Ana dilimizi sevək və qoruyaq
Hər bir canlının dili var. Nəinki insanlar, ağaclar, çaylar, buludlar belə öz dilində danışırlar. Dil müqəddəs varlıqdır. Onu sevəndə,
qoruyanda, zənginləşdirəndə
mənsub olduğu xalqı tanıtdırır,
ucaldır və şöhrətləndirir.
Ümummilli lider Heydər Əliyev deyirdi ki, “Hər bir
xalqın milliliyini, mənəvi dəyərlərini
yaşadan, inkişaf etdirən onun dilidir. Ana dilini bilməmək, ana dilini qiymətləndirməmək,
şübhəsiz ki,
xalq qarşısında
böyük qəbahətdir”.
Ana dilinə xor baxmaq xalqa biganəlikdir. Öz dilini
bilməyib başqa dillərdə danışmağı
ziyalılıq, çoxbilmişlik
kimi qiymətləndirənlər,
daha çox əcnəbi dilləri öyrənməyin vacibliyindən
söz açanlar qənaətlərində yanılırlar.
Özünü, öz dilini
sevməyənlər heç
vaxt başqasını,
özgə dilini sevib dəyərləndirə
bilməzlər.
Ana dili xalqın
mənəviyyatının güzgüsüdür. Bu güzgüdə özünü
aydın görməyənlər
başqa güzgüdə
olduğu kimi görünə bilməzlər.
Güzgü ləkə götürmədiyi
kimi dil də ləkələndirilməməlidir.
Öz dilini bəyənməyənlərin, dilə başqa vasitə kimi baxanların kamillik qazanmasına, öz xalqının taleyinə ürəkdən yanmasına,
vətəndaş olaraq
borcunu ləyaqətlə
yerinə yetirməsinə
inanmıram. Dilinə laqeyd, ögey
olanların xalqa, vətənə doğma olması inandırıcı
deyil.
Azərbaycanı sevmək, şöhrətləndirmək
üçün dilimizi
sevməli, qorumalıyıq. Dövlətin dilimizin saflığını
təmin etmək sahəsində həyata keçirdiyi tədbirlər
bunu deməyə əsas verir.
“Azərbaycan Respublikasının
Dövlət dili haqqında” qanun, “Azərbaycan dilinin qloballaşma şəraitində
zamanın tələblərinə
uyğun istifadəsi və ölkədə dilçiliyin inkişafına
dair Dövlət Proqramı” və görülən digər
zəruri tədbirlər
göstərir ki, hər bir vətəndaş
öz dilinin sahibi olmaqla bərabər onu qorumağa, zənginləşdirməyə
borcludur.
Son illər AMEA-nın
ana dilimizin saflaşması, lüğət
tərkibinin yad sözlərdən, ifadələrdən
təmizlənməsi və
dilçiliyin inkişafı
sahəsində göstərdiyi
səylər önəmlidir. Sözsüz ki, bu fəaliyyətin
daha da genişləndirilməsinə
ehtiyac var.
Akademiyanın Folklor İnstitutunun ədəbi, eləcə də xalq danışıq
dilimizin qorunması və təbliği baxımından gördüyü
işləri qeyd etməmək olmaz. Son bir neçə ildə institut xalqımızın şifahi
söz xəzinəsinin
aşkarlanması, folklor
nümunələrinin toplanması
və kütləvi tirajla çap olunması sahəsində
çox vacib bir vəzifəni yerinə yetirməyə çalışmışdır. Yaxşı haldır ki, toplanmış nümunələrdə
xalq danışıq
dilimizin incəlikləri,
saflığı saxlanılmış,
ayrı-ayrı ləhcələrdə
ifadələrə yer
verilsə də, bu, dilimizin vahidlik
prinsipinə xələl
gətirməmişdir.
Qanunlarda,
rəsmi yazışmalarda,
məktəblərdə, dərsliklərdə,
mətbuatda, radio və
televiziyalarda, reklam işində, termin yaradıcılığında, ictimai münasibətlərdə,
tədbirlərdə, görüşlərdə,
demək olar ki, hər bir
yerdə ana dilimiz öndə olmalıdır, səviyyəsini
göstərməlidir, ahəngdarlığı,
təmizliyi, paklığı
ilə özünü
təsdiq etməlidir.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev deyir: “Ana dilimiz öz imkanlarının zənginliyi, səs quruluşunun səlisliyi və qrammatik quruluşunun sabitliyi ilə səciyyələnir.
Müasir Azərbaycan ədəbi
dili siyasi-ictimai, elmi-mədəni sahələrdə
geniş işlənmə
dairəsinə malik yüksək yazı mədəniyyəti olan və daim söz
ehtiyatını zənginləşdirən
bir dildir”.
Dilimizə yad sözlərin gətirilməsi təhlükəli
deyil, ana dili sözlərinin onlarla əvəz olunması təhlükəlidir.
Başa düşmədiyimiz bir çox əcnəbi sözlərin yerli-yersiz dilimizdə işlənməsi,
reklam olunması və bunun bir
ziyalılıq meyarı
kimi qəbul edilməsi qəbuledilməzdir. “Resurs”,
“vakant”, “arqument”, “kvota”, “diskussiya”, “eksprement”, “kollokvium”,
“mental” və bir çox sözləri dəb xatirinə tez-tez dilimizdə işlədənlərin sıralarının
artması acınacaqlıdır.
Texniki tərəqqi,
inkişaf və beynəlxalq əlaqələrin
genişlənməsi ilə
əlaqədar yeni sözlərin dilimizdə
işlənməsi qaçılmazdır. Ancaq bu yerində və ölçüsündə olmalıdır.
Həm də tariximiz, məişətimiz, adət-ənənələrimizlə
bağlı bir çox sözlərin - mahlıc, cəhrə, mehtər, mücrü, iflik, yumaq, çarıq,
xış, başmaq və sair dilimizdən
silinməsinə imkan
verilməməlidir. Yazıçılarımız, jurnalistlərimiz, müəllimlərimiz yeri
gəldikcə bu sözlərə müraciət
etməlidirlər. Çünki bədii ədəbiyyatımızda,
şifahi xalq nümunələrində belə
sözlər tez-tez işlədilsə də,
ancaq uşaqlar, aşağı sinif şagirdləri onların
mənasını hələ
də hərtərəfli
anlamırlar.
Bu bir həqiqətdir
ki, bu gün
bəzi vəzifə sahibləri, imkanlı insanlar ana dilində
danışmağı özlərinə
və övladlarına
rəva bilmir, balalarının təlim-tərbiyəsini
xaricdən dəvət
olunan əcnəbi dayələrə etibar edirlər. Dili “ana”, “ata” sözləri
ilə deyil, “mazə”, “fazə” sözləri ilə açılan, ilk tərbiyəsini
ingilis, fransız, alman, rus və
digər əcnəbi
dayələrdən alan,
ancaq öz xalqının milli dəyərlərindən, dilindən,
psixologiyasından, adət-ənənəsindən
uzaq olan bu uşaqlar bir neçə dildə yaxşı danışsalar da, yaxşı “avropalaşsalar
da” fəqət onların yaxşı azərbaycanlı, layiqli vətəndaş olacaqlarına
ümidlər təzadlıdır.
Hansı
vəzifədə işləməsindən,
harada yaşamasından
asılı olmayaraq onların çoxu yenə də yad havalara oynayacaqlar,
yad meyillərə uyacaqlar, öz nicatlarını yad ölkələrdə axtaracaqlar.
Çünki ana dilinə
yad olanların, öz xalqının milli dəyərlərini yaşatmayanların vətəndaşlığı
süni mayalanma kimi bir şeydir.
Çox dil bilmək, bir neçə xarici dildə danışmaq aqillikdir, bacarıqdır, ancaq ana dilini bilməmək,
ona xor baxmaq
əsl nadanlıqdır.
Bu günlərdə ziyalı
tanışlardan birini
bərk dilxor gördüm. Səbəbini soruşanda “görmürsən
qınından çıxıb
qınını bəyənmir,
kişi avropalaşıb”
- deyə yaxın dostunun ünvanına bərk gileyləndi.
Öyrəndim ki, uzun illər tələbə dostunun evində olmayan bu insan
onun təzə tikdirdiyi villasının şadyanalığına gedərkən
təsəvvür edə
bilmədiyi bir mənzərə ilə qarşılaşır. Ailə
üzvlərinin bir-biri
ilə əcnəbi dildə danışdığını
görən qonaq dostuna iradını bildirəndə ondan - “sən çox geridə qalmısan, Biləcəridən o yana keç gör kim Azərbaycan
dilində danışır?
Vəzifə tutmaq, pul qazanmaq üçün xarici dildə danışmalısan” - cavabını
alır.
Kasıb bir ailədə böyüyüb ancaq sonradan vəzifə sahibi olan həmkəndlisinin
tamamilə dəyişməsi,
hətta ailə üzvlərinə ana dilində danışmağı
belə qadağa etməsi tanışımı
əbəs yerə özündən çıxarmamışdı
və o narahatçılığında
haqlı idi.
Bu gün xarici ölkələrə təhsil
almaq üçün
üz tutan gənclərin çoxunu
açıq demək
lazımdır ki, mükəmməl bilik almaq, elmin sirlərinə
yiyələnmək deyil,
bir neçə dildə danışmaq daha çox düşündürür. Valideynlərin
çoxu da bu fikirdədir: “Uşaq xarici ölkədə açılacaq,
xarici dilləri öyrənəcək” ifadələrini
onlar həvəslə
işlədirlər.
Xarici ölkələrə göndərilən
gənclərin arasında
öz dilini, adət-ənənəsini, tarixini
yaxşı bilməyənlər,
vətəndaşlıq borcunu
qiymətləndirməyənlər az deyil.
Belə gənclər Azərbaycanı
xarici ölkələrdə
heç cür ləyaqətlə təmsil
edə bilməzlər.
Əksinə onlar öz hərəkətləri, milli
dəyərlərimizə laqeyd
münasibətləri ilə
ölkəmizin imicinə
ziyan vururlar, yad meyillərə uyur, respublikamıza qayıtmaqdan imtina edirlər. Elə bilirəm xarici
ölkələrə təhsil
almaq üçün
göndərilən gənclərin
vətəndaşlıq mövqeyi,
amalı, xalqına, dilinə bağlılığı
bir meyar kimi qiymətləndirilməlidir.
Gənc
müəyyən savada,
dil bilmək bacarığına malik ola bilər,
ancaq o milli xüsusiyyətlərə malik
deyilsə və hər hansı bir ölkədə xalqımızın, dövlətimizin
mənafelərini müdafiə
etməyə, qorumağa
cəsarəti çatmırsa
əsl azərbaycanlı
ola bilməz.
Biz vətəni, xalqı
dilimizlə, milli dəyərlərə bağlılığımızla,
həm də vətəndaşlıq qürurumuzla,
torpağa, azərbaycançılıq
ideologiyasına sədaqətimizlə
qoruyub yaşatmalıyıq.
Tahir RZAYEV,
Milli Məclisin deputatı,
filologiya üzrə fəlsəfə doktoru
Azərbaycan.- 2016.- 21 fevral.- S. 7.