İkitərəfli
və regional əməkdaşlığa
xidmət edən əlaqələr
Azərbaycanın həyata keçirdiyi xarici siyasətin əsas tərəflərindən biri dünyanın mütərəqqi dövlətləri ilə siyasi, iqtisadi, diplomatik münasibətlərin qurulması və qarşılıqlı etimad əsasında inkişaf etdirilməsidir. Bu çərçivədə xüsusən mənsub olduğumuz region və həmsərhəd dövlətlərlə əməkdaşlıq əlaqələrinin sivil müstəvidə həyata keçirilməsi və daim genisləndirilməsi rəsmi Bakının öz xarici siyasət doktrinasnda müəyyən etdiyi əsas meyarlardandır.
Respublikamızın yerləşdiyi regionda geniş əlaqələrə malik olduğu dövlətlərdən biri İran İslam Respublikasıdır. Azərbaycanlılar da yaşayan bu ölkə ilə Azərbaycan dövlətini ortaq mədəni və mənəvi dəyərlər bağlayır. Qeyd edək ki, İranla münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf edir. Məhz bundan sonra bütün sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutan bir sıra mühüm sənədlərin imzalanması əvvəllər münasibətlərdə olan soyuqluğun aradan qalxmasına və əlaqələrin möhkəmlənməsinə təkan verdi. Naxçıvanda İranın, Təbrizdə isə Azərbaycanın konsulluğunun açılması iki ölkə arasında siyasi münasibətlərin daha da möhkəmlənməsinin bariz nümunəsi hesab oluna bilər.
İqtisadi əlaqələrin genişlənməsi isə Azərbaycanla İran arasında əmtəə dövriyyəsinin artmasına güclü təkan verdi. Azərbaycanda İran müəssisələrinin və cəmiyyətlərinin fəaliyyətinə imkan yaradılmışdır və iranlı iş adamları Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə sərmayə yatırmaqda davam edirlər. Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu və səmərəli əməkdaşlıq edir, bir-birilərinin dövlət maraqlarını qorumaqla yanaşı, beynəlxalq səviyyəli müxtəlif məsələlərə münasibətdə eyni mövqedən yanaşırlar.
Rəsmi Bakı cənub qonşusu ilə əlaqələrə həmişə diqqət və həssaslıqla yanaşmış, münasibətlərin yüksələn xətlə inkişafına çalışmışdır. Azərbaycan ikitərəfli əlaqələrə azacıq da olsa kölgə salacaq addım atmamış, İranın daxili işlərinə qarışmamış, bu qonşu ölkədə əmin-amanlığın olmasını arzulamışdır. Ölkəmiz, habelə beynəlxalq müstəvidə İranın milli maraqlarına zidd olan təşəbbüslərə və siyasi qarşıdurmalara qoşulmamışdır. Çünki İranda hər hansı xoşagəlməz hadisənin baş verməsi, bu ölkənin hər hansı münaqişəyə cəlb edilməsi, başqa dövlətlə toqquşması Azərbaycanın ümumi geopolitik, siyasi və iqtisadi maraqları ilə uzlaşmır. Azərbaycan istəyir ki, bölgədə sabitlik olsun, o cümlədən İran digər ölkələrlə öz münasibətlərini sülh və əmin-amanlıq şəraitində qursun.
Xüsusən İranın nüvə proqramı ilə bağlı müzakirələrdə Azərbaycan bu ölkəyə qarşı hərbi müdaxilələri və siyasi-iqtisadi sanksiyaları dəstəkləməmişdir. Ölkəmiz bununla bağlı xarici dairələrdə özünü büruzə verən spekulyasiyalara daim qarşı çıxmış, İranın milli və dövlət maraqlarına qarşı olan fəaliyyəti qəbul etməmişdir.
Müştərək tarix, din və digər mənəvi dəyərlərlə bir-birinə bağlı olan Azərbaycan və İran respublikaları arasındakı münasibətlər hazırda yüksələn xətlə inkişaf etməkdədir. Həm Azərbaycan, həm də İran tərəfi dövlətlərarası münasibətlərin bütün istiqamətlərində qarşılıqlı maraqların təmin olunması üçün müxtəlif tədbirlər həyata keçirir. Bunu son illər iki ölkənin prezidentlərinin, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri və bu zaman aparılan danışıqların yekunu, imzalanan sənədlər də təsdiq edir. Bu səfərlər zamanı dövlətlərarası münasibətlərin müxtəlif aspektləri müzakirə olunmuş, qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulanmış və danışıqların yekunu olaraq siyasi, iqtisadi və mədəni əlaqələrin dərinləşməsi üçün yeni imkanlar açılmışdır.
Prezident İlham Əliyevin fevralın 23-də İrana rəsmi səfəri zamanı keçirdiyi görüşlər və aparılan danışıqlar iki ölkə arasındakı əlaqələrin mehriban qonşuluq şəraitində inkişafını bir daha təsdiq etdi. Xatırladaq ki, bu səfəri də nəzərə alsaq, son iki il yarım ərzində Azərbaycan və İran prezidentləri beş dəfə görüşüblər. Elə bu faktın özü iki ölkənin rəhbərinin əlaqələrin dərinləşdirilməsi və genişləndirilməsi ilə bağlı siyasi iradəsinin təzahürüdür.
Azərbaycan Prezidentinin İrana rəsmi səfəri çərçivəsində bir çox məsələlər müzakirə edildi. Görüşlərdə əməkdaşlıq münasibətlərinin hazırkı vəziyyətindən məmnunluq ifadə olunaraq əlaqələrin ölkələrimizin və xalqlarımızın maraqlarına uyğun olaraq bütün sahələrdə, o cümlədən həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində daha da inkişaf etdirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparıldı. Siyasi, iqtisadi, mədəni və digər sahələrə aid məsələləri bir daha nəzərdən keçirən dövlət başçıları beynəlxalq terrorçuluqla və islamofobiya ilə mübarizə, nəqliyyat daşımaları, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması istiqamətində işlərin sürətləndirilməsi, bank, energetika, neft-qaz sahələrində əməkdaşlıq, Xəzər dənizinin enerji ehtiyatlarından birgə istifadə, iki ölkə vətəndaşlarının gediş-gəlişinin asanlaşdırılması, elm və mədəniyyət sahəsində əlaqələrin dərinləşdirilməsi kimi məsələləri müzakirə etdilər. Prezident İlham Əliyev mətbuata bəyanatında bununla bağlı deyib: “Bu gün bir çox məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı və fikir birliyi ifadə olundu. Biz çox şadıq ki, İran-Azərbaycan əlaqələri yüksələn xətlə, uğurla və sürətlə inkişaf edir. Bizim əlaqələrimizin çox möhkəm təməli vardır. Əsrlər boyu xalqlarımız bir yerdə yaşamış, yaratmışlar. Bizi tarix, mədəniyyət, ortaq keçmişimiz, dinimiz birləşdirir. Bizim münasibətlərimiz bu möhkəm təməl üzərində qurulur və bu gün İran-Azərbaycan əlaqələri strateji əməkdaşlıq səviyyəsinə qalxmışdır. Biz üzv olduğumuz bütün beynəlxalq təşkilatlarda bir-birimizi daim dəstəkləyirik. Bizim aramızdakı ticarət əlaqələrinin çox gözəl perspektivləri vardır. Bu gün beynəlxalq aləmdə baş verən hadisələr, eyni zamanda, ikitərəfli münasibətlərimizə aid olan məsələlər geniş müzakirə edildi. Biz razılaşdıq ki, beynəlxalq terrorizmə qarşı birgə səylərimizi daha da gücləndirəcəyik. Beynəlxalq aləmdə bundan sonra da bir-birimizə dəstək göstərəcəyik”.
Bu səfər zamanı Tehranda iki ölkə arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması və təsirinin azaldılması, gömrük məsələlərində qarşılıqlı inzibati yardım, baytarlıq və heyvan sağlamlığı, elektrik enerjisinin satışı, dəmir yollarının əlaqələndirilməsi, Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi, səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında sənədlər imzalandı. Ümumilikdə 11 sənəd imzalandı ki, bu da göründüyü kimi, münasibətlərin daha geniş spektrdə inkişaf etməsinə səbəb olacaq. Bu sənədlərin bir hissəsi ikitərəfli əlaqələrə, bir hissəsi isə çoxtərəfli və regional əməkdaşlığa xidmət edəcək.
Son illər dünyada və bizə yaxın region ölkəri arasında münasibətlərdə siyasi-iqitsadi gərginliklər yaşanır. Bu mənada Azərbaycan-İran münasibətləri bu gərginliyin aradan qaldırılmasına, münasibətlərin mehriban qonşuluq ruhunda inkişafına böyük töhfə verə bilər. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Həsən Ruhaninin danışıqlarında ikitərəfli münasibətlərlə yanaşı, iki ölkənin üçtərəfli - İran-Türkmənistan-Azərbaycan, İran-Azərbaycan-Rusiya, İran-Azərbaycan-Gürcüstan və İran-Azərbaycan-Türkiyə formatda da əməkdaşlığı müzakirə edildi.
Azərbaycan Prezidentinin İrana rəsmi səfəri də iki ölkənin münasibətlərinin normal məcrada inkişafının təsdiqidir. Bu səfər həm də ondan xəbər verir ki, Azərbaycan və İran dövlətləri və onların xalqları arasında heç bir anlaşılmazlıq yoxdur. Aparılan səmərəli fikir mübadilələri göstərir ki, iki ölkə arasında qarşılıqlı səmimiyyətə söykənən dostluq və qonşuluq münasibətləri var.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan 2016.- 28 fevral.- S. 4.