Uşaqlara qayğı Vətənin gələcəyinə qayğıdır

Dünyanın hər yerində hər il iyun ayının 1-i çox əlamətdar bir gün - Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur. Bu bayramın tarixi ötən əsrin əvvəllərinə təsadüf edir. Hələ 1924-cü ildə ilk dəfə olaraq uşaqların hüquqlarını təmin edən bəyannamə qəbul edilmişdir. Cenevrədə Millətlər Liqasının Beşinci Assambleyasında həmin bəyannamənin qəbul edilməsində Birinci Dünya müharibəsinin dəhşətlərinin şahidi olan Böyük Britaniya vətəndaşı Eglantin Cebbin böyük rolu olmuş və müharibənin dəhşətlərindən sarsılan bu insan uşaqların xüsusi müdafiəyə ehtiyacı olduğunu dünyaya bəyan etmişdir.

İndi qeyd edilən bu bayram isə 1950-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qərarı əsasında təsis olunub və həmin ildən dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da bu tarixi gün uzun illərdir ki, qeyd olunur və müstəqillik illərində də bu ənənə davam etdirilməkdədir.

Bundan başqa, BMT-nin Baş Assambleyası tərəfindən hər il noyabrın 20-də Ümumdünya Uşaqlar Günüqeyd olunur. Həmin gün 1954-cü ildə BMT-nin Baş Assambleyasının qətnaməsi ilə təsis olunmuş və 1956-cı ildən bütün dövlətlərdə uşaqların şərəfinə keçirilməsi tövsiyə olunan bir bayram kimi qeyd olunur.

Azərbaycanda uşaqlara dövlət qayğısı həmişə güclüdür, bu sahədə dövlətdən asılı olan bütün işlər görülmüşdür. Müstəqilliyimizin ilk günlərində ölkəmizin keçirdiyi iqtisadi çətinliklərə baxmayaraq, öz doğma yurdlarından perik düşmüş soydaşlarımızın və onların uşaqlarının normal həyat şəraitini təmin etmək üçün Azərbaycan dövləti mümkün olan bütün imkanlardan və vasitələrdən istifadə edirdi. O illərdə beynəlxalq humanitar təşkilatlarla əlaqələrdə məhz uşaqlara qayğı göstərilməsi ön plana çəkilirdi. Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə respublikamız uşaq hüquqlarına dair bütün beynəlxalq müqavilələrə və konvensiyalara tərəfdar çıxmışdır. Məhz onun təşəbbüsü ilə Azərbaycan 1994-cü ildə BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulmuş, 1998-1999-cu illərdə “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmişvalideyn himayəsindən məhrum uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunları qəbul edilmiş, beynəlxalq təşkilatlarla, o cümlədən “SOS Kinderdorf İnternəşnl” təşkilatı, UNICEF və digər təşkilatlarla sıx əlaqələr yaradılmışdır.

Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda dövlətimizin bu sahədəki siyasəti belə müəyyənləşdirilir: Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir”.

Azərbaycan dövləti təkcə Qarabağ müharibəsindən zərər çəkmiş uşaqlara deyil, müxtəlif səbəblər üzündən ailə himayəsindən məhrum olan uşaqlara da dövlət qayğısına vacib məsələ kimi baxmış və bu sahədə çox yüksək humanist siyasət yeritməkdədir.

Uşaqların dövlət himayəsində olmasının respublikanın Konstitusiyasında təsbit edilməsi ulu öndərin müdrikliyindən və xalqına, millətinə olan böyük sevgisindən irəli gəlirdi. O hesab edirdi ki, heç bir uşaq dövlət himayəsindən kənarda qalmamılıdır və uşaq dövlətin himayəsinə götürüləndən sonra o kimsəsiz deyil, o bizim uşaqdır, dövlətin uşağıdır, Azərbaycanın uşağıdır. Ulu öndər uşaq evlərinə məhz belə qayğı göstərir və hamıdan elə bir şərait yaradılmasını tələb edirdi ki, uşaq evlərində tərbiyə alanlar heç vaxt özlərini kimsəsiz hesab etməsinlər. Onun bu tövsiyələri ölkənin iqtisadi vəziyyəti yaxşılaşdıqca çox böyük vüsətlə həyata keçirilməyə başlanmış və bu günuğurla davam etdirilir.

Biz hamımız canlı şahidik ki, ulu öndərin uşaqlara qayğı prinsipləri onun layiqli varisi möhtərəm Prezident İlham Əliyev tərəfindən, respublikanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən layiqincə davam etdirilir. Onların azərbaycanlı uşaqlar üçün gördükləri işləri saymaqla qurtarmaq olmaz.

Təsadüfi deyildir ki, uşaqlara dövlət qayğısının gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 22 dekabr tarixli sərəncamı ilə 2009-cu il respublikamızda “Uşaq ilielan olunmuşdur. Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən “Uşaq evləri və internat məktəblərinin inkişaf proqramı”, “Yeniləşən Azərbaycana yeni məktəb” layihələri çərçivəsində respublikada son illərdə görülən işlərin miqyası, sözün əsl mənasında, heyrət doğurur.

Ulu öndər uşaqlara xüsusi qayğı və diqqətlə yanaşırdı, hər il bu bayram münasibətilə, eləcə də Yeni il ərəfəsində müxtəlif uşaq müəssisələrində olur, onlara göstərilən qayğı və diqqətin daim artırılmasını təmin edirdi. Ulu öndərin uşaqlara xüsusi məhəbbəti onun bütün çıxışlarında öz əksini tapırdı. Qeyd edirdi ki, uşaqlar dünyada hamı üçün əzizdir və dünyanın hər yerində uşaqlara qayğı və uşaqların qorunması xüsusi əhəmiyyət kəsb edir. Lakin bunu da qeyd etməyi unutmurdu ki, Azərbaycanda uşaqlara xüsusi məhəbbət, xüsusi münasibət vardır. Bizim xalqımızın ən nəcib, ən gözəl xüsusiyyətlərindən və ulu babalarımızdan bizə qalmış ənənələrindən biriodur ki, Azərbaycan xalqı həmişə uşaqsevər olmuşdur və təsadüfi deyildir ki, azərbaycanlıların ailələri çoxuşaqlı olurlar. Ulu öndər bunu sadəcə onunla əlaqələndirirdi ki, azərbaycanlılar qadın və kişisindən fərqli olmayaraq uşağı çox sevir, onlara çox böyük məhəbbət bəsləyirlər. Hətta bəzən valideynlərin maddi vəziyyəti istənilən səviyyədə olmasa belə, uşaqsız yaşaya bilmirlər və uşaq istəyirlər.

Doğrudan da, xalqımızın övlada, uşağa olan məhəbbəti misilsizdir. Azərbaycanın bir atalar sözündə deyildiyi kimi, hər bir azərbaycanlı üçün bala baldan şirin olduğuna görə öz övladını böyüdüb ərsəyə gətirmək üçün onlar əsl fədakarlıq nümunəsi göstərirlər. Azərbaycanda uşaqların ailənin möhkəmləndirilməsində ən mühüm vasitə olduğunu deməyə isə ehtiyac yoxdur. Uşaqsız evi susuz dəyirmana bənzədən atalarımız onu hər bir evin, hər bir nəslin davamçısı, qoruyucusu hesab etmişlər. Hər bir azərbaycanlı öz övladı qarşısında məsuliyyətini dərk edir və ailənin əsas amillərindən biri olan övladını bütün çətinliklərə rəğmən böyüyüb başa çatdırmağa səy göstərir, bunu özlərinə müqəddəs borc hesab edirlər, tanınmış Azərbaycan şairi Əli Kərimin dediyi kimi, “dərdin, kədərin özündən belə, onlara səadət yaratmağa” çalışırlar.

Xalqımızın bu gözəl xüsusiyyətlərini çox incəliklə izah edən və yüksək qiymətləndirən ümummilli liderimiz özü uşaqlara qayğının ən yüksək mücəssəməsi idi. Ulu öndər deyirdi: “Xalqımızın xüsusiyyəti, ən gözəl ənənələrindən biriondan ibarətdir ki, bizim insanlarımız, təkcə valideynlər yox, ümumiyyətlə, hamı uşaqlara xüsusi qayğı və xüsusi münasibət göstərir, uşağı böyütməyi, ərsəyə gətirməyi, uşağa tərbiyə verməyi insanların əksəriyyəti həyatının mənası və məqsədi hesab edir”. Ulu öndər onu da qeyd edirdi ki: “Uşağa qayğı göstərmək, uşaqları qorumaq, uşaqları müdafiə etmək bizim müqəddəs borcumuzdur. Dövlətin, hökumətin, cəmiyyətin, hər bir vətəndaşın müqəddəs borcudur”.

Böyük rəhbərin uşaqlara münasibəti onun bu sözlərində daha dəqiq, daha güclü ifadə olunmuşdur. O deyirdi ki: “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır”.

Məhz ölkə rəhbərliyinin apardığı düzgün siyasət nəticəsində Azərbaycan xalqının rifahı gündən-günə yüksəlir, ölkədə demoqrafik vəziyyət qonşu dövlətlərə, o cümlədən Azərbaycan torpaqlarını işğal altında saxlayan və hələ də azərbaycanlı uşaqlara qarşı misilsiz vəhşiliklər törədən Ermənistanla müqayisədə qat-qat yaxşıdır və əhalimizin sayı gündən-günə artır. Bu il aprelin 1-nə olan vəziyyətə görə Azərbaycan əhalisinin sayı 9 milyon 730 min 500 nəfərə çatmışdır. Təkcə bu ilin yanvar-mart aylarında Azərbaycanda 39 min doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 16,3 nəfər təşkil edib. Maraqlıdır ki, doğulan körpələrin 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarıdır. Bu körpələrin 696-sı əkiz, 12-si ilə üçəm doğulub.

Bu rəqəmlər sadəcə olaraq əhali artımını deyil, eyni zamanda, respublikada həyat səviyyəsinin, xalqın güzəranının yüksəlməsinin sübutudur. Bu gün Azərbaycanda uşaqlar üçün ən gözəl şərait yaradılmasına xüsusi diqqət yetirilir və hörmətli Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın səyləri ilə misilsiz işlər görülür.

Bu gün ölkəmizdə doğulan körpələrin valideynləri fəxr edə bilərlər ki, onların övladları gündən-günə çiçəklənən və daha da gözəlləşən bir ölkədə dünyaya gəliblər, onların xoşbəxt gələcəyinə isə heç bir şübhə ola bilməz. Ulu öndər deyirdi: “Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir. Ona görə də hər bir insanpərvər cəmiyyətdə uşaqlara daim xüsusi qayğı, xüsusi diqqət göstərilibdir”. Müasir Azərbaycan cəmiyyəti bu baxımdan dünyada çoxlarına nümunə ola bilər və bunu hər bir azərbaycanlı ailəsi öz gündəlik həyatında görürhiss edir.

Respublikamızda dünyaya göz açan hər bir körpəni xoşbəxt həyat, gözəl gələcək gözləyir. Bu körpələr öz milli-mənəvi dəyərlərini yaşadan, zənginləşdirən bir ölkənin vətəndaşları kimi Azərbaycanın daha gözəl gələcəyini yaradacaqzaman-zaman onu yaşadacaqlar. Bu gün hamımız tam əminik ki, Azərbaycan dövləti, Azərbaycan Prezidenti tərəfindən övladlarımız daim qayğı və diqqətlə əhatə olunacaqdır.

Səadət İSMAYILOVA,

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Nərimanov Rayon Qeydiyyat Şöbəsinin rəisi, hüquq elmləri üzrə fəlsəfə doktoru

Azərbaycan.- 2016.- 1 iyun.- S. 9.