Azərbaycan “Kitab incəsənəti” XIII müsabiqəsində
uğurla təmsil olunub
Qırğızıstanın
paytaxtı Bişkek şəhərində keçirilən
MDB iştirakçı-dövlətlərin “Kitab incəsənəti”
adlı XIII Beynəlxalq müsabiqəsi öz işini
başa çatdırmışdır.
Müsabiqənin yekunu ilə əlaqədar
keçirilən münsiflər heyətinin iclasında
respublika Mədəniyyət və Turizm Nazirliyi kitab
dövriyyəsi sektorunun müdiri, beynəlxalq münsiflər
heyətinin üzvü Lətifə Məmmədova iştirak
etmişdir.
Ölkəmizin
bu müsabiqədə uğurla təmsil olunduğunu bildirən
L.Məmmədova demişdir ki,
bu layihə üzrə olan beynəlxalq müsabiqə MDB
dövlətləri arasında hər il keçirilir.
Müsabiqənin məqsədi MDB
iştirakçı-dövlətlərin kitab naşirlərinin
beynəlxalq əməkdaşlığının genişləndirilməsi,
kitab nəşriyyatı mədəniyyətinin və kitab sənətinin
inkişafı, ən yaxşı nəşriyyat sistemlərinin
populyarlaşdırılması, habelə MDB
iştirakçı-dövlətləri arasında maddi və
mədəni dəyərlərin qarşılıqlı
mübadiləsinin genişləndirilməsidir.
Müsabiqəyə
son ildə MDB iştirakçı-dövlətlərdə nəşr
edilmiş çap məhsulları təqdim olunmuşdu. 10
nominasiya üzrə keçirilmiş müsabiqəyə Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
18 kitab təqdim edilmişdir ki, onlardan da 10-u uşaq ədəbiyyatı
olmuşdur.
Beynəlxalq
müsabiqədə Mədəniyyət və Turizm Nazirliyinin
yaradılmasının 10 illiyinə həsr olunmuş
kitab-kataloq “Birlik” (“Sodrujestvo”) nominasiyası üzrə I yerə
(Mədəniyyət və Turizm Nazirliyinin nəşri), “Mədəniyyət
dialoqu” nominasiyası üzrə akademik İsa Həbibbəylinin
“Azerbaijani Literature” kitab-albomu (Mədəniyyət və Turizm
Nazirliyinin nəşri), “Elm və innovasiya” nominasiyası
üzrə Teymur Əhmədovun müəllifi olduğu “Mir Cəlal” kitabı, “Art-kitab” nominasiyası
üzrə Çingiz Fərzəliyevin “Azərbaycan Dövlət
İncəsənət Muzeyi” fotoalbomu I yerlərə (Mədəniyyət
və Turizm Nazirliyinin nəşri), “Uşaq və gənclər
üçün kitab” nominasiyası üzrə Leyli
Salayevanın “Dilbərin qaşıq səyahəti” (Azərbaycan
və ingilis dillərində), “Tədris ədəbiyyatı və
təhsil” nominasiyası üzrə “Azərbaycan kitabxana
ensiklopediyası” II yerlərə (Azərbaycan Milli
Kitabxanasının nəşri), “İllüstrasiya incəsənəti”
nominasiyası üzrə Zahid Xəlilin “Zayçiki, kozliki
i druqie” kitabı III yerə
layiq görülmüşdür.
Beynəlxalq
münsiflər heyətinin qərarı ilə Sevinc Nuruqızının “Qədim
Bakıya səyahət” kitabı (Azərbaycan və ingilis
dillərində) həvəsləndirici diplomla
mükafatlandırılmışdır.
Bundan
başqa, münsiflər heyətinin qərarı ilə
“Art-kitab” nominasiyası üzrə Rusiya Federasiyası tərəfindən
müsabiqəyə təqdim olunmuş “Azərbaycan təsviri
sənəti” (“İzobrazitelğnoe iskusstvo Azerbaydjana”)
fotoalbomu III yerə layiq görülmüşdür. “Birlik”
(“Sodrujestvo”) nominasiyası üzrə isə
Qırğızıstan Respublikası tərəfindən təqdim
olunmuş Azərbaycan yazıçısı Yunus Oğuzun
“Əmir Teymur” (“Temirlan”) 2 cildlik kitabı II yer
almışdır.
Xatırladaq
ki, müxtəlif nominasiyalar üzrə müsabiqədə
qalib gəlmiş kitablar Moskva şəhərində cari ilin
sentyabr ayında keçiriləcək Beynəlxalq Kitab Sərgi-Yarmarkasında
diplomlarla təltif olunacaq və həmin diplomlar sərgidə
iştirak edən Azərbaycan nümayəndə heyətinə
təqdim olunacaq.
Rəhman SALMANLI,
Azərbaycan.-2016.- 6 iyul.- S.7.