Bakıda Ümumdünya Şahmat Olimpiadasına hazırlıq işləri ilə əlaqədar iclas keçirilib

 

Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasına hazırlıq işləri ilə əlaqədar Əməliyyat Komitəsində iclas keçirilib. İclasda Baş nazirin birinci müavini, Ümumdünya Şahmat Olimpiadasının Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov və vitse-prezidentləri, Bakı Şahmat Olimpiadasının Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov, eləcə də Faiq Həsənov iştirak ediblər.

Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, toplantıda mötəbər yarışa hazırlıq işləri ilə bağlı müzakirələr aparılıb. Sentyabrda Ümumdünya Şahmat Olimpiadasının Bakıda yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədilə qonaqların qarşılanması və yerləşdirilməsi, yarış zalının tərtibatı, o cümlədən turnirin tibbi, təhlükəsizlik və digər vacib məsələləri barədə danışılıb. 

Bakıda təşkil olunacaq Ümumdünya Şahmat Olimpiadası sentyabrın 1-də start götürəcək və həmin ayın 14-də başa çatacaq. Ölkəmizdə ilk dəfə baş tutacaq mötəbər yarış “Bakı Crystal Hallda keçiriləcək. Olimpiada günlərində paytaxtımızda həm də Beynəlxalq Şahmat Federasiyası (FIDE) konqresinin növbəti iclası olacaq.

 

Azərbaycan.- 2016.- 25 fevral.- S. 3.