İlham Əliyevin “böhran şəraitində
inkişaf” modeli
Uğurla icra edilən bu yüksəliş
strategiyasının təməlində
düşünülmüş siyasət, düzgün
aparılan islahatlar və ölkənin gələcəyi ilə
bağlı mükəmməl proqramlar dayanır
Prezident
İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər
Kabinetinin iclasları ənənəvi olaraq ölkənin
xeyli müddət davam edən əsas gündəm mövzusu,
həmçinin beynəlxalq mərkəzlərin və xarici
mətbuatın xüsusi diqqət ayırdığı məqam
olur. Çünki bu, adi iclas deyil, əslində, dövlət
başçısının və onun komandasının fəaliyyət
hesabatı, eyni zamanda qarşıdakı dövrlə
bağlı perspektiv planların bəyanıdır.
Vətəndaşlarımız
məmləkətin sosial-iqtisadi durumunu, sabaha ümidləri
daha da artıran uğur nəticələrini öyrənir,
iqtidarın fəaliyyətinin bütün aspektlərindən
xəbərdar olur. Ölkə xaricindəki böyük maraq
da anlaşılandır: bölgənin liderliyindən qlobal
iqtisadi-siyasi məkanın nüfuzlu aktoruna çevrilən Azərbaycan
liderinin hər bir bəyanatı regionun sərhədlərini
aşan böyük bir geosiyasi arealda mühüm mesaj kimi qəbul
edilir.
Qlobal böhran - milli inkişaf
2016-cı
ilin birinci yarısının sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunan Nazirlər Kabinetinin iclası da bu kontekstdə
mühüm əhəmiyyət kəsb edir. Müşavirədə
səslənən fikirlər, faktlar, rəqəmlər hər
biri ayrılıqda nailiyyət göstəricisi olmaqla
yanaşı, həm də fəaliyyətin düzgün
istiqamətdə icra edildiyini və son dövrlərdə
geniş miqyas alan islahatların artıq ilkin uğur nəticələrinin
əldə olunduğunu təsdiq etdi.
Əgər
bütünlüklə ötən ilin, həmçinin cari
ilin birinci rübünün sosial-iqtisadi yekunlarında göstəricilərin
o qədər də müsbət olmadığını və
milli iqtisadiyyatımızda qlobal böhranın mənfi fəsadlarının
daha çox müşahidə edildiyini görürdüksə,
son altı ayın müvafiq nəticələri daha təqdirəlayiq
və nikbindir. Konkret desək, artım dinamikası
bütün sahələrdə özünü göstərir.
Prezident bu dövrü “ölkə qarşısında duran
bütün vəzifələrin uğurla icra olunduğu, Azərbaycanın
inamla inkişaf etdiyi” mərhələ kimi səciyyələndirdi.
Bir
vacib məqama diqqət yetirək. Əvvəlki illərdə
İlham Əliyevin müəllifi olduğu
“İnkişafın Azərbaycan modeli” adlı milli strategiya
beynəlxalq iqtisadi mərkəzlər tərəfindən
birmənalı qəbul olunaraq müsbət rəy alır və
nümunə kimi göstərilirdisə, postneft dövrü
dediyimiz mövcud durumda ölkəmiz yeni bir inkişaf
platforması nümayiş etdirir.
Prezident
müəllifi olduğu yeni modelin adını da tam doğru
müəyyənləşdirdi: Böhran şəraitində
inkişaf!
Qlobal
böhranın fəsadlarının milli iqtisadiyyatları
get-gedə daha ağır sınaqlar qarşısında
qoyduğu, böyük böhranlara rəvac verdiyi bir zamanda Azərbaycan
inkişafın yeni mərhələsinə qədəm qoyur.
Beynəlxalq miqyasda iqtisadi göstəricilər “enmə”,
“azalma”, “mənfi” ifadəlidirsə, Azərbaycanda əksinə
- sosial-iqtisadi durumun mahiyyətini artıq “artım”, “yüksəlmə”,
“müsbət” terminləri əks etdirir.
Postneft
dövrünün kəskin müdaxilələrinə və
beynəlxalq maliyyə-iqtisadi böhranın sərt təsirlərinə
baxmayaraq, Azərbaycan
iqtisadiyyatının artıq çətin dövrdən
çıxdığını demək olar. Nəzərə
alaq ki, ötən dövrün itkiləri düzgün
yürüdülən iqtisadi islahatlar nəticəsində
gözlənildiyi kimi böyük olmadı və ən əsası,
azalmadan-çoxalmaya, mənfidən-müsbətə
keçidi qısa müddətdə təmin etdi. Prezident bu
uğurun təməlində dayanan amilləri belə müəyyənləşdirdi:
düşünülmüş siyasət; düzgün
aparılan islahatlar; ölkənin gələcəyi ilə
bağlı mükəmməl proqramlar.
“Böhran
şəraitində inkişaf!” modeli Prezident İlham
Əliyevin milli yüksəliş kursunun yeni mərhələsinin
ümumiləşdirilmiş adıdır və indi onun tədqiqatçılar
tərəfindən dərindən
araşdırılmasına ciddi ehtiyac var.
Yoxlamalar 714 dəfə azalıb,
iqtisadiyyata 6,3 milyard dollar sərmayə qoyulub
Prezidentin
nitqi həm də iqtidarın öz fəaliyyətində
şəffaflığa və xalq qarşısında
hesabatlılığa necə böyük önəm verdiyini
bir daha göstərdi. Vətəndaşların bugündən
narahat olmamağa, sabaha isə daha nikbin baxmağa yetərincə
əsası var.
Ölkə
rəhbərinin uğur hesabatı kimi qəbul edə biləcəyimiz
ötən altı ayın əsas faktlarını qısaca
ümumiləşdirsək:
* iqtisadiyyata
6,3 milyard dollar sərmayə qoyulub;
*
iqtisadiyyatın əsas sahələrində yüksəliş
var: qeyri-neft sənayesi 2,4 faiz, kənd təsərrüfatı
3,1
faiz artıb;
*
yoxlamalar 714 dəfə azalaraq 40 mindən 56-ya
düşüb;
* 78
mini daimi olmaqla 90 min iş yeri açılıb;
*
sahibkarlara 73 milyon manat kredit verilib;
*
maaşlar, pensiyalar 10 faiz, gömrükdən daxilolmalar 17
faiz, vergidən isə 2 faiz artıb;
*
yüz mindən çox ailəyə sosial yardım
ayrılıb;
naztəminatlı
ailələrə ucuz mənzillərin inşası prosesinə
başlanılıb;
* kənd
yollarının tikintisi üçün 200 milyon manat
ayrılıb və s.
Prezident
eyni zamanda qarşıya da mühüm vəzifələr
qoydu, daha doğrusu, davam edən islahatların, proseslərin nəzərdə
tutulduğu kimi yekunlaşmasına qəti tapşırıq
verdi:
*
bütün sahələrdə islahatlar dərinləşməli,
şəffaflıq təmin edilməli, nəzarət daha da
gücləndirilməlidir;
* Azərbaycan
nəinki regional, dünya miqyaslı nəqliyyat mərkəzlərinin
birinə çevrilməlidir;
*
iqtisadi potensialı müəyyən edən orta və
kiçik sahibkarlığın inkişafı
üçün əlavə tədbirlər görülməlidir;
*
yeni sənaye mərkəzləri və müəssisələri
açılmaqla özümüzü bütün sənaye məhsulları
ilə təmin etməli və çox ciddi ixrac potensialı
yaratmalıyıq;
* ərzaq
təhlükəsizliyinin təmini və aqrar sektorun daha
sürətli inkişafı üçün taxılçılıq,
pambıqçılıq, baramaçılıq,
tütünçülük, fındıqçılıq,
heyvandarlıq və bu kimi digər sahələrə dövlət
qayğısı davam etməli, yeni texnologiyaların tətbiqini
genişləndirməli, nəticə
etibarilə kənd təsərrüfatında idxala son
qoyulmalıdır və s.
Ali Baş Komandan Qarabağdakı
22 illik status-kvonu dəyişdirdi
Xarici
siyasət və Dağlıq Qarabağ probleminin nizamlama
prosesində ötən altı ay xüsusi əlahiddəliyi
ilə fərqlənib. Əvvəla, son 22 ildə toxunulmaz
qalan status-kvo Azərbaycan əsgərinin şücaəti ilə
dəyişib və ordumuz tarixi qələbə əldə
edib. Həmçinin münaqişənin həlli prosesi
çərçivəsində aparılan
danışıqlar yeni mərhələyə qədəm
qoyub, Prezident Vyana və Sankt-Peterburq
danışıqlarına qatılıb.
İlham
Əliyev Nazirlər Kabinetinin iclasında Ali Baş Komandan kimi
sərt bəyanat verdi, əslində isə Ermənistana
sonuncu xəbərdarlığını etdi: yaranmış əlverişli
situasiyadan istifadə edərək, təcavüzkar dövlət
mərhələli həll variantına sadiq qalaraq əraziləri
boşaltmalıdır, yoxsa, son sözü diplomatlar yox, Ali
Baş Komandanın timsalında Azərbaycan əsgəri deyəcək!
Ötən
altı ayda Azərbaycan Prezidenti 6 beynəlxalq sammitdə
iştirak edib, bundan əlavə 6 ölkəyə səfərə
gedib. Həmçinin 10-dan artıq dövlət və
hökumət başçısı respublikamıza səfər
edib.
6 ay
öncə Prezident 2016-cı ilin “dərin islahatlar ili”
olacağına əminliyini ifadə etmişdi. Ötən
müddət bu əminliyin gerçəkləşməsinə
hər sahədə əsas yaratdı. İki gün öncə
isə İlham Əliyev cari ilin ötən
dövrünün yekunlarından razı
qaldığını ifadə etməklə
qarşıdakı mərhələdə uğurların
artacağına inandığını söylədi. Bu
inamın da reallaşacağına heç bir şübhə
yoxdur.
Qlobal
böhranda milli inkişafa nail olan Azərbaycan və onun
lideri, şübhəsiz ki, daha böyük nailiyyətlərə
müəlliflik edəcək!..
İxtiyar HÜSEYNLİ,
Azərbaycan.- 2016.- 12 iyul.- S. 1.