Gəncənin din xadimləri cümə namazında ölkə başçısına minnətdarlıq etdilər
20 Fevral 2016
Fevralın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Gəncədə “İmamzadə” dini kompleksinin açılışı nəinki şəhər ictimaiyyətinin, eləcə də ətraf rayonların sakinlərinin də sevincinə səbəb olmuşdur. Burada ziyarətçilər üçün yaradılan şərait hər kəs tərəfindən razılıqla qarşılandı.
Beşinci imam Məhəmməd Bağırın oğlu İbrahimin məzarının yerləşdiyi və ümumi sahəsi 1000 kvadratmetr olan kompleksdə Hüseyniyyə və Zeynəbiyyə namazgahları inşa edilmiş, müxtəlif diametrli 46 günbəz ucaldılmışdır. Xüsusi qurbangahda və 850 nəfərlik ehsan zalında ziyarətçilər üçün hər cür şərait yaradılmışdır.
Ziyarətgahın açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı, dindarlar, eləcə də ictimaiyyət nümayəndələri qarşısında çıxış etməsi bu gün hər bir Gəncə sakinində qürur hissi yaratmışdır. Prezident açılış mərasimində demişdir: “Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədə tənzimlənir, həll olunur. Cəmiyyətimizin, ölkəmizin dayanıqlı inkişafı üçün dövlət-din münasibətlərinin çox böyük əhəmiyyəti var. Azərbaycan modeli, Azərbaycan nümunəsi bu gün dünyanın müxtəlif ölkələrində öyrənilir. Bizim bu istiqamətdəki siyasətimiz artıq özünü həm ölkəmizdə, həm bölgədə və həm də dünyada təsdiq etmişdir. Biz öz milli-mənəvi, dini dəyərlərimizə sadiqik, onları qoruyuruq, eyni zamanda, müsəlman aləmində həmrəyliyin möhkəmləndirilməsi üçün səylərimizi əsirgəmirik”.
Gəncə dindarları Azərbaycanda milli-mənəvi dəyərlərə yüksək qiymət verən və onun qorunub möhkəmləndirilməsində əməli tədbirlər həyata keçirən dövlət başçısına minnətdardırlar. Elə buna görə də növbəti cümə namazında iştirak edən dindarlar belə bir möhtəşəm abidənin ərsəyə gəlməsində özünün diqqət və qayğısını əsirgəməyən Azərbaycan Prezidenti İlham Əliyevə respublikamızda müstəqilliyin qorunması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi naminə başladığı işlərə Allahdan uğurlar dilədilər və dualar etdilər.
Kompleksin “Hərəmi” zalında keçirilən mərasimdə əvvəlcə azan oxundu, sonra cümə namazı qılındı. Namazdan sonra Qafqaz Müsəlmanları İdarəsinin qərb bölgəsi üzrə nümayəndəsi hacı Tahir Abbasov çıxış edərək bölgənin bütün dindarlarının fikirlərini ifadə edərək belə bir möhtəşəm abidənin yaradılmasına görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq etdi. Diqqətə çatdırdı ki, bu gün ümummilli lider Heydər Əliyevin də ruhu şaddır. Ona görə ki, onun layiqli davamçısı olan Prezident İlham Əliyev ulu öndərin həyata keçirə bilmədiklərini uğurla reallaşdırır. Xüsusilə milli-mənəvi dəyərlərimizin qorunmasında böyük işlər görür. Azərbaycanda bütün dini abidələr dövlət tərəfindən qorunur, bərpa edilir, yenidən inşa edilir. Müstəqillik dövründə 2 minə yaxın məscid, digər dinlərin məbədləri tikilib. Pravoslav, katolik kilsələrinin, sinaqoqların tikintisi, təmiri həyata keçirilir. Bunun da nəticəsində xalq ilə hakimiyyətin birliyi yaranır. Söz yox ki, bu birlik müstəqil respublikamızın tolerant bir ölkə kimi şöhrətini daha da artırır.
Hacı Rahil İsmayılov, hacı Murad Əliyev, Tural Orucov, hacı Rövşən Məmmədov çıxış edərək dedilər ki, uzun illərdir ki, uzaqdan və yaxından insanlar “İmamzadə” ziyarətgahına gəlirlər. Onlar hər gəlişlərində burada müxtəlif problemlərlə qarşılaşırdılar. Dövlət başcısının diqqət və qayğısı sayəsində “İmamzadə” ziyarətgahı ən yüksək səviyyədə yenidən quruldu və dindarların istifadəsinə verildi.
Cümə namazı günü ziyarətgaha insan axını əvvəlki vaxtlardan daha çox idi. Onlar beşinci imam Məhəmməd Bağırın oğlu İbrahimin məzarını ziyarət edir, sonra kompleksin həyətini gəzərək görülən işlərlə tanış olurdular. Hamının üzündən razılıq ifadəsi oxunurdu. İnsanlar yaradılan bu şəraitə görə ölkə başçısına minnətdarlıq edir, ona cansağlığı arzulayırdılar.
Sabir ƏLİYEV,
Azərbaycan.- 2016.- 20 fevral.- S. 4.