Cinayətkarlar
hələ də azadlıqdadırlar
1988-ci
il fevral ayının
27-28 də erməni millətçiləri xaricdə yaşayan havadarlarının köməyi ilə
Sumqayıtda qanlı aksiya törətdilər.
İllər ötsə də, o dəhşətli
terrorun əsl cinayətkarları hələ
də cəzasız qalıb. Amma
törədilən təxribat faktı unudulmayıb. Həmin günlərdə tüğyan
edən iğtişaşlar nəticəsində
müxtəlif millətlərdən olan
32 adam, o cümlədən
26 erməni həlak olmuş, 400-dən çox insan müxtəlif
bədən xəsarətləri almış, 200-dən çox mənzil talan edilmiş, 30-dan artıq avtomobil
sıradan çıxmış, 50-yə qədər mədəni-məişət
obyekti dağıdılmışdır.
Hesablanıb
ki, o vaxtkı qiymətlə
7 milyon rubl və ya 10 milyon dollar
məbləğində ziyan dəymişdır.
Bütün bunlar adi faktlar və rəqəmlər
deyil, sovet
imperiyasının iflasa
uğradığı ərəfədə baş
verən ağır cinayətlərdir. Başqa
sözlə, qırmızı imperiyanın Azərbaycana tuşlanan qara oyunları idi. Həmin ərəfədə ermənilər
ölkəmiz əleyhinə güclü ideoloji mübarizə aparır, xalqımız
haqqında mənfi rəy formalaşdırmağa cəhd
edirdilər. Hadisələr az qala, xronoloji
ardıcıllığı ilə bir-birini
tamamlayırdı. Soydaşlarımızın Ermənistandan zorla qovulması faktını ört-basdır
etmək, gizlətmək üçün
müxtəlif yollara əl
atırdılar. Belə bir fikir formalaşdırmaq istəyirdilər ki, guya azərbaycanlılar
Sumqayıtda yaşayan ermənilərə
qarşı zorakılıq edir, təzyiqlər
göstərir, onları qətlə yetirirlər. Belə uydurmaların arxasında ermənilərin
bilərəkdən və qəsdən törətdikləri
cinayətlər dayanırdı. Faktlar
araşdırılarkən sübut olunub ki, həmin illərdə
Sumqayıtda gizli bir təxribat
şəbəkəsi yaradılmışdı. Məlumdur ki, Ermənistandan qaçqın düşmüş
soydaşlarımızın çoxu
Sumqayıta pənah gətirmişdi. Elə buna
görə də bu şəhərdə
gərginlik yaratmaq nisbətən asan idi. Sumqayıt
hadisələrinin törədildiyi günlərdə yüzdən
çox saqqallı erməni şəhərin
“Dalğa” və “Sumqayıt”
mehmanxanalarında yerləşdirilmişdi. İstintaq
onu da müəyyən
edib ki, qara gödəkçəli təxribatçılar
xüsusi təlim keçmiş
yaraqlılar olub. Sumqayıtın
müxtəlif yerlərində planlı şəkildə qətllər,
talanlar törədilir, bir-birinin
ardınca ağır cinayətlər baş
verirdi. Şəhərin müxtəlif məhəllələrində
gözləmə mövqeyində dayanan xüsusi adamlar öz havadarlarından təlimat
alırdılar. Aldıqları tapşırıq əsasında
hadisələrə müdaxilə edirdilər.
Araşdırmalar zamanı bəlli olub ki, şəhərdə ən böyük
qanlı aksiya fevral
ayının 28-də baş verib. Hadisələr ardıcıllıqla davam edirdi. Mart
ayının 1-də şəhərdə komendant
saatı elan olunur.
O
günləri xatırlayanlar deyirlər ki,
Sumqayıt dəniz kimi
çalxalanırdı. Küçə və meydanlarda açıq-aşkar qan
izləri görünürdü. Son hədəf olaraq “Sülh” və “Dostluq”
küçələrinin kəsişdiyi yeri
hadisələrin mərkəzinə çevirmişdilər.
Bütün bunların isə rəmzi mənası
var idi. Axıra qədər
sübut olunmuşdur ki, terror hadisəsi üçün hər şey
əvvəlcədən
planlaşdırılmışdır.
Bu
dəhşətli qərarı verənlər də bəlli idi, icraçılar da. Amma nədənsə SSRİ-nin
o vaxtkı rəhbəri Mixail
Qorbaçov 1988-ci il iyun ayının 18-də SSRİ Ali Sovetinin iclasında demişdir ki, “...qoşunlar Sumqayıta bir saat gecikmişdi”.
Əslində, bu faktın özü
də yalan idi. Ona görə ki, sovet xüsusi xidmət
orqanları talanlar, qətllər başlamazdan əvvəl Sumqayıtı tam nəzarətə
götürmüşdülər. “Sumqayıtın əks-sədası”
sənədli filminin ssenari
müəlliflərindən biri Eyruz Məmmədov SSRİ müdafiə naziri Yazovla müsahibəsində
həmin məqamları belə xatırlayır: “Dmitri Yazov tam
ciddiliyi ilə bizə bildirdi
ki, sovet ordusu heç vaxt heç bir yerə gecikmir. Baş komandanın əmri olmadan
komendant saatı elan
etməyə, əsgərlərin silah
işlətməyə, güllə atmağa
qətiyyən ixtiyarı yoxdur”. Deməli,
Yazovun müsahibəsindən belə
çıxır ki, hər şey planlı şəkildə təşkil
olunmuşdu. İmperiya
ordusunun törətdiyi qətllərdən
bütün rəhbərlərin xəbəri
olub. Sumqayıtda törədilmiş
qanlı cinayət xüsusi ssenari üzrə davam etdirilirdi. Bu dəfə baş rolu üç dəfə
məhkum olunmuş Eduard
Qriqoryan oynayırdı. “Paşa”
ləqəbi ilə tanınan bu tüfeyli erməni millətçilərinin əlində
alətə, oyuncağa çevrilmişdi.
Şovinistlər iyrənc məqsədlərini həyata
keçirmək üçün Eduard Qriqoryandan gen-bol faydalanırdılar. Hələ o vaxtlar SSRİ Baş Prokurorluğunun mühüm işlər üzrə müstəntiqi
Qalkin Sumqayıt hadisələrini təhlil
edərkən Eduard Qriqoryan
haqqında demişdir: “O, tüfeyli
həyat sürən bir cinayətkardır.
Dəfələrlə həbs olunsa da, heç bir nəticə çıxarmayıb. Eduard Qriqoryan
Sumqayıtın azyaşlı uşaqlarını öz həndəvərinə
yığıb onların beyinlərini dumanlandırır, özü isə iğtişaşlara
rəhbərlik edirdi. Sumqayıtda baş verən hadisələrdə onun cinayət əməlləri nəticəsində
5 erməni qətlə yetirilmiş, 8
qadın zorlanmışdır...”
Belə
bir qatı cinayətkar haqqında 12 illik həbs cəzası seçilsə də,
onu müdafiə edənlər
tapıldı. Rusiya hüquq-mühafizə
orqanlarının köməyi ilə Eduard
Qriqoryan Azərbaycandan Ermənistana təhvil
verilmiş, bununla da cinayətin üstü
ört-basdır edilmişdir.
Araşdırmalar sübut edib
ki, hazırda Eduard Qriqoryan Moskvada azadlıqda
yaşayır, havadarları onu müdafiə
edir. Bəs tökülən qanlar, qatı cinayətlər niyə unudulub?! Axı, cinayətkarın cəzasız
qalması yeni terror
hadisələrinin törədilməsinə şərait
yaradır.
İstintaqda
sübut olunmuşdur ki, o illərdə “Krunq” erməni təşkilatının xeyli üzvü
Sumqayıtda cəmləşdirilmişdi. Həmin təşkilat
Ermənistanla sıx əlaqə saxlayır, müntəzəm
olaraq təlimat alırdılar. O dövrdə
Sumqayıtda elə bir erməni ailəsi yox idi ki,
onların yaşayış şəraiti digər xalqların
nümayəndələrindən aşağı səviyyədə
olsun. Tolerant ölkə
olan Azərbaycanda onlar
üçün hər bir
şərait yaradılmışdı. Onlara
nə qədər kömək və yardım göstərilsə
də, nankorluq və xəyanət xislətlərinə
hakim kəsilmişdi. Bütün
bunları araşdıran siyasi analitiklər
yazırlar ki, Ermənistana köçənlər
orada uzun müddət
yaşaya bilməyib, Rusiyanın müxtəlif
şəhərlərində məskən salıblar. Heç vaxt əbədi
yurdu-yuvası olmayan ermənilər
sığınacaq tapdıqları diyarlarda
iğtişaş yaratmağa
meyil ediblər. Sumqayıt hadisələrinin
törədilməsində Ermənistanın bütün
təbəqələri eyni canfəşanlıqla
iştirak etmişdilər. Məlum olub ki, erməni
yazıçıları Serqo Xandzadyan, Zori Balayan və Silva Kaputikyan Mixail M.Qorbaçovla görüşmüş,
elə həmin görüşlərin nəticəsi olaraq Sumqayıta dərhal ordu
yeridilmişdir. Bundan sonra
isə Qorbaçovun əmri ilə şəhərdə
komendant saatı tətbiq olundu.
Əgər Mərkəzi Komitə vaxtında siyasi
çeviklik göstərsəydi, hadisələrin
qarşısı alınardı. Amma hər
şey tərsinə oldu.
İmperiya rəhbərlərinin köməyi
ilə hadisələr daha da
şiddətləndi. İş o həddə çatdı ki, baş verən hadisələrdə
400-dən çox azərbaycanlı həbsxanalara
atıldı. Onlar hər cür
işgəncələrə məruz qaldılar. Hələ o vaxtlar cəmi 15
yaşı olan Azər Babayev
aldığı ağır zədələrdən xeyli əziyyət çəkmiş,
çarpayı dustağı olmuşdur.
“Xilaskar” sovet ordusunun vəhşilikləri ilə üzləşən
adamların sayı çox idi. İmperiya nökərləri
xalqı əzməkdən, günahsız adamlara
işgəncə verməkdən zövq
alırdılar. Onlara belə təlimat verilmişdi.
Son
illər siyasi
araşdırmaçılar faktları təhlil edərkən
çox şeylər üzə
çıxdı. Sumqayıtda baş verən
hadisələr barədə ermənilərin əvvəlcədən
məlumatı olub. Şəhərdə yaşayan mindən çox
erməni 1988-ci il yanvar
ayından fevralın 25-dək əmanət kassalarına
qoyduqları 8 milyon 343 min
691 rubl pulu
çıxararaq Yerevana, Xankəndiyə,
Rusiyanın ayrı-ayrı şəhərlərinə köçüb getmişdilər. Həmin
illərdə Sumqayıtın sənaye müəssisələrində,
təhsil, mədəniyyət, səhiyyə sistemində
çalışan ermənilər Dağlıq
Qarabağın Ermənistana verilməsi barədə gizli imzalar toplamağa
başlamışdılar. Onlar “Krunq” cəmiyyətinə yardım adına
adambaşına ayda 50 rubl
vəsait köçürürdülər. Gizli
iqtisadiyyata rəhbərlik edən erməni
qurumları ölkəmizə ciddi ziyan vurmuşdular. Hətta nəzarətlərində olan
istehsal sahələrini söküb
gizli yollarla Yerevana aparırdılar. 1988-ci il
mart ayının əvvəllərində
hadisələr bir qədər səngisə
də, şayiələrin, uydurmaların miqyası, çərçivəsi
genişlənmişdi. Komendant
saatından sonra günahsız
adamların həbsə atılması adi
hala çevrilmişdi.
Qəribədir ki, cəmi iki-üç
gündə dünyanın ən ucqarlarında ermənilərin
tərəfdarları və təbliğatçıları peyda olmuşdular. Hadisələri araşdıran jurnalist
Eyruz Məmmədov yazır ki, həmin günlərin səhəri
İsveçrədən Artaşest Qabreliyan adlı birisi
videokamerası ilə Sumqayıtın küçələrində
göründü. Milliyyətcə erməni
olan Artaşest Qabreliyan Sumqayıtda lentə aldığı
hadisələrə belə ad qoymuşdu: “Bizi başkəsənlərdən xilas edin”. Bu hadisələrdən sonra Azərbaycana qarşı böyük
təbliğat kampaniyası başlamışdı.
“Azadlıq” radiosunun redaksiyasının baş redaktoru Eduard Ohansiyan hadisələri
öz xeyirlərinə şərh edir, qərəzli məlumatlar yayırdı.
Sumqayıt hadisələrindən sonra erməni
tarixçiləri də fəallaşmış, böhtan və şər kampaniyasını
gücləndirmişdilər. İftira və
yalan dolu məlumatlarla
zəngin olan çoxlu
sayda kitablar çap edilmişdi. Hadisələri
tədqiq edən siyasi analitiklər bir məsələni də qabardırlar.
Müharibənin bu qədər
uzanması təkcə Azərbaycan- Ermənistan maraqları
üzərində qurulmayıb. Sumqayıt hadisələri də
, sonrakı proseslər də bir daha sübut edir ki, bu
məsələlərdə iri dövlətlərin
böyük və gizli
maraqları var. Hələ bir vaxtlar SSRİ
DTK-nın rəhbəri olmuş V.Kryuçkov yazırdı: “Ermənistana Azərbaycanın
20 faiz torpağı ona
görə lazımdır ki,
Dağlıq Qarabağ məsələsinin
həllində alver kimi
istifadə edilsin...”
Erməni
ideoloqları Sumqayıt hadisələrinə nə qədər
siyasi don geyindirsələr
də, rəng qatsalar da,
öz günahlarını gizlədə
bilmirlər. Onu da deyək ki,
Sumqayıtda törədilən hadisələr təkcə
ermənilərin yox, Amerikada,
Fransada, Rusiyada yaşayan erməni lobbisinin
düşünülmüş qanlı
aksiyası sayılırdı. Ermənilər müxtəlif zaman kəsiyində öz
iyrənc oyunlarını başqa
xalqların adına yazmaq üçün
müxtəlif hiylələrə əl atıblar. Hər
dəfə siyasətçilər, tarixçilər, alimlər
tərəfindən qəzəblə, nifrətlə
qarşılanan erməni oyunları bu gün də davam edir...
Sumqayıt
hadisələri ilə bağlı əsl həqiqətlər
1993-cü ildə - ümummilli lider Heydər Əliyevin hakimiyyətə
qayıdışından sonra üzə
çıxarıldı. Ulu öndər
hadisələrə, onun mahiyyətinə
siyasi aydınlıq gətirdi. Ermənilərin
açıq və gizli niyyətləri, uydurma və böhtanları kəsərli faktlarla sübut olundu. Sübut olundu ki, etnik
təmizləmə kampaniyasına xidmət edən bu oyunların əsas ssenarisi
sovet imperiyasının ideoloqları tərəfindən
yazılıb. Amma belə saxta
oyunların sonu iflasdan
başqa bir şey deyil. Tarix bunu sübut
edib...
Bəşir
ŞƏRİFLİ,
Azərbaycan.- 2016.- 27 fevral.- S. 7.