Xoşbəxtlik rəmzi
Səadət və xoşbəxtlik rəmzi kimi körpələr, uşaqlar həm də ailənin bütövlüyü, nəslin davamı deməkdir. Məhəbbət və sevgi ilə özülü qoyulan ailə deyirlər ki, uzunömürlü olar. Belə ailələrdə dünyaya gələn körpəni də xoşbəxt sanırlar. Körpələr böyüdükcə qayğılar artır, onlara daha çox diqqət yetirilir - sabahımız naminə.
Uşaqların aydın səmanın ağ göyərçinlərinə - sülh rəmzinə bənzədilməsi də təsadüfi deyil. Axı, onlar müharibə istəmirlər. Gül qoxulu balalar xoşbəxtlik rəmzi kimi sevilmək istəyində olurlar. Uşaqların qorunması, müdafiəsi üçün bir sıra qanunlar qəbul edilib, qaydalara əməl olunması vacib sayılıb. 1924-cü ildə ilk dəfə olaraq uşaqların hüquqlarını təmin edən bəyannamənin qəbulu da məhz bu kimi amillərə əsaslanıb.
Uşaqlar heç də həmişə xoşbəxt olmayıblar. Münaqişə və müharibələrin gətirdiyi bəlalar onların işıqlı dünyasını zülmətə çevirib. Birinci Dünya müharibəsi illərində Eglantin Cebb uşaqların daha çox əzab və işgəncələrə məruz qalmasından sarsılaraq, bacısı Doroti Bakstonun köməyi ilə 1919-cu ildə onların müdafiəsini təmin etmək üçün Londonda Uşaqlara Yardım Fondunun əsasını qoyub.
1950-ci ildə BMT Baş Assambleyası tərəfindən 1 iyun tarixinin Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunması təsadüfi deyildi. Bütün dünyada uşaqların hüquqlarının qorunması müqəddəs vəzifə və borc sayılır. Bu səbəbdən 20 noyabr 1989-cu il tarixində BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiya əsas beynəlxalq sənəd hesab olunur və 190 dövlət qoşulub.
Ölkəmizdə uşaqlara qayğının dövlət səviyyəsində, yüksək şəkildə təşkili beynəlxalq birlikdə nümunəyə çevrilib. Dövlətin xüsusi qayğı göstərdiyi belə kövrək qruplardan biri də valideyn himayəsindən məhrum olmuş uşaqlardır. Bu kateqoriyadan olan uşaqların orta ixtisas və ali təhsil aldığı müddətdə müdafiəsini təmin etmək üçün “Yetim və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanun qəbul edilib.
Uşaqların sağlamlığının qorunması dövlətimizin ən ümdə vəzifəsidir. Buna görə də uşaq hüquqlarının təmin edilməsi ölkəmizdə həyata keçirilən dövlət siyasətinin prioritetlərindən biridir. Bu siyasətin uğurla reallaşdırılmasına Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli dəstək verir. Fond yarandığı gündən valideyn himayəsindən məhrum olan, dövlət müəssisələrində tərbiyə edilən uşaqların taleyini diqqət mərkəzində saxlayır.
Təəssüf doğuran hallardan biri də bəzi ölkələrdə narkotik vasitələrin daşınmasında uşaqlardan istifadə edilməsi, onların mənəvi pozğunluq, məişət zorakılıqlarına sürüklənməsidir. Belə hallara qarşı mübarizə aparan Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “Hər bir uşağın ailəyə ehtiyacı var” adlı həyata keçirilən layihəsi bu baxımdan xüsusi önəm daşıyır.
Ötən illər ərzində Azərbaycan səhiyyəsinin bir çox sahələrində olduğu kimi, ana və uşaqların mühafizəsi işində də nailiyyətlər əldə edilib. Heydər Əliyev Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və UNICEF-lə birgə uşaqların öz hüquqları ilə bağlı qərarların qəbul edilməsində iştirakını təmin etmək və təkliflər vermək imkanı yaratmaq, həmçinin ictimaiyyətin diqqətinin onların hüquqlarının qorunmasına yönəldilməsi məqsədilə Azərbaycan Uşaqlarının Ümumrespublika forumları keçirib ki, bu da məhz gələcəyimizə qayğının bariz nümunəsidir.
Uşaqların müdafiəsi ilə bağlı əhəmiyyətli tədbirlər silsilə xarakteri daşıyır. Belə ki, müəyyən olunmuş 34 sosial-humanitar müavinət növündən 6-sı uşaqlara aiddir. Təəssüf doğuran hallardan biri uşaqların milli və etnik zəmində dünyadakı mövcud münaqişələrin bəlasına tuş gəlmələridir. Son on-on beş ildə 2 milyondan çox uşaq döyüş bölgələrində məhv edilmiş, 4 milyonu isə şikəst olmuşdur. Prezident İlham Əliyev Ermənistanın təcavüzkar siyasətinin hələ də davam etdirməsinə və buna görə isə heç bir beynəlxalq sanksiyaya məruz qalmamasına təəssüfünü bildirərkən münaqişədə daha çox dəhşətlərə məruz qalanların arasında günahsız uşaqların, azyaşlıların və yenicə doğulan körpələrin də olması faktını xüsusi vurğulayaraq demişdir: “Bu, plan üzrə həyata keçirilən və sabit təkrarlanan bir hərbi cinayət metodudur və buna laqeyd qalmaq artıq cinayətkarı yeni qətllərə şirnikləndirmək olardı”.
Təkcə onu deyək ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində 300 mindən çox uşaq qaçqın və məcburi köçkün vəziyyətinə düşərək ağır şəraitdə yaşamağa məcbur olmuşdur. Minlərlə uşaq isə ya ata-anasının hər ikisini, yaxud da valideynlərindən birini itirmişdir.
Bütün bəşəriyyətin xoş gələcəyi körpələrdir. Viktor Hüqo deyirdi: “Dünyada ən böyük himn körpə qığıltısıdır”. Buna görə də irqindən, dinindən, millətindən asılı olmayaraq, uşaqlar qorunmalıdır.
Səsini musiqiyə, nəğməyə bənzədən nənələr körpə nəvələrini laylayla yatızdırıb, bayatı ilə oyadıblar. Elə oxşamalarla oxşayıblar ki, onlar folklor nümunələrinə belə çevriliblər. Ailələr bu səsin sehrində nura qərq olub. Heç də ötəri yerə deməyiblər ki, “uşaq evin yaraşığıdır”. Müasir deyimlərimizdə, az qala, aforizmə çevrilmiş fikirlər də yetərincədir: “uşaqlar bizim gələcəyimizdir...”
Məhəmməd
NƏRİMANOĞLU,
Ağaəli
MƏMMƏDOV (foto),
“Azərbaycan”.- 2016.- 1 iyun.- S. 9.