İlhamə Məzahir
qızı Quliyeva
Azərbaycanın mədəni ictimaiyyətinə ağır itki üz vermişdir. Müasir Azərbaycan estrada sənətinin tanınmış nümayəndələrindən biri, respublikanın xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü İlhamə Məzahir qızı Quliyeva 2016-cı il fevralın 25-də ömrünün 73-cü ilində vəfat etmişdir.
İlhamə Quliyeva 1943-cü il avqust ayının 17-də Lənkəran şəhərində anadan olmuşdur. Bakı şəhərində orta məktəbi bitirdikdən sonra o, Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır.
Əmək fəaliyyətinə
hələ tələbə ikən müxtəlif musiqi kollektivlərində
çıxışlarla başlayan
İlhamə Quliyeva öz
istedadı sayəsində musiqi sənətinin
incəliklərinə dərindən yiyələnərək
tanınmış ifaçılar sırasında özünəməxsus
yer tutmuşdur.
O, 1965–1970-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio
Verilişləri Komitəsinin estrada-simfonik
orkestrinin, 1970–1980-ci illərdə Azərbaycan
Dövlət Filarmoniyasının, 1980-ci ildən etibarən uzun müddət ərzində Azərbaycan
Dövlət Qastrol-Konsert Birliyinin
solisti olmuşdur.
Azərbaycan musiqisinin inkişafında böyük xidmətlər göstərmiş ailənin nümayəndəsi olan İlhamə Quliyeva yarım əsrlik yaradıcılıq fəaliyyəti dövründə müasir musiqi mədəniyyəti xəzinəmizə töhfələr vermiş sənətkarlardandır. O, səhnəyə qədəm qoyduğu ilk vaxtlardan milli ifaçılıq məktəbinin zəngin ənənələrini davam etdirməklə yanaşı, eyni zamanda Azərbaycan estrada sənətinə yeni ab-hava gətirmişdir. Özünün yüksək peşəkarlığı, orijinal ifaçılıq məharəti və dərin musiqi duyumu ilə seçilən müğənni görkəmli Azərbaycan bəstəkarlarının bir çox mahnılarının ilk və mahir ifaçısı kimi tanınırdı. Pərəstişkarlarının böyük rəğbətini və məhəbbətini qazanan İlhamə Quliyeva öz repertuarını musiqi həvəskarlarının geniş auditoriyasına sevdirdiyi yeni mahnılarla daim zənginləşdirmişdir.
Azərbaycan musiqisinin yorulmaz təbliğatçılarından biri olaraq İlhamə Quliyeva musiqi mədəniyyətimizi dünyanın çox sayda ölkəsində konsert proqramlarındakı uğurlu çıxışları ilə təmsil etmişdir.
İlhamə Quliyevanın müasir Azərbaycan musiqi mədəniyyətinin inkişaf etdirilməsi sahəsində xidmətləri lazımınca qiymətləndirilmişdir. O, 1982-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1998-ci ildə xalq artisti fəxri adlarını almışdır. Müğənni 2002-ci ildə müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından “Şöhrət”, 2013-cü ildə isə “Şərəf” ordenlərinə layiq görülmüşdür.
Azərbaycan estradasının istedadlı nümayəndəsi, tanınmış müğənni və səmimi insan İlhamə Məzahir qızı Quliyevanın xatirəsi onu sevənlərin qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!
İlham Əliyev
Artur Rasizadə
Oqtay Əsədov
Ramiz Mehdiyev
Elçin Əfəndiyev
Hacıbala Abutalıbov
Fatma Abdullazadə
Əbülfəs Qarayev
Zeynəb Xanlarova
Siyavuş Kərimi
Elmira Rəhimova
Yalçın Rzazadə
Faiq Sücəddinov
Mübariz Tağıyev
Eldar Mansurov
Ağadadaş Ağayev.
Azərbaycan.- 2016.- 26 fevral.- S. 2.