Su varsa,
sağlamlıq da, ruzi-bərəkət də
olacaq
Prezident İlham
Əliyev: “İnfrastruktur layihələrinin
içində, əlbəttə ki,
içməli su layihələri xüsusi əhəmiyyət
daşıyır”
Son illərdə Azərbaycanda əhalinin içməli su ilə təminatına yönəldilən bir sıra önəmli layihələr həyata keçirilib. Su sağlamlıqdır, təmizlik, ruzi-bərəkət mənbəyidir. Təsadüfi deyil ki, istər Bakı şəhəri və onun qəsəbələrinin, istərsə də bölgələrin su təchizatının yaxşılaşdırılması dövlətin prioritet elan etdiyi məsələlər sırasındadır. Bu məsələlər regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarında da öz əksini tapıb.
Görülən işlərin nəticəsi də göz qabağındadır. Təkcə keçən il əhalisinin sayı 175 min nəfər olan 4 şəhərdə su təchizatı layihələri başa çatdırılıb. Regionlarda 750 kilometr su, 391 kilometr kanalizasiya xətləri çəkilib. 125 min nəfərə yaxın əhalisi olan 58 yaşayış məntəqəsində modul tipli təmizləyici qurğular quraşdırılıb. 34 şəhər və rayonun 241 yaşayış məntəqəsində 630 min insanın təmiz su ilə təminatını yaxşılaşdıran 300 subartezian quyusu qazılıb.
Bu layihələri yüksək dəyərləndirən Prezident İlham Əliyev demişdir: “Bu infrastruktur layihələrinin içində, əlbəttə ki, içməli su layihələri xüsusi əhəmiyyət daşıyır. Çünki içməli su insanların həyatına birbaşa təsir edən amildir. Şadam ki, bu gün Bakıda və bütün bölgələrdə içməli su layihələri icra edilir. Biz artıq bir çox şəhərlərimizdə mənim iştirakımla bu layihələrin açılışını etmişik. Hələ ki bəzi rayonlarda işlər davam edir və qarşıya məqsəd qoyulmuşdur ki, Azərbaycanın bütün şəhərlərində təmiz içməli su fasiləsiz və bütün əhaliyə verilsin”.
Son illərdə paytaxtın və ümumiyyətlə Abşeron yarımadasının su təminatının yaxşılaşmasında Oğuz-Qəbələ-Bakı kəməri mühüm rol oynayıb. Təməli 2007-ci ilin yazında qoyulan bu xəttin tikintisi 2010-cu ilin sonunda yekunlaşıb və yeni il ərəfəsində Bakı sakinlərinə saf bulaq suyu çatdırılıb. Bu, diametri 2 min millimetr olan şüşəlifli borulardan istifadə edilməklə tikilən özüaxınlı bir kəmərdir. 262 kilometr məsafə boyu coğrafi şəraiti eyni olmayan ərazilərdən paytaxta qədər belə böyük bir infrastrukturun yaradılması məhz insanların sağlamlığına və rahatlığına xidmət edən əməli işdir.
Ölkə əhalisinin içməli su ilə təmin olunması istiqamətində aparılan işlər genişmiqyaslı və çoxşaxəlidir. Məsələn, Şəmkirçay üzərində tikilən və 2014-cü ildə istifadəyə verilən su anbarı geniş əkin sahələrini suvarmaqla yanaşı, yaxınlıqdakı bir sıra bölgələri də içməli su ilə təchiz edir. Belə ki, bu anbardan Gəncə və Şəmkir şəhərlərinə, Samux rayonunun Nəbiağalı qəsəbəsinə müəyyən həcmdə su verilir. Yaxud Taxtakörpü su anbarının və Taxtakörpü-Ceyranbatan su kanalının istifadəyə verilməsi sayəsində Ceyranbatan gölünün su ehtiyatları xeyli artıb. Bu da insanların keyfiyyətli su ilə fasiləsiz təminatı istiqamətində irəliyə doğru atılmış daha bir addımdır.
Bu məqsədlə görülmüş əhəmiyyətli tədbirlərdən biri də keçən il oktyabr ayının sonunda Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin istifadəyə verilməsi oldu.
Əhalinin daha keyfiyyətli su ilə təmin edilməsi, Bakıətrafı qəsəbələrin və yeni yaşayış massivlərinin içməli suya tələbatının ödənilməsi, Kür sutəmizləyici qurğusunda emal olunan suyun bir hissəsinin Aran və Muğan bölgəsinə yönəldilməsi, Ceyranbatan sutəmizləyici qurğusunun üçüncü növbəsinin köhnəlməsi belə bir yeni infrastrukturun yaradılmasını tələb edib. Yeni kompleksin ən böyük üstünlüyü odur ki, suyun təbii mineral tərkibini saxlamaqla virus və bakteriyalardan, bəzi həll olunmamış duzlardan və ağır materiallardan təmizləyir. Əgər suda bulanıqlıq, xoşagəlməz iy və dad varsa, bunları aradan qaldırır.
Bu kompleksdə emal olunan su Ceyranbatan-Zirə magistral kəməri ilə ötürülür. Kəmərin 61 kilometrlik Ceyranbatan-Balaxanı-Ramana-Qala hissəsinin tikintisi 2013-cü ildə, 22,5 kilometrlik Qala-Zirə hissəsinin tikintisi isə 2014-cü ildə başa çatdırılıb. Əsasən Abşeron yarımadasının qəsəbə və kəndlərinin su təchizatına hesablanmış Ceyranbatan-Balaxanı-Ramana-Qala-Zirə kəməri ilə ötürülən suyun səmərəli paylanması, bu ərazilərdə əhalinin fasiləsiz su ilə təmin edilməsi üçün kəmərin marşrutu boyu tutumu 90 min kubmetr olan anbarlar tikilib. Onlar Saray, Balaxanı, Ramana, Qala və Zirədədir. Gələcəkdə Masazırda və Binəqədidə də belə anbarların tikilməsi və mövcud anbarların genişlənməsi nəzərdə tutulub.
Bir sözlə, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi və Ceyranbatan-Zirə magistral su kəməri layihəsi Pirallahı rayonu da daxil olmaqla Bakı şəhərini və Abşeron yarımadasının digər yaşayış məntəqələrini fasiləsiz və keyfiyyətli içməli su ilə təmin etməyə hesablanıb.
İndiyədək nəzərəçarpan işlər görülsə də, dövlət Bakı şəhərinin su təchizatını yenə də diqqət mərkəzində saxlayır və paytaxtın su təsərrüfatının daha sürətlə yenilənməsi vəzifəsini qarşıya qoyub. Odur ki, su şəbəkəsi sisteminin ən yüksək standartlara uyğun olması üçün tədbirlər davam edir. Məqsəd budur ki, şəhərin hər bir sakini kranı açıb oradan suyu birbaşa içə bilsin.
Təkcə paytaxtda deyil, ölkənin bir sıra digər şəhərlərində də su layihələri uğurla icra edilib. Ölkənin şəhər əhalisinə, demək olar ki, fasiləsiz surətdə təmiz, beynəlxalq standartlara, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su verilir. Qeyd etdiyimiz kimi, bu layihələr davam edir və edəcək. Bütün şəhərlərdə belə olmalıdır, əhaliyə 24 saat fasiləsiz, təmiz içməli su verilməlidir. Bununla bərabər, çaylar boyu yerləşən kəndlərdə təmizləyici qurğuların yaradılması davam etməlidir. Çünki bu, çox zəruridir. Bunu hazırda yarım milyon insanın həmin qurğuların təmizlədiyi sudan arxayınlıqla istifadə etməsi də göstərir.
Dövlət bütün bu layihələrə böyük həcmdə vəsait yönəldir. İnfrastruktur, o cümlədən su layihələri Dövlət İnvestisiya Proqramında bundan sonra da öz əksini tapacaq. Lakin müasir mərhələdə bu işə şirkətlər də qoşulmalı, investisiya yönəltməlidirlər. Su layihələrinin reallaşmasına həm yerli, həm xarici şirkətlərin sərmayə qoyması təqdirəlayiq olar.
Flora SADIQLI,
Azərbaycan.- 2016.- 21 fevral.- S. 1.