Prezident İlham
Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı
ilin birinci yarısının sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunan iclası keçirilib
Prezident İlham
Əliyevin yekun nitqi
-İlin sonuna qədər biz fəal işləməliyik ki, qarşıda duran bütün vəzifələri icra edək. Bir daha qeyd etmək istəyirəm, ötən altı ayın nəticələri göstərir ki, Azərbaycan 2016-cı ili də uğurla başa vuracaq. Əlbəttə ki, biz əsas prioritet istiqamətlər üzrə işimizi daha da təkmilləşdirməliyik. Bu gün çıxışlarda da həm görülmüş və görüləcək işlər, həm də əsas prioritet istiqamətlər haqqında məlumatlar verildi. Əslində, bu gün çıxışlarda səslənən fikirlər bizim gələcək fəaliyyətimizin istiqamətlərini müəyyən edir, yəni, bir daha göstərir ki, sənaye potensialı və kənd təsərrüfatı gələcək inkişaf üçün əsas rol oynayacaq. 2016-cı ilin birinci yarısının iqtisadi göstəriciləri də çox ümidvericidir. Bir daha qeyd etmək istəyirəm ki, qeyri-neft sənayemiz 2,4 faiz, kənd təsərrüfatı isə 3,1 faiz artıb. Ancaq əminəm ki, xüsusilə kənd təsərrüfatı istehsalı ilin sonuna qədər daha da artacaq.
Sənaye istehsalı ilə bağlı həm iri layihələr icra edilir və eyni zamanda, orta və kiçik sahibkarlığın inkişafı sənaye potensialımızı daha da gücləndirəcəkdir. Mən iri layihələr arasında əlbəttə ki, Sumqayıt Kimya Sənaye Parkında həyata keçirilən layihələri qeyd etmək istəyirəm. Onların arasında SOCAR Polimer kompleksinin tikintisi xüsusi yer tutur. Buraya böyük investisiya - təqribən 700 milyon dollardan çox sərmayə qoyulur. İki ildən sonra artıq bu müəssisə hazır məhsul istehsal edəcək. İdxaldan asılılıq tamamilə aradan götürüləcək və böyük ixrac potensialı yaranacaqdır. Gələcək fəaliyyətimiz üçün bu, əsas istiqamət, prioritet olmalıdır. İdxaldan maksimum dərəcədə asılılığımızı aradan götürmək, ixrac potensialımızı artırmaq və bununla paralel olaraq, ixrac bazarlarının araşdırılması və müəyyən edilməsi istiqamətində də ciddi işlər aparılmalıdır. Əlbəttə, birjada satılan məhsullar üçün bazar axtarmağa ehtiyac yoxdur. Ancaq digər məhsullar üçün biz indi gərək rəqabətə girək. Çünki indi dünyada ixrac bazarları uğrunda böyük rəqabət aparılır. Böyük dövlətlər, böyük firmalar artıq bazarları böyük dərəcədə bölüblər. Ona görə bu bazarlara öz məhsulumuzla girmək üçün gərək böyük səylər göstərək.
Eyni zamanda, 2018-ci ildə azot gübrələri zavodunun istismara verilməsi planlaşdırılır. Bu da gübrələrə olan tələbatımızı tam təmin edəcək, idxala artıq ehtiyac olmayacaq və böyük həcmdə ixrac potensialı yaranacaqdır. Burada da üstünlük ondan ibarətdir ki, bu məhsulların satışı ilə bağlı heç bir problem olmayacaq. O ki qaldı polimer zavodunun fəaliyyətinə bu, birinci mərhələ olmalıdır. Ondan sonra və bəlkə də indidən özəl sektor da qoşulmalıdır ki, artıq onlar da hazır məhsul istehsalına başlasınlar. Çünki bu xammalın istehsalı böyük imkanlar yaradır. Bu zavoddan faydalanan özəl sektor çox cəld fəaliyyət göstərməlidir, çevik siyasət aparmalıdır. Əgər lazım olarsa, tezliklə dövlətin dəstəyi ilə bir çox kiçik və orta müəssisələr yaradılmalıdır ki, onlar Azərbaycanda hazır məhsul istehsal etsinlər.
Digər iri sənaye müəssisələri yaradılır, yaradılacaq. Ancaq əgər inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, orada iqtisadi potensialı müəyyən edən orta və kiçik sahibkarlardır. Biz də bu yolla getməliyik və sahibkarlığın inkişafı üçün əlavə tədbirlər görüləcəkdir.
Azərbaycanda bir sahə var ki, o, demək olar, heç
inkişaf etməyib. Həm özəl sektor maraq göstərməyib,
həm də dövlət bu sahəni bir qədər diqqətdən
kənarda saxlayıb. Bu da dərman
preparatlarının istehsalıdır. Biz
demək olar ki, 100 faiz idxaldan asılıyıq. Düzdür son vaxtlar bu sahədə
görülmüş tədbirlər nəticəsində
dövlət tənzimləyici rolunu oynayır. İqtisadiyyat Nazirliyi Səhiyyə Nazirliyi ilə
birlikdə artıq bir ildən çoxdur ki, bu məsələ
ilə məşğuldur. Nəticədə
dərman preparatlarının qiymətində çox ciddi
azalma müşahidə olunur. Eyni zamanda,
artıq keyfiyyətə də çox ciddi nəzarət
edilir. Baxmayaraq ki, manatın məzənnəsi
aşağı düşüb və biz idxaldan tam asılıyıq,
görülmüş tədbirlər, dövlətin müsbət
mənada müdaxiləsi nəticəsində burada qiymətlərdə
sabitləşmə var. Bir çox dərman
preparatlarının qiymətləri aşağı
düşüb. Ancaq indi vaxt gəlib
çatıb ki, Azərbaycanda dərman preparatlarının
istehsalına başlansın. Müvafiq
göstərişlər verilibdir, bir neçə xarici
şirkətlə danışıqlar aparılır,
böyük maraq var. Çünki Azərbaycan bazarı kifayət
qədər böyük bazardır. Azərbaycan
əhalisinin sayı 10 milyona yaxınlaşır və dinamika
da müsbətdir. Ona görə xarici
firmalar böyük maraq göstərirlər. Biz bundan istifadə etməliyik. Dərman
preparatlarının istehsalı üçün indi ciddi bir
proqram hazırlanır və bir klastr yaradılmalıdır.
Beləliklə, həm bu sahədə də sənaye
potensialı inkişaf edəcək, idxaldan asılılıq
azalacaq və həm də vətəndaşlarımızı
daha keyfiyyətli dərmanlarla təmin edə bilərik.
Hesab edirəm ki, ilin sonuna qədər
bütün danışıqlar prosesi, bütün təşkilati
məsələlər öz həllini tapmalıdır.
Bu il artıq biz dərman fabriklərinin
tikintisinə başlamalıyıq.
Mən dəfələrlə qeyd etmişəm ki, Azərbaycanda
bir neçə sənaye mərkəzi
yaradılmalıdır. Əlbəttə ki, Bakı Cənubi
Qafqazın ən böyük sənaye şəhəridir.
Gəncə, Sumqayıt və eyni zamanda, Mingəçevir
şəhərində çox böyük sənaye
potensialı, çox hazırlıqlı kadr potensialı var.
Bu il Mingəçevir şəhərində
yüngül sənaye kompleksinin təməli
qoyulmalıdır. Bu, Mingəçevirdə
işsizlik problemlərinin həllinə çox müsbət
təsir göstərəcək və biz çox
böyük, yeni sənaye mərkəzini yaradacağıq.
Mingəçevirdə bir neçə
böyük sənaye müəssisəsinin tikintisi nəzərdə
tutulur. Burada da yüngül sənaye
inkişaf edəcək. Yaxın zamanlarda minlərlə
iş yeri açılacaqdır. İlk növbədə
bu müəssisələrin inşası zamanı və ondan
sonra həmin müəssisələrdə işləyəcək
insanların sayı minlərlə ölçüləcək.
Beləliklə, biz yeni sənaye mərkəzi yaradacağıq
və insanları işlə təmin edəcəyik. Bu ilin sonuna qədər artıq birinci müəssisənin
təməl daşı qoyulmalıdır və əminəm
ki, qoyulacaqdır.
Bildiyiniz
kimi, artıq müəyyən müddət ərzində hər
bir rayonda sənaye zonalarının yaradılması istiqamətində
iş aparılır. Birinci pilot layihə Neftçala rayonunda
icra edilir. Neftçalada artıq səkkiz layihə
hazırdır və bu layihələrin icrasına 40 milyon
manat investisiya qoyulacaq. İkinci sənaye
zonası Masallı şəhərində
yaradılacaqdır. Masallı sənaye
zonasında fəaliyyət göstərmək
üçün sahibkarlar tərəfindən 33 layihə təqdim
olunub. Bu layihələrin investisiya həcmi
31 milyon manatdır. Bu, çox müsbət
inkişafdır. Bu, onu göstərir ki,
bizim qəbul etdiyimiz qərarlar icra edilir. Əminəm
ki, digər şəhər və rayonlarımızda da buna
oxşar proseslər sürətlənəcək. Çünki hər bir rayonda sənaye
potensialının inkişafı üçün gözəl
imkanlar var. Biz ilk növbədə özümüzü
bütün sənaye məhsulları ilə təmin etməliyik.
Eyni zamanda, çox ciddi ixrac potensialı da
yaratmalıyıq və xarici bazarlara çıxmalıyıq.
Bununla bərabər, bu, məşğulluq
problemlərinin həllinə də çox müsbət təsir
göstərəcəkdir.
Bu yaxınlarda “Azərxalça” Səhmdar Cəmiyyəti
yaradılıbdır. Xalçaçılıq sənəti
bizim milli sərvətimizdir. Əsrlər
boyu Azərbaycan xalçaçılığı inkişaf
etdiribdir və Bakının mərkəzində - Bulvarda
açılmış Xalça Muzeyi həm
özlüyündə bir memarlıq əsəridir və eyni
zamanda, bizim qədim sənətimizi bütün dünyada
nümayiş etdirir. Ancaq əfsuslar olsun ki,
xalçaçılıq sənaye kimi Azərbaycanda az inkişaf edib. Ancaq fərdi
qaydada bu sahə ilə məşğul olanlar xalça
toxuyurlar və bunu həm ölkə daxilində, həm də
xaricə sata bilirlər. Nəzərə
alsaq ki, bu sahədə bizim böyük ənənələrimiz
var, xalça sənəti Azərbaycan xalqının
böyük sərvətidir və dünya miqyasında biz
qabaqcıl yerlərdəyik, ona görə qərar qəbul
edilib ki, bu məsələlər məqsədyönlü
şəkildə öz həllini tapsın. Həm bu qədim sənət yaşasın, kadrlar
axını təmin edilsin, eyni zamanda, biz
xalçaçılıq sənayesini də yaradaq. Bu, ixrac yönümlü məhsul kimi ölkəmizə
böyük həcmdə valyuta gətirəcək.
Artıq bütün struktur məsələləri
öz həllini tapıb. Eyni zamanda, Prezident
Administrasiyasına göstəriş verilib ki, müxtəlif
bölgələrdə yerlər ayrılsın və
xalçaçılıqla məşğul olanlar orada
işləsinlər. Göstəriş
artıq icra edilir. Dövlət tərəfindən
bütün lazımi avadanlıqlar, dəzgahlar təmin edilir
və ediləcək. Birinci mərhələdə min və
ondan sonrakı mərhələlərdə 5 min iş yeri
açılacaq. Həm məşğulluq təmin
olunacaq, - xüsusilə nəzərə alsaq ki, daha çox
qadınlar bu işlərlə – toxuculuqla,
xalçaçılıqla məşğuldurlar, - biz
qadınları işlə təmin edəcəyik və həm
də ixrac məhsulu yaranacaq. Beləliklə,
biz burada bir neçə məqsədi təmin edəcəyik.
Bir sözlə, sənaye potensialımızın
inkişafı əsas prioritet məsələlərdən
biridir. Bu il və növbəti illərdə bu sahəyə
diqqət göstəriləcək.
Bu gün kənd təsərrüfatının
inkişafı ilə bağlı məruzələr səsləndi. Həm kənd
təsərrüfatı naziri, həm “Meliorasiya və Su Təsərrüfatı”
Açıq Səhmdar Cəmiyyətinin sədri
çıxış etdilər. Çünki
bu məsələlər bir-biri ilə sıx
bağlıdır. Kənd təsərrüfatında
çox böyük inkişaf gözlənilir. Birincisi, indi həm islahatlar aparılır, tədbirlər
görülür, həm də çox ciddi elmi yanaşma
var. Əminəm ki, biz yaxın zamanlarda daha da böyük nəticələr
görəcəyik. Qeyd etdiyim kimi, bu il artıq 3,1 faiz artım var. Amma daha da böyük
artım gözlənilir. Əlbəttə ki,
biz torpaqlardan daha da səmərəli şəkildə istifadə
etməliyik. Burada təkliflər səsləndi.
Mən bu təklifləri, xüsusilə
heyvandarlıqla bağlı olan təklifləri dəstəkləyirəm.
İndi heyvandarlıq qapalı yerlərdə
inkişaf edir. Ona görə, o qədər
də böyük örüş torpaqlarına ehtiyac yoxdur.
Bu torpaqlardan səmərəli şəkildə
istifadə olunmalıdır ki, ərzaq təhlükəsizliyi
tam təmin edilsin və çox böyük ixrac potensialı
da yaradılsın.
Biz əvvəlki dövrlərdə təbii olaraq əsas
səylərimizi ərzaq təhlükəsizliyi məsələlərinə
yönəltmişdik. Çünki bir neçə il
bundan əvvəl çox böyük problemlərlə
üzləşmişdik. Yəqin ki,
xatırlayırsınız, hətta imzalanmış
kontraktlar da icra edilmirdi. Çünki biz
taxılı, buğdanı idxal edirdik. Ancaq sonra bəzi
ölkələrdə quraqlıq baş verdi,
çətinliklər yaşandı və bizim
kontraktlarımız ləğv edildi.
Bu, bizim üçün çox ciddi bir siqnal idi. Ondan sonra biz qərar
verdik ki, taxılçılığı sürətlə
inkişaf etdirək. İri fermer təsərrüfatları
yaradıldı, məhsuldarlıq artdı, 23 sentnerdən 30
sentnerə qalxdı. İri fermer təsərrüfatlarında
məhsuldarlıq 50-60 sentnerə bərabərdir. Yəni, ərzaq təhlükəsizliyi məsələləri
ön planda idi. Biz indi
özümüzü ətlə təmin edirik. Quş əti ilə tam təmin edirik. Yəni, bu, ərzaq təhlükəsizliyi məsələləri
idi. Ancaq bununla bərabər, indi vaxt gəlib
çatıb ki, texniki bitkilərə də ciddi fikir verilsin.
Xüsusilə nəzərə alsaq ki, neftdən
gələn gəlirlərin həcmi azalıb, biz bu gəlirləri
müəyyən mənada kənd təsərrüfatı məhsullarının
ixracı ilə kompensasiya etməliyik.
Ona görə, torpaqlardan səmərəli şəkildə
istifadə əsas vəzifədir. Bəzi hallarda torpaqlar
zəbt edilib. Minlərlə torpaq sahələri
hasarlanıb. Orada heç bir fəaliyyət
göstərilmir. Mən göstəriş
vermişəm, arayış da hazırlayıb veriblər və
orada dövlət məmurlarının adları da var. Zəbt
edilmiş o torpaqların bir hissəsi onlara məxsusdur. Bu, yolverilməzdir. Torpaqlardan səmərəli
şəkildə istifadə edilməlidir. Əgər səmərəli şəkildə
istifadə edilmirsə, həmin torpaqlar sahibkarlardan və yaxud
da ki digər şəxslərdən alınmalıdır və
o insanlara verilməlidir ki, onlar əkib-becərsinlər.
Ona görə, Prezident Administrasiyasına
göstəriş verildi ki, əkilməyən kənd təsərrüfatı
təyinatlı torpaq olmamalıdır. Yerli
icra orqanları da bu məsələ ilə məşğuldurlar.
İmkanı olan insanlar kənd təsərrüfatına
investisiya qoysunlar ki, ölkəyə də xeyir olsun, özləri
də xeyir götürsünlər.
Taxılçılıqla bağlı. Qeyd etdiyim
kimi, biz hələ ki özümüzü taxılla tam təmin
edə bilmirik. Ancaq mən hesab edirəm
ki, gələcəkdə biz məhsuldarlığın
artırılması hesabına
taxılçılığı inkişaf etdirməliyik.
Biz iri fermer təsərrüfatlarının
timsalında görürük ki, məhsuldarlığı
iki dəfə artırmaq olar. Əgər
Azərbaycanda taxılçılıqda orta məhsuldarlıq
hektardan 50 sentner olarsa, onda bizə yeni torpaq sahələri də
lazım deyil. Biz meliorativ tədbirləri
digər məhsulların yetişdirilməsinə yönəldə
bilərik və beləliklə, ixrac üçün yeni
imkanlar yaranacaq.
Bu il texniki bitkilərin istehsalı ilə
bağlı çox ciddi addımlar atılıb. Bu işdə Prezident Administrasiyasının fəaliyyətini
xüsusi qeyd etməliyəm və yerli icra orqanlarının
rəhbərləri çox səmərəli işlədilər.
Təbii ki, Kənd Təsərrüfatı
Nazirliyi və İqtisadiyyat Nazirliyi bu işlərdə
çox fəal iştirak edirlər. Qısa
müddət ərzində biz bu sahədə çox ciddi
dönüş yarada bilmişik. Burada bəzi
rəqəmlər səsləndi. Mən
bu məsələlərə bir qədər geniş toxunmaq
istəyirəm. Misal üçün,
sovet dönəmində Azərbaycanda baramaçılıq
çox geniş vüsət almışdı. Amma sonra biz gördük ki, bu sahə demək olar
tamamilə dağılıb gedib. Burada qeyd edildiyi kimi, əgər
keçən il ancaq bir rayonda - Şəkidə 200 kiloqramdan
bir qədər çox barama istehsal edilibsə, bu il 25 rayonda
qısa müddətdə 70 ton barama istehsal olunub. Yəni, 45 gün ərzində insanlar dövlətin
dəstəyi ilə halal pul qazanıblar. Minlərlə
insan bu 45 gündə 560 min manat pul alıb və ailəyə
aparıb.
İndi bizim daha da geniş planlarımız var. Biz
artıq bir kiloqram baramaya verilən məbləği də
demək olar ki, üç dəfə
artırmışıq. Əgər əvvəllər bir kiloqrama
3 manat verilirdisə, indi 8 manat verilir. Tut tinglərinin əkilməsi
prosesi sürətlə aparılmalıdır. Mən
maraqlanmışam və verilən məlumata görə, Azərbaycanda
354 min tut ağacı var. Amma bizim planlarımıza görə
payız mövsümündə 1 milyon 600 min tut tingi əkilməlidir.
Bu, nəticə etibarilə barama
istehsalını keçən ildəki 232 kiloqramdan 2019-cu ildə
1300 tona qaldıracaq. Əgər bu il
45 gündə insanlar 560 min manat pul alıblarsa, 2019-cu ildə
10 milyon manat pul alacaqlar. Dövlət, bax, bu
işləri görür və görəcək. Ancaq mən kəndlərdə yaşayan vətəndaşlara
da müraciət edirəm ki, siz də bu işlərə
qoşulun. Bu, həm dövlət, həm
də vətəndaşlar üçün çox
yaxşı qazanc mənbəyi olacaq. Beləliklə,
biz dünya bazarlarına öz ipəyimizlə daha geniş
şəkildə çıxacağıq. Bu, həm Azərbaycanın tanıdılması, həm
ipək kombinatının tam gücü ilə işləməsi,
məşğulluğun artırılması
üçün lazımdır. Eyni
zamanda, insanlar pul qazanacaqlar, dövlət valyuta qazanacaqdır.
Xarici valyuta Azərbaycana gələcəkdir.
Tütünçülüyün
inkişafına da çox böyük maraq var və burada da
cəmi bir il ərzində böyük
işlər görülüb. 2015-ci ildə 1400 hektarda, bu il 2500 hektarda tütün əkilib və bu,
daha da geniş vüsət almalıdır. Tütünçülük
də çox gəlirli sahədir. Əfsuslar
olsun ki, bu sahə uzun illər diqqətdən kənarda
qalmışdır. İndi biz
tütünçülüyü də bərpa edəcəyik.
Ənənəvi bölgələrdə
tütünçülüklə məşğul olanlar da
buna hazır olsunlar. Dövlət öz dəstəyini
verir, verəcək. Eyni zamanda,
tütünün alınması üçün dövlət
öz dəstəyini göstərməlidir və göstərəcəkdir.
Pambıqçılıqla bağlı çox ciddi
addımlar atılıb. Biz pambıqçılığı bərpa
edirik, dirildirik və pambıqçılığın
şöhrətini özünə qaytarırıq. Əfsuslar olsun ki, son illər ərzində bu sahə
də tənəzzülə uğrayıb. Keçən
il 18 min hektardan cəmi 30 min ton pambıq
yığılıb. Cəmi bir neçə ay ərzində
görülmüş tədbirlər nəticəsində biz
52 min hektarda pambıq əkinini təmin etmişik və bu il 100 min ton məhsul gözlənilir. Gələn
il 120 min hektar əkilməlidir. Yeni texnologiyalar, yeni suvarma sistemləri tətbiq
olunacaq. Ona görə, hektardan məhsuldarlıq
indiki 20 sentnerdən minimum 30 sentnerə qalxmalıdır.
Belə olan halda, gələn il minimum 300
min ton pambıq yığılmalıdır. Bu,
ölkəmizə həm valyuta gətirəcək, həm məşğulluğu
təmin edəcək. Sovet dövründə
çalışanlar yaxşı bilirlər ki, o vaxt hər
hektarda minimum 2 nəfər işləyirdi. Əgər hər
hektarda 2 nəfər işləsə, bax bu il 100 min nəfər
işlə təmin olunur, gələn il 250 min nəfər
işlə təmin olunacaq. Ancaq hesab edirəm
ki, biz pambıqçılığı tam bərpa etməliyik.
Gələn il gözlənilən 300 min
ton son hədd deyil, daha da artırmalıyıq. Buna çox böyük maraq var və hazırda 24
rayonda pambıqçılıq inkişaf edir, insanlar
çox razıdırlar, çox böyük minnətdarlıq
bildirirlər. Mən bir daha demək istəyirəm
ki, bu sahə prioritet sahə kimi qalacaq və burada ən
qabaqcıl texnologiyalar tətbiq edilməlidir. Xüsusilə suvarma ilə bağlı tədbirlərin
və meliorativ tədbirlərin görülməsi burada
çox ciddi rol oynayacaq. Bununla bərabər, Maliyyə
Nazirliyinə göstəriş verilmişdir ki, bu il texnikanın alınmasına böyük məbləğdə
vəsait ayrılsın.
Ancaq
texnikanın alınmasına iki il ərzində
360 milyon dollar, bu il isə 170 milyon dollar vəsait xərclənəcək.
Baxmayaraq ki, biz valyutaya qənaət etməliyik,
ancaq bu sahəyə vəsait qoymalıyıq ki, həm məşğulluq
artsın, həm də bu, özünü doğruldacaq.
Çünki satılan məhsul valyuta gətirəcək
və beləliklə, bütün borclar bağlanacaq. Əlbəttə ki, texnikanın alınmasına sərf
edilən vəsait də dövlətə qayıdacaqdır.
Digər kənd təsərrüfatı məhsullarının
istehsalı ilə maraqlananda maraqlı bir mənzərə
ortaya çıxır. Məlumdur ki, ən çox valyuta gətirən
məhsullardan biri də fındıqdır. Ancaq qeyd etməliyəm ki, dövlət
fındıqçılığın inkişafına o qədər
də böyük dəstək verməyib. Keçən
il fındığın ixracından Azərbaycana
90 milyon dollar vəsait gəlib. Fındıqdan
sonra ən çox valyuta gətirən məhsul xurmadır.
Yəni, bütün bunları biz bilməliyik və
bu sahələrə çox ciddi dövlət dəstəyi
verilməlidir. Ona görə, mən Prezident
Administrasiyasına, Kənd Təsərrüfatı Nazirliyinə,
İqtisadiyyat Nazirliyinə, digər aidiyyəti qurumlara
göstəriş verirəm ki, bu sahələrdə çox
ciddi dövlət dəstəyi olmalıdır və beləliklə,
biz yığılan məhsulun həcmini
artırmalıyıq. Fındıq
istehsalında Azərbaycan dünya miqyasında
3-cü-4-cü yerdədir. Bizim məhsulumuza
çox böyük tələbat var. Təkcə şimal-qərb
zonasında deyil, bir çox rayonlarda fındıq istehsalı
mümkündür. Ona görə,
bütün rayonlar üzrə araşdırmalar
aparılmalıdır, harada münbit iqlim şəraiti var
dövlət burada çox ciddi dəstəyini göstərməlidir
ki, fındıqçılıq sürətlə inkişaf
etsin və insanlar daha çox pul qazansınlar.
Hazırda Azərbaycanda istixanaların tikintisi çox
geniş vüsət alıb. Bu da çox sevindirici
haldır. İş adamları buna
böyük vəsait qoyurlar. Dövlət
də öz dəstəyini verir və bu, bizim ixrac
potensialımıza çox müsbət təsir göstərir.
Burada kənd təsərrüfatı naziri qeyd
etdi ki, qiymətlər aşağı düşür, eyni
zamanda, kənd təsərrüfatı məhsullarının
ixracı 27 faiz artıb. Bu, çox
böyük rəqəmdir. İdxal da
azalıb.
İdxal, məncə, ümumiyyətlə, bir
anlayış kimi olmamalıdır. Ancaq indi biz yəqin
ki, idxala çeşidlərin müxtəlifliyinə görə
yol verməliyik. Çünki bəzi
insanlar xarici mallara öyrəşib, onları daha çox
üstün tutur. Ona görə, biz
idxalı dayandıra bilmərik. Ancaq gömrük
rüsumları elə tətbiq edilməlidir ki, yerli məhsullara
hər kəs üstünlük versin. Birincisi,
yerli məhsullardan əldə edilən vəsait Azərbaycanda
qalır. İkincisi, yerli məhsul keyfiyyətlidir.
Orada heç bir kimyəvi, yaxud da ki, insan
orqanizmi üçün təhlükəli maddələr
yoxdur. Xarici məhsulların bəzilərində,
əfsuslar olsun ki, belə maddələr var. Yerli istehsalı
sürətləndirmək, artırmaq üçün, əlbəttə,
biz tənzimləyici tədbirlər də görməliyik.
Ümumiyyətlə, Azərbaycan kimi ölkədə kənd
təsərrüfatı məhsullarının idxalı mənə
bir az qəribə görünür. Ona görə, biz həm keyfiyyətli məhsul
yetişdirməliyik, həm özümüzü tam təmin
etməliyik və əlbəttə ki, daxili
bazarımızı qorumalıyıq.
Burada kənd təsərrüfatı naziri qeyd etdi ki,
heyvandarlığın inkişafı da yeni mərhələyə
qədəm qoyur, yeni yanaşma tətbiq edilir. Biz əvvəlki
illərdə cins mal-qaranı alırdıq, fermerlərə
paylayırdıq. Bunun müsbət təsiri
olmuşdur, çünki cins mal-qaranın məhsuldarlığı
əlbəttə ki, daha da yüksəkdir. Həm südlük, həm ətlik mal-qaranın gətirilməsi
də çox müsbət təsir göstərmişdir.
İndi biz yeni dövrə keçirik,
mövcud mal-qaranın cinsini süni mayalanma yolu ilə
yaxşılaşdıracağıq. Buna bir neçə
il vaxt lazım olacaq. Bütün
lazımi tədbirlər görülüb və qeyd
olunduğu kimi, Prezidentin ehtiyat fondundan həm bu sahəyə,
həm toxumçuluğa kifayət qədər böyük vəsait
ayrılıb. Əminəm ki, burada da
çox ciddi irəliləyiş olacaqdır. Burada biz bir neçə məqsədi
güdürük. İlk növbədə,
bundan sonra da tam şəkildə özümüzü ətlə,
südlə və süd məhsulları ilə təmin edəcəyik.
İkinci vəzifə - bizdə ixrac
potensialı yaranır. Üçüncüsü,
biz artıq örüş torpaqlarından digər bitkiləri
yetişdirmək üçün istifadə edəcəyik.
Çünki hər qarış torpaq bizim
üçün qiymətli olmalıdır. Yenə də qayıdıram əvvəlki fikrimə
ki, torpaqlardan səmərəsiz istifadəyə yol verilməməlidir.
Ona görə, heyvandarlığın müasir
yollarla inkişafı bitkiçiliyə də çox
müsbət təsir göstərəcək. Bitkiçilik üçün nəzərdə
tutulacaq o torpaqlarda əlbəttə ki, meliorativ tədbirlər
də paralel şəkildə aparılmalıdır. Bu il Prezidentin ehtiyat fondundan subartezian quyuların
qazılmasına vəsait ayrılıb. Bu, kəndliləri həm
içməli su ilə təmin edir, həm də ki, bunun əkin
sahələrinə də faydası var. Bu il
qazılacaq subartezian quyuların hesabına 3 min hektar
torpağın suvarılması təmin ediləcək. Biz bu yolla getməliyik və Dövlət
İnvestisiya Proqramında meliorativ tədbirlərin
görülməsinə bundan sonra da vəsait
ayrılmalıdır. Əgər lazım olarsa, biz bu il də bu məsələyə
baxmalıyıq. Çünki bizim həm
büdcəmizdə vəsait var. Eyni zamanda, Dövlət Neft
Fondunda manat vəsaiti var. Dövlət Neft Fondu bazarda dollar
satır. İndi manat ehtiyatı
yaranıb. Qoy hökumət təklif versin
biz bu vəsaitdən necə istifadə edək ki, lazım
olan tədbirləri həll edək və vaxt itirməyək.
Azərbaycanda aqroparkların yaradılması
başlayıb, həm Yalamada, həm Şəmkirdə. Bu,
yaxşı haldır, amma bu, azdır. Bütün
bölgələrdə bir neçə aqropark
yaradılmalıdır. Bunun çox
böyük mənası, faydası var. Hesab edirəm ki,
İqtisadiyyat Nazirliyi kreditlərin verilməsində bu məsələni
diqqətdə saxlamalıdır. Kənd Təsərrüfatı
Nazirliyi və sahibkarlar da bu işlərə qoşulsunlar.
Düzdür, aqroparkların yaradılması
böyük vəsait tələb edir, ancaq burada sahibkarlar
kooperasiya edə, konsorsium yarada bilərlər. Çünki bu, daha mütərəqqi
yanaşmadır. Yalamada aqroparkın
yaradılması artıq başa çatmaq üzrədir.
Şəmkirdə də işlər qrafik
üzrə gedir.
Sahibkarlığın inkişafına dövlət
bundan sonra da öz dəstəyini verəcək. Bu il
sahibkarlara güzəştli şərtlərlə 73 milyon
manat kredit verilib. Bu vəsaitin 77 faizi əvvəlcə
verilmiş kreditlərin qaytarılması hesabına verilib.
Bu da çox müsbət haldır, dövlət büdcəsinə
daha az yük düşür və kreditlərin
80 faizi aqrar sektora verilib. Bu da bizim siyasətimizi
əks etdirir. Kreditlərin 74 faizi regionlara
verilir. Regional inkişaf proqramının
icrası sürətlə davam etdirilir.
Biz indi çox güclü qeyri-neft ixracı
potensialı yaradırıq və eyni zamanda, institusional tədbirlər
də görülür və görülməlidir ki, biz
ixracı stimullaşdıraq, sahibkarlar xaricə daha çox məhsul
satmaqda maraqlı olsunlar. Bu məqsədlə təşviq mexanizmi
artıq tətbiq olunur. Mən əminəm
ki, bunun çox müsbət təsiri olacaq və sahibkarlar da
bundan istifadə edəcəklər. Yəni,
bir sözlə, dövlət həm əkin sahələrinə,
həm yanacağa, həm gübrəyə subsidiyalar,
sahibkarlara aşağı faizlə güzəştli şərtlərlə
1 milyard manatdan çox kreditlər verir. Dövlət
sahibkarlara tövsiyələr verir, metodik sənədlər təqdim
edir ki, onlar öz biznesini necə qursunlar. Dövlət
kənd təsərrüfatı texnikasını alır,
aqrolizinq yolu ilə fermerlərə verir, gübrə zavodunu
tikir, - indi pestisid zavodunun tikintisi də nəzərdə
tutulur, - suvarma işlərini təmin edir, yüz milyonlarla,
milyardlarla manat dəyərində olan böyük Şəmkirçay,
Taxtakörpü su anbarlarını yaradır, dağ
çaylarının kanallar vasitəsilə bu anbarlara
qoşulmasını təmin edir. Eyni
zamanda, dövlət fermerlərdən xaricə göndərmək
üçün yardım formasında məhsulu almağa da
hazırdır.
Yəni, dövlət hər şey edir. Hansı
başqa ölkədə fermerlərə bu qədər dəstək
göstərilir?! Fermerlər vergilərdən
ancaq torpaq vergisi verirlər, bütün başqa vergilərdən
azaddırlar. Yəni, ikinci belə ölkə
tapmaq mümkün deyil ki, dövlət bu qədər dəstək
göstərir. Əlbəttə ki, biz nəticə
gözləyirik. Nəticə də elə
fermerlərin xeyridir. Qoy, onlar daha da yaxşı
yaşasınlar, daha da çox pul qazansınlar, iş
görsünlər, investisiya qoysunlar və ixrac
potensialımızı artırsınlar. Əminəm
ki, biz bu yolla Azərbaycanı müasir kənd təsərrüfatı
məhsullarının ixracını təşkil edən bir
ölkə kimi dünyada təqdim edəcəyik. Əlbəttə ki, biz yeni bazarlara
çıxmalıyıq. Ənənəvi
bazarlar var, çox yaxşıdır. Biz
çalışmalıyıq ki, inkişaf etmiş ölkələrin
bazarlarına çıxaq. Buna da nail
olmaq üçün əlbəttə ki, keyfiyyət və
standartlaşma ən yüksək səviyyədə
olmalıdır.
Valyuta gətirən sahələrdən biri də
turizmdir. Biz burada da çox böyük nəticələr
gözləyirik. Xüsusilə nəzərə
alsaq ki, son illər ərzində Azərbaycanın dünyada
tanıdılması istiqamətində çox böyük
işlər görülüb. Azərbaycanda
dünyanın diqqətini cəlb edən beynəlxalq tədbirlər
keçirilir. Misal üçün, bu il
BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu
keçirilmişdir. Dünya miqyaslı tədbirdir.
Bir neçə il bundan əvvəl
“Eurovision”, keçən il Avropa Oyunları böyük
marağa səbəb olmuşdur. Yəni, Azərbaycanı
artıq tanıyırlar. Əlbəttə
ki, ölkəmizin tanıdılmasında Formula-1
yarışının xüsusi yeri var. Çünki bu
yarışın auditoriyası 500 milyon insandır. Formula-1 yarışı futbol üzrə dünya
çempionatı və Yay Olimpiya Oyunlarının səviyyəsində
olan tədbirdir, onlardan geri qalmır. Əgər
dünya çempionatı və Olimpiya Oyunları bir şəhərdə
bir dəfə keçirilirsə, yaxud da ki, indi bəlkə də
əlli ildə iki dəfə keçirilirsə, Formula-1
yarışı Azərbaycanda ən azı bundan sonra dörd
il keçiriləcəkdir. Bizim
üstünlüyümüz ondan ibarətdir ki, bu, şəhər
yarışıdır və Bakının gözəlliyi 500
milyon insan üçün artıq təqdim olunub.
Bu, turizmin inkişafına çox böyük təkan
verəcək və verməlidir. Biz də buna hazır
olmalıyıq. Bu tədbirləri biz
keçiririk. Ölkəmizi dünyada
tanıtdırmaq üçün tədbirlər
görülür. Biz vizalarla bağlı
problemləri də bu yaxınlarda aradan
götürmüşük. “ASAN viza” xidməti
yaradılır. Üç gün ərzində
Bakıya turist kimi gəlmək istəyən heç bir maneəsiz,
problemsiz və başqa bir iddiasız vizanı alıb gələcək.
Əsas məsələ turizm sənayesini yaratmaqdır
- həm daxili turizm, həm də xarici qonaqları qəbul etmək
üçün. Bizim gözəl iqlimimiz, yay aylarında Xəzər
sahili, qış aylarında dağlar, xizək kurortları
var. Bizim çoxlu tarixi abidələrimiz var. Nəinki
Bakıda, bütün bölgələrdə müasir
infrastruktur, otellər, yollar var. Ona görə bu istiqamətdə
görüləsi işlər hələ çoxdur.
Mən
“ASAN viza”nı qeyd etdim. Qeyd
etməliyəm ki, “ASAN xidmət” mərkəzlərinə bu
illər ərzində 10 milyon müraciət olub. Bu 10 milyon müraciət artıq özlüyündə
bir göstəricidir. Mən bunu şərh
etmək istəmirəm. Hamımız
yaxşı bilirik ki, “ASAN xidmət”lərdə ən yüksək
səviyyədə xidmət göstərilir. Bürokratiya, süründürməçilik,
rüşvət almaq yoxdur. Təmiz, şəffaf,
mədəni xidmət göstərilir. Bu,
ictimai xidmətlər sahəsində bir inqilab olub.
Artıq 9 mərkəz yaradılıb, beşi Bakıda,
dördü bölgələrdə - Sumqayıtda, Gəncədə,
Sabirabadda və Bərdədə. Bu il iki yeni mərkəz
yaradılacaq - Masallıda və Qəbələdə. On səyyar avtobus fəaliyyət göstərir.
Artıq yeni bir layihə - “ASAN qatar” sistemi də
fəaliyyətə başlayacaq, yəni, qatarlar vasitəsilə
xidmət göstəriləcək.
Ümumiyyətlə, bu sahədə aparılan islahatlar
öz səmərəsini verir. Korrupsiyaya, rüşvətxorluğa
qarşı mübarizə öz nəticəsini verir. Həm inzibati tədbirlər, cəza tədbirləri
və struktur xarakterli tədbirlər də görüləcək.
Mən bir rəqəmi də ictimaiyyətin diqqətinə
çatdırmaq istəyirəm. Bildiyiniz kimi,
yoxlamalarla bağlı mənim çox ciddi
tapşırıqlarım olmuşdur. Bu
yoxlamalar insanları demək olar ki, bezdirmişdi, imkan vermirdi
ki, sahibkarlar rahat nəfəs alsınlar. Çox
ciddi göstərişlər, tapşırıqlar
verilmişdir. Bu ilin altı ayında vergi
yoxlamaları istisna olmaqla cəmi 56 yoxlama
keçirilmişdir. Müqayisə üçün
deyim ki, keçən il 40 min yoxlama
keçirilmişdir. Baxın, 40 min və 56.
Burada da heç bir şərhə ehtiyac yoxdur.
Bax, belə olmalıdır. Amma
bu 40 min yoxlamanın arxasında nələr dayanır?! Bunu bu yoxlamalara məruz qalmış insanlar
yaxşı bilirlər. Biz onların
canını bu işlərdən qurtardıq.
Ona görə, hər bir sahədə belə
olmalıdır. Şəffaflıq, dürüstlük, təmizlik - bu,
norma olmalıdır. Mən
indi bunu, sözün düzü, qürur hissi ilə qeyd edirəm.
Amma bu, norma olmalıdır. Norma bu
olmalıdır, 40 min yoxlama norma
olmamalıdır.
Bu il daha bir ciddi sosial təşəbbüs irəli
sürüldü. Aztəminatlı ailələr
üçün ucuz mənzillərin inşası prosesi
artıq başlayır. Mənzil
İnşaatı Dövlət Agentliyi - MİDA
yaradıldı. İndi təşkilati məsələlər
öz həllini tapmaqdadır. Torpaq sahələri
ayrılır və tezliklə MİDA öz işinə
başlamalıdır, mənzillər tikilməlidir. Bu mənzillər uzunmüddətli güzəştli
şərtlərlə aztəminatlı vətəndaşlara
veriləcək. Bu, çox ciddi sosial təşəbbüsdür.
Bu, geniş vüsət almalıdır. Hər bir bölgədə, hər bir rayonda buna
ehtiyac var. Eyni zamanda, bu təşəbbüs, bu layihə
inşaat sektoruna da çox ciddi təsir göstərəcək.
Çünki inşaat sektorunda çox böyük geriləmə
var və iş yerlərinin itirilməsi də məhz
inşaat sektorunda baş vermişdir.
Ona görə geniş tikinti layihələri gözlənilir. Bunun çox müsbət təsiri olacaq, məşğulluq artacaq və inşaat materialları sektoru da canlanacaq. Ona görə o sahibkarlar da buna hazır olmalıdırlar. Bu, uzunmüddətli bir layihədir. Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti bu il başlayır və davam edəcək. Ona görə bütün inşaat materialları Azərbaycanda istehsal olunmalıdır. Onların böyük hissəsi istehsal olunur. Ancaq indi həcm, tələbat artacaq. Özəl sektor da hazır olsun və öz işlərini elə qursun ki, bizim bu inkişaf planlarımızı təmin edə bilsin. Yoxsa, belə olmasa, onda biz gərək inşaat materiallarını xaricdən alaq. Ona da əlbəttə ki, biz getmək istəmirik.
Bu ilin əvvəlindən infrastruktur layihələri
icra edilir. Qeyd
etməliyəm ki, magistral yollarda işlər gedir. Gəncə-Gürcüstan
sərhədi yolu dörd zolağa çevrilir. Genişlənmə işləri gedir. Bu il Rusiya sərhədinə qədər magistral
yolda böyük işlər görülməlidir. Bizim qurumlar çalışmalıdırlar ki, bu
yolu da başa çatdırsınlar. Bakı-Şamaxı
yolunun dörd zolağa çevrilməsi prosesi gedir və
Bakı-İran sərhədi magistral yolunda da tikinti işləri
davam edir.
Bununla bərabər, kənd yollarının tikintisi çox sürətlə aparılır. Bu məqsədlər üçün dövlət büdcəsindən 200 milyon manat vəsait ayrılıb. Təxminən 60-70 kənd yolu layihəsi o cümlədən Bakı qəsəbələrində icra edilir və ediləcək. Bunun da çox böyük təsiri olacaq. Həm infrastruktur yaradılır, həm də iş yerləri. Bu layihələrdə on minlərlə insan işlə təmin edilir. Bu proses gələn il də davam etdiriləcək. Artıq yəqin ki, bir neçə aydan sonra gələn ilin layihələri mənə təqdim edilməlidir.
İçməli su layihələrinin
icrası bütün ölkəmizdə aparılır. Bir çox
rayonlarda artıq bu, həll olunub. Hər bir rayon mərkəzində
içməli su və kanalizasiya layihəsi tam icra edilməlidir.
Qarşımızda duran əsas vəzifələr
bundan ibarətdir. Mən bir daha demək istəyirəm ki,
2016-cı ilin birinci yarısının yekunları məni
qane edir. Biz böhran şəraitində
inkişaf edirik. Əsas məsələ
ondan ibarətdir ki, bizim hər bir sahədə çox
aydın proqramlarımız var. Hələ bir çox sahələr
var ki, sadəcə olaraq, vaxt yoxdur bu barədə
danışım. Amma hər bir sahədə
konkret proqramlar var. Amma gələcək fəaliyyətimiz
üçün əsas sənaye istehsalı və kənd təsərrüfatıdır.
Əminəm ki, verdiyim bütün tapşırıqlar yerinə
yetiriləcək, biz bu ili də uğurla
başa vuracağıq. Sağ olun.
AZƏRTAC
Azərbaycan.- 2016.- 12 iyul.- S. 3, 4.