Prezident İlham
Əliyev Gəncədə “Nizami”
yarımstansiyasının açılışında iştirak edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də
Gəncəyə səfəri çərçivəsində
35/6 kV-luq “Nizami” yarımstansiyasının
açılışında iştirak edib.
“Azərişıq” ASC yaradıldıqdan sonra regionlardakı elektrik şəbəkələrinin mövcud vəziyyətinin qısa müddətdə hərtərəfli təhlili aparılaraq, ölkənin sosial-iqtisadi inkişaf strategiyasına və müxtəlif vaxtlarda qəbul edilmiş Dövlət proqramlarına uyğun olaraq, istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli elektrik enerjisi ilə təchiz edilməsi üçün bütün regionları əhatə edən dörd hissədən ibarət “İnkişaf və Yenidənqurma Proqramı” hazırlanaraq icrası uğurla həyata keçirilir. Hazırda bütün şəhərlərdə, rayon mərkəzlərində, qəsəbə və kəndlərdə yararsız, istismar müddəti başa çatmış transformatorların yenilənməsi, müasir tipli avadanlıqla təchiz edilməsi prosesi gedir. İlkin olaraq, ölkə üzrə komplekt transformator məntəqələri quraşdırılır ki, onlar da həm görünüşünə, həm də texniki göstəricilərinə görə əvvəlkilərdən tamamilə fərqlənir. Gəncədə 35/6 kV-luq “Nizami” yarımstansiyasının inşası da son illərdə ölkəmizin regionlarının elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərin davamlı olduğunu nümayiş etdirir.
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev məlumat verdi ki, Gəncənin böyük bir hissəsinin elektrik təchizatının yaxşılaşdırılması, eləcə də ərazidə elektrik enerjisinə artan tələbatın ödənilməsi, 35 kV-luq elektrik şəbəkələri ilə əlaqələndirilməsi məqsədilə 35/6 kV-luq “Üzgüçülük” yarımstansiyasının yerində müasir tipli tam qapalı 35/6 kV-luq yeni “Nizami” yarımstansiyası tikilib. Yarımstansiyanın tikintisinə 2015-ci ilin aprelində başlanılıb. Yeni yarımstansiya 6 mindən çox abonentin elektrik enerjisi ilə təminatını daha da yaxşılaşdıracaq. Ümumi sahəsi 1700 kvadratmetr olan yarımstansiyada 35/6 kV-luq iki transformator və 35/6 kV-luq qapalı paylayıcı avadanlıq quraşdırılıb.
Burada həm də Gəncə Şəhər Elektrik Şəbəkəsinin inzibati binası yerləşir. Binanın foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulub, Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən guşə yaradılıb. Yarımstansiyada və inzibati binada 80-ə yaxın işçi çalışacaq.
Qeyd olundu ki, yeni yarımstansiya şəhərin mərkəzi hissəsində mövcud elektrik yüklərinin, eləcə də perspektivdə on il ərzində yaranacaq yüklərin qarşılanmasını təmin edəcək. Yeni yarımstansiya şəhərin ən mühüm obyektlərini və 6000-dən çox olan əhali sektorunu elektrik enerjisi ilə təmin edəcək. Yarımstansiyanın tikintisi və Gəncə şəhərində 3 ədəd 110 kV-luq “Az.KTA”, “Gəncə-1” və “Bağmanlar” yarımstansiyalararası 35 kV-luq elektrik şəbəkələri vasitəsilə əlaqələndirilməsi 35 kV-luq dairəvi elektrik təchizat sxeminin yaradılmasına səbəb olub. Bu da öz növbəsində şəhərin mərkəzi hissəsinin elektrik təchizatının dayanıqlılığını və etibarlılığını təmin edəcək. Yarımstansiya müasir standartlara cavab verən avadanlıq, eleqaz və vakuum tipli açarlarla təchiz edilməsi ilə yanaşı, məsafədən idarə olunan SCADA dispetçer sisteminə qoşulub. Yarımstansiyada xaricdə və yerli müəssisələrdə istehsal olunan elektrik avadanlığı, müasir elektron tipli rele mühafizəsi və avtomatika sistemi, respublikada istehsal olunmuş güc transformatorları quraşdırılıb. Burada şəbəkə işçiləri və növbətçi heyət üçün müvafiq otaqlar inşa edilib, yanğına qarşı xəbərdarlıq sistemi, yanğından mühafizə hovuzları yaradılıb. Gəncənin qədim şəhərsalma ənənəsinə uyğun olaraq tikilən yarımstansiyanın birinci mərtəbəsi kərpicdən olmaqla xüsusi memarlıq üslubunda inşa edilib. İnşaat işləri zamanı 900 metr uzunluğunda asfalt yol salınıb, ətraf abadlaşdırılıb, yaşıllıq zolaqları yaradılıb.
Prezident İlham Əliyev yarımstansiyanı işə saldı.
Diqqətə çatdırıldı ki, yarımstansiya şəhərin qədim
şəhərsalma ənənəsinə uyğun
olaraq birinci mərtəbə
kərpicdən olmaqla xüsusi
memarlıq üslubunda inşa
edilib. Regionda gedən yenidənqurma işlərinə uyğun olaraq, müvafiq şəbəkədə
çalışan kadrların təkmilləşdirilməsi,
onların ixtisasının artırılması və yenidən
hazırlanması üzrə fəaliyyəti təmin etmək
məqsədilə Gəncədə yeni tikilmiş “Nizami”
yarımstansiyasında “Azərişıq” ASC-nin Qərb Regional Tədris
Mərkəzi yaradılıb. Mərkəzdə
6/0,4 kV-luq paylayıcı sistem,
rele mühafizəsi və avtomatika,
əməyin mühafizəsi və təhlükəsizlik
texnikası, uçota nəzarət
sayğaclarının test və idarəetmə
sistemləri, kabel armaturlarının
quraşdırılması, istismarı və təmiri, elektrik avadanlığının
sınağı və diaqnostikası, digər təcrübə
bölmələri var. Tədris Mərkəzi
elektroenergetikanın müxtəlif ixtisas
sahələrini əhatə edən yeni dərs
vəsaitləri, eləcə də şəbəkəyə
tətbiq olunan müasir
avadanlığın xarakteristikası və iş
prinsipi üzrə metodik
praktikumlarla təmin olunub.
Yeni yaradılan Tədris Mərkəzindən
qərb regionu ilə yanaşı,
şimal-qərb və Mərkəzi Aran
regionlarının əməkdaşları da
yararlana biləcəklər.
AZƏRTAC
Azərbaycan. - 2016.- 18 fevral.- S.6.