“Günəş” idman klubunun üzvü dünya üçüncüsü oldu
Ukraynanın
Odessa şəhərində karatenin Qocyu-Ryu Kobudo növü
(WGKF) üzrə 8-ci dünya kuboku uğrunda yarış
keçirilib. Yığmamız
mötəbər yarışa WKC növləri üzrə
Karate-Do Federasiyasının 30-a yaxın idmançısı
ilə yollanıb.
Komandamızın
heyətində “Günəş” idman klubunun 11
idmançısı yer alıb. Bunlardan biri də 13
yaşlı Ayxan Ələkbərzadə olub. Karatenin kontakt
növündə 54 kq çəki dərəcəsində
mübarizə aparan təmsilçimiz ölkəmizin aktivinə
bürünc medal yazdırıb. Bu növdə
yığmamız komanda yarışında isə 1-ci yerə
layiq görülüb.
Məlumat
üçün qeyd edək ki, 15 ölkədən
güclü idmançıların
yarışdığı turnirdə Ayxan 1/8 finalda belaruslu,
1/4 finalda isə latviyalı həmkarına qalib gələrək
yarımfinala yüksəlib. Bu mərhələdə rəqib
Ukrayna idmançısı olub. Lakin hakimin müəmmalı
qərarı Ayxanı dünya kubokunun finalından məhrum
edib.
Ayxan
Ələkbərzadə idmanın karate növü ilə 2
ildir məşğul olmasına baxmayaraq, bir sıra nailiyyətlər
qazanıb. Hazırkı məşqçisi Orxan Süleymanov
Ayxanın istedadlı olduğunu görərək bir sıra
respublika və paytaxt miqyaslı yarışlarda onu sınamaq
qərarına gəlir. O, yarışlarda müəlliminin
ümidlərini doğruldaraq uğurlar qazanır. Dəfələrlə
respublika və paytaxt yarışlarında birinci yerə layiq
görülür. İlk beynəlxalq yarışlardakı
uğuru isə Ukraynada dünya kubokunda qazandığı
bürünc medaldır.
Ayxan
bizimlə söhbəti zamanı qeyd etdi ki, qısa müddət
ərzində dünya kubokunda uğurla çıxış
etdiyi üçün çox sevinclidir: “Bu idman
növünü çox sevirəm. Gələcəkdə ən
böyük arzum ölkəmizə daha çox medallar
qazandırmaq, himnimizi səsləndirməkdir. Fürsətdən
istifadə edib “Günəş” idman klubunun rəhbərliyinə
təşəkkürümü bildirirəm. Bizim uğur
qazanmağımız üçün əllərindən gələni
əsirgəmirlər”.
60
saylı orta məktəbin 7-ci sinfində təhsil alan Ayxan dərslərindən
də geri qalmadığını bildirir: “Dərslərimi də
yaxşı oxumağa çalışıram. Məktəbdən
gəldikdən sonra bir qədər istirahət edir, sonra 4-5
saat idmanla məşğul oluram”.
A.Ələkbərzadənin
uğurları hələ qarşıdadır. Əsas məqsədi
isə Gürcüstanda təşkil olunacaq Avropa
çempionatında qızıl medal qazanmaqdır. Ümid
edirik ki, yeniyetmə idmançımız qarşısına
qoyduğu məqsədə nail olacaq, qələbə ilə
qayıdaraq ümidləri doğruldacaq.
E.CƏFƏROV,
“Azərbaycan”.- 2016.- 1 iyun.- S. 12.