Azərbaycan turizm potensialını gücləndirir

 

Ölkədə bu sahənin inkişafı Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir

 

Əlverişli coğrafi mövqeyə malik Azərbaycan son illər dünya turistlərinin daha çox üz tutduqları ölkələr sırasında yer almaqdadır və demək olar ki, bu istiqamətdə nəzərəçarpacaq uğurlar da əldə edilir. Bu gün ölkədə turizm infrastrukturunun müasirləşdirilməsi və mövcud potensialın səmərəli şəkildə realizəsi sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Aparılan islahatların əsas məqsədi respublikada turizm mədəniyyətinin formalaşdırılması və xidmət səviyyəsinin davamlı şəkildə yüksəldilməsidir.

Dünyada 11 iqlim tipinin 9-nun Azərbaycan ərazisində mövcud olması ölkəmizdə il boyu müxtəlif xarakterli turizm məhsullarının yaradılmasına və inkişafına imkan vermişdir. Xəzər dənizinin qumlu sahilləri, regionlardakı əsrarəngiz təbiət, dağ-xizək kurortları, Naftalanın möcüzəli müalicəvi nefti, Qalaaltı sanatoriyası, UNESCO-nun Ümumdünya İrsinə daxil edilmiş tarixi abidələr, müasir memarlıq nümunələri, bununla yanaşı, millətimizə xas qonaqpərvərlik ənənələri, unikal yerli mətbəx və bir sıra digər amillər Azərbaycanda müxtəlif turizm istiqamətləri üzrə istirahətin təşkilinə geniş imkanlar yaradır. Bir faktı da qeyd edək ki, turizm artıq bütün dünyada ən gəlirli sahələrdən birinə, geniş və sürətlə inkişaf edən iqtisadi sektora çevrilib. Azərbaycan kontekstində də milli iqtisadiyyatın şaxələndirilməsi, regionların yüksəlişi üçün məhz bu sənaye bölməsi həlledici əhəmiyyət kəsb edir. Hazırda Azərbaycan dövləti turizm sahəsinin inkişafını iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqaməti elan edib. Son illər ərzində respublikada turizmin təşkili ilə bağlı görülən işlər, aparılan islahatlar, qəbul edilən dövlət proqramları, normativ hüquqi bazanın təkmilləşdirilməsi bunu bir daha sübut edir. Həmin tədbirlər nəticəsində Azərbaycanda turizm sənayesi, demək olar ki, yeni mərhələyə qədəm qoyub, ölkəmiz dünyada artıq turizm istiqaməti kimi tanınmağa başlayıb, beynəlxalq turizm bazarına inteqrasiya isə ilbəil daha geniş vüsət alıb.

Ölkə turizminin hazırkı vəziyyəti, inkişaf səviyyəsi Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Bu sahənin iqtisadiyyatın əsas inkişaf dayaqlarından birinə çevrilməsi məqsədilə Prezidentin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı”, “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”, həmçinin ölkəmizdə 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı geniş tədbirlər planı həyata keçirilmişdir.

Mövcud inkişaf dinamikası turizmə dair statistik məlumatlarda da öz əksini tapmışdır. Sevindirici haldır ki, ölkəmizə gələn turistlərin sayı artıq 2 milyonu keçmişdir. Əvvəlki illərlə müqayisədə Almaniya, Böyük Britaniya, Belçika, İspaniya, İtaliya, Yunanıstan, Xorvatiya, İran, Körfəz ölkələrindən və digər yerlərdən gələnlərin sayında artım müşahidə edilmişdir. Azərbaycanda fəaliyyət göstərən turizm müəssisələrinin sayı 300-dən çox, mehmanxanaların sayı 536-nı, yerləşdirmə vasitələrində yerlərin ümumi sayı 38 mini keçmişdir. Bu istiqamətdə 13 rayon və şəhər üzrə 25 obyektin tikintisi davam etdirilir, ölkənin 15 rayon və şəhərində isə 35 istirahət mərkəzi istifadəyə verilmişdir. Turistlərin həm asudə vaxtlarının səmərəli keçirilməsi, həm də ölkəmizin mədəni irsinin təbliği məqsədilə paytaxt Bakıda və bir sıra bölgələrimizdə həftəsonu açıq havada müxtəlif tədbirlər təşkil olunur. Azərbaycan turizm sənayesinin daha da inkişaf etdirilməsi üçün klasterlərin yaradılması diqqət mərkəzindədir. Mədəniyyət və Turizm Nazirliyinin layihəsi əsasında çimərlik ərazilərinin planlaşdırma və idarəetmə modelinin yaradılması və bu modelin Xəzər dənizinin Novxanı hissəsində fəaliyyət göstərən çimərliyin birində uyğunlaşdırılması və tətbiqi həyata keçirilmişdir. Bu da ölkəmizdə yeni turizm istiqamətlərinin, təbii ki, güclü inkişafına təkan verəcəkdir. Hazırda turizm və müvafiq sahələr üzrə çalışanların sayı 42 minə çatmışdır. Bu göstəricilər turizm sənayesinin ölkə iqtisadiyyatının gücləndirilməsində, yeni iş yerlərinin açılmasında, infrastrukturun təkmilləşdirilməsində, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsində, eləcə də yerli əhalinin rifahının yüksəldilməsində böyük paya sahib olduğunu göstərir. Ona görə də ölkəmizdə turizmin daha kompleks şəkildə, hərtərəfli və bütün ölkə boyu inkişafı prioritetə çevrilmişdir. O da xüsusi vurğulanmalıdır ki, istər indi, istərsə də yaxın və uzaq gələcəkdə turizmin inkişafı naminə atılan addımlar ilk növbədə sağlam və planlaşdırılmış qanunvericilik bazasına arxalanmalıdır. Bu məqsədlə ölkə rəhbərliyi tərəfindən mütəmadi olaraq tədbirlər görülür. Ölkənin turizm imkanları dərindən araşdırılaraq bu sahənin mövcud vəziyyətinin təhlili aparılır, problemlərin aradan qaldırılması üçün dünya təcrübəsindən istifadə edilir. Həmin mexanizmlərin Azərbaycan üçün uyğunlaşdırılmış müvafiq variantlarda tətbiqini təmin edəcək xüsusi bir sənəd - turizm haqqında yeni qanun layihəsi artıq işlənib hazırlanmış, müvafiq qurumlarla razılaşdırılmış və Milli Məclisə təqdim edilmişdir. Bununla yanaşı, Azərbaycanda turizm sənayesinin mövcud vəziyyəti, inkişaf potensialı, bu işin yüksək səviyyədə təşkilində hökumətin rolu, maraqlı tərəflər arasında əməkdaşlıq formaları və bu əməkdaşlığın uğurla qurulması metodları və bir sıra digər mühüm amillər haqqında məlumat və tövsiyələri əks etdirən “2016-2025-ci illər üçün Azərbaycanda turizmin İnkişaf Strategiyası”nın layihəsi işlənmiş və həmin sənəd də müvafiq nazirliklərlə razılaşdırılaraq Nazirlər Kabinetinə təqdim edilmişdir.

Bundan başqa, xarici turistlərin diqqətinin səfalı guşələrə cəlb edilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırda yeddi turizm marşrutu müəyyən olunub. Əsas marşrutlar Bakı-Xaçmaz, Bakı-Balakən, Bakı-Astara və Bakı-Qazax, Bakı-Abşeron yarımadası, Bakı-Dağlıq Qarabağ, Bakı-Naxçıvan hesab edilir.

Eyni zamanda ötən dövr ərzində nazirlik tərəfindən müxtəlif mövzular üzrə yerli və beynəlxalq mədəni turizm marşrutları (“Cənub mətbəxinin dadı”, “Cənub mirvarisi”, “Azərbaycanda arxeoloji turizm”, “Azərbaycanda şərab yolu”, “Aleksandr Düma Qafqazda”, “Qədim Qafqaz Albaniyasının tarixi izləri”, “Qırx otaq əfsanələri”, “Fit qalası”) yaradılmış, pasportlaşdırılmış və turizm şirkətləri, eləcə də media nümayəndələrinin iştirakı ilə infoturlar keçirilmişdir. Eləcə də şimal-qərb bölgəsinin qədim əfsanə və rəvayətlərini özündə əks etdirən “Şimal-qərb əfsanələri” marşrutu üzrə xəritə hazırlanmışdır.

Paytaxtımızın qədim abidələrlə zəngin olması, habelə burada müasir tələblərə cavab verən hotellərin tikilib istifadəyə verilməsi turizmin inkişafına gözəl zəmin yaradır. İndi Bakıda dünyanın ən aparıcı hotellər şəbəkəsi fəaliyyət göstərir. Son 10 ildə burada altıdan çox beşulduzlu mehmanxana tikilib. Dünyanın “FourSeasons”, “Fairmont”, “Hilton”, “Mariott”, “Kempinski”, “Jumeirah”, “Sheraton”, “Hyatt”, “Radisson” və s. kimi nüfuzlu hotelləri istifadəyə verilib. Bu da ölkəmizdə turizm üçün əlverişli imkanların yaradılması məqsədindən irəli gəlir.

Onu da xatırladaq ki, hələ 2012-ci ildə “Eurovision” musiqi yarışması və qadınlardan ibarət futbol komandalarının dünya çempionatı Azərbaycanda yüksək səviyyədə keçirilib. Ümumilikdə beynəlxalq ictimaiyyət Bakının təşkilatçılığına, müasir şəhər infrastrukturuna, qonaqpərvərliyinə heyran qalıb. Avropa Futbol Federasiyaları Assosiasiyasının (UEFA) İcraiyyə Komitəsinin 2014-cü il sentyabr ayının 19-da açıqladığı qərara əsasən, Bakının 2020-ci ildə futbol üzrə Avropa çempionatının oyunlarının keçiriləcəyi 13 şəhər sırasına düşməsi son dərəcə sevindirici hadisədir. Qərara əsasən Avropa çempionatının 4 oyunu paytaxtımızda keçiriləcək.

Bundan başqa, Azərbaycan 2016-cı ilin iyun ayında “Formula-1” yarışlarını yüksək səviyyədə keçirməklə həm də turizm potensialını bütün dünyaya nümayiş etdirdi. Bu il respublikamızda Dünya Şahmat Olimpiadasının, 2017-ci ildə isə İslam Həmrəylik Oyunlarının keçirilməsi nəzərdə tutulur ki, bu da ölkədə turizmin inkişafına yeni təkan verəcək.

Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclasında ölkə başçısı bu sahəyə xüsusi diqqət və qayğının göstərilməsi vacibliyini bir daha qeyd etmişdir: “Bir neçə il bundan əvvəl “Eurovision”, keçən il Avropa Oyunları böyük marağa səbəb olmuşdur. Yəni Azərbaycanı artıq tanıyırlar. Əlbəttə ki, ölkəmizin tanıdılmasında “Formula-1” yarışının xüsusi yeri var. Çünki bu yarışın auditoriyası 500 milyon insandır. “Formula-1” yarışı futbol üzrə dünya çempionatı və yay olimpiya oyunlarının səviyyəsində olan tədbirdir, onlardan geri qalmır. Əgər dünya çempionatı və olimpiya oyunları bir şəhərdə bir dəfə keçirilirsə, yaxud da ki, indi bəlkə də əlli ildə iki dəfə keçirilirsə, “Formula-1” yarışı Azərbaycanda ən azı bundan sonra dörd il keçiriləcəkdir. Bizim üstünlüyümüz ondan ibarətdir ki, bu, şəhər yarışıdır və Bakının gözəlliyi 500 milyon insan üçün artıq təqdim olunub”.

Qeyd etdiyimiz kimi, son illər iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər Azərbaycanın turizm potensialının əhəmiyyətli dərəcədə güclənməsinə şərait yaradıb. Davamlı və tarazlı inkişafda, büdcə gəlirlərinin formalaşmasında, vergi daxilolmalarının həcminin artımında mühüm rol oynayan turizm sektorunda zəruri infrastrukturun yaradılması artıq hökumət üçün prioritet məsələlərdən birinə çevrilib. Ölkəmizin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, habelə mədəniyyət və idman sahələrində əldə olunan nailiyyətlər turizm sahəsinin davamlı inkişafını təmin edir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə qış-yay turizminin inkişafı məqsədilə 2009-cu ildə Qusar rayonundan 30 kilometr şimalda, dəniz səviyyəsindən 2500 metr hündürlükdə “Şahdağ” Qış-Yay Turizm Kompleksinin tikintisi reallaşdırılıb. Qusarla yanaşı, hazırda Azərbaycanın əsas turizm marşrutlarından sayılan Qəbələdə də qış turizminin inkişafı istiqamətində sistemli tədbirlər həyata keçirilib. Rayonun turizm potensialının möhkəmləndirilməsi məqsədilə “Tufandağ” yay-qış istirahət kompleksinin inşası başa çatıb. Turistlər üçün ilin bütün fəsillərində ekskursiya və əlavə turizm xidmətləri imkanlarını təmin etməklə yanaşı, onların qış idman növləri ilə məşğul olmalarına da gözəl şərait yaradılır. Bu da mövsümilik anlayışının aradan qaldırılması deməkdir. Aparılan işlər respublikamızda dağ-xizək idmanı və digər qış idman növlərinin inkişafı üçün hərtərəfli imkanlar açmışdır. Kompleks Azərbaycan tarixində ilk dağ-xizək kurortudur. Ölkə Prezidenti İlham Əliyev Qusar rayonuna səfərləri çərçivəsində bu kompleks ərazidə bir neçə hotelin açılışında iştirak etmişdir. İndiyədək təxminən 200 mindən çox yerli və əcnəbi turist kompleksə səfər etmişdir.

Bir neçə il əvvələ kimi Azərbaycan vətəndaşları qış mövsümündə turizm məqsədilə digər ölkələrə üz tuturdular. İndi isə artıq respublikamızda iki nəhəng qış-yay turizm müəssisəsi fəaliyyət göstərir: Qusardakı “Şahdağ” Yay-Qış İstirahət Kompleksi və Qəbələ rayonunda 2014-cü ilin yanvar ayında açılışı olan “Tufandağ” Dağ-Xizək Mərkəzi. Bu iri komplekslərin inşası göstərir ki, Azərbaycanda yay turizminə alternativ turizm növlərinin də inkişafına və bu sahədə infrastrukturun yaradılmasına xüsusi diqqət göstərilir.

İndi ölkəmizin turizm imkanları istənilən seqmentə daxil olan turistin tələblərinə cavab verəcək qədər zəngindir. Mədəni turizm, sağlamlıq-müalicə turizmi, kənd turizmi, ekoturizm, dağ-xizək turizmi, çimərlik turizmi, MICE (işgüzar turizm), dini turizm və s. istiqamətdə səyahətə gələn insanların ildən-ilə artması bu sahənin müxtəlifliyinə əyani sübutdur. 2016-cı ilin mart ayı xüsusi vurğulanmalıdır. Əsasən Novruz bayramı ərəfəsində - istirahət günlərində ölkəmizdə yerli və xarici turistlərin sayının artması istər Bakı şəhəri, istərsə də bölgələrdə geniş şəkildə müşahidə edilmişdir. Təbii ki, bu axının güclənməsində dövlətin apardığı islahatların mühüm rolu olmuşdur. Mövcud statistik göstəricilərə görə, xarici turistlər ən çox Qəbələ, Quba, Qusar, İsmayıllı, Şəki, Xaçmaz, Naftalan, Masallı, Gəncə və digər bölgələrə səyahətlər etmişlər. Regionların turizm potensialının yüksək səviyyədə təbliğ edilməsi məqsədilə hər il Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi (AITF) çərçivəsində geniş regional ekspozisiyalar təşkil edilmişdir. Təbii ki, belə təbliğat işləri bölgələrə səfər edən xaricilərin sayına müsbət təsir göstərmişdir.

Bir fakt da xüsusi vurğulanmalıdır ki, ildən-ilə ölkəmizdə fəaliyyət göstərən turizm şirkətlərinin və yerləşdirmə obyektlərinin fəaliyyəti təkmilləşir, onların turizm sənayesi və xidmət sahəsinə olan münasibəti və peşəkarlığı artır. Azərbaycanın turizm şirkətlərinin və mehmanxanaların birgə fəaliyyətini özündə birləşdirən və hazırda 150-dən çox üzvü olan Azərbaycan Turizm Assosiasiyasının əsas məqsədi dövlət sektoru ilə turizm sənayesi arasında körpü rolunu oynamaq, üzvlərinin hüquqlarını qorumaq və turizm sənayesinin təbliğatına dəstək verməkdən ibarətdir. Bununla yanaşı, 2014-cü ilin əvvəlindən etibarən Azərbaycan Konqreslər Bürosu (AKB) fəaliyyət göstərir. Ölkəmizə biznes tədbirlərinin cəlb olunması vasitəsilə respublikada işgüzar turizmin inkişaf etdirilməsi məqsədilə fəaliyyətə başlayan təşkilat (MICE) dövlət və özəl bölmələrin partnyorluq modeli üzrə yaradılmışdır. 2014-cü ildə turizm sahəsində yaradılan təşkilatlardan biri də Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasıdır. Bu təşkilatın fəaliyyət istiqaməti respublikada sağlamlıq turizminin inkişafına töhfə vermək, ölkəmizi bu turizm növü ilə də tanıtmaqdır. Son dövrlərdə turistlərin daha çox maraq göstərdiyi turizm növlərindən olan kənd turizminin ölkəmizdə inkişafı üçün Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 2014-cü ildə “Kənd Yaşıl Turizminin İnkişafına Dəstək Assosiasiyası” təsis edilmişdir. Kənd ərazilərində yaşayan və evlərində turistləri yerləşdirmək istəyən ev sahiblərini ətrafında birləşdirən bu ictimai birliyin fəaliyyəti kənd turizminin inkişafına geniş imkanlar yaradacaqdır.

Beləliklə, Azərbaycanın bu sahədə əldə etdiyi nailiyyətlər beynəlxalq təşkilatların və maliyyə qurumlarının hesabatlarında da yüksək dəyərləndirilir. Xatırladaq ki, Dünya İqtisadi Forumunun (DİF) 2015-ci il üçün tərtib etdiyi “Səyahət və turizm rəqabətliliyi hesabatı”nda ölkəmiz 141 dövlət arasında insan resursları və əmək bazarı göstəricisinə görə 36-cı, biznes mühiti göstəricisinə görə 65-ci yeri tutmuş, həmin göstəricilərə əsasən inkişaf etmiş bir sıra Avropa ölkələrini də geridə qoymuşdur. Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatı (BMÜTT) Azərbaycanda turizmin inkişafını yüksək dəyərləndirərək, xüsusən də elektron viza sisteminə keçidi alqışlayıb. Avropa Oyunlarına hazırlıqla əlaqədar yeni viza sisteminə keçid Azərbaycana turist axınını gücləndirməklə yanaşı, bütövlükdə ölkəmizdə turistlər üçün daha sadə və əlverişli viza prosedurunun formalaşmasına imkan verib.

Elektron viza sistemi sənədləşmənin daha asan aparılmasına, viza xərclərinin azaldılmasına, habelə vaxta qənaət edilməsinə şərait yaradır. Yeni Miqrasiya Məcəlləsində də turist vizalarının elektron formada verilməsini nəzərdə tutan bir sıra maddələr əksini tapıb. Belə ki, 2013-cü ildən etibarən ölkəmizə səfər etmək istəyən xarici vətəndaşlar üçün elektron viza sisteminin tətbiqi, respublikamızla bəzi xarici ölkələr arasında birbaşa aviareyslərin açılması və s. bu kimi addımlar Azərbaycana olan turist axınının və ölkəmizin beynəlxalq arenadakı imicinin gücləndirilməsinə xidmət göstərmişdir.

Eyni zamanda ölkə başçısının bu ilin may ayında imzaladığı müvafiq fərmana uyğun olaraq, elektron vizanın “ASAN viza” sistemi ilə üç iş günü müddətinə verilməsi təmin ediləcəkdir. Bu fərmanın da mövcud turist axınına öz müsbət təsirini göstərəcəyi istisna edilmir. Cari ilin fevral ayının 1-dən etibarən Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, Çin, Cənubi Koreya, Malayziya və Sinqapur vətəndaşlarına Azərbaycan Respublikasının bütün beynəlxalq statuslu hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsi təmin edilmişdir. Bu islahatların həyata keçirilməsindən sonra Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) ölkəmizə gələn turistlərin sayında əsaslı artım baş vermiş və təkcə bu ilin aprel ayında sözügedən ölkədən səyahət edənlərin sayında keçən ilin müvafiq dövrü ilə müqayisədə 27 dəfə artım müşahidə edilmişdir.

Mühüm yeniliklərdən biri də turizm sahəsində elektron xidmətlərin təşkilidir. Bu məqsədlə yaradılmış yeni internet saytında vətəndaşlara 12 növ elektron xidmət göstərilir. Hazırda xarici qonaqlar elektron formada nüfuzlu hotellərdə nömrələr bron edə bilirlər və bu da mühüm irəliləyişlərdən sayılır.

Azərbaycanın turizm potensialının təbliği məqsədilə “Euronews” kanalında ölkəmizin turizm potensialını əks etdirən reklam çarxlarının nümayişi təmin edilib. Bununla yanaşı, telekanalın “Postcards”, “LeMag” və “Focus” proqramlarında müvafiq media plan üzrə ölkəmizin turizm potensialına dair xüsusi buraxılışlar nümayiş etdirilib. Eyni zamanda 2016-cı ilin 25-27 aprel tarixlərində BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakıda keçirilməsi ilə bağlı “Focus” proqramının xüsusi buraxılışı yayımlanıb.

Ümumilikdə respublikamızın Asiya, Afrika və Amerika qitələri də daxil olmaqla, dünyanın 200-dək ölkəsində 1 milyard nəfərədək auditoriyaya malik olan “Euronews” və CNN kanalları ilə əməkdaşlığının əsas məqsədi təkcə kanalların auditoriyasını Azərbaycana turist qismində cəlb etmək deyil, həm də xarici vətəndaşları mədəniyyətimizlə, beynəlxalq tədbirlərin keçirilməsində onları uğurlarımızla tanış etməkdir.

Beləliklə, Azərbaycanda turizmin inkişafı üçün mükəmməl imkanlar mövcuddur və bu gün həmin imkanlardan kifayət qədər istifadə edilir. Faktlar göstərir ki, az bir müddətdə turizm sənayesinin yüksəlişi üçün böyük layihələr icra olunub. Dünya miqyasında tanınan brend hotellər tikilib istifadəyə verilib. İndi ölkəmizdə ümumi daxili məhsulun 4,1 faizini turizmdən gələn gəlirlər təşkil edir. Bütün bunlar - hökumət səviyyəsində keçirilən tədbirlər, indiyədək aparılan islahatlar deməyə əsas verir ki, artıq turizm Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun prioritet sahələrindən birinə çevrilir və ölkəmizin turizm bazarının beynəlxalq turizm bazarına inteqrasiyası təmin edilir. Ölkədəki iqtisadi inkişaf və müasirlik, tolerant mühit, xalqın multikultural dəyərlərə bağlılığı da bu hədəfin tam reallaşdırılması üçün geniş imkanlar açır.

 

İradə ƏLİYEVA,

 

Azərbaycan.- 2016.- 30 iyul.- S.1, 3.