Bu il Azərbaycana
Rusiyadan əvvəlkindən çox turistin gələcəyi
gözlənilir
Bu il ölkəmizə qonşu Rusiyadan çoxlu sayda turistlərin gəlişi gözlənilir. Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin “Komsomolskaya pravda”ya müsahibəsində bu məsələyə də toxunub. Bildirib ki, Rusiya müstəqil dövlət kimi Azərbaycanın imkanlarını bilir və bu ölkə ilə strateji tərəfdaşdır.
V.Doroxin deyib: “Rusiya və Azərbaycan arasında münasibətlərin xüsusi dəyəri var və hansısa xoşagəlməz “sürpriz”lər bu münasibətləri poza bilməz. Bu, hazırkı mürəkkəb beynəlxalq şəraitdə çox vacibdir. Azərbaycanın müstəqilliyi illərində biz bir-birimizi anlamağı öyrəndik. Eyni zamanda, əsas qarşılıqlı fəaliyyət heç də neft sektorunda baş vermir”.
Azərbaycan və Rusiya arasında humanitar, iqtisadi və digər sahələrdə mövcud əlaqələrə toxunaraq səfir Azərbaycanda turizm potensialı olduğunu, bu sahənin prioritet istiqamət elan edildiyini də bildirib. Qeyd edib ki, əgər rusiyalı turistlər gəzmək və istirahət etmək üçün Azərbaycanı seçərsə, o, buna ancaq şad olar.
Artıq ölkəmizin turizm
obyektləri Rusiyadan gəlməsi gözlənilən
çoxsaylı turistləri qarşılamaq üçün
hazırlıq işləri görür. Bununla əlaqədar turizm
şirkətləri və hotel nümayəndələrinin
iştirakı ilə görüş də
keçirilib. Tədbirdə xarici turistlərin,
o cümlədən rusiyalı turistlərin
ölkəyə cəlb olunması istiqamətində birgə
fəaliyyət imkanları müzakirə edilib.
Görüşdə eləcə də Rusiya turizm şirkətləri ilə əməkdaşlığın
gücləndirilməsi və bu ölkədən
turistlərin cəlb olunması üçün
“Victory Tour”, “Millenium Tourism” və “Improtex Tour”un
birlikdə hazırladıqları layihə təqdim olunub. Azərbaycan Turizm
Assosiasiyasından bildirilib ki,
ölkəmizə xarici turistlərin cəlb
olunması istiqamətində zəruri tədbirlər həyata
keçirilir. Eyni zamanda, turizm şirkətləri
və hotellər bu işdə
qarşılıqlı fəaliyyət göstərməlidir.
Azərbaycan.- 2016.- 24 fevral.- S. 5.