“Əsrin müqaviləsi”nin
yaşıdı
Bu gün Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun energetika sektorunun ən böyük tədbiri olan Xəzər Neft və Qaz Sərgisi - “Caspian Oil&Gaz 2016” sərgisi açılır. İlk dəfə 1994-cü ilin yazında keçirilmiş bu tədbir artıq ənənəyə çevrilib və ötən dövr ərzində etibarlı işgüzar əlaqələrin qurulması, qarşılıqlı faydalı müqavilələrin imzalanması və layihələrin uğurlu icrası üçün münasib platforma kimi xidmət göstərir.
Hər il bu sərgini 10 min nəfərdən çox yerli və xarici mütəxəssis ziyarət edir. Bu il sərgidə dünyanın 30 ölkəsini təmsil edən 240-dan çox şirkətin iştirak etməsi, neft sektorundakı mövcud vəziyyətə baxmayaraq, tədbirə marağın heç də azalmadığının təsdiqidir.
Sərginin təşkilatçısı olan “Iteca Caspian” şirkətinin dünən keçirdiyi mətbuat konfransında bütün bunlar barədə ətraflı məlumat verildi. Şirkətin icraçı direktoru Fərid Məmmədov bildirdi ki, budəfəki sərgidə də Belçika, İspaniya, İtaliya, Qazaxıstan, Çin, Niderland Krallığı, Polşa, Portuqaliya və digər ölkələrin şirkətləri bir araya gələcək. İtaliya və Almaniya öz milli pavilyonları ilə iştirak edəcək. İştirakçıların ümumi sayının 15 faizi sərgidə debütünü edən şirkətlərdir. Onlar Böyük Britaniya, Portuqaliya, Rumıniya, ABŞ və digər ölkələrdən gəliblər. Ekspozisiya sahələrinin 64 faizə qədərini xarici iştirakçılar tutub.
Sərginin meneceri Tofiq Kərimov bildirdi ki, bu dəfə də “Caspian Oil&Gaz”la yanaşı, Beynəlxalq Energetika və Alternativ Enerji Sərgisi - “Caspian Power 2016” da keçiriləcək. Altıncı dəfədir baş tutan bu sərgi Xəzər regionunda enerjidən səmərəli istifadə və bərpa olunan enerji sahəsində yeganə ixtisaslaşmış tədbirdir. Onun aktuallığı Azərbaycanda yeni elektrik stansiyaları və hibrid elektrik stansiyalarının fəaliyyətə başlaması ilə şərtləndirilir. Bu dəfə “Caspian Power”də Azərbaycan, Belarus, Çin, Polşa, Rusiya və Türkiyənin energetika sahəsində texnologiyalar təchiz edən 30-dan çox aparıcı şirkəti iştirak edəcək.
Qeyd edək ki, hər il neft və qaz sərgisinin ikinci günündən başlayaraq eyniadlı konfrans da fəaliyyət göstərir. Xəzər Neft və Qaz Konfransının meneceri Aynurə Nəzərli bildirdi ki, konfransın 400 nəfərə yaxın nümayəndəsi var. Burada müxtəlif ölkələrdən olan 40-dan çox aparıcı ekspertlərin, dövlət strukturları nümayəndələrinin, iri neft-qaz şirkətlərinin rəhbərlərinin çıxışları gözlənilir.
Konfransda Xəzər regionunun qaz infrastrukturu, “Şahdəniz” layihəsinin uğurları və perspektivləri, iri neft-qaz layihələrinin maliyyələşdirilməsi və həyata keçirilməsi, Azərbaycanın enerji ehtiyatları bazasının genişləndirilməsi, digər mövzular müzakirəyə çıxarılacaq. Əsas mövzulardan biri də neftin qiymətinin aşağı olduğu şəraitdə enerji daşıyıcılarının hasilatı, idarə edilməsi və nəqlidir. Konfransda “Avropaya enerji təchizatının təmin edilməsində Azərbaycanın rolu” mövzusunda plenar iclas keçiriləcək. Tədbirdə ilk dəfə olaraq neft-qaz layihələri üçün mütəxəssislərin hazırlanması mövzusuna da toxunulacaq.
Builki “Caspian Oil&Gaz” sərgisinə başda SOCAR olmaqla 13 nüfuzlu şirkətin sponsorluq etməsi tədbirə marağın azalmadığını bir daha təsdiqləyir.
Flora SADIQLI,
“Azərbaycan”.- 2016.- 1 iyun.- S. 11.