Tbilisidə Azərbaycan,
Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin görüşü keçirilib
Fevralın
19-da Tbilisidə Azərbaycanın, Gürcüstanın və
Türkiyənin xarici işlər nazirləri Elmar Məmmədyarov,
Mövlud Çavuşoğlu və Mixail Canelidzenin beşinci
üçtərəfli görüşü keçirilib.
Görüşdə bir neçə gün əvvəl Ankarada və Diyarbəkirdə törədilmiş terror aktları qətiyyətlə pislənilib. Azərbaycan və Gürcüstan xarici işlər nazirləri Türkiyə ilə sarsılmaz həmrəyliklərini bir daha bəyan edib, türk xalqına başsağlığı veriblər. Onlar terrorla mübarizədə Türkiyə ilə möhkəm tərəfdaşlıqlarını bir daha diqqətə çatdırıblar.
Söhbət zamanı üç ölkə arasında yüksək səviyyəli ikitərəfli və üçtərəfli əlaqələrin inkişafından məmnunluq bildirilib, strateji tərəfdaşlığın, siyasi dialoqun, eləcə də regional layihələrin həyata keçirməsində əməkdaşlığın dərinləşdirilməsinin önəmi qeyd edilib. Regionda mövcud olan münaqişələrin sülhə, sabitliyə və iqtisadi inkişafa mane olduğu vurğulanıb, bu münaqişələrin beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq, dövlətlərin suverenliyi və ərazi bütövlüyü çərçivəsində dinc yolla həllinin vacibliyini bildirilib.
Bundan başqa, enerji sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd edilib. “Cənub” qaz dəhlizinin inkişaf etdirilməsi, eləcə də Xəzər dənizi hövzəsindən Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Qərb bazarlarına enerji resurslarının nəqlini nəzərdə tutan digər layihələrə tam dəstək ifadə olunub. Bütün iştirakçı ölkələrin enerji təhlükəsizliyinin gücləndirilməsində bu layihələrin həlledici rolu qeyd edilib. Üç ölkənin dövlət institutları və özəl sektorunun iştırakı ilə enerji, nəqliyyat, turizm və digər qarşılıqlı maraq kəsb edən tematik üçtərəfli biznes forumlar təşkil etmək üçün müvafiq nazirliklərə tövsiyə vermək barədə razılıq əldə olunub. Tərəflər qarşılıqlı maraq kəsb edən regional və qlobal məsələlərə dair üçtərəfli dialoqu daha da genişləndirmək, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində koordinasiyanı gücləndirmək üçün qətiliklərini bir daha qeyd ediblər.
Növbəti görüşün bu il Azərbaycanda keçirilməsi qərara alınıb.
Nazirlər beşinci üçtərəfli görüşün yekunları ilə bağlı Birgə Bəyannamə imzalayıblar.
Sonra görüşün
nəticələrinə həsr olunan
birgə mətbuat konfransı keçirilib.
Azərbaycan.- 2016.- 20 fevral.- S. 3.