Azərbaycan-İran əlaqələri strateji əməkdaşlıq səviyyəsinə yüksəlib

 

Prezident İlham ƏLİYEV: “Biz çox şadıq ki, İran-Azərbaycan əlaqələri yüksələn xətlə, uğurla və sürətlə inkişaf edir

 

Azərbaycan Xəzər-Qafqaz məkanında regional əməkdaşlıq üçün olduqca mühüm, bir çox hallarda isə həlledici dövlət olmaqla xüsusən enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində əvəzsiz rola malikdir. Bu ümumi strategiyanın başlıca məqsədi Azərbaycan Respublikasının davamlı inkişafından və əhalinin rifahının təmin edilməsindən, eləcə də bütün regionda təhlükəsizlik və sabitliyin təmin olunmasına töhfə verməkdən ibarətdir. Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra yaxın və uzaq ölkələrlə milli maraqlarına uyğun əməkdaşlıq əlaqələri qurub.

İran İslam Respublikası ilə də qarşılıqlı faydalı münasibətlərin genişləndirilməsi Azərbaycanın xarici siyasət xəttində prioritet istiqamətlərdən birini təşkil edir. Rəsmi Tehranın da Azərbaycanla əməkdaşlığa olan marağı təkcə ölkəmizin malik olduğu strateji coğrafi mövqe və zəngin karbohidrogen ehtiyatları ilə deyil, həm də möhkəm siyasi sabitliyə, demokratik inkişafa, beynəlxalq birliklə fəal inteqrasiyaya söykənən dövlətçilik kursunun dönməzliyi ilə şərtlənir. Azərbaycan və İran xalqları arasında din, mədəniyyət, mənəvi dəyərlər baxımından yaxınlıq rəsmi Tehranla Bakının əlaqələrinə təsir göstərən mühüm amillərdən biridir.

Rəsmi Bakının İranla mehriban qonşuluq münasibətlərinin tərəfdarı kimi çıxış etməsi son illər ölkələrimiz arasında əlaqələrin ən müxtəlif səviyyələrdə inkişafına ciddi təkan vermişdir. Həm İranın, həm də Azərbaycanın mühüm coğrafi mövqedə yerləşməsi və zəngin iqtisadi potensiala malik olması mövcud əməkdaşlığın daha da dərinləşdirilməsini zəruri edir. İran bu gün Azərbaycanın ixrac-idxal əməliyyatları apardığı əsas dövlətlərdən biridir - iki dövlət arasında ticarət dövriyyəsinin həcmi ildən-ilə artmaqdadır. İranlı adamları respublika iqtisadiyyatına investisiya qoyuluşunda mühüm paya malikdirlər. Mövcud əlaqələr çoxşaxəli olub, iqtisadiyyatın ən müxtəlif sahələrini əhatə edir.

Prezident İlham Əliyevin dünyadakı mühüm geosiyasi reallıqlar fonunda bu günlərdə İrana rəsmi səfər etməsi ölkəmizin müstəqil siyasət yeritdiyini nümayiş etdirməklə ikitərəfli münasibətlərin inkişafına ciddi təsir göstərəcək. Prezident İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Həsən Ruhani arasında keçirilən görüşdə ölkələrimiz arasında əməkdaşlıq münasibətlərinin hazırkı vəziyyətindən məmnunluq ifadə olundu. Əlaqələrin ölkələrimizin və xalqlarımızın maraqlarına uyğun olaraq bütün sahələrdə, o cümlədən həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində daha da inkişaf etdirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparıldı. Söhbət zamanı ölkələrimiz arasında iqtisadi sahədə, o cümlədən enerji, sərmayə qoyuluşu, bank, ticarət, turizm, nəqliyyat, yüklərin daşınması, infrastruktur, mədəniyyət və digər sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafı üçün səylərin gücləndirilməsinin zəruriliyi qeyd olundu. Görüşdə Xəzərin dostluq və əməkdaşlıq dənizi olduğu vurğulandı. Həmçinin Azərbaycanın və İranın birlikdə digər ölkələrlə də əməkdaşlıq imkanları müzakirə olundu. İki ölkə arasında tranzit daşımaları, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlıq sahəsində fikir mübadiləsi aparıldı və 2016-cı ilin sonunadək Astara-Astara dəmir yolu xəttinin birləşdirilməsi barədə razılığa gəlindi. Bu da iki ölkənin iqtisadi münasibətlərində yeni bir səhifənin açılmasına səbəb olacaq. Eyni zamanda, Araz, Ənzəli və Maku azad iqtisadi-ticarət zonalarında birgə fəaliyyət göstərilməsi də müzakirə predmeti oldu.

Prezident İlham Əliyev iki ölkə arasında mövcud olan əməkdaşlıq əlaqələrini belə xarakterizə edib: “Biz çox şadıq ki, İran-Azərbaycan əlaqələri yüksələn xətlə, uğurla və sürətlə inkişaf edir. Bizim əlaqələrimizin çox möhkəm təməli vardır. Əsrlər boyu xalqlarımız bir yerdə yaşamış, yaratmışlar. Bizi tarix, mədəniyyət, ortaq keçmişimiz, dinimiz birləşdirir. Bizim münasibətlərimiz bu möhkəm təməl üzərində qurulurbu gün İran-Azərbaycan əlaqələri strateji əməkdaşlıq səviyyəsinə qalxmışdır. Biz üzv olduğumuz bütün beynəlxalq təşkilatlarda bir-birimizi daim dəstəkləyirik. Bizim aramızdakı ticarət əlaqələrinin çox gözəl perspektivləri vardır. Bu gün beynəlxalq aləmdə baş verən hadisələr, eyni zamanda ikitərəfli münasibətlərimizə aid olan məsələlər geniş müzakirə edildi. Biz razılaşdıq ki, beynəlxalq terrorizmə qarşı birgə səylərimizi daha da gücləndirəcəyik. Beynəlxalq aləmdə bundan sonra da bir-birimizə dəstək göstərəcəyik”.

Səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Həsən Ruhaninin iştirakı ilə sənədlərin imzalanma mərasimi keçirildi. Bu sırada “Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması və təsirinin azaldılması sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında gömrük məsələlərində qarşılıqlı inzibati yardım haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında baytarlıq və heyvan sağlamlığı sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında elektrik enerjisinin satışı haqqında Çərçivə Sazişi”, “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi haqqında Çərçivə Sazişi”, “Azərbaycan Dəmir Yolları” QSC ilə İran İslam Respublikasının Dəmir Yolları arasında Azərbaycan-İran dövlət sərhədində Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi haqqında Müqavilə”, “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə İran İslam Respublikasının Qadın və Ailə Məsələləri üzrə Vitse-Prezidentliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İran İslam Respublikasının Səhiyyə və Tibbi Təhsil Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunu misal göstərmək olar. Bununla yanaşı, iki ölkənin neft sahəsində birgə əməkdaşlığına dair də razılaşma əldə olundu. İki ölkə arasında imzalanmış müxtəlif razılaşmalar əməkdaşlıq tellərinin daha da möhkəmləndirilməsi baxımından vacib əhəmiyyət kəsb edir.

Sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra İran İslam Respublikasının Prezidenti Həsən Ruhani və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata bəyanatlarla çıxış edibər. İran Prezidenti Həsən Ruhani bildirib: “Ötən iki il yarım ərzində bu, bizim beşinci görüşümüzdür. Bu, çox sevindirici haldır ki, bizim hər görüşümüz iki ölkə arasında münasibətlərimizin daha da inkişaf etməsinə xidmət edir. Həm də sevindirici haldır ki, bizim görüşlərimiz iki dostqardaş ölkə olan İran ilə Azərbaycanın, onların xalqlarının mənafeyinə xidmət edir”.

Rəsmi Tehran Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə BMT-nin müvafiq qətnamələrinin yerinə yetirilməsinə və bu münaqişənin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında həllinə tərəfdar olduğunu dəfələrlə bəyan edib. Həmçinin İran Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi istiqamətində ATƏT çərçivəsində fəaliyyət göstərən Minsk qrupunun təsirli və qətiyyətli addımlar atmasının vacibliyini də önə çəkir.

Azərbaycan və İran arasında siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində əldə edilmiş ciddi nailiyyətlər ümumilikdə dövlətlərarası münasibətlərin inkişafında öz sözünü deyir. İranın iqtisadi cəhətdən inkişaf etməsi, dünya miqyasında artan nüfuzu, eyni zamanda Azərbaycanın iqtisadi baxımdan bölgədə lider rolunu oynaması, regionda və beynəlxalq aləmdə nüfuzunun daim artması kimi ümumi oxşarlıqlar əlaqələrimizin genişlənməsi üçün yaxşı zəmin yaradır. İran dövləti Azərbaycanın Cənubi Qafqazdakı strateji yerinirolunu düzgün qiymətləndirir, ölkəmizlə çoxşaxəli əməkdaşlığın gücləndirilməsinə mühüm diqqət yetirir. Prezident İlham Əliyevin İrana rəsmi səfərinin yekunları iki ölkə arasında münasibətlərin intensiv inkişaf etdiyini bir daha təsdiq etdi.

 

Elnur HACALIYEV,

 

Azərbaycan.- 2016.- 25 fevral.- S. 1.