“Chinar Hotel & Spa Naftalan”a
infotur təşkil edilib
Bu
günlərdə “AtaTravel”, “Synergy Group” və Termal və
Müalicəvi Turizm Assosiasiyasının təşkilatçılığı
ilə Naftalanda yerləşən
“Chinar Hotel & Spa Naftalan” Sağlamlıq və İstirahət
Mərkəzinə media və turizm şirkətlərinin
nümayəndələri üçün ikigünlük
infotur təşkil edilib. İnfoturun keçirilməsində
əsas məqsəd “Chinar Hotel & Spa Naftalan”
Sağlamlıq və İstirahət Mərkəzinin turizm
potensialının tanıdılması və ölkəmizin
sağlamlıq turizminin daha geniş təbliğ olunması
idi.
Öncə
media nümayəndələri və turizm şirkətlərinin
nümayəndələri 5 ildir fəaliyyət göstərən
müasir sağlamlıq və istirahət mərkəzində
turistlər üçün yaradılmış müxtəlif
imkanlar və orijinal müalicə prosedurları ilə ətraflı
tanış olublar. “Chinar Hotel & Spa”nın baş meneceri
Turqay Arı konfransda bildirib ki, hotel 2011-ci ilin fevralında yeni
təmirdən çıxmaqla fəaliyyətə
başlayıb: “Artıq 5 ildir ki, bu sahədə xidmət
göstəririk. Orta hesabla ildə 10 min turist qəbul edirik.
İndiyə qədər ümumilikdə 50 min turist qəbul
etmişik. İldən-ilə turistlərin sayı
artmaqdadır. Artıq Azərbaycanın sağlamlıq
turizmində güclü mövqeyə sahibik və bu
mövqeyimizi daha da gücləndirməyi və daha çox
turist qəbul etməyi qarşıya məqsəd
qoymuşuq”.
Termal
və Müalicəvi Turizm Assosiasiyasının rəhbəri
Ruslan Quliyev qeyd edib ki, son illərdə Azərbaycan turizminin
tanıdılmasında medianın rolu olduqca artıb: “Media
turizm sahəsində baş verən yenilikləri və
bütün istiqamətlərdə problemləri qabardır və
müzakirəyə çıxarır, cəmiyyəti və
müvafiq qurumları məlumatlandırır. Həmçinin
Prezident tərəfindən turizmin inkişafını şərtləndirən
müxtəlif fərman və qərarların verilməsi də
sözügedən sahədə ciddi keyfiyyət dəyişikliklərinə
səbəb olmaqdadır”.
R.Quliyev
onu da qeyd edib ki, son dövrlərdə bir sıra qurumlar da
turizmin inkişafına ciddi
töhfələrini verirlər: “Xüsusən ölkədə
“AtaHolding” və “AtaTravel” ölkə turizminin
inkişafına, xarici turizmin rentabellik qazanmasına önəmli
töhfələr verməkdədirlər. Həmçinin bu
sahədə gənc kadrların hazırlanması, ölkə
daxilində və xaricə, eləcə də xaricilər
üçün Azərbaycana infoturların təşkil edilməsi
və sair fəaliyyətlər bu baxımdan qeyd edilə bilər”.
R.Quliyev
daha sonra bildirdi ki, sözügedən hotel ölkədə və
regionda asudə vaxtın təşkil edilməsi, o cümlədən
sağlamlıq turizminin təqdimatı baxımından önəmli
yer tutur. Bu sahədə bir sıra güzəştlərin,
güzəştli vergi siyasətinin tətbiq edilməsi də
zəruridir. Bu sahədə yol xəritəsinin
hazırlanması turizmin ən azı 15 illik inkişafını
müəyyən edəcək.
O da qeyd edildi ki, ölkənin bu sahədə ən
böyük kapitalı sabitlik, təhlükəsizlikdir, bu
gün dünyanın ən məşhur turizm məkanlarında
bu sahədə problem olduğu halda, bizdəki təhlükəsizlik
və sabitlik imkanlarından lazım olduğu səviyyədə
yararlanmalıyıq.
Azərbaycan.-2016.- 6 iyul.- S.5.