Sahibkarlıq: maliyyə dəstəyi və iqtisadi səmərə

23 Fevral 2016

 

Məlum olduğu kimi, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransdakı nitqində Prezident İlham Əliyev mövcud vəziyyəti geniş təhlil etmiş, dünyanı bürüyən iqtisadi böhran şəraitində inkişafın yeni istiqamətlərini müəyyənləşdirmişdir.

Dövlət başçısı konfransdakı çıxışında demişdir. “Biz uzun illər ərzində yüksələn xətlə getmişik. İndi dünya iqtisadiyyatında bizdən asılı olmayan səbəblərə görə tənəzzül yaşanır. Bizdünya iqtisadiyyatının bir parçasıyıq. Biz axı, özümüzü dünya birliyindən, iqtisadiyyatından təcrid etməmişik. Biz inteqrasiya etmişik, açıq bazar siyasəti, liberal iqtisadi siyasət aparırıq. Ona görə bizə də təsir edir. Eybi yoxdur, biz inamla inkişaf edəcəyik. Biz qarşıda duran bütün vəzifələri icra edəcəyik”.

Dövlət başçısının bu inamı öz mayasını ölkədə sahibkarlığın inkişafı üçün yaradılmış əlverişli şəraitdən, hələ illər öncə dövlətin qeyri-neft sektorunun yüksəlişinə yönələn qayğı və diqqətdən alır. Sözügedən konfransda Qarabağ Aqrar Sənaye Kompleksinin baş direktoru Vahid Rzayev də çıxış etmişdir. O, əldə etdikləri uğurları ölkədə qeyri-neft sektorunun inkişafına artan dövlət qayğısı, sahibkarlığın inkişafına davamlı dövlət dəstəyi ilə əlaqələndirir.

Bərdə rayonunun Mehdili kəndində yaradılmış bu mütərəqqi aqrar sənaye kompleksi regionların dinamik sosial-iqtisadi inkişafının nəticəsidir. Kompleks 5 sahibkarlıq subyektini birləşdirir. Tərkibində 5 min tonluq loqistik mərkəz, 4200 başlıq ətlik və südlük istiqamətli  heyvandarlıq kompleksləri, illik istehsal gücü 5.4 min ton olan ət kəsimi və emalı fabriki, illik istehsal gücü 46 min ton olan qüvvəli yem zavodu fəaliyyət göstərir. Vahid Rzayev deyir ki, layihənin maliyyələşdirilməsində İqtisadiyyat  Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərindən istifadə edilmiş, həmçinin “Aqrolizinq” ASC vasitəsilə cins heyvanlar və müxtəlif kənd təsərrüfatı texnikaları alınmışdır. Kompleksin fəaliyyətə başlaması hesabına 300 yeni yeri açılmışdır. Orta aylıq əməkhaqqı isə 400 manatdır.

Kompleksdə işlərin təşkili, mütərəqqi texnologiyaların, qabaqcıl dünya təcrübəsinin bacarıqla tətbiqi yüksək  səviyyədədir. Burada hər yerdə səliqə-sahman, işçilərdə nizam-intizam var. Kompleksdə bulaq kimi qaynayır. Vahid Rzayev:

- Biz belə böyük məsuliyyətin altına girərkən ilk növbədə, sahibkarların böyük hamisi Prezident İlham Əliyevə arxalandıq. Kürəyimizdəki əlin güclü, qüdrətli olduğunu hiss etdikcə cəsarətimiz artır, atdığımız addımlar daha inamlı olurdu. Nəticə göz qabağındadır.  Hazırda kompleksdə ildə 1000 tona yaxın ət, təxminən 17 min ton süd istehsal olunur. Xammalımız yerli istehsal olduğundan dünyada baş verən iqtisadi böhran məhsullarımızın qiymətinə təsir göstərmir. Bölgənin kiçik fermerləri də kompleksin imkanlarından yararlanırlar.  Biz onların istehsal etdikləri məhsulları tədarük edirik. Eyni zamanda, müraciət edən hər bir torpaq mülkiyyətçisinin tərəvəz məhsullarını loqistik mərkəzdə saxlayırıq. Münasib qiymətlərlə fermerlərə cins damazlıq heyvanlar və qüvvəli yem də satırıq. İstehsalı artırmaq üçün geniş imkanlar var. Süd istehsalını ildə 25 min tona çatdırmağı qərara almışıq. Amma bunun üçün əlavə torpaq sahəsinə ciddi ehtiyacımız var.

Baş direktorun söhbətindən məlum olur ki, bu günlərdə ikinci sağım sexi istifadəyə verilmişdir. Hazırda 1600 baş inək sağılır. Sağım sexləri kompüterlə idarə olunur. Operator Orxan İsmayılov bu işin öhdəsindən uğurla gəlir. 380 baş inəyin hər biri gündə 45 litrdən çox süd verir. Elə inək var ki, gündəlik məhsuldarlığı 60 litrə çatır. Çox maraqlıdır ki, ayrl-ayrılıqda hər inəyin gündəlik məhsuldarlığı nəzarətdə saxlanılır. Belə fərdi uçot imkan verir ki, südünü azaldan inəklər müəyyən edilsin, bunun səbəbləri araşdırılsın, vəziyyəti düzəltmək üçün tədbirlər görülsün.

Qarabağ Aqrar Sənaye Kompleksi bölgədə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində baza rolunu da həyata keçirir.  Hər il kompleksdə orta hesabla 1500-1600 baş buzov alınır. Hamısı da süni mayalanma yolu ilə. Yeni doğulan buzovların yetişdirilməsi hesabına həm kompleksin istehsal gücünə çatdırılması istiqamətində zəruri tədbirlər görülür, həm də müraciət edən fermerlərə məhsuldar cinsli düyələr satılır.

Kompleksin istehsal gücü kifayət qədər böyükdür. Bu güc gündən-günə artmaqdadır. Hazırda kompleksdə hər gün orta hesabla 42 tondan çox süd istehsal olunur. Sovet dönəmində 36 kolxozu olan Bərdə rayonu bir gündə bu qədər süd istehsal edə bilmirdi.

Vahid Rzayevin zəngin həyat təcrübəsi var. Yenilik həvəskarıdır, həmişə arayıb-axtarır. Bir zamanlar kolxozda rəhbər vəzifələrdə, sonra isə 11 il Mehdili kənd bələdiyyəsinin sədri işləyib. Həmişə el-obanın xeyirinə-şərinə yarıyıb. Kəndin sosial problemlərinin həllində fəallıq göstərib. Hər zaman elmə, təhsilə böyük önəm verib. Elə bu səbəbdəndir ki, Gəncə Pedaqoji Universitetini, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını və Bakı İqtisad Universitetini bitirib. Bu gün isə ölkədə diqqət çəkən sahibkarlardan biridir.

 

L.QULİYEV,

 

Azərbaycan.- 2016.- 23 fevral.- S. 5.