fikirdir. Baxın, Azərbaycanda
multikulturalizm yaşayır. Baxın, o qədər
də böyük müstəqillik tarixi olmayan, böyük
çətinliklərlə üzləşən və
işğala məruz qalan, heç vaxt bu
işğalçının dini mənsubiyyətinə
işarə vurmayan ölkə görün bu məsələləri
necə tənzimləyir. Nəyə
görə? Çünki dövlət
siyasəti aparılır. Bir daha demək
istəyirəm, dövlət siyasəti əsas rol oynayır.
Digər tərəfdən, bizim din xadimlərimiz
bu istiqamətdə çox böyük rol oynayırlar.
Xüsusilə şeyx həzrətlərinin fəaliyyətini
yüksək qiymətləndirmək istəyirəm. O,
həm ölkə daxilində, həm MDB məkanında,
dünyada Azərbaycanı tolerant, bütün dinlərin birgə
yaşadığı ölkə kimi təqdim edir. Bizim digər din xadimlərimiz, - onlar burada əyləşiblər,
- bu gün çıxış edəcəklər. Mən onların fəaliyyətini yüksək qiymətləndirirəm.
Onların da çoxsaylı xarici səfərləri
olur. Bu səfərlərdə də onlar
sadəcə olaraq Azərbaycan reallıqları haqqında
danışırlar. Yəni bu, əsas
amildir. Eyni zamanda, Azərbaycanın bu
modelinin təməlində, əlbəttə ki, ictimai fikir də
dayanır. Azərbaycan ictimaiyyəti də
bu siyasəti tam dəstəkləyir.
Ona görə biz bütün dini bayramları bir yerdə
qeyd edirik. Bütün mərasimlərdə bir yerdə
iştirak edirik. Bu gün burada pravoslav, yəhudi,
katolik icmalarının rəhbərləri öz sözlərini
deyəcəklər. Bu, təbiidir, bu, belə
olmalıdır. Ancaq əfsuslar olsun ki, bəzi
hallarda bəzi ölkələrdə biz bunu
görmürük.
Biz öz yolumuzla gedəcəyik. Bu gün Azərbaycan
istənilən istiqamət üzrə öz inkişaf modelini
ortaya qoyur və gözəl nəticələr də bu
modelin nə qədər düzgün olduğunu sübut edir.
Biz multikulturalizmlə bağlı əlavə tədbirlər
də görəcəyik. Bildiyiniz kimi, bu il
Azərbaycanda “Multikulturalizm ili” elan edilmişdir. Azərbaycanda Beynəlxalq Multikulturalizm Mərkəzi
yaradılıb. Keçən il Azərbaycanda
Avropa Oyunları keçirilib, gələn il isə İslam Həmrəylik
Oyunları keçiriləcəkdir. Bu, sadəcə
olaraq, İslam və Avropa ölkələri
idmançılarının yarışı deyil, bu, bizim
ümumi, ümumbəşəri dəyərlərə
verdiyimiz töhfədir. Biz öz məsuliyyətimizi
belə qəbul edirik, belə başa düşürük.
Biz bu məsuliyyəti ilk növbədə
dövlətimizin, xalqımızın mənafeyi, digər tərəfdən,
bölgədə sabitliyin bərpası üçün
daşıyacağıq. Çünki əgər
bölgədə sabitlik bərpa olunmasa, istər-istəməz
bu, bizə də təsir edə bilər. Siz
də, indi mətbuatı izləyən insanlar, bizim ictimaiyyət
də bilir ki, Azərbaycanı müxtəlif düşərgələrə,
bizə aid olmayan işlərə cəlb etmək istəyirlər.
Biz öz yolumuzla gedirik. Biz
heç bir başqa ölkənin daxili işinə
qarışmırıq və belə fikrimiz də yoxdur.
Heç bir ölkəyə imkan vermirik ki,
daxili işimizə qarışsın və imkan verməyəcəyik.
Nə qədər bizə təzyiqlər və
təhdidlər olsa belə, biz bu yoldan dönməyəcəyik.
Ona görə biz öz sözümüzü
deyirik. Biz görürük ki, harada vəziyyət
ağırdır, bunu deyirik, yol göstəririk, öz
nümunəmizi göstəririk. Sadəcə
olaraq kimisə tənqid etmək üçün hansısa
fikirləri demirik. Deyirik ki, baxın, Azərbaycanda
bu məsələlər necə həll olunur. Niyə Azərbaycanda bu mümkündür? Niyə Azərbaycanda xalq vahid amal, ideya uğrunda
birləşə bilir, başqa ölkələrdə
süni səbəblər üzündən bir-birini
öldürür, qanını tökür, qırır?
Heç başa düşmür nəyə
görə? Yaxın Şərqdə
vuruşanların böyük əksəriyyəti anlamır
ki, onlar nəyə görə, kimin tərəfində
vuruşurlar, kimin maraqlarını müdafiə edirlər.
Qardaş qanı axıdırlar, şəhərləri
dağıdırlar, elə günə salırlar ki, o şəhərlərin,
o ölkələrin bərpası bundan sonra mümkün
olmayacaq. Nəyə görə? Çünki təbliğat, xarici təsir və
hakimiyyətlərin zəifliyi. Harada ki
hakimiyyət möhkəmdir, xalqla bir yerdədir, heç bir kənar
qüvvə o hakimiyyətin iradəsinə təsir edə
bilməz, o hakimiyyəti heç bir avantüraya çəkə
bilməz.
Bir daha demək istəyirəm, Azərbaycan o ölkələrdəndir
ki, öz sözünü deyir, öz siyasətini aparır. Bizim
gücümüzün mənbəyi Azərbaycan
xalqıdır. Əgər Azərbaycan
xalqı bizim siyasətimizi dəstəkləməsə, biz
müstəqil siyasət apara bilmərik. Bu
gün müstəqil Azərbaycan istənilən məsələ
ilə bağlı fəxr edə bilər. Həm siyasi, həm beynəlxalq nüfuzumuz
artır, həm də iqtisadi inkişaf göz
qabağındadır və dinlərarası, millətlərarası
münasibətlər ən yüksək səviyyədə təmin
olunur.
Bu gün burada bütün Azərbaycan
toplaşıbdır. Azərbaycanın hər bir rayonundan
nümayəndələr buradadır. Onları
salamlayıram. Xahiş edirəm ki, mənim
salamlarımı yaşadıqları bölgələrin
sakinlərinə çatdırsınlar. Gəncə
sakinlərini salamlayıram, təbrik edirəm ki, “İmamzadə”
dini-mədəniyyət mərkəzi yeni görkəm
alıbdır. Sağ olun, sizə yeni uğurlar
arzulayıram.
* * *
Qafqaz
Müsəlmanları İdarəsinin sədri,
Şeyxülislam Allahşükür PAŞAZADƏ
çıxış edərək dedi:
-
Bismillahir-Rəhmanir-Rəhim.
Möhtərəm Prezident İlham Əliyev həzrətləri.
Hörmətli məclis iştirakçıları.
Bu
mübarək gündə Azərbaycanın müstəqillik
dönəmində tikilərək bərpa edilmiş növbəti
ziyarətgahda - zati-aliləri, Sizinlə birlikdə Mədinə
şəhərində Peyğəmbər Mühəmməd
salavatullahın müqəddəs zərihi
yaxınlığında ziyarət etdiyimiz Bəqi qəbiristanlığında
İmam Hüseyn əleyhissəlamın nəvəsi V
İmam Mühəmməd Baqirin nuri-didəsi - sevimli oğlu
şahzadə İbrahim əleyhissəlamın Gəncə
torpağında müqəddəs zərihinin
açılış mərasimindəyik. Hamınızı
salamlayır, xüsusən iştirakı ilə bizi şərəfləndirən
zati-aliləri İlham Əliyev həzrətlərinə Azərbaycan,
Qafqaz müsəlmanları və şəxsən öz
adımdan dərin təşəkkürümü bildirirəm.
Burada qeyri-islam dini liderləri bizimlə birgə
iştirak edirlər. Biz tez-tez müsəlman məbədləri
ilə yanaşı, xristian, yəhudi ibadətgahlarında
görüşürük. Bu, Azərbaycanda
dövlət-din münasibətlərinin, dinlərarası
dialoq, tolerantlıq, multikulturalizmin nümunəsidir. Bu, bizim həyat tərzimizdir, dövlətimizin siyasəti,
dünyaya örnək olan Azərbaycan
reallığıdır. Mən dini liderləri
də səmimi salamlayır, onlara xoş gəlmisiniz deyirəm.
Milli mənəvi dəyərlərimizə önəm
verən İlham Əliyev həzrətlərinə dindarlar həmişə
dualar edirlər. Dünyada baş verən hadisələr fonunda -
islamofobiya, İslam adından sui-istifadə edərək
törədilən qırğınlar, Yaxın Şərqdə
və qonşu ölkələrdə qanlı faciələr,
iqtisadi, siyasi böhranlar, Azərbaycan torpaqlarının 20
faizinin erməni ekstremistləri tərəfindən
işğal edildiyi halda, erməni lobbisinin bizə
qarşı məqsədyönlü təxribatlar
apardığı dönəmlərdə Azərbaycanı bu
bəlalardan hifz etmək, ulu öndərin bizə əmanət
etdiyi müstəqilliyimizin qorunub saxlanılması
üçün gecə-gündüz zəhmət çəkən
dövlət başçısı İlham Əliyev həzrətlərinin,
mədəni irsimizi dünyada təbliğ edən Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanımın azərbaycançılıq
naminə gələcək fəaliyyətlərində Uca
Allahdan uğurlar diləyirəm. Vaxtının az olmasına baxmayaraq, Mehriban xanım tez-tez bu
ziyarətgaha gəlib fikirlərini söyləyib.
Müqəddəs
Kəbə evində Sizə dualar edən, hər zaman Sizin
yanınızda olan, dəstəkləyən Azərbaycan
dindarları adından doğma vətənimizi canından
artıq sevən, dövlətçiliyimizin, müstəqilliyimizin
bünövrəsini qoyan Heydər Əliyev həzrətlərinə,
onun həyat yoldaşı akademik Zərifə xanım Əliyevaya
burada, müqəddəs “İmamzadə” ziyarətgahında
Uca Allahdan rəhmət diləyir, onların cənnətməkan
olmaları üçün dualar edirəm.
Azərbaycan torpağı həmişə müqəddəslərə
qucaq açmış, onlara sığınacaq olmuşdur. Buna misal olaraq, Qurani-Kərimdə
xatırlanan Xızır Peyğəmbərin Beşbarmaq
dağında zühuru, xristianlığaqədərki tarixdə
Dağyənusun zülmündən bir dəstə mömin gəncin
Naxçıvanın Əshabi-Kəhf mağarasına
sığınması, Cərcis Peyğəmbərin zərihinin
Beyləqanda olmasını və digərlərini qeyd etmək
olar. İslamın gəlişindən sonra Əməvilər
dövründə zülmə düçar olmuş müqəddəs
Əhli-Beyt sülaləsinin Azərbaycana üz tutmuş
nümayəndələrinin türbələri ölkəmizin
müxtəlif bölgələrində mövcuddur. VIII
İmam Rza əleyhissəlamın bacıları Həkimə
xanımın Bibiheybətdə, Rəhimə xanımın
Nardaranda, Həzrəti Əlinin oğlu, İmam Hüseynin
qardaşı Əbülfəz Abbasın
övladlarının Bərdə İmamzadəsində,
imamzadə İbrahimin isə Gəncədə zərihinin
olması vətənimizi zinətləndirmişdir.
Bütün bunlar sübut edir ki, Azərbaycan qədim, şərəfli
tarixə malikdir, Nuh əleyhissəlamdan bu yana
müqəddəslərin üz tutduğu, əməlisalehlər
üçün ikinci vətən olmuş mübarək məkandır
və ta qədimdən mədəni-mənəvi dəyərləri
ilə dünyada tanınmışdır.
Kərbəlada İmam Hüseyni ziyarət edərkən
onun kölgəsində uyuyan imam aşiqi mütəfəkkir
şairimiz Məhəmməd Füzulini də yad etdiyimiz kimi,
Gəncədə də imamzadə İbrahimin məqbərəsi
yaxınlığında dəfn olunmuş Şeyx Nizamini yad
etmək imkanından fərəh duyuruq. Bu, təsadüfi
hal deyil və Gəncə əhalisinin Əhli-Beytə olan məhəbbətinin
bariz nümunəsidir.
Xalqımızın
tarixi yaddaşı üçün önəmli məqamlardan
birini mən Sizin diqqətinizə ilk dəfə
məhz burada - bu mübarək məkanda çatdırmaq istərdim.
1976-77-ci illərdə - ateist təbliğatının
tüğyan etdiyi zamanlarda dəvət olunduğum Dini işlər
üzrə müvəkkillikdə Gəncə, ozamankı Kirovabad
kommunistlərinin Moskvadan, Siyasi Bürodan Suslovun dərkənarı
ilə daxil olmuş şikayət ərizəsi müzakirə
olunurdu. Gəncədə kommunist təbliğatını
apara bilmədiklərindən şikayətlənənlər
şəhəri hədsiz mövhumat məkanı kimi təqdim
edərək, “İmamzadə” ziyarətgahını
sıradan çıxarmağı təklif edirdilər.
Qərara alınmışdı ki, ziyarətgah
təmir adı altında hasara alınaraq gizli surətdə məhv
edilsin. Mənim o zaman gənc din xadimi olaraq sovet dövlətinin
qərarının qarşısını almaq səlahiyyətim
yox idi, lakin bu xəbəri “Yasin” oxutdurmaq üçün Təzəpir
məscidinə göndərdiyi qohumu Validə xanımın
vasitəsilə Zərifə xanıma, onun vasitəsilə isə
Heydər Əliyev həzrətlərinə yetirməyi qərara
aldım. Mənim üçün çox təhlükəli
olsa da, bu addımı atdım. Şükürlər
olsun ki, Zərifə xanım bu xəbərə yüksək
diqqət göstərərək, Validə xanım vasitəsilə
məndən “İmamzadə” haqqında, onun məqbərəsi
ilə bağlı məlumatları yazılı şəkildə
təqdim etməyimi istədi. Heydər Əliyevin məsələyə
müdaxiləsi tezliklə öz müsbət nəticəsini
verdi. Gəncə “İmamzadə”si
SSRİ ərazisində ziyarətgah kimi qeydiyyatdan keçən
və dövlət tərəfindən qorunan ilk məkan oldu.
Bu, nəinki Azərbaycan, bütün bölgə
müsəlmanlarına Heydər Əliyevin böyük
töhfəsi idi.
Bu zərihin üzərində ulu öndərin və Zərifə
xanımın haqqı var. Odur ki, mən çıxışımın
əvvəlində onların ruhlarına Allah-Taaladan rəhmət
dilədim. Əlhəmdülillah, Heydər Əliyev
imamlarımızın əmanəti olan bu məkanı bizim
üçün qorudu, İlham Əliyev həzrətləri
Azərbaycan və bütün bölgə müsəlmanlarına
burada möhtəşəm kompleks hədiyyə etdi. Müstəqil Azərbaycan var olduqca bu müqəddəs
məkan da yaşayacaqdır.
Bu gün Azərbaycanda dövlət mədəniyyətlər,
dinlər, sivilizasiyalararası dialoqa dair nüfuzlu beynəlxalq
tədbirlər keçirir, milli mənəvi irsimizlə
yanaşı, bəşəri dəyərlərə sahib
çıxır, dini məbədləri rövnəqləndirir,
dini icmalara yardım və himayəsini əsirgəmir. Dindarlar buna
görə dövlətimizə və dövlət
başçısına minnətdardırlar və bu siyasətə
sadiqdirlər.
Zati-aliləri. Həzrət imamzadə İbrahim əleyhissəlam,
Əhli-Beyt xatirinə Azərbaycanın müstəqilliyi və
ərazi bütövlüyü uğrunda şəhid
olmuş vətən övladlarına Allahdan rəhmət diləyirəm.
Bu müqəddəs yerdə dua edirəm ki, Uca
Allah bizlərə nəsib etdiyi müstəqillik, sabitlik və
əmniyyəti daimi etsin. Amin!
Bu kompleksdə görülmüş işlərin mənəvi
dəyəri heç bir söz və təriflə
ölçülə bilməz. Bu işdə zəhməti
olan hər kəsə, xüsusən dövlət
başçısı İlham Əliyev həzrətlərinə,
həmçinin Gəncə şəhər rəhbərliyinə
dərin minnətdarlığımızı bildirmək istərdim.
Bütün müsəlmanlar kimi, mən də dinimiz
üçün etdiklərinizin qarşılığında
dua edirəm ki, bu böyük əməlin savabını
Allah-Taala Əliyevlər ocağına, bütün Azərbaycan
xalqına versin, İlham Əliyev həzrətlərini Uca
Allah bütün bəlalardan qorusun, onu hər zaman müzəffər
qərar versin.
Möhtərəm
cənab Prezident, Uca Allah Sizi və ailənizi xoşbəxt
etsin, Sizə övladlarınızın və nəvələrinizin
sevincini nəsib etsin!
Allah-Taala namazlarımızı qəbul,
dualarımızı müstəcab etsin. Amin!
* * *
Şeyxülislam Allahşükür Paşazadə
dövlət başçısına Qurani-Kərim hədiyyə
etdi.
* * *
Rus Pravoslav
Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının
arxiyepiskopu Aleksandr İŞEİN çıxış edərək
dedi:
- Möhtərəm
cənab Prezident.
Hörmətli şeyx həzrətləri.
Hörmətli xanımlar və cənablar.
Müqəddəs dini ziyarətgahlara, tarix və mədəniyyət
abidələrinə qayğıkeş münasibət milli mənlik
şüuru hissinin parlaq təzahürüdür. Əlbəttə,
müasir dövrdə urbanistika və memarlıq misli
görünməmiş dərəcədə tərəqqi
edib, lakin milli dühanın, milli memarlığın nailiyyətlərini
unutmaq ağılsızlıq olardı. Bakıdakı
Heydər məscidi, Şamaxı Cümə məscidi, Gəncədə
“İmamzadə” kompleksi kimi binalar Azərbaycan milli
memarlığının və incəsənətinin nailiyyətlərinin
parlaq nümunələridir. Əlbəttə,
ziyarətgahlar insanların ibadət və dua etmələrinə
imkan yaradır, lakin onlar həm də insanların öz dini
biliklərini ümumiləşdirməsinə, dərinləşdirməsinə,
öz xalqının tarixi və mədəniyyəti ilə təmasda
olmasına imkan verir. Məncə, burada belə
ünsiyyət üçün hər cür imkan
yaradılıb. Ona görə ki, burada
bütün bunların həyata keçirilməsi
üçün zəruri infrastruktur çox inkişaf edib.
Gənc nəsil üçün xüsusi əhəmiyyət
kəsb edən məqam ondan ibarətdir ki, burada gənclərin
öz milli identikliyini dərk etmələrinə imkan
yaradılıb. Mənim fikrimcə, gənclər
burada olarkən öz ölkələrinə görə
qürur duyacaq və ən başlıcası, Azərbaycanın
gələcək taleyi üçün məsuliyyət
hissini öyrənəcəklər.
Cənab
Prezident, 40 ildir ki, mən vaxtaşırı Gəncədə
səfərdə oluram. Bir müddət burada
daimi yaşamışam. Bu şəhərə
ayırdığınız diqqətə görə Sizə
dərin təşəkkürümü bildirmək istərdim.
Dünən və bu gün mən Gəncəni
gəzdim və bu şəhərə görə qürur
hissi keçirdim. Əlbəttə, Sizə
təşəkkür edirəm ki, Gəncəyə bu qədər
böyük diqqət yetirirsiniz. Ulu
Tanrı köməyiniz olsun, hamımıza uğurlar diləyirəm
və arzum budur ki, hər dəfə Gəncəyə gəlməkdən
məmnunluq və sevinc duyaq.
Təşəkkür edirəm.
* * *
Bakı
Dağ Yəhudiləri Dini İcmasının sədri Milix
YEVDAYEV çıxış edərək dedi:
- Möhtərəm
Prezident.
- Möhtərəm
şeyx həzrətləri, məclis
iştirakçıları.
Bugünkü təntənəli bayram münasibətilə
mən dahi Nizaminin bu qədim vətənində hamınızı
təbrik edirəm. O cümlədən qoy Allah-Taalanın qismətindən
Azərbaycan xalqına bundan sonra da xoş günlər,
xoş anlar nəsib olsun.
Hərdən
yuxu kimi gördüyüm dünya
Yuxuma girəndə həqiqət olur.
Bəli, bugünkü inkişaf Azərbaycanın
bugünkü həqiqətlərinin təzahürüdür.
Möhtərəm
Prezident, bugünkü təntənəli
açılış ulu öndərin Azərbaycan xalqına
olan arzularıdır.
Ata o kəsdir
ki, dayanıb öndə,
Övladın hissi ilə yaşaya bilsin.
Övlad
o kəsdir ki, əməllərində
Atanın arzusunu yetirə bilsin.
Ulu öndər nəinki övladlarının,
bütöv bir xalqın, bütöv bir məmləkətin,
Azərbaycan xalqının hiss və arzuları ilə
yaşayırdı. Siz, möhtərəm Prezident, onun
davamçısı olaraq o arzuları bu gün çin
edirsiniz.
Arzu zirvə
başındadır,
Onun min bir pilləsi var.
Hər
arzunun neçə-neçə
Böyük, kiçik çilləsi var.
Möhtərəm
Prezident, qoy Azərbaycan xalqının bütün arzuları
Sizin əlinizlə böyük və
kiçik çillələrdən keçərək
çin olsun!
Ümumiyyətlə, zirvənin məğrurluğu,
möhtəşəmliyi zirvədən uzaqlaşdıqca daha
aydın görünür. İllər bizi ulu
öndər dühasından uzaqlaşdırsa da, biz ulu
öndərin necə bir məğrur, möhtəşəm
zirvə olduğunu həmişə görür və hiss
edirik. Ona görə də Nizami
dühası bütün dünya mədəniyyətinə
necə bir günəş kimi şəfəq
saçırsa, ulu öndər dühası da illər
keçdikcə Azərbaycanı xoşbəxtliyə aparan
yola bir günəş kimi işıq saçacaq.
Möhtərəm
Prezident, Siz bu il Azərbaycandan dünyaya
“Multikulturalizm ili” kimi bir çağırış vermisiniz.
O çağırışla bütün dünya
xalqlarına, bütün dünya dövlətlərinə Azərbaycanın
bugünkü həqiqətlərini bəyan etmək istəyirsiniz.
Bəli, bayaq qeyd olundu, biz Fransada sinaqoqa girmək
üçün avtomatlıların dəhlizindən
keçməli olduq. Onlar isə bizdə
olanda ağızları açıq qaldı ki, sinaqoqun
qapıları 24 saat taybatay açıqdır. Biz İsveçrədə olanda qaçqınlardan
şikayət edildi. Onda biz hamımız
birağızdan dedik ki, Azərbaycan kiçik ölkədir.
Azərbaycanın 1 milyon qaçqın və
köçkünü olanda böyük bir qitə
ağzını açmadı. İndi isə
siz həmin qaçqınlardan dad qılırsınız.
Bəs nə istəyirdiniz? Bizim
təqsirimiz nədir ki, qapılarımızın hər birindən,
Allaha şükür, 3-4 övladımız
çıxır. Amma sizin qapılardan kim
çıxır? Övladdan başqa hər
şey. Ona görə də buna təəccüblənmək
lazım deyil. Bunlar onsuz da 1-2 ildən sonra
sizə lazım olacaq. Çünki
işçi qüvvəniz də yoxdur.
Əziz dostlar, mən hamınızdan xahiş edirəm,
gəlin Azərbaycanın bugünkü həqiqətlərini
qoruyub saxlayaq, möhkəmləndirək. Möhtərəm
Prezidentimizin ətrafında sıx birləşək.
Çünki möhtərəm Prezidentimiz, Siz:
Odlar
Yurdumuzun mətin oğlusuz,
Heydər məktəbinin davamçısısız.
Vətənə,
xalqına arxa-dayaqsız,
Dərin minnətdarıq, Prezident, Sizə.
Bəli,
ona görə də bundan sonra da həmişə, hər
şabat günü ayaq üstə Allah-Taaladan diləyirik ki,
qoy Prezidentimizə, xalqımıza, hökumətimizə
xoş günlər, xoş anlar qismət etsin. Biz
də Azərbaycan xalqı ilə şad və xürrəm
yaşayaq.
Ona görə də dostlar, qardaşlar,
hamınızı bir daha bu möhtəşəm bayram
münasibətilə təbrik edir, hamınıza İbrahim
Peyğəmbər ömrü, Süleyman Peyğəmbər
müdrikliyi arzulayıram. Allah amanında.
* * *
Azərbaycan
Katolik Kilsəsinin rəhbəri Vladimir FEKETE
çıxış edərək dedi:
-
Çox hörmətli cənab Prezident.
Hörmətli şeyx həzrətləri.
Hörmətli din xadimləri.
Hörmətli ictimai xadimlər, əziz dostlar.
Təkcə Gəncə şəhəri
üçün deyil, bütün Azərbaycan
üçün əlamətdar olan bu gündə mən
özümdən əvvəl çıxış edənlərin
hamısının fikrinə şərik olduğumu, minnətdarlıq
və sevinc hisslərimi bildirmək istəyirəm. Azərbaycan
katolikləri adından Gəncə şəhərinin sakinlərini
və xüsusən Allahın köməyi ilə bu qədim
və məşhur ziyarətgahın bərpasını
başa çatdırmış müsəlman qardaşlarımızı
təbrik edirəm. Təntənəli
şəkildə açılan bu gözəl kompleks Gəncə
şəhərinin görməli yeri olmaqla bərabər, həm
də onun incisidir.
Əminəm ki, vaxt gələcək, bu kompleks Gəncə
şəhəri, bütün Azərbaycan üçün əsl
mənəvi mərkəz, birləşmə yeri, ziyarətgah
olacaq. Müqəddəs Kitabda yazıldığı kimi,
insan təkcə yemək üçün deyil, həm də
Allah kəlamı üçün yaşayır. Bəli, insan təkcə fiziki varlıq deyil. Onun mənəvi, dini, ictimai ehtiyacları da var. Əgər
insan bunu dərk edirsə, onun öz mənəvi
ehtiyaclarını düzgün yolla təmin etməyə
imkanı olur. Bu, həmişə insan
şəxsiyyətinin, ölkənin, dövlətin
inkişafının xeyrinədir.
İslam dini lap əvvəldən ictimai həyatın
vacibliyini vurğulayır və məscid ümmət
üçün təkcə dua yeri, Allaha ibadət mərkəzi
deyil, həm də ictimai həyat mərkəzi olub. Azərbaycan
dünyəvi dövlətdir. Buna
baxmayaraq, Azərbaycan hökuməti və xüsusən cənab
Prezident əhalinin mənəvi ehtiyaclarına xüsusi diqqət
yetirir və onu dəstəkləyir.
Hörmətli cənab Prezident, məscidlərin, habelə
məbəd və sinaqoqların tikintisinin, bərpasının
qeydinə qaldığınıza, buna şəxsən mənəvi
və maliyyə dəstəyi göstərdiyinizə görə
Sizə dərin minnətdarlığımı və
böyük ehtiramımı bildirmək istərdim. Bu, çox
böyük nailiyyətdir. Artıq qeyd
edildiyi kimi, ənənəvi dinlərin liderlərinin bu tədbirdə
iştirak etməsi Azərbaycanda tolerantlığın, dinlərarası
münasibətlərin yüksək səviyyəsinin
bütün dünya üçün təsdiqi və parlaq
nümunəsidir.
Ulu
Tanrıdan arzum budur ki, bu kompleksin bərpasında zəhməti
olan hər kəsin işi avand olsun, Tanrı bu zəhmətin
əvəzini versin. Qoy Ulu Tanrı Azərbaycanı bu gün
də, sabah da firavanlaşdırsın,
çətinliklərə baxmayaraq, Azərbaycan sülh və
əmin-amanlıq şəraitində inkişaf edə bilsin. Qoy bu gözəl və firavan ölkədə həyat
həmişə bütün əhalinin qonaqpərvərliyi və
mehriban münasibətlərinin yüksək səviyyəsi
ilə fərqlənsin.
Çox sağ olun!
* * *
Gəncə
Dövlət Universitetinin dekanı Mübariz YUSİFOV
çıxış edərək dedi:
- Möhtərəm
cənab Prezident.
Mən Sizi bütün Gəncə ziyalıları
adından salamlayıram. Sizə uzun ömür, möhkəm
cansağlığı, xalqımızın rifahı naminə
yeni-yeni uğurlar, böyük nailiyyətlər və sonsuz səadət
arzulayıram.
Sizin şəhərimizə hər bir gəlişiniz Gəncə
əhalisi üçün böyük bayram sevinci kimi
qarşılanır. İndi - Azərbaycan xalqının əziz
milli bayramı olan Novruz çərşənbələri ərəfəsində
Gəncə şəhərinə gəlişiniz isə bu
bayramın sevincini qat-qat artırır.
Bu gün tariximizə Gəncə əhalisinin
çoxdan gözlədiyi müqəddəs dini
ocağımız sayılan “İmamzadə” kompleksinin
açılış mərasimi kimi daxil olur. Bu müqəddəs
məkan hələ ilkin orta əsrlər dövründə -
739-cu ildə İmam Məhəmməd Baqirin oğlu
Mövlanə İbrahimin məzarı üzərində
türbə qoyulduqdan sonra ziyarətgaha çevrilib. Mövlanə İbrahimin məzarı üzərində
hələ ilkin orta əsrlər dövründə türbə
qoyulması bir tərəfdən Gəncə şəhərinin
qədim mədəniyyətə malik olduğunu göstərirsə,
digər tərəfdən əhalinin İslam dininə rəğbətinin
təzahürü hesab edilir. Bu müqəddəs
məkana üz tutanlar özlərinin daxili hisslərini imam
övladının mənəvi dünyası ilə
qovuşduraraq Uca Yaradandan pənah istəyirlər. Sidq ürəklə bu ziyarətgaha üz tutanlar
öz arzu və diləklərinin həyata keçməsində
heç vaxt naümid olmayıblar. “İmamzadə”
ziyarətgahı zaman-zaman insanlarda mənəvi kamillik, ictimai
həmrəylik və vətənpərvərlik
amalının formalaşmasında bir məbədgah
olmuşdur. Ziyarətgah tarixin müəyyən
məqamlarında dağıntılara məruz qalsa da,
ayrı-ayrı xeyriyyəçilərin şəxsi vəsaiti
və ya vətənpərvər insanların ianəsi
hesabına təmir olunub.
Ümummilli lider Heydər Əliyevin ikinci dəfə
hakimiyyətə qayıdışından sonra isə Azərbaycanda
dini abidələrin, müqəddəs ziyarətgahların
yeni həyatı başlayıb. Ulu öndərin
respublikaya rəhbərlik etdiyi dövrdə ölkədə
dövlət hesabına 517 məscid yenidən qurulub. Cənab
Prezident, ulu öndərin müqəddəs məkanlara diqqəti,
qayğıkeşliyi, təəssübkeşliyi bu gün Sizin tərəfinizdən yüksək səviyyədə
davam etdirilir. Sizin
tapşırığınız və Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanımın təşəbbüsü
ilə ölkədə iki mindən artıq məscid, dini
abidə bərpa edilib və xalqın istifadəsinə
verilib.
Müqəddəs
ocaqlarımıza rəğbət və
qayğıkeşliyiniz Sizin ailənizdə
formalaşmış əqidə saflığının bariz
təcəssümüdür. Vaxt gələcək, zaman
keçəcək və tarixdə yeni görkəm
almış bu müqəddəs abidə, bu müqəddəs
məkan Sizin adınızla yaşayacaq və
tanınacaq.
Cənab
Prezident, Sizin böyük qayğıkeşliyiniz sayəsində
Gəncə şəhəri gündən-günə gözəlləşir,
öz tarixi qədimliyini saxlamaqla müasirləşir. Bu gün Gəncədə baş verən tikinti,
quruculuq, abadlıq işləri ölkəmizdəki
sosial-iqtisadi tərəqqinin bir nümunəsinə
çevrilib.
Sizin bu böyük məbədgaha diqqət və
qayğınızın nəticəsində Gəncə
“İmamzadə” ziyarətgahı bütün Şərq
ölkələrindəki dini mədəniyyət abidələri
sırasında ən möhtəşəm yerlərdən
birini tutur. Möhtərəm cənab Prezident, biz, Gəncə
ziyalıları Sizin bu diqqətinizə cavab olaraq, “Gəncə
İmamzadə ziyarətgahı” adlı bir kitab
hazırlamağı qərara aldıq. İcazə
versəydiniz, mən bu kitabı bu müqəddəs, bu əziz,
bu unudulmaz gündə Sizə təqdim edərdim.
Allah Sizə
uzun ömür, möhkəm cansağlığı versin. Allah Sizi qorusun. Azərbaycan
xalqının rifahı, daha parlaq gələcəyi naminə
Sizə bir daha uzun ömür, cansağlığı və əbədi
səadət arzulayıram.
* * *
Mübariz Yusifov “Gəncə İmamzadə ziyarətgahı”
kitabını Azərbaycan Prezidentinə təqdim etdi.
Mərasimdən
sonra dövlət başçısı “İmamzadə”
kompleksində yaradılan şəraitlə tanış
oldu.
Qafqaz
Müsəlmanları İdarəsinin sədri
Allahşükür Paşazadə və Gəncə Şəhər
İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev
Prezident İlham Əliyevə “İmamzadə” dini kompleksinin təmiri,
bərpası və ətrafında aparılan
abadlaşdırma işləri barədə məlumat verdilər.
Bildirildi ki, ümumi sahəsi 1000 kvadratmetr olan
digər korpusda Hüseyniyyə və Zeynəbiyyə
namazgahları yerləşir. Burada müxtəlif
diametrli 46 günbəz ucaldılıb. Xüsusi
qurbangahda və 850 nəfərlik ehsan zalında zəvvarların
ziyarəti üçün hər cür şərait yaradılıb.
Dövlət başçısı beşinci imam Məhəmməd
Baqirin oğlu İbrahimin məzarının yerləşdiyi
türbədə oldu.
Azərbaycan
Prezidentinin din xadimləri ilə söhbəti zamanı Qafqaz
Müsəlmanları İdarəsi sədrinin qərb bölgəsi
üzrə səlahiyyətli nümayəndəsi Hacı
Tahir Abbasov dinimizə göstərdiyi qayğıya, bu dəyərli
sənət əsərini Gəncəyə hədiyyə
etdiyinə görə dövlət başçısına
şəhər sakinləri və dindarlar adından dərin
minnətdarlığını bildirərək dedi:
- Cənab
Prezident, Allah ulu öndərimizin ruhunu şad etsin. Allah onun qəbrini nurla doldursun. Çünki
bu gün Azərbaycan ulu öndərimizin müəyyənləşdirdiyi
siyasət yolu ilə gedir. Bu məscidlərin
tikintisi dinimizə, imanımıza, milli mentalitetimizə,
xalqımıza olan qayğısının,
sayğısının nəticələridir. Siz ulu öndərimizin siyasətini uğurla davam
etdirirsiniz. Xalqımız Sizə inanır
və güvənir. Mən Sizə
bütün gəncəlilər, bütün dindarlar
adından təşəkkür edirəm.
Siz ilk dəfə Prezident seçiləndən sonra
şəhərimizə gəldiniz, bu ziyarətgahı ziyarət
etdiniz. Hələ o zaman bu ziyarətgahın bərpasına
qayğı göstərəcəyinizi dediniz və tez bir
zamanda vədinizə əməl etdiniz. “İmamzadə”də
çox böyük iş görülmüşdür.
Cənab
Prezident, bu ibadətgahın əvəzi yoxdur. Şeyx
həzrətləri bilir, bütün dünyada ziyarətgahlar
var. O ziyarətgahları kimsə tikib. Ətrafdakı
binaları isə xeyriyyəçilər inşa ediblər.
Amma burada bu işi dövlətimiz görüb.
Bu, dövlətimizin dinə olan məhəbbətidir, Sizin dinimizə olan məhəbbətinizdir.
Burada bir hərəmin, sağ-sol məscidin, Zeynəbiyyənin,
Hüseyniyyənin tikilməsi, yol çəkilməsi,
yaşıllıq salınması, fəvvarələrin
qurulması, inzibati binanın, mərasim zalının
inşası və s. üçün Sizə Gəncə
camaatı adından təşəkkür edirik. Allah Sizi qorusun. Çox sağ
olun.
Prezident
İlham ƏLİYEV: Sağ olun.
* * *
Ziyarətgahın
müsəlman aləmi üçün əhəmiyyətini
və yaxın-uzaq xaricdən gələn zəvvarların
sayının ildən-ilə artmasını nəzərə
alaraq tikilmiş mehmanxanada 33 müsafir otağı var. Burada
da ayrı-ayrılıqda qadınlar və kişilər
üçün dəstəmazgah, yeməkxanalar, konfrans
zalı, dini kitabxana, muzey fəaliyyət göstərəcək.
Prezident İlham Əliyev “İmamzadə” kompleksində
təmir və yenidənqurma işlərini hər zaman diqqətdə
saxlayıb, üç dəfə bu kompleksə gələrək
tapşırıq və tövsiyələrini verib. Dövlət
başçısının sərəncamı ilə
müxtəlif illərdə Prezidentin ehtiyat fondundan kompleksin təmir-bərpa
işlərinə ümumilikdə 26 milyon manat vəsait
ayrılıb. Təmir-bərpa işlərinin
layihələndirilməsi və icrası yerli qurumlar tərəfindən
aparılıb. Belə ki, Fövqəladə Hallar
Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət
Dövlət Agentliyinin “Azərdövlətlayihə” Dövlət
Baş Layihə İnstitutunun Gəncə filialı tərəfindən
hazırlanmış yenidənqurma və bərpa layihəsini
“Gəncəkörpütikinti-2” Səhmdar Cəmiyyətinin
inşaatçıları icra ediblər. Ziyarətgahda
təmir-bərpa və tikinti işləri zamanı qədim
memarlıq üslubunu saxlamağa xüsusi diqqət yetirilib.
Yenidənqurma zamanı kompleksin ərazisi
abadlaşdırılıb, geniş yaşıllıq
zolağı salınıb, avtomobil dayanacağı tikilib.
Tədbirin sonunda xatirə şəkli çəkdirildi.
Daha sonra Prezident İlham Əliyevin adından “İmamzadə”
dini kompleksində ehsan süfrəsi açıldı.
AZƏRTAC
Azərbaycan. - 2016.- 18 fevral.- S. 1,
2, 3, 4.