İki dəfə qanda boğulan dərə...

 

Ağdərənin işğalından 23 il ötür

 

Qarabağın aranlı-dağlı ellərində erməni vandalları dörd yanı çapıb-talayanda Tərtərdən Kəlbəcərə gedən yol Ağdərənin ərazisində bağlandı. Çünki onda ermənilər bizi yenicə “daşa basır”dı. Rəsmi əmrə, sərəncama əsaslanmasa da, “kəlbəcərlilərin təhlükəsizliyini təmin etmək” üçün Moskvadan verilən göstərişə əsasən Tərtər-İstisu avtobus marşrutu da Ağdərə ərazisindən hərbçilərin nəzarəti ilə, karvanla keçirilirdi. Onlarla, yüzlərlə maşından ibarət karvan beş il Tərtərdən Kəlbəcərə, “İstisu” sanatoriyasına beləcə yola düşürdü. Buna baxmayaraq, yolda dəfələrlə təxribatlar törədildi, qanlar töküldü. Dinc yolçular, hətta “İstisu” sanatoriyasında müalicə almağa - şəfa tapmağa gedən uşaqlar, qocalar, əlil və şikəstlər bu yolda gülləbaran edilirdilər.

Ölkəmizin zəngin təbiətə malik coğrafi məkanlarından biri olan Ağdərə iqlim şəraitinə görə göz oxşayırdı. Bir yanı dağ-çəmən, şərqi düzənlik olan bu yerlər sovet dövründə inkişafı baxımından da ayrıca bir adanı xatırladırdı. Əsl turizm bölgəsi idi: zümrüd meşələri, əsrarəngiz təbiət mənzərələrinə, keyvir, dişgöynədən, bumbuz bulaqlarına görə. Amma nədənsə Ermənistandan bura daha çoxturist” gəlirdi, nəinki ölkənin digər regionlarından. Daşnakların “strateji” məqsədlərinə hesablanan siyasət azərbaycanlıların bu məkana yolunu sanki “minalamışdı”. Tərtərlə Kəlbəcərin arasında, meşə ətəyində yerləşən Ağdərənin işğaldan əvvəl ərazisi 1705 kvadratkilometr, əhalisi 44 min nəfərdən artıq olub.

Rayonun iki qəsəbəsi, 57 kənd, 67 klub, 51 kitabxana, 30 orta məktəb, 1 texniki peşə məktəbi və 7 xəstəxanası işğal altında qalıb. Əsasən dağlıq, şərq hissəsi isə düzənliklərdən ibarət olan Ağdərə faydalı qazıntılarla - polimetal yatağı, əhəngdaşı və gipslə də zəngindir. Tərtər və Xaçın çayları da bu ərazidən axıb gedir. Tərtər çayı üzərində 1997-cı ildə Sərsəng su qovşağı yaradılıb. Rayon ərazisinin yarısı meşəlikdir. Ağdərə Dağlıq Qarabağın mühüm kənd təsərrüfatı rayonlarından idi: iqtisadiyyatında üzümçülük, taxılçılıq, tütünçülük və heyvandarlıq əsas yer tuturdu. Tərtər çayı dərəsi boyunca yuxarı və aşağı Qarabağı birləşdirən karvanavtomobil yolları var idi. Qədim memarlıq abidələri və körpüləri, müqəddəs ziyarətgah - Ulduztəpə piri həm də tariximizinalban mədəniyyətinin yadigarlarından sayılırdı. Təcavüzə məruz qalan bütün bu abidələrin sonrakı taleyi məlum olmasa da, onların əksəriyyətinin ya məhv edilməsi, yaxud “erməniləşdirilməsi” şəksizdir.

Ağdərənin işğal edilən kəndlərinin ermənilərdən savayı digər sakinləri məcburi köçkün kimi Azərbaycanın müxtəlif şəhər və rayonlarında məskunlaşıb.

Ağdərənin adı dəfələrlə dəyişdirilib. 8 avqust 1930-cu ildə yaradılan rayon 10 sentyabr 1939-cu ilədək Çerabert, 1991-ci ilə qədər Mardakert, ləğv olunana kimi isə ilk adı özünə qaytarılaraq Ağdərə adlandırılıb. Dağlıq Qarabağda separatizm açıq hücuma keçəndə,1992-ci ilin oktyabrında Azərbaycan hökumətinin qərarı ilə Ağdərə rayonu ləğv edilərək, ərazisi Tərtər, Ağdam və Kəlbəcər rayonlarına qatıldı.

Ermənistanın işğalına qədər, Şuşa istisna olunmaqla, Ağdərə Dağlıq Qarabağda ən çox azərbaycanlı yaşayan rayon idi. İşğala qədər rayonun Sırxavənd, Bəşirlər, Qaraşlar, Qaralar, Baş Güneypəyə, Orta Güneypəyə, Xatınbəyli, Manikli, Tellibinə, Narınclar, Çərəktar, İmarət-Qərvənd, Umudlu, Yeni Qaralar və Gəncxana sovxoz qəsəbəsində 14 mindən çox azərbaycanlı yaşayıb.

Ağdərə Dağlıq Qarabağdakı bir çox ərazilər kimi, Qarabağ müharibəsinin başlanğıcında erməni silahlı qüvvələrinin nəzarəti altına keçdi. 1992-ci ildə Azərbaycan Ordusu Ağdərənin ərazisinin çox hissəsini işğalçılardan azad etdi. Bir il Ağdərə şəhəri ətrafındakı kəndlərdə və yüksəkliklərdə aramsız döyüşlər getdi.

Təəssüf ki,1993-cü ildə 4 iyun Gəncə qiyamı baş verəndə Qarabağ cəbhəsində döyüşən ordu ön xətdən çıxarıldı. Bundan xaincəsinə istifadə edən erməni silahlı birləşmələri 7 iyul 1993-cü ildə Ağdərə şəhərini kəndləri ilə birlikdə yenidən işğala məruz qoydu.

Ağdərədə etnik tərkibinə görə əhali müxtəlif xalqları təmsil edirdi. İşğaldan sonra burada ancaq ermənilər məskundur, halbuki 1979-cu ilin siyahıyaalınmasında göstərilirdi ki, burada soydaşlarımızla yanaşı, ruslar, ukraynalılar və ermənilər müəyyən say fərqi ilə yaşayırlar.

İqtisadiyyatında üzümçülük, taxılçılıq, tütünçülük və heyvandarlıq əsas yer tuturdu. 53324 hektar torpağı kənd təsərrüfatına yararlı sayılırdı. Tərtər çayı boyunca Kəlbəcərin “İstisu” sanatoriyasınadək uzanan, Azərbaycanın Yuxarı və Aşağı Qarabağını birləşdirən karvanavtomobil yolları var idi.

Ağdərə qədim yaşayış məntəqəsi olduğu üçün burada tarixi, dini, mədəniyyət abidələri də az deyildi. Onlardan ən məşhuru memarlıq nümunəsi sayılan Vəngli kəndindəki məşhur Gəncəsər alban məbədi, Herabert qəsəbəsindəki qalalar, kilsə, Kolatağda 635-ci ildən son illərə kimi qalan məbəd sovet dövründə Ümumittifaq miqyasda tanınır və qorunurdu. Talış kəndi yaxınlığındakı Urek, Madagizdəki on ikinci yüzilliyin yadigarı, Tərtər çayının yuxarı axarındakı XIII əsrə aid məbədlər, eləcə də Kasapetdəki Hatəm Məlik qalası, həmçinin digər məbəd və qədim körpülər dağıdılaraq erməni “yarlığ”ı ilə dünyaya təqdim edilsə də, heç birinin onlara aidiyyəti yoxdur. Oradakı Qafqaz alban katolikoslarının son istinadgahı olan məşhur Gəncəsər məbədinin bünövrəsinin1240-cı ildə alban hökmdarı Həsən Cəlalın qızının şərəfinə qoyulması da tarixçilərə çoxdan məlumdur.

Ağdərə təkcə adlarını çəkdiyimiz tarixi qalalar və məbədlər məskəni deyildi. Ərazidə 8036 hektar təbii meşə vardı. Tərtər çayı vadisində Şərq çinarı meşəliyi xüsusi qorunurdu. Təbii sərvətləri yalnız meşə və min bir dərdin dərmanı olan bitkiləri deyildi, zəngin faydalı qazıntı yataqları da var idi. Qızılbulaqda qızıl və mis, Mehmana yatağında qurğuşun, sink, mis yatağı, Canyataq-Gülyataq qızıl yatağı da istismarını gözləyirdi. Buradakı “Şorbulaq-I”, “Şorbulaq-II” mişardaşı, Ağdərə gəc yataqları da ermənilərin vəhşicəsinə istismarına məruz qalıb.

Ötən əsrin 80-ci illərinin sonlarında rayonun ərazisində zəngin daş kömür yataqlarının da olduğu aşkarlanmışdı.

Dəlidağdan baş götürən, Aran Qarabağın şoran torpaqlarını cana gətirən Tərtər çayının qarşısını Ağdərə ərazisində kəsməklə ermənilər kəlbəcərliləri işığa, yola həsrət qoymuşdular

“Sirlər-sehrlər dərəsi”nin Dağlıq Qarabağda ən strateji əhəmiyyət daşıyan məntəqə kimi güclü qorunduğunu dəfələrlə bildirsələr də, bu il aprel ayının əvvəllərində ermənilərin yaydığı həmin saxta mif darmadağın edildi. Hərbi-texniki təchizat baxımından düşməndən qat-qat güclü olan, iradəli və qətiyyətli oğullardan ibarət Azərbaycan Ordusunun erməni silahlılarının cəbhə boyu törətdiyi təxribatların qarşısını alarkən göstərdiyi şücaət tarixə qızıl hərflərlə yazıldı. Azərbaycan Ordusunun vətən sevgisi nəinki erməni əsgərlərini, hətta ordu generalını belə səngəri qorxaqcasına qoyub qaçmağa məcbur etdi. Bununla Azərbaycan Ordusu, başda Ali Baş Komandan İlham Əliyev olmaqla, işğal altında qalan ərazilərimizi azad etməyə qadir olduğunu ortaya qoydu.

Bəli, həmin günlərdə Cəbrayılın Lələtəpə yüksəkliyini azad edərək xalqımıza qələbə sevincini yaşadan Azərbaycan Ordusu Goranboyun Talış, Ağdərənin Madagiz kəndlərini daim nəzarət altında saxlayan döyüş nöqtələrini də susdurdu. Ordumuz zirvələrə üçrəngli bayrağımızı sancmaqla bir daha vandalizm siyasətinin sonunun yaxınlaşdığını düşmənə anlatdı! Qarabağın erməni silahlı dəstələrindən tamamilə azad edilməsinə aparan yolun başlanğıcı məhz bu dönüşdən keçir...

 

Məhəmməd NƏRİMANOĞLU,

 

Azərbaycan.- 2016.- 6 iyul.- S.5.