Milli Məclisdə İndoneziya
parlamentinin nümayəndələri ilə görüş keçirilib
Fevralın
17-də Milli Məclisdə İndoneziya parlamenti Nümayəndələr
Palatasının üzvləri ilə görüş
keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə Milli Məclis sədrinin müavini Valeh Ələsgərov Azərbaycan-İndoneziya əlaqələrinin yüksək səviyyədə olduğunu deyib. O, ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsində dövlət və hökumət rəsmilərinin qarşılıqlı səfərlərinin, parlamentlərarası əlaqələrin inkişafının əhəmiyyətini xüsusi vurğulayıb.
Əməkdaşlığın inkişafında səfirliklərin xidmətlərini yüksək qiymətləndirən Valeh Ələsgərov bu səfərin əlaqələrin genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. O, ölkələrimiz arasında hüquqi bazanın da mövcud olduğunu deyib, bu bazanın təkmilləşdirilməsi istiqamətində işlərin davam etdirilməsinin önəmini vurğulayıb.
Milli Məclis sədrinin müavini qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib. Ermənistanın təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğal edildiyi, 1 milyondan çox azərbaycanlının doğma yurd-yuvasından didərgin düşdüyü diqqətə çatdırılıb. O, beynəlxalq təşkilatların Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən geri çəkilməsini tələb edən sənədlərinə rəsmi Yerevan tərəfindən məhəl qoyulmadığını vurğulayıb.
Nümayəndələr Palatasının sədr müavini Fahri Hamzah İndoneziyanın Azərbaycan ilə əməkdaşlığı daha da genişləndirməyə böyük maraq göstərdiyini deyib. O, İndoneziyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını dəstəklədiyini bildirib. Qonaq İndoneziyanın bundan sonra da Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində diplomatik səylərini davam etdirəcəyini vurğulayıb.
Görüşdə Azərbaycan ilə İndoneziya arasında müxtəlif sahələri
əhatə edən əməkdaşlığın inkişaf perspektivlərinə dair
fikir mübadiləsi aparılıb.
Azərbaycan. - 2016.- 18 fevral.- S.9.