Nataliya Nikolayeva: Qəbələ,
İsmayıllı və Şəkidəki yay
məktəbindən xoş xatirələrlə
ayrılacağam
“Mən
Qəbələdə keçirilən
beynəlxalq yay məktəbində iştirak
etmək üçün
Rusiyadan gəlmişəm.
Bir neçə gün ərzində Azərbaycanın
rayonlarına səfər
edərək burada çox məlumat əldə etdim. Hər gün multikulturalizmlə bağlı tədbirlərdə
iştirak edərək
bu sahədə daha da maariflənirik,
tarixi abidələrə
səyahət edirik, turizm obyektlərində dincəlirik”.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Qəbələdə
keçirilən “Alban Apostol
kilsəsinin keçmişi
və bu günü” mövzusunda beynəlxalq konfransda və “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini
dəyərlər” adlı
III Beynəlxalq Multikulturalizm
Yay Məktəbində
iştirak edən rusiyalı gənc Nataliya Nikolayeva deyib. O, Azərbaycanda 2016-cı ilin “Multikulturalizm ili” elan olunmasını
çox sevindirici hal hesab edib.
“Sizin ölkədə
müxtəlif dinlərə
mənsub və fərqli adət-ənənələri
olan xalqların nümayəndələri əsrlərdir
ki, mehriban və sülh şəraitində birgə
yaşayırlar. Yay məktəbinin
iştirakçıları ilə birgə Nic qəsəbəsində müsəlmanlar
və xristianların necə dostluq şəraitində yaşamasının
şahidi oldum.
Biz orada udilərin toy
mərasimində iştirak
etdik və maraqlı adətlərlə
tanış olduq. Bu da mənim üçün çox xoş oldu. Nic tolerantlığın
kiçik modeli kimi bütün dünyaya nümunədir”,
- deyə N.Nikolayeva vurğulayıb.
Nataliya Nikolayeva Qəbələ,
İsmayıllı və
Şəkinin ona xoş təəssürat
bağışladığını və yay məktəbindən
maraqlı xatirələrlə
ayrılacağını deyib:
“Sabah biz Oğuza, sonra
isə Bakıya səfər edəcəyik.
Burada müxtəlif ölkələrdən
olan çoxlu dostlar qazandım. Rusiyaya
qayıdanda tələbə yoldaşlarıma Qəbələdə
gördüklərim barədə danışacağam,
çəkdirdiyim xatirə şəkillərini göstərəcəyəm.
Mən elə bilirdim ki,
Rusiyanın şəhərlərindən müasir
və gözəl yer yoxdur.
Amma gördüm ki, Qəbələnin tam başqa cür əsrarəngiz
gözəlliyi var. Qəbələ həm
qədim, həm də müasir şəhərdir.
İstərdim ki, ailə üzvlərimlə
birgə yenə bura gəlim”.
Azərbaycan.- 2016.- 26 iyul.- S.4.