Antidempinq,
kompensasiya və mühafizə tədbirləri haqqında
Azərbaycan
Respublikasının Qanunu
Bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 25-ci və 26-cı bəndlərinə uyğun olaraq Azərbaycan Respublikasında iqtisadi maraqların müdafiəsi məqsədi ilə yerli istehsal sahəsinə zərər vuran və ya zərər vurma təhlükəsi yaradan dempinqli, subsidiyalaşdırılmış və ya artmış idxala qarşı antidempinq, kompensasiya və mühafizə tədbirlərinin tətbiqi qaydalarını tənzimləyir.
FƏSİL 1
ÜMUMİ
MÜDDƏALAR
Maddə 1.
Əsas anlayışlar
1.0. Bu qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir:
1.0.1. adi ticarət dövriyyəsi - malın mənşə və ya ixrac ölkəsinin daxili bazarında orta istehsal, orta ticarət, inzibati və ümumi xərclərinə əsaslanmaqla müəyyən olunan orta dəyərindən aşağı olmayan qiymətə alqı-satqısı;
1.0.2. antidempinq rüsumu - yerli istehsal sahəsinə zərər vuran dempinqli idxalla bağlı tətbiq edilən gömrük rüsumunun növü;
1.0.3. antidempinq tədbiri - yerli istehsal sahəsinə zərər vuran dempinqli idxala qarşı antidempinq, müvəqqəti antidempinq rüsumlarının tətbiqi və (və ya) ixracatçının qiymət öhdəliklərinin qəbulu formasında həyata keçirilən tədbir;
1.0.4. araşdırma orqanı - antidempinq, kompensasiya və mühafizə tədbirləri üzrə araşdırmanı həyata keçirən müvafiq icra hakimiyyəti orqanı;
1.0.5. birbaşa rəqabətli mal - təyinatına, istifadəsinə, keyfiyyət və texniki xassələrinə görə istehlak prosesində digər mal ilə əvəz edilən (edilə bilən) mal;
1.0.6. dempinqli idxal - malın normal dəyərindən aşağı qiymətə Azərbaycan Respublikasının gömrük ərazisinə (bundan sonra - gömrük ərazisi) idxal edilməsi;
1.0.7. dempinq marjası - araşdırılan malın ixrac qiyməti və normal dəyəri arasında faizlə ifadə olunan fərq;
1.0.8. xüsusi rüsum - malın idxalının artmış həcmi və şərtləri yerli istehsal sahəsinə zərər vurduqda, belə idxalla bağlı tətbiq edilən gömrük rüsumunun növü;
1.0.9. idxal kvotası - malın gömrük ərazisinə idxalının kəmiyyət və (və ya) dəyər hədləri ilə məhdudlaşdırılması;
1.0.10. kompensasiya rüsumu - yerli istehsal sahəsinə zərər vuran subsidiyalaşdırılmış idxalla bağlı tətbiq edilən gömrük rüsumunun növü;
1.0.11. kompensasiya tədbiri - subsidiyalaşdırılmış idxala müvəqqəti kompensasiya rüsumunun, kompensasiya rüsumunun tətbiqi və (və ya) subsidiya verən ixracatçı dövlətin və ya onların ittifaqının (bundan sonra - xarici dövlətin) səlahiyyətli orqanı və ya ixracatçının öhdəliklərinin qəbulu formasında həyata keçirilən tədbir;
1.0.12. malın ixrac qiyməti - bu qanunun 5.9-cu maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, araşdırılan malın gömrük ərazisinə idxal olunduğu qiymət;
1.0.13. maraqlı tərəflər - ixracatçı, xarici istehsalçı, araşdırılan malın idxalatçısı və ya üzvlərinin əksəriyyəti araşdırılan malın istehsalçısı, ixracatçısı və ya idxalatçısı olan ticarət və ya sahibkarlıq subyektlərinin ittifaqları; araşdırılan malın ixracatçı və ya istehsalçı ölkəsinin səlahiyyətli orqanı; oxşar malın gömrük ərazisindəki istehsalçısı və ya üzvlərinin əksəriyyətini oxşar malın gömrük ərazisindəki istehsalçıları təşkil edən ticarət və ya sahibkarlıq subyektlərinin ittifaqları;
1.0.14. mühafizə tədbirləri - gömrük ərazisinə artmış idxala qarşı xüsusi rüsumun, müvəqqəti xüsusi rüsumun və (və ya) idxal kvotasının tətbiqi formasında həyata keçirilən tədbirlər;
1.0.15. normal dəyər - oxşar malın mənşə və ya ixrac ölkəsinin daxili bazarında adi ticarət dövriyyəsindəki satış qiyməti;
1.0.16. oxşar mal - mənşə ölkəsindən asılı olmayaraq araşdırılan malla xassələrinə görə eyni və ya yaxın olan mal;
1.0.17. subsidiyalaşdırılmış idxal - istehsalı, ixracı və ya daşınması zamanı bu qanunun 10-cu maddəsinə uyğun olaraq xarici dövlətin spesifik subsidiyasının istifadə olunduğu malın gömrük ərazisinə idxalı;
1.0.18. yerli istehsal sahəsi - antidempinq və ya kompensasiya tədbirlərinin tətbiqi ilə bağlı araşdırma zamanı oxşar malların, mühafizə tədbirlərinin tətbiqi ilə bağlı araşdırma zamanı oxşar və (və ya) birbaşa rəqabətli malların Azərbaycan Respublikasındakı bütün istehsalçıları və ya belə malların yerli istehsalının əsas hissəsini təşkil edən istehsalçılar;
1.0.19. yerli istehsal sahəsinə vurulan zərər - antidempinq və kompensasiya tədbirləri ilə bağlı araşdırmanın məqsədləri üçün yerli istehsal sahəsinə maddi zərər vurulması, yerli istehsal sahəsinə maddi zərərin vurulması təhlükəsi və ya yerli istehsal sahəsinin yaradılmasının mühüm dərəcədə ləngiməsi, mühafizə tədbirləri ilə bağlı araşdırmanın məqsədləri üçün yerli istehsal sahəsinə ciddi zərər vurulması və ya ciddi zərərin vurulma təhlükəsi;
1.0.20. yerli istehsal sahəsinə vurulan ciddi zərər - idxal həcminin artması nəticəsində gömrük ərazisində oxşar və ya birbaşa rəqabətli malların istehsalı ilə əlaqədar vəziyyətin ümumi pisləşməsi ilə müşahidə olunan yerli istehsal sahəsində istehsal, ticarət və maliyyə vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi;
1.0.21. yerli istehsal sahəsinə vurulan maddi zərər - dempinqli və ya subsidiyalaşdırılmış idxal nəticəsində gömrük ərazisində oxşar malların istehsalının və satış həcminin azalması, bu cür mal istehsalının gəlirliliyinin aşağı düşməsi, əmtəə ehtiyatlarına, məşğulluğa, istehsalın bu sahəsində əməkhaqqının səviyyəsinə və qoyulan investisiyanın həcminə mənfi təsir göstərməsi ilə müşahidə olunan və sübutlarla təsdiqlənmiş yerli istehsal sahəsinin vəziyyətinin pisləşməsi;
1.0.22. yerli istehsal sahəsinə ciddi zərər vurulma təhlükəsi - yerli istehsal sahəsinə ciddi zərər vurulmasının qaçılmaz olması;
1.0.23. yerli istehsal sahəsinə maddi zərər vurulma təhlükəsi - yerli istehsal sahəsinə maddi zərər vurulmasının qaçılmaz olması.
Maddə 2. Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
2.1. Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Gömrük Məcəlləsindən, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunundan, bu qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
2.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə bu qanundan fərqli qaydalar müəyyən edildikdə, həmin beynəlxalq müqavilələr tətbiq olunur.
Maddə 3. Konfidensiallığın qorunması
3.1. Bu qanuna uyğun olaraq əldə edilmiş məlumatlardan təyinatına uyğun istifadə edilməlidir.
3.2. Maraqlı tərəflərin təqdim etdiyi əsaslandırılmış sübutlarla konfidensial hesab olunan və ya mahiyyətcə konfidensial məlumatların araşdırma orqanı tərəfindən konfidensiallığı qorunmalı və belə məlumatlar onu təqdim edən tərəfin icazəsi olmadan açıqlanmamalıdır.
3.3. Araşdırma orqanı konfidensial məlumatı təqdim edən tərəfdən həmin məlumatın konfidensial olmayan xülasəsinin təqdim edilməsini tələb etmək hüququna malikdir. Bu cür xülasələrdə konfidensial əsasda təqdim edilmiş məlumatın mahiyyətini başa düşməyə imkan verən izahlar olmalıdır. Maraqlı tərəf həmin məlumatın xülasəsinin hazırlanmasının mümkün olmadığını bildirdikdə bunun səbəblərini izah etməlidir.
3.4. Araşdırma orqanının vəzifəli şəxsləri konfidensial məlumatın açıqlanmasına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyır.
FƏSİL 2
ANTİDEMPİNQ
VƏ KOMPENSASİYA TƏDBİRLƏRİNİN
TƏTBİQİ ƏSASLARI
Maddə 4. Antidempinq və kompensasiya tədbirlərinin tətbiqinin ümumi əsasları
Antidempinq və ya kompensasiya tədbirləri bu qanuna uyğun olaraq, yerli istehsal sahəsinə zərər vuran dempinqli və ya subsidiyalaşdırılmış idxala qarşı araşdırmanın nəticələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilir.
Maddə 5. Dempinqli idxalın müəyyən edilməsi
5.1. Malın gömrük ərazisinə idxalı zamanı onun ixrac qiyməti normal dəyərindən aşağı olarsa dempinqli idxal hesab edilir.
5.2. İxracatçı ölkənin daxili bazarında adi ticarət dövriyyəsində oxşar malın satışı həyata keçirilmədikdə və ya bu qanunun 5.3-cü maddəsinə uyğun olaraq kifayət edəcək miqdarda həyata keçirilmədikdə, yaxud ixracatçı ölkənin daxili bazarındakı xüsusi vəziyyətlə əlaqədar satışın müqayisəsinin aparılması mümkün olmadıqda, araşdırma orqanı tərəfindən dempinq marjası malın ixrac qiymətinin aşağıdakılardan biri ilə müqayisəsi əsasında müəyyən edilir:
5.2.1. oxşar malın uyğun gələn üçüncü ölkəyə ixrac qiyməti ilə, bu şərtlə ki, belə qiymət müqayisə oluna bilsin;
5.2.2. malın mənşə ölkəsindəki istehsal xərclərinin üzərinə əsaslandırılmış inzibati, satış, ümumi xərclərin və mənfəətin əlavə edilməsinin müqayisəsi əsasında.
5.3. İxracatçı ölkənin daxili bazarında istehlak üçün nəzərdə tutulmuş oxşar malın satış həcmi həmin malın gömrük ərazisinə idxal həcminin 5%-dən az olmadıqda normal dəyərin müəyyən edilməsi üçün kifayət edəcək miqdar hesab olunur. Maraqlı tərəflərin araşdırma orqanına təqdim etdiyi sübutlar əsasında müvafiq müqayisənin aparılmasını təmin edə biləcək hallarda satışın daha az həcmi də araşdırma orqanı tərəfindən normal dəyərin müəyyən edilməsi üçün məqbul hesab olunur.
5.4. Aşağıdakı şərtlər olduqda oxşar malın ixracatçı ölkənin daxili bazarında və ya hər hansı üçüncü ölkəyə məhsul vahidi üçün çəkilən xərclərdən aşağı qiymətə (inzibati, satış və ümumi xərclər də daxil olmaqla) satışını araşdırma orqanı adi ticarət dövriyyəsində olmayan hesab edir və normal dəyərin hesablanması üçün əsas götürmür:
5.4.1. satış ən azı 6 ay ərzində həyata keçirilmiş olsun;
5.4.2. satışın həcmi normal dəyərin müəyyən edilməsi üçün nəzərə alınan satışın həcminin 20%-dən az olmasın;
5.4.3. satışın qiyməti 6 ay ərzində çəkilən xərclərin bərpa olunmasına imkan verməsin.
5.5. Satış vaxtı məhsul vahidinə çəkilən xərclərdən aşağı olan qiymətlər araşdırma dövründə məhsul vahidi üçün hesablanmış çəkili orta xərclərdən yuxarı olduqda 6 ay ərzində çəkilən xərclərin bərpa olunmasına imkan verən qiymətlər hesab olunur.
5.6. Araşdırılan malın mənşə və ya ixrac ölkəsinin daxili bazarında qiymətlər dövlət tərəfindən tənzimləndikdə və ya həmin malın xarici ticarətində dövlət inhisarı olduqda malın normal dəyəri üçüncü ölkədə oxşar malın qiyməti və ya hesablanmış dəyəri, yaxud oxşar malın üçüncü ölkədən digər ölkəyə, o cümlədən gömrük ərazisinə ixrac qiyməti əsasında müəyyən olunur.
5.7. Malın normal dəyərini bu qanunun 5.6-cı maddəsinə uyğun olaraq müəyyən etmək mümkün olmadıqda gömrük ərazisində oxşar mala görə faktiki ödənilmiş və ya ödənilməli olan qiymət əsasında (mənfəət nəzərə alınaraq bu qiymətə düzəlişlər edilməklə) müəyyən edilir.
5.8. Bu qanunun 5.6-cı maddəsinin məqsədləri üçün araşdırılan malın mənşə ölkəsinin daxili bazarında qiymətlərin dövlət tərəfindən tənzimləndiyi və ya həmin malın xarici ticarətində dövlət inhisarının olduğu ölkə aşağıdakı meyarlar əsas götürülməklə müəyyən edilir:
5.8.1. araşdırılan malı ixrac edən xarici ölkənin valyutasının beynəlxalq valyuta bazarında dönərliliyi;
5.8.2. araşdırılan malın xarici ixracatçıları və ya xarici istehsalçıları tərəfindən oxşar malın qiymətinin, ixrac həcminin, istehsal xərclərinin müəyyən edilməsi, məhsul istehsalı, xammalın alınması, texnologiyanın istifadəsi və investisiya fəaliyyətinin səviyyəsinə dövlətin təsirinin dərəcəsi;
5.8.3. dövlətin araşdırılan malın xarici ixracatçısı və ya xarici istehsalçısı tərəfindən əməkhaqqının səviyyəsinin müəyyən edilməsinə təsir dərəcəsi.
5.9. Araşdırılan malın ixrac qiyməti ilə bağlı məlumatlar mövcud olmadıqda və ya bu malın ixracatçısı ilə idxalatçısı, o cümlədən onların üçüncü şəxslə əlaqəsi olduğundan və ya onlar arasında malın ixrac qiymətinə münasibətdə kompensasiya xarakterli razılaşma mövcud olduğundan bu malın ixrac qiyməti barədə məlumatların etibarlı olmamasına dair araşdırma orqanında sübutlar olduqda, araşdırılan malın ixrac qiyməti idxal olunmuş malın müstəqil alıcıya ilkin satıldığı qiymət əsasında hesablanır. İdxal olunmuş mal müstəqil alıcıya satılmadıqda və ya idxal olunduğu şərtlərlə satılmadıqda araşdırılan malın ixrac qiyməti araşdırma orqanı tərəfindən müəyyən edilən bu qanuna zidd olmayan digər metod əsasında hesablanır.
Maddə 6. Dempinqli idxalla bağlı istehsal xərclərinin və mənfəətin hesablanması
6.1. Araşdırılan malın xarici ixracatçısının və ya xarici istehsalçısının mühasibat sənədləri ixracatçı ölkənin mühasibat uçotu qaydalarına uyğun olduqda araşdırılan malın satışı və istehsalı ilə bağlı xərcləri özündə əks etdirdikdə xərclərin hesablanması həmin mühasibat sənədləri əsasında həyata keçirilir.
6.2. İstehsalın inkişafı üçün nəzərdə tutulan dövri olmayan xərclər və ya araşdırma müddətində istehsalın təşkili əməliyyatlarının xərclərə təsir etdiyi hallar nəzərə alınmaqla bu qanunun 6.1-ci maddəsinə uyğun olaraq istehsal, inzibati, satış və ümumi xərclərin bölüşdürülməsi zamanı xərclərə müvafiq düzəlişlər edilir. İstehsalın təşkili əməliyyatları ilə bağlı xərclərə düzəlişlərin edilməsi istehsalın təşkili dövrünün sonundakı xərcləri və ya əgər bu dövr araşdırma müddətindən kənara çıxarsa, araşdırma müddətində araşdırma orqanının nəzərə aldığı ən son xərcləri əks etdirməlidir.
6.3. Satış, ümumi, inzibati xərclərin və mənfəətin məbləğləri araşdırılan malın xarici ixracatçısı və ya xarici istehsalçısı tərəfindən təqdim olunmuş adi ticarət dövriyyəsində oxşar malın istehsalı və satışına dair məlumatlar əsasında müəyyən olunur.
6.4. Xərclərin və mənfəətin məbləğlərinin bu qanunun 6.3-cü maddəsinə əsasən müəyyən edilməsi mümkün olmadıqda, həmin məbləğlər aşağıdakılar əsasında müəyyən edilir:
6.4.1. araşdırılan malın mənşə ölkəsinin daxili bazarında adi ticarət dövriyyəsində eyni kateqoriyadan olan malın satışı və ya istehsalı ilə bağlı araşdırılan malın xarici ixracatçısı və ya xarici istehsalçısı tərəfindən ödənilən və xərclənən faktiki məbləğlər;
6.4.2. araşdırılan malın mənşə ölkəsinin daxili bazarında bu malın digər xarici ixracatçısı və ya xarici istehsalçısı tərəfindən oxşar malın satışı və istehsalı ilə əlaqədar ödənilən və xərclənən məbləğlərin çəkili ortası;
6.4.3. digər əsaslandırılmış metodla, bu şərtlə ki, belə metodla müəyyən olunan mənfəət məbləği eyni kateqoriyadan olan malın digər xarici ixracatçısı və ya xarici istehsalçısı tərəfindən bu malın mənşə ölkəsində satışı zamanı əldə olunan mənfəətdən artıq olmasın.
Maddə 7. Dempinqli idxalla bağlı ixrac qiymətinin və normal dəyərin müqayisəsi
7.1. Araşdırılan malın ixrac qiyməti ilə onun normal dəyərinin müqayisəsi ticarət əməliyyatının eyni mərhələsində və malın mümkün qədər eyni vaxtda həyata keçirilmiş satışına münasibətdə aparılır.
7.2. Araşdırılan malın ixrac qiyməti ilə onun normal dəyərinin müqayisəsinə təsir edən, o cümlədən vergitutma, satış şərtləri, kəmiyyət göstəriciləri, fiziki xüsusiyyətlərdəki fərqlər və ya qiymətlərin müqayisəsinə təsir edən digər əsaslandırılmış sübutlar nəzərə alınmaqla qiymətlərə düzəlişlər edilir.
7.3. Bu qanunun 5.9-cu maddəsində qeyd olunan hallarda ixrac qiymətinə düzəlişlər araşdırılan malın idxalı və satılması arasındakı dövrdə ödənilmiş rüsumlar və vergilər də daxil olmaqla bütün xərclər, eyni zamanda əldə olunmuş mənfəət üzrə edilməlidir.
7.4. Araşdırma orqanı araşdırılan malın ixrac qiyməti ilə normal dəyəri arasında müqayisənin aparılması üçün hansı məlumatların zəruri olduğunu maraqlı tərəflərə bildirir, lakin həmin tərəflərin üzərinə əsassız sübut etmə yükü qoyula bilməz.
7.5. Araşdırılan malın ixrac qiyməti ilə normal dəyərinin müqayisəsi zamanı onun dəyərinin bir valyutadan digər valyutaya çevrilməsi zərurəti yarandıqda, araşdırılan malın satış gününə olan valyuta məzənnəsi əsas götürülür.
7.6. Araşdırılan mal gömrük ərazisinə mənşə ölkəsi olmayan üçüncü ölkədən ixrac olunduqda, belə malın gömrük ərazisinə ixrac qiyməti araşdırılan malı ixrac edən xarici dövlətdə oxşar malın qiyməti ilə müqayisə edilir.
7.7. Araşdırılan mal üçüncü ölkəyə təkrar ixrac məqsədi ilə gətirildikdə, belə mallar həmin ölkədə istehsal olunmadıqda və ya bu ölkədə həmin mallar üçün müqayisə edilə bilən qiymət olmadıqda, bu qanunun 7.6-cı maddəsi tətbiq edilmir və ixrac qiyməti araşdırılan malın mənşə ölkəsindəki qiymətlə müqayisə edilir.
Maddə 8. Dempinq
marjasının müəyyən edilməsi
8.1. Araşdırma zamanı dempinq marjası aşağıdakı üsullardan biri ilə müəyyən edilir:
8.1.1. çəkili orta normal dəyərin bütün müqayisə olunan ixrac əməliyyatlarının çəkili orta qiymətləri ilə müqayisəsi yolu ilə;
8.1.2. normal dəyərlə ixrac qiymətinin hər bir sövdələşmə üzrə müqayisəsi yolu ilə.
8.2. Araşdırma orqanı tərəfindən araşdırılan malın ixrac qiymətinin alıcılardan, regionlardan və malların daşınması müddətindən asılı olaraq əhəmiyyətli dərəcədə fərqləndiyi müəyyən edildikdə və bu qanunun 8.1-ci maddəsində göstərilən üsulların tətbiqi zamanı belə fərqlərin müvafiq qaydada nəzərə alınmadığına dair əsaslar əldə edildikdə araşdırılan malın çəkili orta normal dəyəri ayrı-ayrı ixrac əməliyyatlarının qiyməti ilə müqayisə olunur.
8.3. Bu qanunun 8.4-cü və 8.6-cı maddələrində nəzərdə tutulan hallar istisna olmaqla araşdırma orqanı araşdırılan malın hər bir məlum xarici ixracatçısına və ya xarici istehsalçısına münasibətdə fərdi dempinq marjasını müəyyən edir.
8.4. Araşdırılan malın ixracatçılarının, xarici istehsalçılarının, idxalatçılarının sayının və ya araşdırılan malların növlərinin çoxluğu səbəbindən fərdi dempinq marjasının müəyyən edilməsi faktiki olaraq mümkün olmadıqda, araşdırma orqanı dempinq marjasının müəyyən edilməsini seçimin aparıldığı dövrdə malik olduğu məlumatlar əsasında maraqlı tərəflərin və malların dəqiq statistik məlumatlara əsaslanan sayı və ya müvafiq xarici dövlətin malın ixracındakı ən çox payı əsas götürülməklə məhdudlaşdıra bilər. Bu halda araşdırılan malın ixracatçılarının, xarici istehsalçılarının, idxalatçılarının və ya mal növlərinin seçilməsi müvafiq ixracatçılar, xarici istehsalçılar və idxalatçılarla məsləhətləşmələr aparılmaqla həyata keçirilir.
8.5. Araşdırma orqanı bu qanunun 8.4-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş qaydada məhdudiyyət tətbiq etdikdə, həmçinin ilkin olaraq seçilməmiş, lakin araşdırmanın gedişində onlar üçün müəyyən edilmiş müddətdə zəruri məlumatları təqdim etmiş hər bir xarici istehsalçıya və ya ixracatçıya münasibətdə fərdi dempinq marjasını müəyyən edir.
8.6. Araşdırılan malın ixracatçılarının və ya xarici istehsalçılarının sayının çoxluğundan fərdi dempinq marjasının müəyyən edilməsi faktiki olaraq qeyri-mümkün olduqda və araşdırmanın vaxtında başa çatmasına mane olduqda, həmçinin bu qanunun 5.6-cı maddəsində göstərilən halda araşdırma orqanı tərəfindən həmin malın bütün məlum ixracatçılarına və ya xarici istehsalçılarına münasibətdə vahid dempinq marjası müəyyən olunur.
Maddə 9. Xarici
dövlətin subsidiyası
9.0. Xarici dövlətin səlahiyyətli orqanı və ya onun həvalə etdiyi qeyri-dövlət təşkilatı tərəfindən sahibkara güzəşt verərək onun aşağıdakı formalarda maliyyə cəhətdən dəstəklənməsi subsidiya hesab edilir:
9.0.1. pul vəsaitlərinin birbaşa köçürülməsi (o cümlədən, dotasiyalar, borclar, nizamnamə kapitalında iştirak) və ya belə vəsaitlərin köçürülməsi öhdəliyinin götürülməsi (o cümlədən, borclar üzrə zəmanətlər);
9.0.2. dövlət ödənişlərinin yığılmaması və ya yığılmasından imtina. İxrac olunan malların daxili istehlak üçün nəzərdə tutulmuş oxşar mallara tətbiq edilən rüsum və vergilərdən azad edilməsi və ya bu cür vergi və rüsumların faktiki ödənilmiş məbləğdən artıq olmayan həcmdə geri qaytarılması subsidiya hesab olunmur;
9.0.3. ümumi infrastrukturun, yəni konkret istehsalçı və ya ixracatçıya aid olmayan infrastrukturun inkişafı ilə əlaqəli hallar istisna olmaqla, mal və ya xidmətlərlə güzəştli qaydada təmin edilməsi, yaxud malların satın alınması;
9.0.4. birbaşa və ya dolayı yolla malın ixracının artırılması və ya idxalının azaldılması ilə nəticələnən gəlir və ya qiymətin hər hansı digər formada dəstəklənməsi.
Maddə 10. Subsidiyanın spesifikliyi
10.1. Bu qanunun 9-cu maddəsində göstərilən xarici dövlətin subsidiyası aşağıdakı hallarda spesifik hesab olunur:
10.1.1. subsidiyaların əldə edilməsi imkanı konkret müəssisələrlə məhdudlaşdıqda, konkret müəssisələr bu imkandan üstün istifadə etdikdə və ya qeyri-proporsional olaraq subsidiyanın böyük hissəsi konkret müəssisələrə verildikdə;
10.1.2. subsidiya verən orqanın (təşkilatın) subsidiyanın verilməsi ilə əlaqədar diskresion səlahiyyətləri (öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətləri) geniş olduqda;
10.1.3. subsidiya yalnız müəyyən coğrafi ərazidə yerləşən müəssisələrə verildikdə;
10.1.4. subsidiya ixrac məqsədi ilə verildikdə;
10.1.5. subsidiya yerli malın idxal olunan mal əvəzinə
istifadəsi şərtilə verildikdə.
10.2. Bu
qanunun 10-cu maddəsinin məqsədləri üçün
konkret müəssisə dedikdə, xarici dövlətin konkret
istehsalçısı, ixracatçısı, istehsal sahəsi
və (və ya) onların ittifaqları nəzərdə
tutulur.
10.3.
Subsidiyanın əldə edilməsi və onun həcmi ilə
bağlı hüquq verən obyektiv meyarlar və şərtlər
müəyyən etdikdə və buna ciddi əməl
olunduqda, xarici dövlətin subsidiyası spesifik hesab olunmur.
10.4. Bu
qanunun 10-cu maddəsinin müddəalarına uyğun olaraq
subsidiyanın spesifikliyinin müəyyən edilməsi
sübutlara əsaslanmalıdır.
Maddə 11. Spesifik subsidiyanın məbləğinin hesablanması
11.1.
Spesifik subsidiyanın məbləği araşdırılan
dövr üçün subsidiyanı alan
tərəfə verilən güzəştə əsasən
hesablanır. Bu dövr subsidiyanı alan tərəfin
sonuncu hesabat ili hesab olunur. Hesabat ilinə dair məlumatlar
olmadıqda, bu dövr kimi zəruri məlumatların
olduğu araşdırma başlanılmazdan əvvəlki istənilən
6 aydan az olmayan müddət
götürülür.
11.2. Subsidiya alan tərəfə verilən güzəştin
hesablanması üçün istifadə edilən metodlar
şəffaf, adekvat və aşağıda göstərilənlərə
uyğun olmalıdır:
11.2.1. müəssisənin nizamnamə kapitalında
dövlətin iştirakı o halda güzəştin verilməsi
hesab olunur ki, investisiya qoyuluşu ilə bağlı qərar
xarici dövlətin ərazisində özəl
investorların adi investisiya təcrübəsinə (risk
kapitalında iştirak da daxil olmaqla) uyğun deyildir;
11.2.2. dövlət tərəfindən
ayrılmış kredit o halda güzəştin verilməsi
hesab olunur ki, müəssisənin bu kredit üzrə ödəyəcəyi
məbləğlə həmin müəssisə tərəfindən
eyni məbləğ üçün bazar şəraitində
kommersiya krediti üzrə ödəyəcəyi məbləğ
arasında fərq mövcud olsun. Bu halda güzəşt bu
iki məbləğ arasındakı fərq hesab olunur;
11.2.3. dövlət tərəfindən kredit zəmanətinin
verilməsi o halda güzəştin verilməsi hesab olunur ki,
müəssisənin belə kredit üzrə ödədiyi məbləğlə
həmin kreditlə müqayisə oluna biləcək və
dövlət zəmanəti verilməmiş kommersiya krediti
üzrə ödəyəcəyi məbləğ
arasında fərq mövcud olsun. Komissiya haqlarında olan fərqlər
nəzərə alınmaqla, güzəşt bu iki məbləğ
arasındakı fərq hesab olunur;
11.2.4. dövlət tərəfindən mal və ya
xidmətlərlə təmin edilməsi və ya malların
satın alınması o halda güzəşt hesab olunur ki, təminat
mütənasib qiymətdən aşağı qiymətə
və ya satınalma mütənasib qiymətdən artıq
qiymətə həyata keçirilsin. Qiymətin mütənasibliyi
malı və ya xidməti təmin edən
və ya alan ölkədə bu mal və ya xidmətlər
üçün mövcud olan bazar şərtləri (o
cümlədən qiymət, keyfiyyət, satışa
yararlılıq, nəqliyyat, satış və ya
alışın digər şərtləri) ilə müəyyən
edilir.
11.3.
Subsidiyanın məbləği
subsidiyalaşdırılmış idxalın hər mal vahidi
üçün müəyyən edilir.
11.4.
Subsidiyanın məbləği müəyyən edilərkən
güzəştin ümumi həcmindən
aşağıdakı xərclər çıxılır:
11.4.1 subsidiyanın əldə edilməsinə
çəkilən ödəniş və xərclər;
11.4.2. gömrük ərazisinə ixrac olunan mallara
subsidiyanın kompensasiya olunması məqsədi ilə tətbiq
olunan ixrac rüsumları, vergilər və digər ödənişlər.
11.5.
Subsidiya emal, istehsal və ya ixrac edilmiş malın
miqdarına (sayına) proporsional olaraq ayrılmadıqda,
araşdırılan hər mal vahidi üzrə subsidiyanın
həcmi araşdırılan dövrdə subsidiyanın
ümumi həcminin onun istehsalı, satışı və ya
ixracı həcminə bölünməsi yolu ilə müəyyən
edilir.
11.6.
Subsidiya əsas vəsaitlərin alınması və ya
inkişafı ilə bağlı olduqda, subsidiyanın
ümumi həcmi subsidiyanın xarici dövlətin müvafiq
istehsal sahəsində orta amortizasiya müddətinə
bölünməsi yolu ilə hesablanır. Araşdırılan
dövrə aid olan bu cür hesablanmış subsidiya həcmi
(o cümlədən araşdırılan dövrdən əvvəl
alınmış və amortizasiya müddəti
araşdırılan dövrədək bitməmiş əsas
vəsaitlərin alınması üçün subsidiya həcmi
də daxil olmaqla) bu qanunun 11.5-ci maddəsində qeyd olunan
qaydada hər bir mal vahidi üzrə bölünür.
11.7.
Əsas vəsaitlər amortizasiya olunmursa, subsidiya faizsiz kredit
hesab olunur və bu qanunun 11.2.2-ci maddəsi tətbiq olunur.
11.8.
Xarici dövlətin ərazisində inflyasiyanın dərəcəsi
hesablamanın nəticələrinə təsir etdikdə,
inflyasiyanın göstəriciləri subsidiya məbləği
hesablanarkən nəzərə alınmalıdır.
11.9. Bir
neçə subsidiya verildikdə, onların cəmi
hesablanır.
Maddə 12. Dempinqli və ya subsidiyalaşdırılmış
idxal nəticəsində yerli istehsal sahəsinə vurulan
maddi zərərin müəyyən edilməsi
12.1. Yerli
istehsal sahəsinə vurulan maddi zərərin müəyyən
edilməsi sübutlara əsaslanmaqla
aşağıdakıların obyektiv təhlilini nəzərdə
tutur:
12.1.1 dempinqli və ya
subsidiyalaşdırılmış idxalın həcmi və həmin
idxalın gömrük ərazisində oxşar malların
qiymətinə təsiri;
12.1.2. dempinqli və ya
subsidiyalaşdırılmış idxalın yerli istehsal sahəsinə
təsirinin nəticələri.
12.2.
Dempinqli və ya subsidiyalaşdırılmış idxalın
həcminin təhlili zamanı araşdırma orqanı həmin
idxalın mütləq göstəricilərdə və ya
gömrük ərazisində oxşar malın istehsalına və
istehlakına nisbətdə mühüm dərəcədə
artmasını nəzərə alır.
12.3.
Dempinqli və ya subsidiyalaşdırılmış idxalın
gömrük ərazisində oxşar malın qiymətinə
təsirini təhlil edərkən araşdırma orqanı
aşağıdakı faktları müəyyən edir:
12.3.1. araşdırılan malın qiymətinin
gömrük ərazisində oxşar malın qiymətindən
əhəmiyyətli dərəcədə aşağı
olub-olmaması;
12.3.2. dempinqli və ya
subsidiyalaşdırılmış idxalın gömrük ərazisində
oxşar malın qiymətinin əhəmiyyətli dərəcədə
aşağı düşməsinə səbəb
olub-olmaması;
12.3.3. dempinqli və ya
subsidiyalaşdırılmış idxalın gömrük ərazisində
oxşar malın qiymətinin potensial artımına əhəmiyyətli
dərəcədə mane olub-olmaması.
12.4.
Araşdırılan mal bir neçə ölkədən
idxal edildikdə, araşdırma orqanı tərəfindən
bu cür idxalın təsiri yalnız aşağıdakı
hallarda birgə qiymətləndirilir:
12.4.1. bu qanunun 27.7-ci maddəsinə uyğun olaraq hər
bir ölkədən idxal üzrə dempinq marjası və ya
subsidiyanın məbləği “de minimis”-dən yuxarı
olduqda və hər bir ölkədən idxalın həcmi bu
qanunun 27.8-ci maddəsinə uyğun olaraq az əhəmiyyətli
olmadıqda;
12.4.2. idxal edilmiş malların arasında və idxal
edilmiş mallarla oxşar yerli mallar arasındakı rəqabət
şərtlərini nəzərə alaraq birgə qiymətləndirmə
mümkün olduqda.
12.5.
Dempinqli və ya subsidiyalaşdırılmış idxalın
yerli istehsal sahəsinə təsirinin təhlili istehsalın vəziyyəti,
o cümlədən aşağıdakılarla bağlı
müvafiq iqtisadi faktorların və göstəricilərin
qiymətləndirilməsini nəzərdə tutur:
12.5.1. malın istehsalının,
satışının, daxili bazarda payının, gəlirin, əmək
məhsuldarlığının, cəlb olunmuş
investisiyalardan gəlirlərin və ya istehsal gücündən
istifadənin azalması;
12.5.2. gömrük ərazisində malın qiymətinə
təsir edən faktorlar;
12.5.3. pul kütlələrinin hərəkətinə,
əmtəə ehtiyatına, məşğulluq dərəcəsinə,
əməkhaqqına, istehsalın artımına,
investisiyaların cəlb olunması imkanına mövcud və
potensial mənfi təsir;
12.5.4. dempinq marjasının həcmi;
12.5.5. kənd təsərrüfatı sahəsinə
dövlət tərəfindən ayrılan xərclərin
artırılması (subsidiyalaşdırılmış
idxalın təsiri ilə bağlı).
12.5.6. yerli istehsalın vəziyyətini əks etdirən
digər faktorlar.
12.6.
Araşdırma orqanı bu qanunun 12.2-ci, 12.3-cü və
12.5-ci maddələrində göstərilən faktorların
birgə təhlili əsasında yerli istehsal sahəsinə
vurulan zərəri müəyyən etməlidir.
12.7.
Dempinqli və ya subsidiyalaşdırılmış idxal ilə
yerli istehsal sahəsinə vurulmuş zərər arasında səbəbli
əlaqənin müəyyən edilməsi araşdırma
orqanının əldə etdiyi sübut və məlumatların
təhlilinə əsaslanmalıdır.
12.8.
Araşdırma orqanı dempinqli və ya
subsidiyalaşdırılmış idxalla yanaşı yerli
istehsal sahəsinə zərər vuran digər faktorları da
təhlil edir və bu faktorlar nəticəsində vurulmuş
zərər dempinqli və ya
subsidiyalaşdırılmış idxal nəticəsində
yerli istehsal sahəsinə vurulan zərərə aid edilmir.
12.9.
Araşdırma orqanının malik olduğu məlumatlar
istehsal prosesi, istehsalçılar tərəfindən
malın satışı və mənfəət kimi meyarlar əsasında
oxşar malın yerli istehsalının ayrıca fərqləndirilməsinə
imkan verdikdə, dempinqli və ya
subsidiyalaşdırılmış idxalın təsiri həmin
istehsala nisbətdə qiymətləndirilir. Oxşar
malın yerli istehsalını ayrıca fərqləndirmək
mümkün olmadıqda, dempinqli və ya
subsidiyalaşdırılmış idxalın təsiri
oxşar malın daxil olduğu və haqqında zəruri məlumatların
mövcud olduğu ən dar mal qrupunun (nomenklaturasının)
istehsalına nisbətdə qiymətləndirilir.
Maddə 13. Dempinqli və ya subsidiyalaşdırılmış
idxal nəticəsində yerli istehsal sahəsinə maddi zərərin
vurulma təhlükəsinin müəyyən edilməsi
13.1. Maddi
zərərin vurulma təhlükəsinin müəyyən
edilməsi faktlara əsaslanmalıdır.
13.2.
Dempinqli və ya subsidiyalaşdırılmış idxalın
zərər vurmasına səbəb olacağını
göstərən dəyişikliklər əvvəlcədən
aydın görünən və qaçılmaz
olmalıdır.
13.3. Maddi
zərərin vurulması təhlükəsi müəyyən
olunarkən, araşdırma orqanı tərəfindən
bütün mövcud faktorlar, o cümlədən
aşağıdakılar nəzərə alınır:
13.3.1. idxalın sonradan əhəmiyyətli dərəcədə
artmasının mümkünlüyünü göstərən,
gömrük ərazisinə dempinqli və ya
subsidiyalaşdırılmış idxalın yüksək
artım tempi;
13.3.2. digər bazarlara ixrac imkanlarını nəzərə
almaqla, gömrük ərazisinə dempinqli və ya
subsidiyalaşdırılmış idxalın əhəmiyyətli
dərəcədə artmasının
mümkünlüyünü göstərən xarici
ixracatçının kifayət qədər ixrac
imkanlarının olması və ya bu imkanın əhəmiyyətli
dərəcədə artımının labüdlüyü;
13.3.3. araşdırılan malın qiyməti, bu
şərtlə ki, qiymətin belə səviyyəsi
gömrük ərazisində oxşar malın qiymətinin
azalmasına və ya artımının
qarşısının alınmasına və
araşdırılan mala tələbin sonrakı
artımına səbəb olur;
13.3.4. subsidiya və ya subsidiyaların xarakteri və
onların ticarətə mümkün təsirləri
(kompensasiya tədbirləri ilə bağlı);
13.3.5. araşdırılan malın
ixracatçıda olan ehtiyatları.
13.4. Bu
qanunun 13.3-cü maddəsində sadalanan faktorlar
ayrılıqda həlledici qərarın qəbul edilməsi
üçün əsas ola bilməz və
birgə təhlil olunaraq dempinqli və ya
subsidiyalaşdırılmış ixracın davam etməsinin
qaçılmaz olduğu və daxili bazarın qorunması ilə
bağlı tədbirlərin görülməyəcəyi təqdirdə
yerli istehsal sahəsinə maddi zərərin vurulacağı
barədə nəticəyə gətirib
çıxarmalıdır.
Maddə 14. Antidempinq və ya kompensasiya tədbirləri ilə
bağlı araşdırma zamanı yerli istehsal sahəsinin
müəyyən edilməsinin xüsusiyyətləri
14.1. Bu
qanunun 14.2-ci və 14.3-cü maddələrində qeyd olunan
hallar istisna olmaqla, oxşar malların Azərbaycan
Respublikasındakı bütün istehsalçıları və
ya belə malların yerli istehsalının əsas hissəsini
təşkil edən istehsalçılar yerli istehsal sahəsi
hesab olunur.
14.2.
Oxşar malın yerli istehsalçıları
araşdırılan malın idxalatçısı olduqda və
yaxud bu cür malın ixracatçıları və ya
idxalatçıları ilə əlaqəli olduqda, onlar yerli
istehsalçı hesab edilmir.
14.3.
Aşağıdakı şərtlər olduqda, gömrük ərazisi
istehsal sahəsi baxımından iki və daha çox rəqabətli
bazara bölünə və hər bir bazar daxilindəki
istehsalçılar ayrıca istehsal sahəsi kimi qiymətləndirilə
bilər:
14.3.1. istehsalçılar həmin bazarda öz
malının hamısını və ya əksər hissəsini
satdıqda;
14.3.2. gömrük ərazisinin digər bölgələrində
yerləşən araşdırılan malın
istehsalçılarının bu bazarda həmin mala tələbatın
ödənilməsindəki payı əhəmiyyətli dərəcədə
olmadıqda.
14.4.
Dempinqli və ya subsidiyalaşdırılmış idxal nəticəsində
yerli istehsal sahəsinin əsas hissəsinə zərər
vurulmasa da, bu qanunun 14.3-cü maddəsində nəzərdə
tutulan hallarda araşdırılan malın satışı rəqabətli
bazarlardan birində cəmləşdikdə və dempinqli və
ya subsidiyalaşdırılmış idxal həmin
bazarların hüdudlarında oxşar malın yerli
istehsalçılarının hamısına və ya əksər
hissəsinə zərər vurduqda yerli istehsal sahəsinə
zərər vurulmuş hesab olunur.
14.5. Yerli
istehsal sahəsi bu qanunun 14.3-cü maddəsində müəyyən
olunan qaydada müəyyən edildikdə və
araşdırmanın nəticələrinə əsasən
antidempinq və ya kompensasiya tədbirlərinin tətbiqi
haqqında qərar qəbul edildikdə, belə tədbirlər
aşağıdakı şərtlərə əməl
olunmaqla araşdırılan malların gömrük ərazisinə
bütün idxallarına tətbiq olunur:
14.5.1. araşdırılan malın
ixracatçısına həmin malın gömrük ərazisinə
dempinqli və ya subsidiyalaşdırılmış
idxalının dayandırılması və ya bu qanunun
16-cı və 17-ci maddələrində qeyd olunan öhdəliklərin
qəbul edilməsi imkanları verildikdə;
14.5.2. araşdırılan malın
ixracatçısı bu qanunun 16-cı və 17-ci maddələrində
qeyd olunan öhdəliklərin qəbul edilməsi
imkanlarından istifadə etmədikdə.
14.6. Bu
qanunun 12.9-cu maddəsinin müddəaları bu qanunun 14-cü
maddəsi ilə tənzimlənən münasibətlərə
tətbiq olunur.
14.7. Bu
qanunun 14.2-ci maddəsinə müvafiq olaraq
istehsalçılar yalnız aşağıdakı hallarda
ixracatçılarla və ya idxalatçılarla əlaqəli
hesab edilir, bu şərtlə ki, belə münasibət əlaqəli
olmayan istehsalçılarla müqayisədə fərqli
davranışa səbəb olur:
14.7.1 onların biri digərinə birbaşa və ya
dolayı nəzarət edir;
14.7.2. onların hər ikisi birbaşa və ya
dolayı yolla üçüncü şəxs tərəfindən
nəzarət olunurlar;
14.7.3. onlar birlikdə birbaşa və ya dolayı
yolla üçüncü şəxsə nəzarət edirlər.
14.8. Bu
qanunun 14.7-ci maddəsinin məqsədləri üçün
bir şəxs digər şəxsə o halda nəzarət
etmiş hesab olunur ki, həmin şəxs digər şəxsin
fəaliyyətini məhdudlaşdırmaq və ya istiqamətləndirmək
imkanına malikdir.
Maddə 15. Müvəqqəti antidempinq və ya kompensasiya
rüsumları
15.1.
Müvəqqəti antidempinq və ya kompensasiya
rüsumları aşağıdakı şərtlər
olduqda tətbiq edilir:
15.1.1. bu qanunun 27-ci maddəsinə uyğun olaraq
araşdırma başlandıqda, maraqlı tərəflərə
məlumatların və təkliflərin verilməsi imkanı
yaradıldıqda;
15.1.2. dempinqli və ya
subsidiyalaşdırılmış idxal və bunun nəticəsində
yerli istehsal sahəsinə vurulan zərərlə
bağlı bu qanunun 27.16-cı maddəsinə uyğun olaraq
ilkin təsdiqedici nəticə əldə edildikdə;
15.1.3. araşdırma orqanı araşdırma
müddəti ərzində vurulacaq əlavə zərərin
qarşısının alınması üçün belə
tədbirlərin tətbiqinin zəruriliyini bu qanunun 15.7-ci maddəsində
qeyd olunan hesabatda göstərdikdə.
15.2.
Araşdırma nəticəsində dempinqli və ya subsidiyalaşdırılmış
idxal, yaxud bu idxalın yerli istehsal sahəsinə zərər
vurması müəyyən edilmədikdə ödənilmiş
müvəqqəti antidempinq və ya kompensasiya
rüsumları gömrük qanunvericiliyinə uyğun olaraq
geri qaytarılır.
15.3.
Müvəqqəti antidempinq və ya kompensasiya rüsumunun dərəcəsi
ilkin hesablanmış dempinq marjasından və ya subsidiya həcmindən
çox ola bilməz.
15.4.
Müvəqqəti antidempinq və ya kompensasiya
rüsumlarının tətbiqi barədə qərar
araşdırma başladığı gündən 60 gündən
tez müddətdə qəbul oluna bilməz.
15.5.
Müvəqqəti antidempinq rüsumlarının tətbiqi
müddəti 4 aydan, araşdırılan malın dempinqli
idxalının ümumi həcminin əhəmiyyətli hissəsini
təşkil edən ixracatçıların müraciəti
olduqda 6 aydan çox ola bilməz. Müvəqqəti
antidempinq rüsumunun dərəcəsi ilkin hesablanmış
dempinq marjasının həcmindən az olduqda, belə tədbirin
tətbiqi müddəti 6 aydan, araşdırılan malın
dempinqli idxalının ümumi həcminin əhəmiyyətli
hissəsini təşkil edən ixracatçıların
müraciəti olduqda 9 aydan çox ola bilməz.
15.6.
Müvəqqəti kompensasiya rüsumunun tətbiq müddəti
4 aydan çox ola bilməz.
15.7.
Müvəqqəti antidempinq və ya kompensasiya
rüsumlarının tətbiqi barədə qərar
araşdırma orqanının hesabatı əsasında
müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul
edilir. Araşdırma orqanının müvafiq
icra hakimiyyəti orqanına təqdim olunan hesabatında
müvəqqəti antidempinq və ya kompensasiya rüsumunun dərəcəsinə
dair təkliflər göstərilməlidir.
15.8.
Müvəqqəti antidempinq və ya kompensasiya
rüsumları tətbiq olunarkən, bu qanunun müvafiq olaraq
18-ci və ya 19-cu maddələrinin müddəalarına əməl
edilməlidir.
Maddə 16. Antidempinq tədbirləri üzrə araşdırmada
qiymətlə bağlı öhdəliklər
16.1.
Araşdırılan malın qiymətinə yenidən
baxılması və ya həmin malın normal dəyərindən
aşağı qiymətə gömrük ərazisinə ixracının
dayandırılması barədə ixracatçıdan
könüllü qaydada yazılı öhdəlik
alındıqda və araşdırma orqanı təqdim etdiyi
hesabatda bu öhdəliklərin qəbul edilməsi ilə
dempinqli idxalın zərərli nəticələrinin aradan
qaldırılacağını göstərdikdə müvəqqəti
antidempinq və ya yekun antidempinq rüsumları tətbiq edilmədən
müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu
öhdəliklərin qəbul edilməsi haqqında qərar qəbul
edilir. Qiymətlə bağlı öhdəliklər
qəbul edildikdə, araşdırma orqanı tərəfindən
araşdırmaya xitam verilir.
16.2. Bu
qanunun 16.1-ci maddəsində qeyd olunan öhdəliklərə
əsasən araşdırılan malın qiymətinin
artımı bu qanunun 8-ci maddəsinə uyğun olaraq müəyyən
edilmiş dempinq marjasından çox ola
bilməz, yerli istehsal sahəsinə vurulan zərərin aradan
qaldırılması üçün kifayət etdikdə isə
dempinq marjasından az olmalıdır.
16.3.
Araşdırma orqanı dempinqli idxalın mövcudluğu və
bununla əlaqədar yerli istehsal sahəsinə zərərin
vurulması barədə bu qanunun 27.16-cı maddəsinə
uyğun olaraq ilkin təsdiqedici nəticəyə gələnədək
bu qanunun 16.1-ci maddəsində qeyd olunan öhdəliklərin
qəbul edilməsi barədə qərar qəbul edilə və
ya belə öhdəliklərin qəbulu ixracatçıya təklif
edilə bilməz.
16.4.
Araşdırma orqanının müvafiq icra hakimiyyəti
orqanına təqdim etdiyi hesabatda ixracatçıların
sayının çoxluğu və dövlətin maraqları
səbəbindən öhdəliklərin qəbul edilməsi
qeyri-mümkün hesab olunduqda, təklif edilmiş öhdəliklər
qəbul edilmir. Bu halda araşdırma orqanı
tərəfindən ixracatçıya öhdəliyin qəbul
edilməməsinin səbəbləri bildirilir və ona bununla
bağlı rəy bildirmək imkanı verilir.
16.5. Qiymətlə
bağlı öhdəliklər qəbul edildiyi halda dempinq və
zərərlə bağlı araşdırma
araşdırılan malın ixracatçısının
xahişi və ya müvafiq icra hakimiyyəti orqanının qərarına
əsasən davam etdirilir.
16.6. Araşdırma
orqanı dempinqli idxalın olmadığı və ya yerli
istehsal sahəsinə zərər vurulmadığı nəticəsinə
gəldikdə, qiymətlə bağlı öhdəlikləri
qəbul edən ixracatçı belə öhdəliklərdən
azad olunur. Araşdırma orqanının gəldiyi
bu nəticə əhəmiyyətli dərəcədə
qiymət öhdəliklərinin mövcudluğu ilə
bağlı olduqda, araşdırma orqanı
araşdırılan malın ixracatçılarından qiymətlə
bağlı öhdəliklərinin qüvvədə
qalmasını tələb edir.
16.7.
Araşdırma orqanı dempinqli idxalın olması və
bununla bağlı yerli istehsal sahəsinə zərər vurulması
nəticəsinə gələrsə,
ixracatçıların qiymətlə bağlı öhdəlikləri
bu öhdəliklərin şərtlərinə uyğun olaraq
qüvvəsini saxlayır.
16.8.
Araşdırma orqanı tərəfindən
ixracatçılara qiymətlə bağlı öhdəliklərin
qəbul edilməsi təklif edilə bilər və
ixracatçı belə öhdəliklərin qəbul edilməsinə
məcbur edilə bilməz.
16.9.
İxracatçıların qiymətlə bağlı
öhdəlikləri təklif etməmələri və ya təklif
edilmiş öhdəlikləri qəbul etməmələri
işə baxılmasına mane olmur.
16.10.
İxracatçıların qiymətlə bağlı
öhdəlikləri qəbul edildikdə, araşdırma
orqanı həmin ixracatçılardan öhdəliklərin
yerinə yetirilməsi barədə dövri məlumat almaq və
bu məlumatların yoxlanılması üçün icazə
verməyi tələb etmək hüququna malikdir.
16.11.
İxracatçı tərəfindən qiymətlə
bağlı öhdəliklərə əməl olunmadıqda,
araşdırma orqanının hesabatı əsasında
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
aşağıdakı təcili tədbirlər
görülür:
16.11.1. araşdırma başa çatmayıbsa,
müvəqqəti antidempinq rüsumları tətbiq edilir;
16.11.2. araşdırma başa çatıbsa və bu
qanunun 4-cü maddəsində qeyd olunan əsasların
mövcudluğu müəyyən olunarsa, yekun antidempinq
rüsumları tətbiq edilir.
16.12.
İxracatçı tərəfindən qiymətlə
bağlı öhdəliklərə əməl
olunmadıqda, ona bununla əlaqədar izahat təqdim etmək
imkanı yaradılır.
16.13. Bu
qanunun 16.11-ci maddəsində nəzərdə tutulan hesabatda
araşdırma orqanının müvəqqəti antidempinq və
ya yekun antidempinq rüsumunun dərəcəsinə dair təklifləri
göstərilməlidir.
16.14. Bu
qanunun 20-ci maddəsi (20.7, 20.9 və 20.10-cu maddələr
istisna olmaqla), qiymətlə bağlı öhdəliklərə
də tətbiq olunur.
Maddə 17. Kompensasiya tədbirləri ilə bağlı
araşdırmada öhdəliklər
17.1.
Araşdırma müvəqqəti və yekun kompensasiya
rüsumları tətbiq edilmədən xarici dövlətin və
ya ixracatçının yazılı formada
aşağıdakı könüllü öhdəliklərindən
birinin qəbul edilməsi haqqında müvafiq icra hakimiyyəti
orqanının qərarı əsasında araşdırma
orqanı tərəfindən dayandırıla və ya ona
xitam verilə bilər:
17.1.1. araşdırılan malı ixrac edən xarici
dövlət subsidiyalaşmanın ləğv edilməsi və
ya azaldılması, yaxud subsidiyalaşmanın nəticələrinin
aradan qaldırılmasına razılaşır;
17.1.2. araşdırılan malın
ixracatçısı malın onun tərəfindən müəyyən
olunmuş qiymətinə yenidən baxmağa
razılaşır və araşdırma orqanı
ixracatçının bu cür öhdəliyinin qəbul
edilməsinin subsidiyalaşdırılmış idxalın mənfi
nəticələrinin aradan qaldıracağı qənaətinə
gəlir.
17.2. Bu
qanunun 17.1.2-ci maddəsində qeyd olunan öhdəliyə əsasən
araşdırılan malın qiymətinin artımı bu
qanunun 11-ci maddəsinə uyğun olaraq müəyyən
edilmiş subsidiyanın məbləğindən çox ola bilməz, yerli istehsal sahəsinə vurulan zərərin
aradan qaldırılması üçün kifayət etdikdə
isə bu məbləğdən az olmalıdır.
17.3.
Araşdırma orqanı subsidiyalaşdırılmış
idxalın mövcudluğu və bunun nəticəsində
yerli istehsal sahəsinə zərərin vurulması barədə
bu qanunun 27.16-cı maddəsinə uyğun olaraq ilkin təsdiqedici
nəticəyə gələnədək bu qanunun 17.1-ci maddəsində
qeyd olunan öhdəliklərin qəbul edilməsi barədə
qərar qəbul edilmir. Araşdırılan
malın ixrac olunduğu xarici dövlətin
razılığı olmadan həmin malın
ixracatçısının bu qanunun 17.1.2-ci maddəsində
göstərilən öhdəliklərinin qəbul edilməsi
haqqında qərar qəbul edilmir.
17.4.
Araşdırma orqanının müvafiq icra hakimiyyəti
orqanına təqdim etdiyi hesabatda ixracatçıların
sayının çoxluğu və dövlətin maraqları
səbəbindən öhdəliklərin qəbul edilməsi
qeyri-mümkün hesab olunduqda, təklif edilmiş öhdəliklər
qəbul edilmir. Bu halda araşdırma orqanı
tərəfindən ixracatçıya öhdəliyin qəbul
edilməməsinin səbəbləri bildirilir və ona bununla
bağlı rəyini bildirmək imkanı verilir.
17.5.
Öhdəliklər qəbul edildiyi halda subsidiyalaşdırılmış
idxalın mövcudluğu və bunun nəticəsində
yerli istehsal sahəsinə zərər vurulmasına münasibətdə
araşdırma araşdırılan malın ixrac olunduğu
ölkənin səlahiyyətli orqanının xahişi və
ya müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən
davam etdirilir.
17.6.
Araşdırma orqanı subsidiyalaşdırılmış
idxalın olmadığı və ya yerli istehsal sahəsinə
zərərin vurulmadığı nəticəsinə gəldikdə,
öhdəlikləri qəbul edən ixracatçı belə
öhdəliklərdən azad olunur. Araşdırma
orqanının gəldiyi bu nəticə əhəmiyyətli
dərəcədə öhdəliklərin mövcudluğu
ilə bağlı olduqda, araşdırma orqanı
araşdırılan malın ixracatçılarından
öhdəliklərinin qüvvədə qalmasını tələb
edir.
17.7.
Araşdırma orqanı subsidiyalaşdırılmış
idxalın olması və bunun nəticəsində yerli
istehsal sahəsinə zərərin vurulması nəticəsinə
gələrsə, öhdəliklər bu öhdəliklərin
şərtlərinə uyğun olaraq qüvvəsini
saxlayır.
17.8.
Araşdırma orqanı tərəfindən öhdəliklərin
qəbul edilməsi təklif oluna bilər və
ixracatçı belə öhdəliklərin qəbul edilməsinə
məcbur edilə bilməz.
17.9. İxracatçıların
və ya xarici dövlətlərin öhdəlikləri təklif
etməmələri və ya təklif edilmiş öhdəlikləri
qəbul etməmələri işə baxılmasına mane
olmur.
17.10.
İxracatçıların və ya xarici dövlətlərin
öhdəlikləri qəbul edildikdə, araşdırma
orqanı onlardan bu öhdəliklərin yerinə yetirilməsi
barədə dövri məlumat almaq və bu məlumatların
yoxlanılması üçün icazə verməyi tələb
etmək hüququna malikdir.
17.11.
İxracatçı tərəfindən öhdəliklərə
əməl olunmadıqda, araşdırma orqanının
hesabatı əsasında müvafiq icra hakimiyyəti orqanı
tərəfindən aşağıdakı təcili tədbirlər
görülür:
17.11.1. araşdırma başa çatmadıqda,
müvəqqəti kompensasiya rüsumları tətbiq edilir;
17.11.2. araşdırma başa çatdıqda və
bu qanunun 4-cü maddəsində qeyd olunan əsasların
mövcudluğu müəyyən olunduqda yekun kompensasiya
rüsumları tətbiq edilir.
17.12.
Öhdəliklərə əməl olunmadıqda
ixracatçılara və ya xarici dövlətlərin səlahiyyətli
orqanlarına bununla əlaqədar izahat təqdim etmək
imkanı yaradılır.
17.13. Bu
qanunun 17.11-ci maddəsində nəzərdə tutulan hesabatda
araşdırma orqanının müvəqqəti kompensasiya və
ya yekun kompensasiya rüsumunun dərəcəsinə dair təklifləri
göstərilməlidir.
17.14. Bu
qanunun 20-ci maddəsi (20.7, 20.9 və 20.10-cu maddələr
istisna olmaqla) bu qanunun 17.1-ci maddəsində nəzərdə
tutulan öhdəliklərə də tətbiq olunur.
Maddə 18. Antidempinq rüsumlarının tətbiqi
18.1. Qiymətlə
bağlı öhdəliklərin qəbul edilməsi halı
istisna olmaqla, antidempinq rüsumları dempinqli və yerli
istehsal sahəsinə zərər vuran bütün idxallara tətbiq
edilir.
18.2. Antidempinq
rüsumlarının tətbiqi barədə qərar
araşdırmanın nəticələrinə dair
araşdırma orqanının təqdim etdiyi hesabat əsasında
müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul
edilir.
18.3.
Araşdırma orqanı tərəfindən bu qanunun
8.3-cü maddəsinə uyğun olaraq fərdi dempinq
marjası müəyyən olunduqda, antidempinq rüsumu
araşdırılan malın məlum olan hər
ixracatçısına və ya xarici
istehsalçısına münasibətdə fərdi olaraq,
bu qanunun 8.6-cı maddəsinə uyğun olaraq vahid dempinq
marjası müəyyən olunduqda, araşdırılan malın
məlum olan bütün ixracatçılarına və ya
xarici istehsalçılarına münasibətdə
ayrı-seçkilik etmədən tətbiq olunur.
18.4.
Araşdırma orqanı tərəfindən bu qanunun
8.4-cü maddəsinə müvafiq olaraq məhdudiyyət tətbiq
olunduqda, fərdi dempinq marjasının müəyyən
olunması üçün seçilməyən, lakin
araşdırma zamanı onlar üçün müəyyən
olunmuş müddətdə zəruri məlumatları təqdim
edən araşdırılan malların
ixracatçılarına və ya xarici
istehsalçılarına tətbiq olunan antidempinq rüsumunun
dərəcəsi araşdırılan malın fərdi dempinq
marjası üçün seçilmiş
ixracatçılarına və ya xarici
istehsalçılarına müəyyən olunmuş çəkili
orta dempinq marjasından artıq olmamalıdır.
18.5.
Araşdırılan malın xarici istehsalçısı və
ya ixracatçısı araşdırma orqanına zəruri məlumatları
təqdim etməkdən imtina edərsə və ya bu qanunun
27.10-cu maddəsi ilə müəyyən edilmiş müddətdə
həmin məlumatı təqdim etməzsə,
araşdırma orqanında olan məlumat əsasında
hesablanmış ən yüksək antidempinq rüsumu tətbiq
edilir.
18.6.
Araşdırmanın nəticələrinə dair
araşdırma orqanının müvafiq icra hakimiyyəti
orqanına təqdim etdiyi hesabatda antidempinq rüsumunun dərəcəsinə
dair təkliflər göstərilir.
Maddə 19. Kompensasiya rüsumlarının tətbiqi
19.1.
Kompensasiya rüsumları spesifik subsidiya verən xarici dövlətə
məsləhətləşmələrin aparılması təklif
olunduqdan sonra və xarici dövlət təklif olunan məsləhətləşmələrdən
imtina etdikdə və ya bu cür məsləhətləşmələrin
gedişi zamanı qarşılıqlı razılıq əldə
olunmadıqda tətbiq olunur.
19.2.
Kompensasiya rüsumlarının tətbiqi barədə qərar
araşdırmanın nəticələrinə dair
araşdırma orqanının təqdim etdiyi hesabat əsasında
müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul
edilir.
19.3.
Öhdəliklərin qəbul edilməsi halı istisna olmaqla,
kompensasiya rüsumları subsidiyalaşdırılmış
və yerli istehsal sahəsinə zərər vuran bütün
idxallara tətbiq edilir.
19.4.
Kompensasiya rüsumlarının dərəcəsi
subsidiyalaşdırılmış və gömrük ərazisinə
idxal olunan mal vahidinə hesablanmış, xarici dövlətin
spesifik subsidiyasının həcmindən çox ola bilməz.
19.5.
Kompensasiya rüsumlarının dərəcəsi yerli istehsal
sahəsinə vurulan zərərin aradan qaldırılması
üçün kifayət etdikdə, xarici dövlətin
spesifik subsidiyasının həcmindən az
olmalıdır.
19.6.
Kompensasiya rüsumlarının dərəcələrinin
müəyyən edilməsi zamanı kompensasiya
rüsumlarının tətbiq edilməsi iqtisadi maraqlarına
toxuna biləcək yerli istehlakçıların və
araşdırılan malın sənaye məqsədi ilə
istifadəçilərinin araşdırma orqanına
yazılı formada təqdim edilmiş rəyi nəzərə
alınır.
19.7.
Araşdırmanın nəticələrinə dair
araşdırma orqanının müvafiq icra hakimiyyəti
orqanına təqdim etdiyi hesabatda kompensasiya rüsumunun dərəcəsinə
dair təkliflər göstərilir.
Maddə 20. Antidempinq və ya kompensasiya tədbirlərinin qüvvədə
olma müddəti və onlara yenidən baxılma
20.1.
Antidempinq və ya kompensasiya tədbiri dempinqli və ya
subsidiyalaşdırılmış idxal nəticəsində
yerli istehsal sahəsinə vurulmuş zərərin aradan
qaldırılması üçün bu qanunla müəyyən
edilmiş həddə və müddətdə tətbiq
olunur.
20.2.
Antidempinq və ya kompensasiya rüsumu bu tədbirin tətbiqinə
başlanılması günündən və ya bu qanunun
20.3-cü, 20.9-cu və 20.10-cu maddələrinə uyğun
olaraq həyata keçirilən təkrar
araşdırmanın başa çatdığı gündən
başlayaraq 5 ildən çox olmayan müddətdə tətbiq
olunur.
20.3.
Antidempinq və ya kompensasiya tədbirinin qüvvədə olma
müddətinin uzadılması barədə qərar müddətin
bitməsi ilə əlaqədar təkrar
araşdırmanın nəticələri barədə
araşdırma orqanının hesabatı əsasında
müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul
edilir.
20.4.
Antidempinq və ya kompensasiya tədbirinin tətbiqinin
dayandırılmasının dempinqli və ya
subsidiyalaşdırılmış idxala və bunun nəticəsində
yerli istehsal sahəsinə yenidən zərər vurulmasına
səbəb olacağı barədə məlumat maraqlı tərəfin
müraciətində qeyd olunduqda və ya araşdırma
orqanı tərəfindən belə məlumatlar əldə
olunduqda maraqlı tərəflərin araşdırma
orqanına bu qanunun 26.1-ci maddəsinə uyğun olaraq təqdim
olunmuş yazılı müraciəti və ya
araşdırma orqanının təşəbbüsü əsasında
təkrar araşdırma həyata keçirilir.
20.5.
Antidempinq və ya kompensasiya tədbirinin qüvvədə olma
müddətinin bitməsi ilə əlaqədar aparılan təkrar
araşdırmanın həyata keçirilməsi zamanı
dempinq marjasının və ya subsidiya məbləğinin, antidempinq
və ya kompensasiya rüsumunun yenidən hesablanması zərurəti
araşdırma orqanı tərəfindən onun malik
olduğu məlumat əsasında müəyyən olunur.
20.6.
Antidempinq və ya kompensasiya tədbirinin müddəti bitdikdə
aparılan təkrar araşdırma zamanı müvafiq icra
hakimiyyəti orqanı tərəfindən antidempinq tədbirinin
tətbiqinin müddəti uzadılır.
20.7. Təkrar
araşdırmanın nəticələrinə əsasən
antidempinq tədbirinin tətbiqi üçün əsas
olmadığı müəyyən edildikdə antidempinq və
ya kompensasiya tədbirinin tətbiqinin uzadıldığı
dövrdə alınan antidempinq və ya kompensasiya
rüsumları gömrük qanunvericiliyinə uyğun olaraq
geri qaytarılır.
20.8.
Araşdırma orqanı öz təşəbbüsü və
ya maraqlı tərəfin müraciəti (yekun antidempinq və
ya kompensasiya tədbirinin tətbiqindən bir ildən az olmayan müddət keçibsə) əsasında
şəraitin dəyişilməsi ilə əlaqədar
antidempinq və ya kompensasiya tədbirinin tətbiqinin davam edilməsinin
zəruriliyinə yenidən baxılması məqsədi ilə
təkrar araşdırma həyata keçirmək hüququna
malikdir.
20.9.
Araşdırma dövründə araşdırılan
malın ixracını həyata keçirməyən xarici
ixracatçı və ya xarici istehsalçı
üçün fərdi dempinq marjasının müəyyən
olunması məqsədi ilə həmin şəxslərin
müraciəti ilə təkrar araşdırma həyata
keçirilir. Bu müraciətə belə
xarici ixracatçının və ya xarici
istehsalçının əsas araşdırma dövründə
araşdırılan malın ixracını həyata
keçirən xarici ixracatçı və ya xarici
istehsalçı ilə əlaqəli olmaması barədə
sübutlar əlavə olunmalıdır. Xarici
ixracatçı və ya xarici istehsalçı
üçün fərdi dempinq marjasının müəyyən
olunması məqsədi ilə həyata keçirilən təkrar
araşdırma müddətində həmin ixracatçı
və ya istehsalçı tərəfindən
araşdırılan malın idxalına antidempinq tədbiri tətbiq
olunmur.
20.10.
Yekun kompensasiya rüsumu tətbiq olunan hər hansı bir
ixracatçının ixracı araşdırma orqanı ilə
əməkdaşlıqdan imtinadan başqa digər səbəblərə
görə faktiki olaraq araşdırılmadıqda, həmin
ixracatçı üçün fərdi qaydada kompensasiya
rüsumunun müəyyən edilməsi üçün
araşdırma orqanı tərəfindən 3 ay müddətində
təkrar araşdırma aparılır.
20.11. Bu
qanunun 20.10-cu maddəsində göstərilən təkrar
araşdırma istisna olmaqla, araşdırma orqanı tərəfindən
təkrar araşdırmalar 12 aydan çox olmayan müddətdə
həyata keçirilir.
20.12.
Araşdırmaya dair sübutların təqdim olunması və
araşdırmanın həyata keçirilməsinə aid olan
bu qanunun 27-ci maddəsinin müddəaları təkrar
araşdırmaya tətbiq olunur.
FƏSİL 3
MÜHAFİZƏ
TƏDBİRLƏRİNİN TƏTBİQİ ƏSASLARI
Maddə 21. Mühafizə tədbirlərinin tətbiqinin ümumi əsasları
21.1.
Oxşar və ya birbaşa rəqabətli malın yerli
istehsalının ümumi həcminə münasibətdə
mütləq və nisbi göstəricilərdə
gömrük ərazisinə araşdırılan malın
idxalının artmış həcminin və şərtlərinin
yerli istehsal sahəsinə ciddi zərər vurması və ya
ciddi zərər vurulma təhlükəsi araşdırma nəticəsində
müəyyən olunduqda, həmin mala münasibətdə
mühafizə tədbirləri tətbiq edilir.
21.2.
Mühafizə tədbirləri bu qanunun 21.3-cü maddəsində
nəzərdə tutulan hallar istisna olmaqla, mənşə
ölkəsindən asılı olmayaraq tətbiq edilir.
21.3.
Aşağıdakı şərtlər olduqda mühafizə
tədbiri Azərbaycan Respublikasının milli preferensiya
sistemindən istifadə edən inkişaf etməkdə olan
ölkə mənşəli mallara tətbiq olunmur:
21.3.1. belə ölkədən bu malın
idxalının payı gömrük ərazisinə həmin
malın idxalının ümumi həcminin 3 faizindən
azdır;
21.3.2. bu qanunun 21.3.1-ci maddəsinin tələblərinə
uyğun gələn ölkələrdən bu malın
idxalının ümumi payı gömrük ərazisinə həmin
malın idxalının ümumi həcminin 9 faizindən
azdır.
Maddə 22. Mühafizə tədbirləri ilə bağlı
araşdırma zamanı yerli istehsal sahəsinə vurulan ciddi
zərərin və ya ciddi zərər vurulma təhlükəsinin
müəyyən edilməsi
22.1.
Gömrük ərazisinə artmış idxal nəticəsində
yerli istehsal sahəsinə vurulan ciddi zərərin və ya
ciddi zərər vurulma təhlükəsinin müəyyən
edilməsi məqsədi ilə araşdırma zamanı
aşağıdakılar da daxil olmaqla, kəmiyyət göstəricilərində
əks oluna bilən və yerli istehsal sahəsinin iqtisadi vəziyyətinə
təsir edən obyektiv faktorlar qiymətləndirilir:
22.1.1. mütləq və nisbi göstəricilərdə
araşdırılan malın idxalının artım tempi və
həcmi;
22.1.2. artmış idxalın daxili bazarda payı;
22.1.3. satış və istehsal həcmində,
istehsalın səmərəliliyində, istehsal
gücünün artımında, mənfəət və zərərin
həcmində, məşğulluğun dərəcəsində
dəyişikliklər.
22.2.
Araşdırılan malın artmış idxalı ilə yerli
istehsal sahəsinə vurulan ciddi zərər və ya ciddi zərər
vurulma təhlükəsi arasında səbəbli əlaqə
araşdırma nəticəsində obyektiv sübutlar əsasında
müəyyən olunduqda belə zərər mövcud hesab
edilir.
22.3.
Araşdırma orqanı artmış idxal ilə
yanaşı araşdırılan dövr ərzində yerli
istehsal sahəsinə zərər vuran digər təsirləri
də təhlil edir və belə zərər artmış
idxal nəticəsində yerli istehsal sahəsinə vurulan
ciddi zərərə aid edilmir.
Maddə 23. Müvəqqəti xüsusi rüsumlar
23.1.
Mühafizə tədbirlərinin tətbiqində ləngimə
yerli istehsal sahəsinə sonradan aradan qaldırılması
çətin olan ziyan vura biləcəyi hallarda gömrük ərazisinə
idxalın artması nəticəsində yerli istehsal sahəsinə
ciddi zərərin vurulması və ya ciddi zərər vurulma
təhlükəsi haqqında araşdırma orqanının
ilkin hesabatı əsasında müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müvəqqəti xüsusi
rüsumların tətbiqi ilə bağlı qərar qəbul
edilir.
23.2. Azərbaycan
Respublikasının beynəlxalq müqavilələrində nəzərdə
tutulan hallarda müvəqqəti xüsusi rüsumlar tətbiq
olunmazdan əvvəl araşdırılan malı
ixrac edən xarici dövlətin səlahiyyətli orqanı,
eyni zamanda ona məlum olan digər maraqlı tərəflər
bu barədə araşdırma orqanı tərəfindən
yazılı formada məlumatlandırılır.
23.3.
Müvəqqəti xüsusi rüsumların tətbiqi
müddəti 200 gündən artıq ola
bilməz.
23.4.
Araşdırmanın nəticəsinə əsasən
artmış idxal və bunun nəticəsində yerli istehsal
sahəsinə ciddi zərər vurulması və ya ciddi zərər
vurulma təhlükəsi müəyyən olunmadıqda ödənilmiş
müvəqqəti xüsusi rüsum gömrük
qanunvericiliyinə uyğun olaraq geri qaytarılır. Bu qanunun 23.1-ci maddəsinə uyğun olaraq
araşdırma orqanının müvafiq icra hakimiyyəti
orqanına təqdim etdiyi ilkin hesabatda müvəqqəti
xüsusi rüsumun dərəcəsinə dair təkliflər
göstərilməlidir.
23.5.
Araşdırma nəticəsində mühafizə tədbirlərinin
tətbiqi barədə qərar qəbul olunarsa, müvəqqəti
xüsusi rüsumların tətbiq olunma müddəti
mühafizə tədbirlərinin ümumi qüvvədə
olma müddətinə daxil edilir.
Maddə 24. Mühafizə tədbirlərinin tətbiqi
24.1. Yekun
mühafizə tədbirləri xüsusi rüsum və (və
ya) idxal kvotası formasında tətbiq olunur.
24.2.
Xüsusi rüsumlar və idxal kvotaları
araşdırmanın nəticələrinə dair
araşdırma orqanının təqdim etdiyi hesabat əsasında
müvafiq icra hakimiyyəti orqanı tərəfindən yerli
istehsal sahəsinə vurulan ciddi zərərin və ya ciddi zərər
vurulma təhlükəsinin aradan qaldırılması və
yerli istehsal sahəsinin yeni iqtisadi şərtlərə
uyğunlaşdırılması prosesinin
asanlaşdırılması üçün bu qanunla müəyyən
edilmiş həcmdə və müddətdə tətbiq
edilir.
24.3.
Araşdırma orqanı tərəfindən
araşdırmanın nəticələrinə dair müvafiq
icra hakimiyyəti orqanına təqdim olunan hesabatda xüsusi
rüsumun dərəcəsinə və ya idxal
kvotasının həcminə (o cümlədən kvotanın
bölüşdürülmə qaydasına) dair təkliflər
göstərilməlidir.
24.4. Bu
qanunun 24.5-ci maddəsində müəyyən edilmiş hal
istisna olmaqla, mühafizə tədbiri idxal kvotası
formasında tətbiq olunduqda, onun həcmi əvvəlki
dövr üçün araşdırılan malın idxal həcminin
orta illik səviyyəsindən (kəmiyyət və dəyər
ifadəsi ilə) aşağı olmamalıdır.
24.5. Yerli
istehsal sahəsinə vurulan zərərin aradan
qaldırılması üçün zəruriliyi
araşdırma orqanı tərəfindən əsaslandırılmaqla
məhdudiyyət həcminin fərqli səviyyəsi müəyyən
edilə bilər.
24.6.
Araşdırılan malı ixrac edən
xarici dövlətlər arasında idxal kvotaları
bölüşdürüldükdə Azərbaycan
Respublikasına bu malı ixrac etməkdə maraqlı olan
xarici dövlətlərə müvafiq icra hakimiyyəti
orqanı tərəfindən idxal kvotalarının
bölüşdürülməsi məsələsi ilə
bağlı məsləhətləşmələrin
aparılması təklif oluna bilər.
24.7. Bu
qanunun 24.6-cı maddəsində qeyd olunan məsləhətləşmələrin
aparılması mümkün olmadıqda və ya belə məsləhətləşmələr
zamanı idxal kvotasının maraqlı xarici dövlətlər
arasında bölüşdürülməsi barədə
razılıq əldə olunmadıqda, həmin xarici dövlətlər
arasında idxal kvotası bu dövlətlərdən əvvəlki
dövrdə araşdırılan malın gömrük ərazisinə
idxal həcminin bu malın gömrük ərazisinə
idxalının ümumi həcmində payı əsasında
bölüşdürülür. Bu zaman
araşdırılan malın ticarətinə təsir
etmiş və ya təsir edə bilən amillər nəzərə
alınır.
24.8.
Mühafizə tədbiri kimi idxal kvotasının tətbiqi
barədə qərarda kvota həcminin idxalçılar
arasında bölüşdürülməsi qaydası
göstərilir və həmin qaydaya uyğun olaraq kvota həcmi
idxalçılar arasında
bölüşdürülür.
24.9. Bu
qanunun 24.4-cü maddəsində və 24.7-ci maddəsinin
birinci cümlələrində və 26.2.6-cı maddəsində
əvvəlki dövr dedikdə, statistik məlumatların
mövcud olduğu və araşdırmanın
aparılması üçün əsasların
yarandığı gündən bilavasitə əvvəlki 3 il başa düşülür.
Maddə 25. Mühafizə tədbirlərinin qüvvədə olma
müddəti və onlara yenidən baxılma
25.1. Bu
qanunun 25.2-ci maddəsində nəzərdə tutulan hallar
istisna olmaqla, mühafizə tədbirinin tətbiqi müddəti
4 ildən çox ola bilməz.
25.2.
Aşağıdakı şərtlərin mövcudluğu barədə
araşdırma orqanının hesabatı əsasında
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
mühafizə tədbirlərinin qüvvədə olma
müddəti uzadıla bilər:
25.2.1. mühafizə tədbirlərinin tətbiqinin
davam etdirilməsi yerli istehsal sahəsinə vurulan ciddi zərərin
və ya ciddi zərər vurulma təhlükəsinin aradan
qaldırılması üçün zəruri olduqda;
25.2.2. yerli istehsal sahəsinin yeni iqtisadi şərtlərə
uyğunlaşdırılması prosesinin davam etməsi barədə
sübutlar olduqda.
25.3. Bu
qanunun 25.2-ci maddəsinə əsasən qüvvədə
olma müddəti uzadılmış mühafizə tədbiri
bu barədə qərarın qəbul olduğu gün qüvvədə
olan mühafizə tədbirindən daha çox məhdudlaşdırıcı
ola bilməz.
25.4.
Mühafizə tədbirinin qüvvədə olma müddəti
1 ildən çox olduqda, araşdırma orqanının
hesabatı əsasında şəraitin dəyişməsinə
uyğunluğu təmin etmək məqsədi ilə
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
mühafizə tədbiri malın idxal kvotasının həcminin
artırılması və ya xüsusi rüsumun dərəcəsinin
azaldılması yolu ilə tədricən yüngülləşdirilir.
25.5.
Mühafizə tədbirinin qüvvədə olma müddəti
3 ildən çox olduqda, belə tədbirin qüvvədə
olma müddətinin yarısının qurtarmasından gec
olmayaraq təkrar araşdırma həyata keçirilir və
araşdırma nəticəsində mühafizə tədbiri
saxlanılır, ləğv olunur və ya malın idxal kvotasının
həcminin artırılması və ya xüsusi rüsumun dərəcəsinin
azaldılması yolu ilə yüngülləşdirilir.
25.6.
Mühafizə tədbirinin qüvvədə olma müddətinin
uzadıldığı müddət də daxil olmaqla,
mühafizə tədbirinin ümumi qüvvədə olma
müddəti 8 ildən çox ola bilməz.
25.7. Bu
qanunun 25.8-ci maddəsində nəzərdə tutulan hal istisna
olmaqla, əvvəllər mühafizə tədbiri tətbiq
olunan malın idxalına həmin mühafizə tədbirinin
müddətinə bərabər müddətdə, amma ən
azı 2 il ərzində təkrar
mühafizə tədbiri tətbiq oluna bilməz.
25.8.
Aşağıdakı şərtlər mövcud olduqda, əvvəllər
mühafizə tədbiri tətbiq olunan malın idxalına 180
gün və ya daha az müddətə təkrar
mühafizə tədbiri tətbiq olunur:
25.8.1. əvvəlki mühafizə tədbirinin tətbiqindən
ən azı 1 il keçmişdir;
25.8.2. təkrar mühafizə tədbirinin tətbiqinə
başlanıldıqdan bilavasitə əvvəlki 5 il müddətində
həmin malın idxalına mühafizə tədbiri iki dəfədən
çox tətbiq olunmamışdır.
FƏSİL 4
ANTİDEMPİNQ, KOMPENSASİYA
VƏ MÜHAFİZƏ TƏDBİRLƏRİNİN
TƏTBİQİ İLƏ BAĞLI ARAŞDIRMANIN APARILMASI
Maddə 26. Araşdırmanın başlanılması
üçün əsaslar
26.1.
Dempinqli, subsidiyalaşdırılmış və ya
artmış idxal və bunun nəticəsində yerli istehsal
sahəsinə vurulan zərərin müəyyən edilməsi
məqsədi ilə araşdırma oxşar və (və ya)
birbaşa rəqabətli malların istehsalçısı
(istehsalçıları) və ya onların adından təqdim
edilmiş yazılı müraciət və yaxud
araşdırma orqanının öz təşəbbüsü
əsasında araşdırma orqanı tərəfindən
başlanılır.
26.2. Bu
qanunun 26.1-ci maddəsində qeyd olunan müraciətdə
aşağıdakılar göstərilməlidir:
26.2.1. müraciət edən haqqında məlumat;
26.2.2. müraciət edən tərəfin istehsal
etdiyi oxşar malın (mühafizə tədbirlərinin tətbiqi
ilə bağlı müraciətdə oxşar və ya
birbaşa rəqabətli malın) həcmi və dəyəri
barədə məlumat;
26.2.3. bu qanunun 26.3-cü maddəsinə uyğun
olaraq müraciətin yerli istehsal sahəsi tərəfindən
dəstəklənməsini təsdiq edən sənədlər;
26.2.4. oxşar malın (mühafizə tədbirlərinin
tətbiqi ilə bağlı müraciətdə oxşar və
ya birbaşa rəqabətli malın) bütün məlum
yerli istehsalçılarının siyahısı və
mümkün olduqda, oxşar malın belə
istehsalçılar tərəfindən yerli
istehsalının həcmi və dəyərinin təsviri;
26.2.5. barəsində araşdırılma
aparılması təklif olunan malın Xarici İqtisadi Fəaliyyətin
Mal Nomenklaturası göstərilməklə təsviri, həmin
malın mənşə və ya ixrac ölkəsinin adı,
bu malın məlum xarici istehsalçıları və ya
ixracatçıları və idxalatçıları
haqqında məlumatlar;
26.2.6. barəsində araşdırılma
aparılması təklif olunan malın gömrük ərazisinə
idxal həcminin (mühafizə tədbirlərinin tətbiqi ilə
bağlı araşdırma zamanı əvvəlki dövr ərzində)
dəyişməsi haqqında məlumatlar;
26.2.7.
antidempinq tədbirlərinin tətbiqi ilə bağlı
müraciətdə mənşə və ya ixrac ölkəsinin
bazarında barəsində araşdırılma
aparılması təklif olunan malın istehlak qiyməti barədə
(və ya mümkün olduqda mənşə və ya ixrac
ölkəsi tərəfindən üçüncü
ölkəyə satış qiymətləri və ya
malın hesablanmış dəyəri haqqında) məlumatlar,
mümkün olduqda malın ixrac qiyməti haqqında məlumatlar
və ya həmin malın gömrük ərazisində
müstəqil alıcıya ilkin satış qiyməti barədə
məlumatlar, kompensasiya tədbirlərinin tətbiqi ilə
bağlı müraciətdə xarici dövlətin spesifik
subsidiyasının mövcudluğu haqqında sübutlar;
26.2.8. antidempinq və kompensasiya tədbirlərinin tətbiqi
ilə bağlı müraciətdə bu qanunun 12.2-ci,
12.3-cü və 12.5-ci maddələrində, mühafizə tədbirlərinin
tətbiqi ilə bağlı müraciətdə bu qanunun
22.1-ci maddəsində qeyd olunan faktorlar barədə
sübutlar.
26.3. Bu
qanunun 26.2.3-cü maddəsinə uyğun olaraq antidempinq,
kompensasiya və ya mühafizə tədbirlərinin tətbiqi
ilə bağlı müraciət aşağıdakı sənədlər
əlavə edildikdə yerli istehsal sahəsi tərəfindən
dəstəklənmiş hesab edilir:
26.3.1.
antidempinq və kompensasiya tədbirlərinin tətbiqi ilə
bağlı müraciətə oxşar malın yerli
istehsalında müraciət edənlə birgə 25 faizdən
çox paya malik digər istehsalçıların
qoşulması haqqında, bu şərtlə ki, müraciət
olunduğu vaxt müraciətə dəstək verən yerli
istehsalçılarının istehsal həcmi müraciətə
münasibət bildirmiş (dəstəkləmiş və ya
qarşı çıxmış) yerli istehsalçılarının
istehsal həcminin 50 faizindən çoxunu təşkil etsin;
26.3.2. mühafizə tədbirlərinin tətbiqi ilə
bağlı müraciətə oxşar və ya birbaşa rəqabətli
malın yerli istehsalında müraciət edənlə birgə
50 faizdən çox paya malik digər
istehsalçıların qoşulması haqqında.
26.4.
Araşdırma orqanı araşdırmanın
başlanması üçün kifayət qədər əsasların
mövcudluğunu müəyyən etmək məqsədi ilə,
müraciətin təqdim edildiyi gündən 30 gün
müddətində müraciətdə təqdim edilmiş
sübutların mötəbərliliyini və
mümkünlüyünü araşdırır.
26.5. Bu
qanunun 26.2-ci maddəsinə əsasən təqdim edilməli
olan sənədlər müraciətə əlavə
olunmadıqda və ya həmin sənədlərdə göstərilən
məlumatlar həqiqətə uyğun olmadıqda
araşdırmanın başlanılmasından imtina olunur.
26.6. Bu
qanunun 26.5-ci maddəsi istisna olmaqla, digər əsaslara görə
araşdırmanın başlanılmasından imtina oluna bilməz.
26.7.
Araşdırmanın başlanılması ilə
bağlı qərar qəbul edilənədək
araşdırmanın başlanılması barədə
müraciətin araşdırma orqanı tərəfindən
ictimaiyyətə açıqlanmasına yol verilmir.
26.8. Bu
qanunun 26.1-ci maddəsində qeyd olunan müraciət
araşdırmanın başlanılmasınadək və ya
araşdırmanın gedişində geri götürülə
bilər. Müraciət araşdırmanın
başlanılmasınadək geri götürüldükdə
təqdim edilməmiş hesab olunur, araşdırmanın
gedişində geri götürüldükdə,
araşdırmaya antidempinq, kompensasiya və ya mühafizə tədbirləri
tətbiq edilmədən xitam verilir.
26.9.
Araşdırma orqanı öz təşəbbüsü əsasında
araşdırmanı o halda başlayır ki, onun sərəncamında
dempinqli, subsidiyalaşdırılmış və ya
artmış idxalın mövcudluğu və belə idxal nəticəsində
yerli istehsal sahəsinə zərər vurulması ilə
bağlı kifayətedici sübutlar olsun.
Maddə 27. Araşdırmanın başlanılması və
aparılması
27.1.
Araşdırma orqanı bu qanunun 26.4-cü maddəsində
qeyd olunan müddət başa çatanadək
araşdırmanın başlanılması və ya
başlanılmasından imtina edilməsi haqqında qərar qəbul
edir.
27.2.
Araşdırmanın başlanılmasından imtina edilməsi
haqqında qərar qəbul edildikdə araşdırma
orqanı bu qərarın qəbul edilməsindən sonra 10
gündən gec olmayaraq müraciət edəni imtinanın səbəbləri
barədə yazılı formada xəbərdar edir.
27.3.
Araşdırmanın başlanılması haqqında qərar
qəbul edildikdə araşdırma orqanı
araşdırılan malı ixrac edən
xarici ölkənin səlahiyyətli orqanını, həmçinin
ona məlum olan digər maraqlı tərəfləri qərarın
qəbul edilməsi barədə yazılı formada məlumatlandırır
və araşdırmanın başlanılması haqqında qərarın
qəbul edildiyi gündən 5 iş günü müddətində
araşdırmanın başlanılması haqqında
bildirişin rəsmi dövlət qəzetində dərcini təmin
edir. Araşdırmanın başlanılması
haqqında bildirişin dərc olunduğu gün
araşdırmanın başlanıldığı gün
hesab olunur.
27.4.
Araşdırma orqanı maraqlı tərəflərə
araşdırmanın məqsədləri üçün
onlar tərəfindən cavablandırılmalı olan
sualların siyahısını təqdim edir. Maraqlı
tərəflərə araşdırma orqanına öz
cavablarını bildirmək üçün suallar
siyahısının onlara təqdim olunduğu gündən 30
gün vaxt verilir. Bu müddət
maraqlı tərəflərin əsaslandırılmış
yazılı müraciəti olduqda araşdırma orqanı tərəfindən
15 gündən çox olmayan müddətə uzadılır.
27.5. Bu
qanunun 27.4-cü maddəsinin ikinci cümləsində nəzərdə
tutulan müddət suallar siyahısının maraqlı tərəflər
tərəfindən alındığı tarixdən
başlayır.
27.6.
Antidempinq və kompensasiya tədbirlərinin tətbiqi ilə
bağlı araşdırma zamanı araşdırma orqanı
tərəfindən dempinq marjasının və ya subsidiya məbləğinin
“de minimis” olduğu və ya dempinqli və ya
subsidiyalaşdırılmış idxalın həcmi və
ya bu cür idxal nəticəsində yerli istehsal sahəsinə
vurulmuş zərərin az əhəmiyyətli
olduğu müəyyən edildikdə, araşdırmaya xitam
verilir.
27.7. Bu
qanunun 27.6-cı maddəsində göstərilən “de
minimis” dedikdə, dempinq marjasının 2 faizdən, subsidiya məbləğinin
araşdırılan malın dəyərinin 1 faizindən az
olması başa düşülür.
27.8. Bu
qanunun 27.6-cı maddəsində qeyd olunan dempinqli və ya
subsidiyalaşdırılmış idxalın həcmi
aşağıdakı şərtlər olduqda az
əhəmiyyətli hesab edilir:
27.8.1. xarici ölkədən dempinqli və ya
subsidiyalaşdırılmış idxalın həcmi
gömrük ərazisinə oxşar malın idxalının
ümumi həcminin 3 faizindən azdır;
27.8.2. bütün ayrı-ayrı ölkələrdən
bu qanunun 27.8.1-ci maddəsinə uyğun olan dempinqli və ya
subsidiyalaşdırılmış idxalların cəmi
gömrük ərazisinə oxşar malın idxalının
ümumi həcminin 7 faizindən azdır.
27.9.
Maraqlı tərəflər araşdırmada iştirak etmək
niyyətlərini yazılı formada bildirmək hüququna
malikdirlər. Həmin tərəflər
araşdırma orqanına müvafiq bildiriş təqdim etdiyi
gündən araşdırmanın
iştirakçıları hesab olunurlar.
27.10.
Araşdırmanın iştirakçıları 30 gün
müddətində araşdırmanın aparılması
üçün zəruri olan məlumatları təqdim etmək
hüququna malikdir. Araşdırma
orqanının araşdırma iştirakçılarından
əlavə məlumatların təqdim edilməsini tələb
etmək hüququ vardır. Əlavə məlumatlar
sorğunun daxil olduğu gündən 30 təqvim günü
keçdikdən sonra təqdim edildikdə nəzərə
alınmaya bilər.
27.11.
Araşdırma orqanı araşdırma
iştirakçılarına bu qanunun 26.1-ci maddəsində
göstərilən yazılı müraciətin surətini,
müraciətdə konfidensial məlumatlar əks olunduqda onun
konfidensial olmayan variantını təqdim edir.
27.12. Bu
qanunun 3-cü maddəsinə uyğun olaraq konfidensial hesab
olunan məlumatlar istisna olunmaqla, araşdırma orqanı
araşdırmanın predmetinə aid olan və maraqlı tərəflərin
yazılı formada təqdim etdiyi sübutları və məlumatları
araşdırmanın digər
iştirakçılarının tanış
olması üçün təqdim edir.
27.13.
Araşdırmaya aidiyyəti olan sübutlar və məlumatlar
araşdırma orqanına dövlət dilində təqdim
olunmalıdır, xarici dildə tərtib olunmuş sənədlərin
əsli isə dövlət dilinə rəsmi təsdiq
edilmiş tərcümə ilə müşayiət
olunmalıdır.
27.14.
Maraqlı tərəf araşdırma orqanına
araşdırmanın aparılması üçün zəruri
olan məlumatları təqdim etməkdən imtina etdikdə və
ya bu qanunun 27.4-cü və 27.10-cu maddələrində
göstərilən müddətlər ərzində təqdim
etmədikdə araşdırmanın nəticələri
haqqında ilkin və yekun qərar araşdırma
orqanının malik olduğu məlumatlar əsasında qəbul
edilir.
27.15.
Müvafiq icra hakimiyyəti orqanları araşdırmanın
aparılması ilə bağlı araşdırma orqanına
köməklik göstərməli və araşdırma
orqanının sorğusu əsasında araşdırmanın
məqsədləri üçün zəruri olan
informasiyanı özündə əks etdirən məlumatları
belə sorğunun daxil olduğu vaxtdan 15 gündən gec
olmayaraq araşdırma orqanına təqdim etməlidirlər.
27.16.
Antidempinq və kompensasiya tədbirlərinin tətbiqi ilə
bağlı araşdırma zamanı araşdırma orqanı
bu qanunun 27.4-cü maddəsinə uyğun olaraq məlumatları
aldıqdan sonra 30 gün müddətində maraqlı tərəfləri
dempinqin və ya subsidiyanın, zərərin, dempinq
marjasının və ya subsidiya həcminin ilkin olaraq müəyyənləşdirilməsi
barədə məlumatlandırır.
27.17.
Antidempinq və kompensasiya tədbirlərinin tətbiqi ilə
bağlı araşdırma onun başlanıldığı
gündən 12 aydan, mühafizə tədbirlərinin tətbiqi
ilə bağlı araşdırma isə onun
başlanıldığı gündən 9 aydan çox
olmayan müddətdə başa çatdırılır. Bu
müddətlər araşdırma orqanı tərəfindən
araşdırmanın mürəkkəbliyindən
asılı olaraq, antidempinq və kompensasiya tədbirlərinin
tətbiqi ilə bağlı araşdırma zamanı 6 aydan,
mühafizə tədbirlərinin tətbiqi ilə
bağlı araşdırma zamanı 3 aydan çox olmayan
müddətə uzadıla bilər.
27.18.
Araşdırma orqanı tərəfindən müvafiq icra
hakimiyyəti orqanına araşdırmanın nəticələri
haqqında hesabatın təqdim edildiyi gün araşdırma
başa çatdırılmış hesab olunur. Araşdırma orqanı həmin gündən ən
azı 30 gün əvvəl araşdırmanın nəticələrinin
əsaslandığı faktlar barədə maraqlı tərəfləri
məlumatlandırmalıdır.
27.19.
Araşdırmanın aparılması araşdırılan
malın gömrük rəsmiləşdirilməsinə mane ola bilməz.
27.20.
Antidempinq tədbirlərinin tətbiqi ilə bağlı
araşdırma zamanı maraqlı tərəflərin
yazılı formada təqdim olunmuş müraciəti əsasında
araşdırma orqanı əks mövqedən
çıxış edən maraqlı tərəflər
arasında görüşlərin keçirilməsi
haqqında qərar qəbul edir, belə görüşlərin
keçirilmə vaxtı və yerini müəyyən edir və
görüşün təyin olunduğu gündən ən
azı 15 gün əvvəl maraqlı tərəfləri bu
barədə məlumatlandırır. Maraqlı
tərəflər öz fikirlərini bildirmək və
araşdırmaya aidiyyəti olan sübutları təqdim etmək
hüququna malikdirlər. Bu zaman maraqlı
tərəflərin bu qanunun 3-cü maddəsinə uyğun
olaraq konfidensial hesab olunan məlumatları açıqlamaq vəzifəsi
yoxdur. Araşdırma orqanının
nümayəndəsi göstərilən görüşlərdə
iştirak etməlidir.
27.21. Hər
hansı maraqlı tərəfin bu qanunun 27.20-ci maddəsində
qeyd olunan görüşdə iştirak etmək öhdəliyi
yoxdur və tərəfin bu görüşdə iştirak
etməməsi onun ziyanına şərh oluna bilməz.
27.22.
Antidempinq və kompensasiya tədbirlərinin tətbiqi ilə
bağlı araşdırma zamanı maraqlı tərəflərin
şifahi qaydada təqdim etdikləri məlumatlar sonradan
yazılı formada təqdim edildikdə araşdırma
orqanı tərəfindən nəzərə alınır.
27.23.
Antidempinq və kompensasiya tədbirlərinin tətbiqi ilə
bağlı araşdırma zamanı təqdim olunmuş məlumatların
yoxlanılması və ya araşdırma ilə əlaqəli
əlavə məlumatların əldə edilməsi məqsədi
ilə araşdırma orqanı xarici dövlətin ərazisində
də araşdırma apara bilər, bu şərtlə ki,
araşdırılan malın xarici
ixracatçısının və ya xarici
istehsalçısının bu barədə
razılığı alınmışdır, həmçinin
müvafiq xarici dövlətin səlahiyyətli orqanı bu
barədə məlumatlandırılmışdır və həmin
dövlət tərəfindən araşdırmanın onun ərazisində
aparılmasına etiraz edilmir.
27.24.
Antidempinq və kompensasiya tədbirlərinin tətbiqi ilə
bağlı araşdırma zamanı araşdırılan mal əsasən
pərakəndə səviyyədə satıldıqda
müvafiq istehlakçı birliklərinin nümayəndələrinə
və araşdırılan malı sənaye
məqsədi ilə istifadə edən şəxslərə
dempinqli və ya subsidiyalaşdırılmış idxal və
bunun nəticəsində yerli istehsal sahəsinə
vurulmuş zərərlə bağlı araşdırma
üçün əhəmiyyətli olan məlumatları təqdim
etmək üçün araşdırma orqanı tərəfindən
imkan yaradılır.
Maddə 28. İctimai dinləmələrin keçirilməsi
28.1.
Antidempinq, kompensasiya və ya mühafizə tədbirlərinin
tətbiqi zamanı araşdırmanın hər hansı
iştirakçısının yazılı müraciəti əsasında
araşdırma orqanı ictimai dinləmələrin
aparılmasını təşkil edir.
28.2.
Araşdırma orqanı bu qanunun 28.1-ci maddəsində
göstərilən müraciəti qəbul etdiyi gündən
5 gün müddətində araşdırmanın
iştirakçılarına ictimai dinləmələrin
keçirilmə vaxtı və yeri, o cümlədən,
ictimai dinləmələrin gedişində baxılacaq məsələlərin
siyahısı haqqında bildiriş göndərir. İctimai dinləmələrin keçirilməsi
vaxtı müvafiq bildirişin göndərildiyi gündən
ən azı 15 gün sonraya təyin olunur.
28.3.
İctimai dinləmələrdə araşdırmanın
iştirakçıları və ya onların nümayəndələri,
həmçinin digər maraqlı tərəflər
iştirak edə bilərlər.
28.4.
İctimai dinləmələr zamanı araşdırmanın
iştirakçıları araşdırmaya aidiyyəti olan
sübutları təqdim etmək və öz fikirlərini bildirmək
hüququna malikdirlər. Araşdırma
orqanının nümayəndəsi iştirakçılara
onlar tərəfindən bildirilən faktların mahiyyəti
ilə bağlı suallar vermək hüququna malikdir. Araşdırma iştirakçıları həmçinin
bir-birlərinə suallar vermək hüququna malikdirlər və
suallar cavablandırılmalıdır.
28.5.
İctimai dinləmələrin iştirakçıları bu
qanunun 3-cü maddəsinə uyğun olaraq konfidensial hesab
olunan məlumatları yaya bilməzlər.
28.6.
İctimai dinləmələr zamanı şifahi formada
bildirilmiş məlumatlar araşdırma
iştirakçıları tərəfindən sonradan
yazılı formada təqdim olunduqda, araşdırma orqanı
tərəfindən nəzərə alınır.
Maddə 29. Araşdırma zamanı bildirişlər
29.1.
Araşdırmanın başlanılması ilə
bağlı bildirişdə aşağıdakılar əks
olunmalıdır:
29.1.1. araşdırılan malın təsviri və
onu ixrac edən xarici dövlətin adı;
29.1.2. antidempinq tədbirlərinin tətbiqi ilə
bağlı araşdırma zamanı dempinqli idxalın müəyyən
edilməsi üçün əsaslar, kompensasiya tədbirlərinin
tətbiqi ilə bağlı araşdırma zamanı araşdırılan
subsidiya təcrübəsi;
29.1.3. yerli istehsal sahəsinə zərər
vurulmasını təsdiq edən faktorların qısa təsviri;
29.1.4. maraqlı tərəflərin yazılı
formada öz fikirlərini və araşdırma ilə
bağlı məlumatları təqdim edəcəyi ünvan;
29.1.5. maraqlı tərəflərin yazılı
formada öz fikirlərini və araşdırma ilə
bağlı məlumatları təqdim edəcəyi müddət;
29.1.6. araşdırma
iştirakçılarının bu qanunun 27.20-ci maddəsində
nəzərdə tutulan görüşlərin və ya bu
qanunun 28-ci maddəsində nəzərdə tutulan ictimai dinləmələrin
keçirilməsi ilə bağlı vəsatət qaldıra
biləcəyi müddət.
29.2.
Araşdırmanın başlanılması haqqında
bildirişdə göstərilən müddətlər bu
qanuna uyğun olaraq araşdırma orqanı tərəfindən
müəyyən olunur və 30 təqvim günündən az ola bilməz.
29.3.
Araşdırma orqanı araşdırmanın
dayandırılması, xitam verilməsi barədə
bildirişlərin, həmçinin antidempinq tədbirlərinin
tətbiqi, yenidən baxılması və ya ləğvinə
aid istənilən qərarının dərcini təmin etməlidir.
Belə bildirişlər araşdırılan
malın ixrac olunduğu xarici dövlətin səlahiyyətli
orqanına və digər maraqlı tərəflərə təqdim
olunur.
29.4.
Müvəqqəti antidempinq və ya kompensasiya tədbirlərinin
tətbiq edilməsi barədə bildirişdə
araşdırma orqanının dempinqli və ya
subsidiyalaşdırılmış idxalın mövcudluğu
və belə idxalın yerli istehsal sahəsinə vurduğu
ziyanın ilkin olaraq müəyyənləşdirilməsi, həmçinin
müvəqqəti antidempinq və ya kompensasiya rüsumunun tətbiq
edilməsinə əsas verən faktlar və normativ hüquqi
aktlara istinadlar əks olunmalıdır.
29.5. Bu
qanunun 29.4-cü maddəsində nəzərdə tutulan
bildirişdə əlavə olaraq aşağıdakı məlumatlar
əks olunmalıdır:
29.5.1. araşdırılan malın
ixracatçısının adı, bu mümkün
olmadıqda, onu ixrac edən xarici dövlətin adı;
29.5.2. araşdırılan malın gömrük rəsmiləşdirilməsi
məqsədləri üçün kifayət edəcək təsviri;
29.5.3. dempinq marjasının ölçüsü və
malın normal dəyəri ilə ixrac qiymətinin müqayisə
edilməsi üçün hesablama metodunun seçilməsi
üçün əsasların ətraflı təsviri və
ya subsidiya məbləği və onun mövcudluğunun
müəyyən edilməsi üçün əsasları;
29.5.4. dempinqli və ya
subsidiyalaşdırılmış idxal nəticəsində
yerli istehsal sahəsinə vurulan zərərin
mövcudluğu ilə bağlı təsdiqedici nəticənin
əldə edilməsinin əsaslandırılması.
29.6.
Antidempinq və ya kompensasiya rüsumlarının tətbiq
edilməsi ilə nəticələnən
araşdırmanın başa çatması barədə,
yaxud qiymətlə bağlı öhdəliklərin və ya
öhdəliklərin qəbul edilməsi barədə
bildiriş araşdırma orqanının əsaslandığı
faktlar və tətbiq olunan hüquq normaları barədə məlumatları,
yekun antidempinq və ya kompensasiya rüsumunun tətbiq edilməsi
barədə təklifləri və ya bu qanunun 16-cı maddəsində
nəzərdə tutulan qiymətlə bağlı öhdəlikləri
və ya 17-ci maddəsində nəzərdə tutulan öhdəlikləri,
həmçinin müvafiq normativ hüquqi aktlara istinadları
özündə əks etdirməlidir.
29.7. Bu
qanunun 29.6-cı maddəsində nəzərdə tutulan
bildirişdə əlavə olaraq aşağıdakı məlumatlar
əks olunmalıdır:
29.7.1. bu qanunun 29.5-ci maddəsində göstərilən
məlumatlar;
29.7.2. araşdırılan malın
ixracatçıları və ya idxalatçıları,
kompensasiya tədbirlərinin tətbiqi ilə bağlı
araşdırma üzrə əlavə olaraq xarici dövlətin
səlahiyyətli orqanı tərəfindən
araşdırmanın gedişində təqdim edilmiş
sübutların və tələblərin qəbul edilməsi
və ya edilməməsinin səbəbləri;
29.7.3. antidempinq tədbirlərinin tətbiqi ilə bağlı
araşdırma üzrə bu qanunun 8.4-cü maddəsinə
uyğun olaraq qəbul edilmiş hər hansı qərarın
əsasları.
29.8. Bu
qanunun 16-cı maddəsinə əsasən qiymətlə
bağlı öhdəliklərin və bu qanunun 17-ci maddəsinə
əsasən öhdəliklərin qəbul edilməsi ilə
bağlı araşdırmanın başa çatması və
ya dayandırılması ilə bağlı bildirişdə
belə öhdəliklərin konfidensial olmayan variantı
göstərilməlidir.
29.9. Bu
qanunun 29-cu maddəsinin müddəaları müvafiq fərqləri
nəzərə almaqla bu qanunun 20-ci maddəsinə əsasən
həyata keçirilən təkrar araşdırmanın
başlanılması və qurtarması ilə bağlı
bildirişlərə də tətbiq edilir.
29.10.
Mühafizə tədbirlərinin tətbiq edilməsi ilə nəticələnən
araşdırmanın başa çatması barədə
bildiriş araşdırma orqanı tərəfindən müəyyən
edilmiş faktorları, tətbiq olunan hüquqi normaları, həmçinin
onun sərəncamında olan məlumatların təhlil edilməsindən
əldə olunan əsaslandırılmış nəticələri
əks etdirməlidir.
29.11. Bu
qanunda nəzərdə tutulan bildirişlər rəsmi
dövlət qəzetlərində dərc olunur.
FƏSİL 5
YEKUN MÜDDƏALAR
Maddə 30. Şikayət etmək hüququ
Maraqlı tərəflər bu qanunda nəzərdə
tutulan dövlət orqanı və ya vəzifəli şəxslərin
inzibati aktından, hərəkət və (və ya) hərəkətsizliyindən
inzibati qaydada və (və ya) məhkəmə qaydasında
şikayət etmək hüququna malikdir.
Maddə 31. Qanunun qüvvəyə minməsi
Bu qanun dərc edildiyi gündən 90 gün sonra qüvvəyə
minir.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
31 may 2016-cı il
Azərbaycan.- 2016.- 15 iyul.- S. 4, 5,
6.