Qəbələdə
“Alban Apostol kilsəsinin
keçmişi və bu
günü” mövzusunda
beynəlxalq konfrans keçirilib
İyulun
20-də Qəbələ şəhərində
Prezident İlham Əliyevin Sərəncamı
ilə təsdiq edilmiş “2016-cı ilin Azərbaycan Respublikasında
“Multikulturalizm ili” elan edilməsinə dair Tədbirlər Planı”na əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi,
Müəllif Hüquqları
Agentliyi və Azərbaycan Respublikasının
Alban-Udi Xristian Dini İcmasının birgə təşkilatçılığı
çərçivəsində qədim Qafqaz Albaniyası ilə bağlı “Alban Apostol kilsəsinin keçmişi
və bu günü” mövzusunda beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir
iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Konfransda
Norveç, Türkiyə
və Rusiyadan görkəmli albanşünas
mütəxəssislər, tarixçilər, ziyalılar,
Qəbələdə keçirilən
“Multikulturalizm Azərbaycanda
həyat tərzi kimi: milli və
dini dəyərlər”
adlı II Beynəlxalq
Multikulturalizm Yay Məktəbinin 16 ölkədən
75 nəfər iştirakçısı,
o cümlədən 20 İyul
- “Beynəlxalq Udi Mədəniyyəti Günü”
münasibətilə dünyanın
müxtəlif ölkələrindən
özlərinin tarixi vətənləri olan Azərbaycana toplaşan udilər iştirak ediblər.
Açılış mərasimində
Azərbaycan Respublikasının
millətlərarası, multikulturalizm
və dini məsələlər üzrə
dövlət müşaviri
Kamal Abdullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
sədri Mübariz Qurbanlı, AMEA-nın vitse-prezidenti, Milli Məclisin elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli, Müəllif
Hüquqları Agentliyinin
sədri Kamran İmanov, Suriya avtokefal kilsəsi Deir-al-Zafaran monastırının mitropoliti
Salib Özmen, Alban-Udi Xristian Dini
İcmasının sədri
Robert Mobili çıxış
edib.
Çıxışlarda Azərbaycanda “Multikulturalizm
ili”ndə görülən
işlər və nəzərdə tutulan tədbirlər barədə
danışılıb. Prezident İlham
Əliyevin rəhbərliyi
ilə ölkəmizdə
tolerantlığın yüksək
səviyyədə təmin
olunduğu bildirilib, Azərbaycanda yaşayan azsaylı xalqlara, eləcə də İslam və digər dinlərə etiqad edənlərə yaradılan şəraitdən
danışılıb. Qeyd olunub ki, yaradılan
şərait nəticəsində
ölkəmizdə millətlərarası
münasibətlər yüksək
səviyyədə qurulub,
dinlərarası ünsiyyət
təmin edilib, Azərbaycan tolerant ölkə
kimi bütün dünyaya nümunəyə
çevrilib. Bildirilib ki,
multikulturalizm çoxmədənilik,
fərqli mədəniyyətlərin
birgə yaşaması,
ayrı-ayrı insanların
bir-birinin mədəniyyətinə
və dünyagörüşünə
hörmətlə yanaşmasıdır.
Azərbaycan bu məsələdə
hər zaman nümunəvi ölkə
olub. Xalqımız qədimdən bəri
cəmiyyətdə harmoniya
yaranmasına şərait
yaradıb. Azərbaycanda 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi
bütövlükdə xalqımızın
tarixi mədəniyyətinin
bir daha parlaq şəkildə göstərilməsidir. Çıxışlarda qeyd olunub ki,
1836-cı ildə Alban kilsəsinin
ləğv edilərək
erməni Qriqoryan kilsəsinə birləşdirilməsi
nəticəsində albanlara,
o cümlədən udilərə
qarşı böyük
ədalətsizlik edilib.
Hazırda udilərin hüquqlarının
və ədalətinin
bərpası istiqamətində
işlər görülür.
Azərbaycan hökuməti bu
məqsədlə Alban-Udi
İcmasına lazımi
dəstək verir, icmanın fəaliyyəti
üçün şərait
yaradır.
Konfransda
Azərbaycan Müəllif
Hüquqları Agentliyinin
sədri Kamran İmanov “Qafqaz Albaniyası və tarixi-coğrafi aspektdə
genetik təhlil”, Norveçin Oslo Dövlət
Universitetinin professoru,
tarix elmləri doktoru Byorn Veqqe
“Yerusəlimdən Kişə”,
Alban-Udi Xristian Dini İcmasının sədri, Bakı Dövlət Universitetinin baş elmi işçisi
Robert Mobili “Alban apostol
avtokefal kilsəsinin varisi kimi Azərbaycanın
Alban-Udi Xristian İcması” mövzusunda
məruzə edib.
Sonra konfrans işini plenar iclaslarla davam etdirib. Yerli və xarici
albanşünas mütəxəssislər,
tarixçilər, ziyalılar
və ictimaiyyət nümayəndələri mövzu
üzrə məruzələr
edib, müzakirələr
aparıblar.
Tədbirdə Qəbələ əhalisinin
zəngin etnik tərkibindən söz açılıb. Qeyd olunub ki, rayon əhalisinin 78,9 faizini azərbaycanlılar, 17,1 faizini
ləzgilər, 3,7 faizini
udilər, 0,1 faizini türklər və 0,2 faizini digər millətlər təşkil
edir. Burada milli mənsubiyyətindən
asılı olmayaraq heç kimə fərq qoyulmur, hamı vahid ailə kimi yaşayır. Ümumtəhsil məktəblərinin ibtidai
siniflərində ləzgilər
və udilər üçün ana dillərində dərslər
tədris olunur. Qəbələ şəhərinin 2, Nic qəsəbəsinin 3 məktəbində
tədris rus dilində aparılır.
Rayonda olan 43 məscid və 1 kilsədə qeydiyyata alınmış 22 İslam,
1 xristian dini icması mövcuddur və burada hər bir vətəndaşa
dini inancını və ayinləri icra etmək üçün lazımi
şərait yaradılıb.
Bu gün udilərin
kompakt şəkildə
yaşadığı yeganə
məkan, onların tarixi Vətəni olan Qəbələ rayonunun Nic qəsəbəsidir.
Burada udilərin tarixi qorunub saxlanılır və araşdırılır.
Onların dil, din, özünəməxsus
mədəniyyət və
adət-ənənələri inkişaf etdirilir, udi xalqının qədim məbəd və kilsələri, tarixi abidələri bərpa olunur, qorunur.
Sonra Azərbaycan Respublikasının
millətlərarası, multikulturalizm
və dini məsələlər üzrə
dövlət müşaviri
Kamal Abdullayev və Dini Qurumlarla
İş üzrə
Dövlət Komitəsinin
sədri Mübariz Qurbanlı “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini
dəyərlər” adlı
II Beynəlxalq Multikulturalizm
Yay Məktəbinin iştirakçıları ilə
görüşüblər. Konfrans iştirakçıları
Nic qəsəbəsinə səfər edərək,
Müqəddəs Yelisey
Alban kilsəsi ilə
də tanış
olublar.
Konfransdan sonra “Beynəlxalq Udi Mədəniyyət Günü”nə həsr olunmuş tədbirlər keçiriləcək.
Azərbaycan.- 2016.- 21 iyul.- S.2.