Mərkəzi Seçki Komissiyasında İndoneziya
parlamentinin nümayəndələri ilə
görüş keçirilib
Azərbaycan
Respublikasında səfərdə olan İndoneziya parlamenti
Nümayəndələr Palatasının sədr müavini
Fahri Hamzahın başçılıq etdiyi nümayəndə
heyəti fevralın 18-də Mərkəzi Seçki
Komissiyasında (MSK) sədr Məzahir Pənahovla
görüşüb.
MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Məzahir Pənahov görüşdən məmnunluğunu bildirərək, rəhbərlik etdiyi qurumun nüfuzlu beynəlxalq təşkilatlar və dünyanın müxtəlif qitələrindən olan böyük inkişaf yoluna malik ölkələrin ali seçki komissiyaları ilə əlaqələrindən söhbət açıb. MSK sədri qeyd edib ki, Azərbaycanda seçki praktikasının daha da təkmilləşdirilməsində və hazırkı inkişaf səviyyəsinə çatmasında beynəlxalq təcrübənin öyrənilməsinin xüsusi rolu var.
Nümayəndə heyətinin rəhbəri Fahri Hamzah İndoneziyanın Azərbaycan ilə əlaqələrinin daha da genişləndirilməsinə çalışdıqlarını bildirib. O, həmçinin Mərkəzi Seçki Komissiyasının seçkilərın azad, ədalətli və şəffaf keçirilməsindəki yüksək təcrübəsindən və informasiya-kommunikasiya texnologiyalarının seçkilərdə tətbiqi sahəsində əldə etdiyi ciddi nailiyyətlərdən istifadə edərək, İndoneziyadakı seçkilərin də inkişafına nail olmaq istədiklərini deyib və iki ölkənin ali seçki qurumları arasında birbaşa əlaqələrin qurulmasında maraqlı olduqlarını ifadə edib.
Görüşdə MSK sədri M.Pənahov seçkilərin yüksək səviyyədə təşkil olunması, azad, ədalətli və şəffaf keçirilməsi üçün Azərbaycanda hər cür şəraitin və demokratik mühitin olduğunu vurğulayaraq, nümayəndə heyətinə Azərbaycanın seçki sistemi, MSK-nın strukturu, seçki komissiyalarının fəaliyyət prinsipləri və digər məsələlər barədə ətraflı məlumat verib və seçkilərin demokratik keçirilməsində həyata keçirilmiş genişmiqyaslı layihələri və atılan addımları diqqətə çatdırıb.
İndoneziyalı parlamentarilərlə
görüşdə, həmçinin
qarşılıqlı maraq doğuran məsələlər ətrafında
fikir mübadiləsi aparılıb.
Azərbaycan. - 2016.- 19 fevral.- S.4.