180 illik birgəyaşayış
Gədəbəyin
Slavyanka kəndinin sakinləri Azərbaycanı
doğma vətənləri sayırlar
Zəngin multikulturalizm və tolerantlıq ənənələrinə malik olan Azərbaycanda milli və dini azlıqlara həmişə böyük hörmətlə yanaşılmış, onlara Azərbaycanı doğma vətənləri hesab etmələri üçün hər cür şərait yaradılmışdır. Bu sahədə qazanılan təcrübə və uğurlar beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilməklə bir çox dövlətlərə nümunə göstərilmişdir.
Artıq Azərbaycanda əsrlərdən bəri formalaşan multikulturalizm və tolerantlıq həyat tərzinə çevrilmişdir. Ölkə başçısı İlham Əliyevin imzaladığı sərəncamla 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması bir daha sübut edir ki, Azərbaycan bu sahədə öz tarixi ənənələrinə sadiqdir və bu ölkədə bütün xalqların nümayəndələrinə eyni münasibət bəslənilir.
Azərbaycan müstəqillik əldə etdikdən sonra ümummilli lider Heydər Əliyevin siyasi iradəsi nəticəsində ölkəmizdə tolerantlıq və multikulturalizm ənənələri hüquqi və siyasi müstəvidə yeni mərhələyə qədəm qoymuşdur. Ulu öndər Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçmiş və uzaqgörən siyasəti ilə əsrlər boyu formalaşan çoxmədəniyyətlilik ənənəsini daha da inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə yüksəltmişdir. Ulu öndərin müdrik siyasəti və təşəbbüsü ilə Azərbaycanda milli azlıqların mədəniyyətinə, dilinə, tarixinə, adət-ənənələrinin qorunmasına qayğı ilə yanaşılmışdır.
Müxtəlif xalqların nümayəndələrinin yaşadıqları bölgələrdən biri də Gədəbəy rayonudur. Rayonun Novosaratovka, Novoivanovka, Slavyanka və digər kəndlərində yaşayan başqa millətlərin nümayəndələri, o cümlədən ruslar əvvəllər də, indi də Azərbaycanı özlərinin doğma vətənləri hesab edirlər. Onlar bu ərazilərdə beynəlmiləlçilik şəraitində yaşayır, müxtəlif millətlərin nümayəndələri ilə çiyin-çiyinə çalışır, bir-birlərinin xeyirində, şərində iştirak edirlər.
Heydər
Əliyev Fondunun qayğısı
Slavyanka kəndi Gədəbəyin giriş hissəsindədir. Yol boyu yaşıl örpəyə bürünmüş dağlara, dağ yamaclarında əkilmiş kartof sahələrinə baxdıqca insanın ürəyi açılır. Hiss edirsən ki, insanlar zəhmətkeş və işgüzardırlar. Çörəkləri əsasən torpaqdan çıxan gədəbəylilər demək olar ki, hər qarış torpaqdan səmərəli istifadə etməyə çalışırlar.
Slavyanka bələdiyyəsinin sədri Firudin Məmmədov kənd haqqında ətraflı məlumat verərək dedi ki, 4 min 300 nəfər əhalisi olan kənddə 1300 ev var. Onlardan 31-i rus ailəsidir. Rayonun digər kəndləri kimi burada da əhalinin rahat yaşaması üçün çoxlu işlər görülüb. Hazırda burada 3 məktəb, 40 yerlik uşaq bağçası fəaliyyət göstərir. Məktəblərdən biri Heydər Əliyev Fondunun vəsaiti ilə inşa edilib. Bundan başqa, kənddə sahə xəstəxanası, poçt, elektron ATS, internet şəbəkəsi, musiqi məktəbi, mədəniyyət evi fəaliyyət göstərir. Gədəbəyə gedən magistral avtomobil yolu kəndi iki hissəyə ayırır. Kənddə qaz, işıq və su daimidir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Kəndin 50-dən artıq sakini yaxınlıqda fəaliyyət göstərən “Slavyanka” mineral sular zavodunda işləyir.
Aparılan aqrar islahatlar nəticəsində kəndin 1260 nəfər
əhalisi pay torpaqları ilə təmin edilib. Bu torpaqlarda əsasən kartof, kələm, çuğundur
və digər bostan bitkiləri
yetişdirən kənd sakinləri istehsal
etdikləri məhsulları bəzi halda
elə sahədə, bəzi halda isə bazarlarda satmaqla qış
mövsümündə dolanışıqlarını təmin
edirlər. Taxıl əkənlər də çoxdur. Xüsusilə mal-qara
saxlayanlar
taxılçılığın inkişafına maraq göstərirlər. Bu
il 320 hektar əkin sahəsində
bol taxıl yetişdirən kənd sakinləri
hər hektardan 27 sentner
məhsul götürüblər ki, bu da
heyvandarlığın yem bazasının
təminatında əsas məsələdir. Yay
aylarında rayona gələn turistlərin
çox hissəsi bu
kənddə istirahət etməyə üstünlük
verirlər. Kəndin ərazisində “Aşağı narzan”, “Yuxarı narzan” və
“Şırxan” ailəvi istirahət mərkəzlərinin yerləşməsinə
baxmayaraq, turistlər iqtisadi
cəhətdən sərfəli olan
yaşıl kənd turizminə daha çox üstünlük
verirlər. Slavyankada təkcə yay mövsümündə 4 mindən artıq
turistin dincəldiyini bildirən bələdiyyə
sədri onu da əlavə
etdi ki, hər il ev sahibləri mövsüm başlamazdan
əvvəl hazırlıq işlərinə
başlayırlar. Evləri təmir edir, yatacaq yerlərini təzələyir, həyət-bacaya
əl gəzdirirlər. Nəticədə istər yerli, istərsə də xarici
turistlər bu kəndə böyük
həvəslə gəlirlər. Qeyd edək ki, bir
turistin bir günlük qalma xərci 10-30 manat arası dəyişir.
İlham Əliyevlə görüşün
təəssüratı unudulmazdır
Kənd bələdiyyəsinin sədri
Firudin Məmmədov Slavyanka kəndi haqqında maraqlı fikirlər söylədi. Dedi ki, bu kənd
1837-ci ildə Rusiyanın
Tavriya şəhərindən
bura sürgün olunan ruslar tərəfindən
salınıb. Dini inanclarına
görə duxobor olan bu insanlar
birbaşa Allaha sitayiş etdiklərindən
hər hansı “Allah evi” deyilən məbədləri də yoxdur. Onlar ildə bir dəfə duxobor günü münasibətilə
dini ayinlər icra edirlər.
Kənddə rusların yaşadıqları
evlər demək olar ki, bir-birinə
bənzəyir. Rusiyanın kəndlərində mövcud
olan evlərə bənzəyən bu evlər o qədər təmtəraqlı olmasa da,
sakinlərinin rahatlığını
təmin edir. Həyət-bacada toyuq-cücə və
mal-qara saxlayır, çox da böyük
olmayan həyətyanı
torpaq sahələrində
mer-meyvə yetişdirirlər
ki, bunun da bir hissəsindən
özləri istifadə
edir, qalanını isə satırlar.
Kənddə iki rus qəbiristanlığı
var. Onlardan biri qədim, digəri isə yeni salınıb. Bu yaxınlarda kənd bələdiyyəsinin maliyyə
dəstəyi ilə qəbiristanlıqda abadlıq
işləri görülmüş,
ətrafına hasar çəkilmişdir. Köhnə qəbiristanlığın
girəcəyində bir
daş qoyulmuşdur.
Daşın üzərində rusların bu əraziyə köçürülməsinin
tarixini bildirən yazı da həkk
olunub.
Ərazidə bir neçə alban abidəsi də mövcuddur ki, bu da
çox-çox əvvəllər
bu ərazilərdə
yaşayışın olduğuna
işarədir. Turistlər bu kənddə
dincələn zaman Gədəbəyin tarixi yerləri ilə yanaşı, həmin abidələrə də ekskursiyalar təşkil edirlər.
Slavyankanın iki yerində mineral su çıxır. Hər ikisi
narzan adlandırılsa
da, bu suların
tərkibi bir-birindən
fərqlənir. Yuxarı narzan
suyunun tərkibi dəmirlə, aşağı
narzanın tərkibi isə yod və
xromla zəngindir.
Slavyankalılar üçün bir neçə unudulmaz anlar olub. Onlardan biri də 10 il öncə
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin xanımı Mehriban Əliyeva ilə bu kənddə
olması, kənd sakinləri ilə səmimi söhbətlər
etməsidir. Ölkə başçısının keçirdiyi görüşlər
zamanı rus icması üzvlərinin arzu və təkliflərini
dinləməsi indi də xoş anlar kimi xatırlanır.
Slavyankalılar Azərbaycan Ordusunda
layiqincə xidmət edirlər
Kənddə olarkən eşitdik ki, Denis Şaxov Azərbaycan Ordusunda hərbi xidmətini başa vuraraq evlərinə qayıdıb. Biz də onunla görüşə getdik.
Bu münasibətlə bütün kənd sakinləri Strelyayevlər
ailəsinə gözaydınlığına
gəlirdilər. Evdə
açılmış şirniyyat
masasında rus və Azərbaycan mətbəxinin nemətləri düzülmüşdü.
Söhbət zamanı
Denisin nənəsi Mariya Strelyayeva dedi ki, bizim
bütün məclislərimiz,
el şənliklərimiz, bayramlarımız
beləcə keçir.
Heç
vaxt kənd sakinləri arasında ayrı-seçkilik olmur.
Xeyirimiz də, şərimiz də birlikdə keçir.
Mariya Strelyayeva söhbət zamanı onu da qeyd etdi ki, 1969-cu ildə bu evə gəlin gəlib. İvan Strelyayevlə ailə qurub. Bu ailəlikdən 3 övladı olub. İndi onların üçü də xoşbəxtdir. Dolanışıqları da pis deyil. Dövlətin onlara təmənnasız verdiyi 1 hektar 2 sot torpaq sahəsini əkib-becərib, bol məhsul yetişdiriblər. Bundan başqa, yay aylarında evlərində turistlər də saxlayırlar ki, bu da onların maddi vəziyyətlərini xeyli yaxşılaşdırır. Xarici turistlər onların evlərinə daha çox maraq göstərirlər. Keçən il Kanadadan onların evinə gələn turistlərdən ağızdolusu danışan Mariya nənə onu da söylədi ki, onları vaxtilə bu kənddə yaşayan bir nəfərin nəvəsi gətirmişdi və o, kənd haqqında ata-babalarından eşitdiklərini digər qonaqlara həvəslə danışırdı.
Bir il altı ay hərbi xidmət edən Denis Şaxovun ordumuz haqqında təəssüratları daha zəngin oldu. Azərbaycan Ordusunun çox güclü olduğunu, ən müasir silahlarla təchiz edildiyini, eləcə də xidmət edənlərdə böyük ruh yüksəkliyi yaşandığını söyləyən Denis onu da vurğuladı ki, hazırda Ermənistan silahlılarının işğal etdikləri Azərbaycan torpaqlarını azad etmək üçün hər cür imkan və şərait var. Hərbçilərimiz ancaq Ali Baş Komandanın əmrini gözləyirlər. Güclü ordusu, vətənpərvər insanları olan torpaq isə heç vaxt işğalda qala bilməz.
Beynəlmiləl ailənin xoşbəxt həyatını yaşayanlar Slavyanka kəndində beynəlmiləl ailələr çoxdur. Onlardan biri də Nüsrət kişinin ailəsidir. O, 1961-ci ildə Yevdokiya ilə ailə qurub. Bu ailəlikdən bir oğlanları və bir qızları olub. Qızları İzabella da, oğlanları Suliddin də evlidirlər. Nüsrət ömrü boyu sürücülük edib. Hazırda təqaüddədir. Yevdokiya isə əkin-biçinlə məşğul olub. Yaşı yetmişi haqlayan ağbirçək rus qadınına - “Özünüzü xoşbəxt hesab edirsinizmi” sualı ilə müraciət edəndə, gülümsəyərək belə cavab verdi: “Əlbəttə, həyat yoldaşımın da, kənd sakinlərinin də mənə münasibəti isti olub. Sevinirəm ki, övladlarım da vətənpərvər və zəhmətsevərdirlər. Bir qadının xoşbəxtliyi üçün isə bütün bunlar kifayət edir”.
Kənd bələdiyyəsi ilə rus icması arasında qurulmuş əlaqələr müsbət nəticələr verir. Təkcə son 3 ildə kəndarası yollar təmir edilmiş, 1 və 2 nömrəli məktəblərə içməli su xətti çəkilmişdir. Bu günlərdə isə Slavyankadakı Azərbaycan qəbiristanlığında abadlaşdırma işlərinə başlanacaq. Ümumiyyətlə, hər iki qurumun birgə fəaliyyəti nəticəsində çoxlu sayda tədbirlər həyata keçirilir. Xüsusilə kənddə toy şənliyi və yas mərasimlərinin keçirilməsində həm bələdiyyə, həm də icma yaxından iştirak edir.
Hərdən axşam olanda kənddən musiqi sədaları ətrafa yayılır. Burada yaşayan ruslardan ibarət “Folklor” ansamblı azərbaycanlıların musiqi kollektivləri ilə birgə hazırladıqları konsert proqramı ilə çıxış edir, sakinlərə maraqlı istirahət anları yaşadırlar. Milli paltarlarda çıxış edən rusların çıxışları zamanı bütün kənd əhalisi rəqs edir, qədim rus mahnılarına qulaq asırlar. Belə gecələrdə çıxış edən ağsaqqallar onlara bu şəraiti yaradan ölkə başçısı İlham Əliyevə, onun xanımı Mehriban Əliyevaya minnətdarlıq edirlər.
Sabir ƏLİYEV,
Azərbaycan.- 2016.- 24 iyul.- S.1-5.