VIII Qəbələ
Beynəlxalq Musiqi Festivalının ilk konsertləri tamaşaçı rəğbəti
qazanıb
Füsunkar təbiəti ilə hər kəsi öz sehrinə salan Qəbələ yenidən musiqisevərləri bir araya toplayıb. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Qəbələdə keçirilən VIII Beynəlxalq Musiqi Festivalının ilk konserti gənclərin ifası ilə tarixə düşüb. Proqrama uyğun olaraq, iyulun 30-da Heydər Əliyev adına Konqres Mərkəzində Azərbaycanın tanınmış gənc pianoçularının və musiqiçilərinin iştirakı ilə kamera konserti olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Filarmoniyasının solisti, bir çox beynəlxalq müsabiqələrin qalibi və musiqi festivallarının iştirakçısı, pianoçu Tofiq Şıxıyev, simfonik, kamera, vokal və piano üçün əsərlərin müəllifi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, pianoçu Ceyhun Allahverdiyev, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi, Prezident təqaüdçüsü, pianoçu Vurğun Vəkilov, Bülbül adına orta ixtisas musiqi məktəbinin yetirməsi, Prezident təqaüdçüsü, pianoçu Gülər Ağayeva, vokalçılar - Azərbaycan Dövlət Televiziya və Radiosunun solisti Aytac Şıxəlizadə və Azərbaycan Dövlət Filarmoniyasının, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Taleh Yəhyayevin iştirakı ilə keçirilən kamera konsertində F.Şopenin “Fantaziya”, S.Raxmaninovun “Etüd”, “Prelüd”, A.Skryabinin “Poema”, Niyazinin “Vətən nəğməsi”, M.Maqomayevin “Odlar Yurdu” və digər dünya şöhrətli bəstəkarların əsərləri səsləndirilib.
Daha sonra Qara Qarayev
adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti olub. Görkəmli opera müğənniləri,
Azərbaycanın Xalq
artistləri, Bakı Musiqi Akademiyasının professorları Fidan və Xuraman Qasımovaların ifasında
Azərbaycan və Avropa bəstəkarlarının
əsərlərindən ibarət
maraqlı konsert proqramı təqdim edilib. Konserti Əməkdar İncəsənət
Xadimi, Xalq Artisti, dirijor Teymur Göyçayev idarə edib.
Hər iki konsert yerli və
xarici musiqisevərlərin
böyük marağına
səbəb olub, alqışlarla qarşılanıb.
Qeyd edək ki, avqustun
5-dək festivalda Azərbaycan,
Rusiya, Türkiyə, Ukrayna, ABŞ, İtaliya, Fransa, İspaniya, İsrail, Litva və Kubadan olan görkəmli musiqiçilər, bədii
kollektivlər, solistlər,
dirijorlar iştirak edəcəklər.
Azərbaycan.- 2016.- 31 iyul.- S. 6.