Dilimiz milli
varlığımızdır
Hər bir xalq
öz dilini yaradır. Ancaq xalqın dilini yaşatmaq,
inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə
qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik
xadimlərinin fəaliyyəti nəticəsində
mümkün olur.
Heydər
ƏLİYEV
Beynəlxalq statistikaya görə, dünyada 6.000-ə yaxın dil var, bunun 2.500-ə qədəri itmək üzrədir. Qalan 3.500 dilin təxminən 500-ü dövlət dilidir. Azərbaycan dili də dövlət statuslu dillər sırasındadır.
XX əsrin əvvəllərində
imperiya qüvvələrinin tərtib etdiyi xəritələrdən
“Azərbaycan” ölkə adı silinib, “Qafqaziya”
yazıldığı dövrdə Azərbaycan maarifçilərinin
“Ana dili” uğrunda mücadilələri “Ana vətən” uğrunda
mübarizəyə çevrilmişdi. Bununla
bağlı Cəlil Məmmədquluzadə “Azərbaycan” məqaləsində
yazırdı: “Ax unudulmuş vətən, ax yazıq vətən!
Dünyalar titrədi, aləmlər mayallaq aşdı, fələklər
bir-birinə qarışdı, millətlər yuxudan
ayıldı və pərakəndə düşmüş
qardaşlarını tapıb dağılmış evlərini
bina etməyə üz qoydular. Bəs, sən hardasan, ay biçarə
vətən?!”
Bu proses
bu gün də davam edir. Böyük siyasətçilər
və dilçi mütəxəssislər bildirirlər ki, hər
bir dilin inkişafı və zənginləşməsində,
xüsusilə dövlət dili statusu almasında onu təmsil
edən pərakəndə xalqın və millətin müstəqil
dövlətinin olması əsas amildir. Bu
mənada 1918-ci ildə müsəlman Şərqində ilk
demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin
yaranması ilə Azərbaycan dilinin daha geniş şəkildə
tətbiqi üçün münbit şərait
yaranmışdı. Xalq Cümhuriyyətinin hökuməti
1918-ci il 27 iyun tarixli qərarı ilə
Azərbaycan-türk dilini ölkə ərazisində rəsmi
dövlət dili elan etmişdi. Bu dil 1918-1920-ci illərdə
dövlət dili kimi işlənsə də, 1920-ci il aprelin 28-də ölkəmiz imperiya qüvvələri
tərəfindən işğal olunduqdan sonra Azərbaycan
dilinin dövlət dili səviyyəsində işlənməsinə
imkan verilmədi.
Tarixin müxtəlif dönəmlərində bəzi təpki
və təzyiqlərə məruz qalmasına baxmayaraq, milli
dilimiz varlığını və özəlliyini qoruyub
saxlaya bilmiş və böyük inkişaf yolu
keçmişdir. Azərbaycan dilinin hərtərəfli
inkişafı, dövlət dilinə çevrilməsi,
dünyanın ən mötəbər tribunalarından
eşidilməsi ümummilli lider Heydər Əliyevin
uzaqgörən siyasəti sayəsində reallığa
çevrildi. Ulu öndərin Azərbaycan
dilinin dünya xalqları arasında rəsmi statuslu dil kimi
tanınmasında və inkişafında xidmətləri əvəzsizdir.
Bunu yeri gələndə sadə insanlardan
tutmuş, tanınmış dilçi-alimlər, şair və
yazıçılar, dövlət xadimləri də
böyük ehtiramla qeyd edirlər.
Zəngin dövlətçilik təcrübəsinə
malik Heydər Əliyev keçən əsrin 60-cı illərinin
sonundan (1969) Azərbaycana rəhbərlik etməyə
başladığı vaxtlardan ana dilimizə böyük
qayğı və diqqət göstərmişdir. Onun şəxsi
təşəbbüsü, qətiyyəti və siyasi
uzaqgörənliyi sayəsində 1978-ci ildə Azərbaycan
Sovet Sosialist Respublikasının Konstitusiyasına Azərbaycan
dilinin dövlət dili olması haqqında ayrıca maddənin
daxil edilməsi bunun ən bariz nümunəsidir. Ulu
öndərin ölkəyə ikinci dəfə rəhbərliyə
qayıdışından sonra - Azərbaycan
Respublikasının 1995-ci il noyabrın
12-də referendum yolu ilə qəbul olunmuş
Konstitusiyasında Azərbaycan dili rəsmi dövlət dili
kimi təsbit edilmiş və rəsmi dövlət statusu
almışdır. Dil siyasətinin əsaslarını
yaradan Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə
istər siyasi-ictimai, istərsə də mədəni aspektdə
Azərbaycan dilinin inkişafı üçün bir sıra
islahatlar həyata keçirmişdir.
Ümummilli
liderin bu sıradan imzaladığı sənədlər
arasında “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında” 18 iyun 2001-ci il tarixıli fərmanı
xüsusi yer tutur. Bu tarixi fərmanda dövlət
müstəqilliyinin rəmzlərindən sayılan Azərbaycan
dilinin tətbiqi və inkişaf etdirilməsinə, ana
dilimizin öyrənilməsi və cəmiyyətdə işlənmə
mexanizminin təkmilləşdirilməsinə, eləcə də
bu sahədə həyata keçiriləcək tədbirlərə
nəzarətin gücləndirilməsinə dövlət
qayğısı genişliyi ilə öz əksini
tapmışdır. Fərmanın
icrası ilə əlaqədar öncə Azərbaycan
Respublikası Prezidenti yanında Dövlət Dil Komissiyası
yaradılmış, “Azərbaycan Respublikasında dövlət
dili” haqqında qanun layihəsinin hazırlanması barədə
aidiyyəti qurumlara göstərişlər verilmişdir.
Dilçiliyin
inkişafı ilə əlaqədar ulu öndərin 2 yanvar
2003-cü ildə imzaladığı “Azərbaycan
Respublikasında dövlət dili haqqında” Azərabaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə fərmanında
da Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsinin
müstəqil dövlətçiliyin başlıca əlamətlərindən
biri sayıldığı, onun tətbiqi, qorunması, habelə
inkişafına hərtərəfli dövlət
qayğısı göstərildiyi vurğulanıb müvafiq
qurumlara bu sahədə konkret işlər görmək
tapşırılmışdır.
Ümummilli lider ana dilini sadəcə öyrənmək
deyil, onu sevməyi də tələb edirdi. Dilçi mütəxəssislər,
tədqiqatçılar, ümummilli liderlə birlikdə səfərdə
olanlar, xüsusilə şair və yazıçılar bir məsələni
həmişə tez-tez yada salırlar ki, Heydər Əliyev Azərbaycan
dilini təkcə ölkəmizdə,
soydaşlarımızın yaşadığı yerlərdə
deyil, beynəlxalq dillər mühitində də səsləndirməyi
çox vacib bilirdi. Ulu öndər deyirdi: “Mən hər yerdə
Azərbaycan dilində danışıram. Qoy tərcüməçilər
mənim danışdıqlarımı öz dilimdən tərcümə
etsinlər. Biz daha keçmişdəki
kimi sovet imperiyasının daxilində deyilik ki, rus dilində
danışaq. Qoy hamı, o cümlədən
dünyaya yayılmış soydaşlarımız da bilsinlər
ki, bizim öz dilimiz var və biz öz dilimizdə də
danışırıq”.
Ümummilli lider Heydər Əliyev bütün fəaliyyəti
boyu Azərbaycan dilinin dövlət dilinə yalnız sözdə
deyil, əməldə də işlədilməsi
üçün var gücü və iradəsi ilə
çalışmışdır. Dünyaya səpələnmiş
azərbaycanlılar arasında bir daha ünsiyyət vasitəsi,
milli-mənəvi körpü olması üçün
mübarizə aparmışdır. Dil tarixində əlamətdar
və önəmli hadisəyə çevrilən bir məqam
da var ki, ulu öndərin 2001-ci il avqustun
9-da imzaladığı sərəncama əsasən 1 avqust
ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan
Dili Günü kimi qeyd edilir.
Ulu öndərin təbirincə desək, hansı
ölkədə yaşamasından asılı olmayaraq hər
bir azərbaycanlı öz ana dilini, milli adət-ənənələrini
unutmamalıdır. Dil həm də bir
döyüşçü kimi xalqımızın mənəvi
keşikçisidir. Bu səbəbdən də
onu elə sözlə yükləməliyik ki,
döyüşlərdən qələbə ilə
qayıtsın. Heydər Əliyevin fikridir: “Nə
yaxşı ki, Azərbaycan dili bütün tələblərə
cavab verir. Daha doğrusu, onun böyük
potensialı imkan verib ki, o, artıq dünya dilləri içərisində
öz layiqli yerini tutmuşdur”. Bu deyim istər-istəməz
dilimizin hərtərəfli və zəngin xüsusiyyətlərə
malik olduğunu bir daha təsdiqləyir. Xalqımızın
milli sərvəti sayılan ana dilimizin inkişafına
yönələn qərarların qəbulu və layiqincə
həyata keçirilməsinə diqqət bizim vətəndaşlıq
borcumuzdur.
Ümummilli liderin ideyalarını uğurla davam etdirən
Azərbaycan Prezidenti İlham Əliyev də doğma dilimizə,
milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə
böyük həssaslıqla yanaşır. Bu gün
dilimizin inkişafının əsas qarantı da məhz
ölkə Prezidentinin özüdür. Azərbaycan ədəbiyyatını,
azərbaycanlı düşüncəsini əks etdirən
sanballı əsərlərin latın
qrafikasında yenidən nəşr edilməsi Prezident
İlham Əliyevin təşəbbüsü ilə baş
tutmuşdur. Onun 2004-cü il yanvarın
12-də imzaladığı “Azərbaycan dilində latın
qrafikası ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında” sərəncamı həm də
əlifba ilə bağlı problemləri tamamilə həll
etmişdir. Dövlət başçısının
sonrakı sərəncamlarında isə 150 cildlik “Dünya ədəbiyyatı
kitabxanası”, 100 cildlik “Dünya uşaq ədəbiyyatı
kitabxanası”, 100 cildlik “Azərbaycan ədəbiyyatı
kitabxanası” seriyasından olan yeni nəşrlər respublika
kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat
fondunu zənginləşdirmişdir. Prezident İlham
Əliyevin həyata keçirdiyi mühüm və uğurlu
tədbirlərdən biri də 2004-cü il
12 yanvar tarixində imzaladığı “Azərbaycan milli
ensiklopediyasının nəşri haqqında” sərəncam
olmuşdur. Bu sərəncamların sayəsində
qiymətli kitabların çapı mənəvi xəzinəmizin
zənginləşməsində mühüm rol
oynamışdır. Dövlət
başçısının 2013-cü il
9 aprel tarixli “Azərbaycan dilinin qloballaşma şəraitində
zamanın tələblərinə uyğun istifadəsinə
və ölkədə dilçiliyin inkişafına dair
Dövlət Proqramı” da dilimizin qorunması və
inkişafında mühüm sənədlərdən hesab
olunur. Proqramın icrası ilə əlaqədar AMEA-nın Nəsimi
adına Dilçilik İnstitutunda, Təhsil
Nazirliyində, ali məktəblərdə, respublikanın digər
aidiyyəti qurumlarında mühüm tədbirlər həyata
keçirilir.
Prezident
İlham Əliyev milli xüsusiyyətlərimizin
saxlanmasında ana dili və ədəbiyyatımızın
başlıca amillərdən olduğunu dəfələrlə
diqqətə çəkərək demişdir: “Bizi millət
kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız,
tariximiz, ənənələrimizdir”. Ölkə rəhbəri
elm adamlarının, şair və yazıçıların
təmsil olunduqları yığıncaqlarda, paytaxtda və
bölgələrdə ictimaiyyət nümayəndələri
ilə görüşlərində həmişə dövlət
atributlarına, xüsusilə də Azərbaycan dilinə, əlifbasına,
mədəniyyətinə, incəsənətinə, milli adət-ənənələrinə
xüsusi ehtiramla yanaşılmasını, xüsusi dəyər
verilməsini diqqətə çatdırmışdır.
Humanitar elmlərlə bağlı apardığı söhbətlərin
birində milli-mənəvi dəyərlərimizə, ana
dilimizə qayğıdan söz açarkən demişdir:
“Ana dilimizə hörmət və qayğı daim
olmalıdır. Biz ana dilimizi xarici təsirdən
qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir.
Azərbaycan xalqının formalaşmasında,
müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz
- Azərbaycan dili müstəsna rol oynamışdır.
Biz elə etməliyik ki, dilimizin
saflığını daim qoruyaq. Bu məsələyə
çox ciddi diqqət göstərilməlidir.”
Əqidəsindən, vəzifəsindən, cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq Azərbaycan dilinin gözəlliyini qorumaq, onun təmizliyinə xələl gətirən yad təsirlərin qarşısını almaq hamımızın borcudur. Çünki dilimiz milli varlığımızdır.
Rəhman SALMANLI,
Azərbaycan.- 2016.- 21 fevral.- S. 7.