Prezident İlham ƏLİYEV: “Cənub qaz dəhlizi” enerji təhlükəsizliyi
layihəsidir”
Söhbət yeni təchizatçı, yeni marşrut və yeni qazdan gedir...
“Cənub qaz dəhlizi” ilə Azərbaycan qazı Avropaya ixrac olunacaq. Üç böyük kəmərin birləşməsindən yaranan bu dəhlizin ayrı-ayrı hissələrinin tikintisi müxtəlif mərhələlərdədir. Ümumiyyətlə isə işlər irəliləyir.
Təsadüfi deyil ki, “Cənub qaz dəhlizi”ni XXI əsrin layihəsi adlandırırlar. 3500 kilometr məsafə boyu uzanan bu dəhliz istər təchizatçı, istərsə də tranzit və istehlakçı olan neçə-neçə ölkənin sosial-iqtisadi həyatında mühüm rol oynayacaq. Bu ölkələrin hər biri layihənin onun üçün mühüm əhəmiyyət daşıdığını qeyd edib, tərəfdaşlar arasında əməkdaşlığın, bir-birinə dəstəyin vacibliyini bildirir.
“Cənub qaz dəhlizi” Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində bir neçə ildən sonra əldə olunan, daha sonra isə digər perspektiv yataqlardan çıxarılan qazı Avropa ölkələrinə çatdıracaq.
Azərbaycan Prezidenti İlham Əliyev “Cənub qaz dəhlizi”ni belə dəyərləndirib:
“Cənub qaz dəhlizi” layihəsi enerji təhlükəsizliyi layihəsidir. Bu gün enerji təhlükəsizliyi haqqında danışanda biz anlayırıq ki, o, ölkələrin milli təhlükəsizliyinin bir hissəsidir. Enerji resursları, şaxələndirmə hər hansı ölkənin sənaye və iqtisadi inkişafında əsas amillərdir. Zəngin təbii ehtiyatları olan ölkələr, əlbəttə ki, təhlükəsiz vəziyyətdədirlər, çünki onlar kənar təchizatdan asılı deyillər. Lakin eyni zamanda onların bazarlara ehtiyacı var. Onlara qanunvericiliklə tənzimlənən hasilatçıların təmin etdiyi həcmləri qəbul edə biləcək uzun perspektivli bazarlar lazımdır”.
Azərbaycan qazının Avropaya yolu Türkiyədən keçəcək. Dəhlizin ən böyük seqmenti olan Transanadolu qaz boru kəməri (TANAP) bu ölkənin ərazisində 1850 kilometr məsafə qət edəcək. TANAP hazırda Azərbaycanın və Türkiyənin birgə reallaşdırdığı ən mühüm layihədir.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan demişdir: “Cənub qaz dəhlizi” layihəsinin həyata keçirilməsi üçün TANAP layihəsi üzrə səmərəli əməkdaşlığımız var. Hazırkı dövrdə “Cənub qaz dəhlizi”nin əhəmiyyəti daha da artıb. Bu dəhlizin onurğa sütununu isə TANAP təşkil edir. Bu baxımdan layihə mümkün qədər qısa vaxtda həyata keçirilməlidir”.
Azərbaycan qazının marşrutu Bakının yaxınlığındakı Səngəçal terminalından başlayır. Hazırda “Şahdəniz”in birinci mərhələsi çərçivəsində çıxarılan mavi yanacağı Türkiyəyə Bakı-Tbilisi-Ərzurum xəttinin Azərbaycanın və Gürcüstanın ərazisindən keçən hissəsi - Cənubi Qafqaz Boru Kəməri (CQBK) nəql edir. İkinci mərhələnin qazını
TANAP-a indi artıq genişləndirilməkdə olan CQBK çatdıracaq. Odur ki, Gürcüstan Azərbaycanın bundan əvvəlki enerji layihələri kimi, “Cənub qaz dəhlizi”ni də dəstəkləyir.
Gürcüstanın Baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze bu barədə fikirlərini belə deyib: “Bir tranzit ölkəsi kimi biz “Cənub qaz dəhlizi” çərçivəsində həyata keçiriləcək mövcud və gələcək layihələrə siyasi dəstəyimizi ifadə edirik. Bu layihə, əlbəttə ki, Avropa və layihəyə cəlb olunmuş digər ölkələr üçün enerji daşıyıcılarının nəql edilməsi marşrutlarının şaxələndirilməsi anlamı daşıyır”.
Məlum olduğu kimi, “Cənub qaz dəhlizi” yeni ixrac marşrutu olmaqla və Azərbaycanı ilk dəfə Avropa ilə birləşdirməklə bütün qitənin həyatında böyük rol oynayacaq. Ərazisindən keçdiyi bütün ölkələrə bir sıra mühüm faydalar gətirəcək. Layihəyə məhz bu mövqedən yanaşaraq onu dəstəkləyənlərin sayı getdikcə artır. Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç deyib: “Biz də ölkələrimiz, vətəndaşlarımız üçün Avropada enerji təhlükəsizliyini təkmilləşdirməyə ehtiyac olduğunu hiss etdik... Biz şaxələndirmə vasitəsilə enerji və təchizat təhlükəsizliyinin təkmilləşdirilməsinə nail olmaq istədik. Buna görə də biz “Cənub qaz dəhlizi”ni Avropanın öz enerji ehtiyatlarını necə şaxələndirilməsinin bariz nümunəsi kimi görürük. Söhbət yeni ünvandan gələn yeni təchizatçı, yeni marşrut, yeni qazdan gedir. Bu, Avropanın enerji təhlükəsizliyinə həqiqətən yeni elementlər gətirir və bu da Avropa İttifaqına üzv ölkələr üçün çox vacibdir”.
Böyük Britaniyanın Enerji və İqlim Dəyişikliyi Nazirliyinin Beynəlxalq enerji departamentinin baş direktoru Edmund Hosker isə layihəyə verdikləri dəstəyi belə ifadə etmişdir: “Bu layihə Azərbaycanın təkcə “Cənub qaz dəhlizi”nin inkişafında yox, qlobal enerji bazarının bir iştirakçısı kimi oynadığı vacib rolunu vurğulayır. Birləşmiş Krallıq neft və qaz sektorunda Azərbaycan ilə sıx əlaqələrə və Böyük Britaniyanın enerji şirkətləri ilə Azərbaycan arasında uzunmüddətli kommersiya münasibətlərinə çox böyük əhəmiyyət verir”.
Hər bir layihənin həyata keçirilməsində, işlərin rəvan getməsi və uğurla nəticələnməsində onun maliyyələşdirilməsi əvəzsiz rol oynayır. Bu mənada bir sıra bankların sözügedən layihənin reallaşmasına göstərdiyi dəstək təqdirəlayiqdir, indi dünyada hökm sürən maliyyə çətinlikləri şəraitində xüsusilə önəmlidir.
Məsələn, banklardan birinin - Asiya İnkişaf Bankının özəl sektor əməliyyatları üzrə baş direktoru Tod Frilyand demişdir: “...Maliyyə tərəfdaşlarımızı görməkdən məmnunam. Mən bu mühüm layihədə uğur əldə etmək üçün onlarla masa arxasında əyləşən bir çox digər strateji əməliyyatlar üzrə tərəfdaşlarımız, o cümlədən maliyyə tərəfdaşlarımızla əməkdaşlığı səbirsizliklə gözləyirəm”.
TANAP-dan sonra Azərbaycan qazının yolunu Avropa ölkələrinə TAP (Transadriatik qaz boru kəməri) davam etdirəcək. Xatırladaq ki, o, TANAP-a Türkiyə-Yunanıstan sərhədində yerləşən Kipoi məntəqəsində qovuşacaq. TAP Yunanıstandan və Albaniyadan keçərək Qərbə doğru - Adriatik dənizinin sahilinə uzanacaq. Kəmərin dənizin altından keçən sualtı hissəsi İtaliyanın cənubunda quruya çıxaraq bir neçə kilometrdən sonra qazpaylama şəbəkəsinə birləşdiriləcək.
Uzunluğu 878 kilometr olan TAP-ın 550 kilometri Yunanıstanda, 210 kilometri Albaniyada, 105 kilometri Adriatik dənizinin altında və sonuncu kiçik hissəsi İtaliyanın quru ərazisində yerləşəcək. Layihənin İtaliyada bitməsinə baxmayaraq, gələcəkdə ara keçid boru kəmərləri vasitəsilə İsveçrə, Avstriya, Fransa, Almaniya, Belçika, hətta İngiltərəyə təbii qazın ötürüləcəyinin mümkün olacağı istisna edilmir. TAP-ın əhəmiyyəti həm də ondadır ki, Yunanıstan-Bolqarıstan interkonnektoru və İon-Adriatik qaz kəmərinin təchizatını asanlaşdıracaq.
Sözügedən ölkələrin hər birində “Cənub qaz dəhlizi”nin və gələcəkdə ondan ayrılacaq qolların yolunu ümid və inamla gözləyir, layihəyə böyük önəm verirlər. Yunanıstanın Ətraf Mühit və Energetika Nazirliyinin enerji və mineral ehtiyatlar üzrə baş katibi Mixail Verroiopoulos bununla bağlı deyib: “Ciddi siyasi iradə ilə yanaşı, şirkətlər arasında aparılan ahəngdar əməkdaşlıq layihələrin icrasına gətirib çıxara bilər və bu da öz növbəsində ölkələrimiz arasında dostluq münasibətlərini daha da dərinləşdirir və regional əməkdaşlığı əhəmiyyətli dərəcədə gücləndirir”.
“İtaliya Azərbaycan və digər iştirakçı ölkələr ilə yüksək səviyyəli münasibətlər çərçivəsində “Cənub qaz dəhlizi”nin açılışına töhfə verməyə hazırdır”. Bu isə İtaliya Nazirlər Şurasının dövlət katibi Klaudio de Vinçentinin fikridir.
Monteneqro iqtisadiyyat naziri Vladimir Kavariç istehlakçıların hamısının fikrini ifadə edərək demişdir: “Ölkələr arasında əməkdaşlıq sayəsində bu sahədə çox işlər görülüb. Mən ilk növbədə bu layihə ilə bağlı Xorvatiya, Monteneqro, Albaniya arasında və əlbəttə ki, Azərbaycan hökuməti ilə əməkdaşlığı nəzərdə tuturam. Üç il bundan əvvəl Anlaşma Memorandumu imzalanandan sonra çox iş görülüb. Monteneqro bu layihəyə olduqca böyük əhəmiyyət verir”.
Bu sitatın son cümləsinin “Cənub qaz dəhlizi”nə aidiyyəti olan bütün ölkələrin səlahiyyətli nümayəndələrinin müxtəlif vaxtlardakı və tədbirlərdəki çıxışlarında səslənməsi layihənin dəyərini bir daha təsdiqləyir.
Flora SADIQLI,
“Azərbaycan”.- 2016.- 1 iyun.-
S. 10.