Heç vaxt Azərbaycan indiki
qədər güclü olmayıb
Prezident İlham ƏLİYEV: “İqtisadi inkişaf bizim müstəqilliyimizin, hərbi gücümüzün və müstəqil xarici siyasətimizin təməlidir”
Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli islahatlar Azərbaycan dövlətinin inkişaf yolunu müəyyən edir. Azərbaycan təkcə sosial-iqtisadi deyil, siyasi müstəvidə də bir çox problemləri geridə qoyur. Bir vaxtlar dünya xəritəsində tanınmayan, bədnam erməni lobbisinin təsiri ilə müxtəlif təzyiqlərə, təhdidlərə, ədalətsizliklərə məruz qalan, informasiya blokadası şəraitində haqlı mövqeyini dünyaya çatdıra bilməyən Azərbaycan bu gün tamam fərqli statusda çıxış edir.
Qürur doğuran haldır ki, Azərbaycan bu gün bütün regional məsələlərdə əsas söz sahiblərindən biridir. Regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycansız gerçəkləşə bilməz. Dünya siyasətinə əsaslı təsir imkanları olan dövlətlər Azərbaycanla hesablaşır, onun mövqeyini nəzərə alırlar. Neftlə, qazla zəngin bir çox ölkələrdən fərqli olaraq, Azərbaycan daha çox demokratikləşmə yolunda qazandığı uğurlarla Avratlantik məkana inteqrasiya edir. Demokratik ideallara, liberal dəyərlərə, insan və vətəndaş hüquq və azadlıqlarına sadiqliyi ilə ölkəmiz tanınmaq əzmini sübuta yetirir. Prezident İlham Əliyev bu günlərdə “Buta” sarayında Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə rəsmi qəbulda bildirib: “Müstəqilliyin əhəmiyyəti bu gün göz qabağındadır. Heç vaxt Azərbaycan indiki qədər güclü olmamışdır. Biz öz taleyimizin sahibiyik. Biz müstəqil ölkəyik. Biz azad xalqıq. Biz dünya miqyasında öz yerimizi, layiqli yerimizi tutmuşuq. Bundan sonra da müstəqillik, inkişaf yolu ilə gedəcəyik”.
Azərbaycanın dünya birliyi üçün önəmi artır
Müstəqil xarici siyasət prinsiplərinə sadiq olan rəsmi Bakı hansısa dövlətin Azərbaycanın daxili işlərinə qarışmasına qətiyyətlə yol vermir. Ölkə başçısının elə bir vədi yoxdur ki, ötən 13 ildə bəyanat səviyyəsində reallaşmamış qalsın. Əksinə, bu dövrdə həyata keçirilən islahatların - real miqyasına, əhəmiyyətinə görə - ən azından onilliklər ərzində reallaşdırılması mümkündür. Azərbaycan bu zaman kəsiyində inkişaf yolu keçmiş, bir sıra taleyüklü məsələlərin həllinə nail olmuşdur. Bu müddətdə ümummilli liderin yeni neft strategiyasının tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verilmiş, “Ümid”, “Abşeron” kimi perspektivli qaz yataqları kəşf olunmuş, Şərqlə Qərbi qovuşduracaq Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinə, TAP, TANAP kimi enerji layihələrinin icrasına başlanılmış, yol-nəqliyyat sistemi, infrastruktur müasirləşdirilmişdir. Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına nəqli məqsədilə boru kəmərlərinin şaxələndirilməsi respublikamızı bütövlükdə Avropa məkanının enerji təhlükəsizliyi sisteminin əsas təminatçılarından birinə çevrilməsini təmin etmişdir. Azərbaycan bütövlükdə MDB və Avropa məkanında heç bir ölkədən enerji asılılığı olmayan, müstəqil siyasət yürüdən azsaylı dövlətlərdən biridir. Bu fakt özlüyündə Azərbaycanın dünya birliyi üçün önəmini daha da artırmış, respublikamızın Avratlantik strukturlara inteqrasiya prosesini sürətləndirmişdir. Ölkə rəhbərinin məqsədyönlü fəaliyyəti nəticəsində, ilk növbədə, Azərbaycanın qüdrətli dövlətə çevrilməsi yolunda son dərəcə mühüm amil olan ictimai-siyasi sabitlik, vətəndaş sülhü və həmrəyliyi qorunub saxlanılmışdır.
Dövlət başçısı keyfiyyətcə yeni mərhələdə qarşıda duran əsas vəzifələri düzgün müəyyənləşdirərək, ilk növbədə, milli iqtisadiyyatda kəmiyyət dəyişikliklərinin keyfiyyət müstəvisinə keçirilməsini təmin etmişdir. Respublikanın investisiya və sosialyönümlü mahiyyət daşıyan milli inkişaf modeli tərəqqi prosesində yeni keyfiyyət göstəricilərinin əldə olunması, qeyri-neft sektorunun inkişafı yolu ilə regionların tarazlı və davamlı inkişafının sürətləndirilməsi, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, faydalı məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin açılması üçün milli sahibkarlığın hərtərəfli dəstəklənməsi kimi vacib məsələləri özündə ehtiva etmişdir.
Yeni neft strategiyasının uğurla davam etdirilməsi, Azərbaycanın xarici sərmayələr üçün cəlbediciliyinin qorunması, milli iqtisadiyyatın müxtəlif sferalarına yönələn sərmayələrin qeyri-neft sektoruna, regionların inkişafına doğru istiqamətləndirilməsi, “qara qızıl”dan əldə olunan gəlirlərin respublikada güclü insan kapitalının formalaşdırılması məqsədinə yönəldilməsi iqtisadi siyasətin əsas prioritetləri kimi diqqəti çəkir. Bunun nəticəsidir ki, ötən illərdə müstəqil Azərbaycan iqtisadi cəhətdən möhkəmlənmiş, büdcə gəlirləri 10 dəfədən çox artmış, sosial-iqtisadi yüksəliş, ilk növbədə, insanların gündəlik həyatında özünü daha qabarıq büruzə vermişdir. Prezident İlham Əliyev bildirib: “İqtisadi inkişaf bizim müstəqilliyimizin, hərbi gücümüzün və müstəqil xarici siyasətimizin təməlidir. Əgər biz iqtisadi cəhətdən kimdənsə asılı olsaq, onda biz müstəqil siyasət apara bilməyəcəyik. Ona görə bütün səylərimizi indi bu istiqamətə yönəltmişik”.
Milli inkişaf modeli sosialyönümlü səciyyə daşıyır
Azərbaycanda son illər vətəndaşların rifah halının təmini istiqamətində həyata keçirilən ardıcıl tədbirlər respublikamızın milli inkişaf modelinin sosialyönümlü səciyyə daşıdığını tam təsdiqləyir. Qlobal böhranın səngimədiyi bir vaxtda vətəndaşların sosial müdafiəsi ilə bağlı xərclər nəinki azaldılmamış, hətta bir sıra sahələr üzrə artırılmışdır.
Ümumilikdə son 13 ilin iqtisadi statistikası Azərbaycanda həyata keçirilən siyasətin alternativsizliyini bir daha təsdiqləyir. Ötən dövrün uğurlarını təmin edən mühüm amillər sırasında konkret dövr üçün həyata keçiriləcək tədbirləri özündə ehtiva edən sahəvi dövlət proqramlarının icrasını xüsusi vurğulamaq lazımdır. İqtisadiyyatın diversifikasiyası ilə bağlı nəzərdə tutulmuş tədbirlərin ardıcıl reallaşdırılması üçün dövlət başçısının müvafiq fərman və sərəncamları ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” bu qəbildəndir.
Ölkəmizdə reallaşdırılan sosial siyasətin əsas prioritetlərindən biri bu sahədə inkişaf indekslərinin Avropa tələblərinə uyğunlaşdırılması, sosial hüquqların etibarlı müdafiəsi mexanizminin formalaşdırılmasıdır. Bu meyarlar dövlət başçısının sərəncamı ilə təsdiq olunmuş “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nda da öz əksini tapmışdır. Sənəddə qarşıdakı illərdə sosial müdafiə tədbirlərinin əhatəsinin gücləndirilməsi, aztəminatlı ailələrin maddi imkanlarının yaxşılaşmasına yönəlik sosial layihələrin davam etdirilməsi, sosial sistemin təkmilləşdirilməsi məqsədilə islahatların həyata keçirilməsi, sosial təminat və pensiya sisteminin daim yenilənən müasir tələblərə uyğunlaşdırılması ilə bağlı prioritetlər müəyyənləşdirilmişdir.
Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycanda həyata keçirilən siyasət bütün çalarları ilə məhz insan amilinin yüksəlişinə xidmət edir. Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi altında ölkədə işsizlik probleminin həlli, yeni sosial infrastruktur obyektlərinin - təhsil, mədəniyyət, səhiyyə, rabitə müəssisələrinin qısa müddət ərzində tikilərək istifadəyə verilməsi, yeni yolların, su, qaz, elektrik, rabitə xətlərinin çəkilişi son nəticədə Azərbaycan vətəndaşının mədəni-intellektual səviyyəsinin yüksəlişinə, mənəvi-əxlaqi dəyərlərin cəmiyyətimizdə əsas meyara çevrilməsinə xidmət göstərir. Neftin qiymətinin dünya bazarında 3-4 dəfə aşağı düşməsinə baxmayaraq, Azərbaycanda maaşlar və pensiyalar bu il də artırılıb, sosial proqramlar icra edilir, məktəb, xəstəxana tikintisi, məcburi köçkünlərin problemləri və digər sosial məsələlər öz həllini tapır.
Milli brendlərimiz ilə də tanınırıq
Prezident İlham Əliyev cari ilin birinci rübündə aztəminatlı təbəqənin alıcılıq qabiliyyətinin artırılması, milli valyutanın devalvasiyasının və qiymət artımının təsirlərinin azaldılması məqsədilə müxtəlif sosial ödənişlərin, o cümlədən əməkhaqlarının, pensiyaların, müavinətlərin, təqaüdlərin və kompensasiyaların artırılması barədə 25-dən artıq fərman və sərəncam imzalayıb. Bütün sosial ödənişlər fevral ayının 1-dən orta hesabla 10 faiz artırılıb. Bu artımlar 3,6 milyon nəfəri və ya ölkə əhalisinin 38 faizini əhatə edir. Həmin tədbirlərin maliyyələşdirilməsi məqsədilə 2016-cı ilin büdcəsində müvafiq düzəlişlər edilib və əlavə maliyyə təminatları nəzərdə tutulub. Bütün bunların nəticəsində pensiyaların orta aylıq məbləği 2016-cı ilin əvvəlinə nisbətən 7 faiz artaraq 190 manat, o cümlədən yaşa görə pensiyanın orta aylıq məbləği 210 manat olub.
İnsan amilini əsas tutan sosialyönümlü iqtisadi siyasət sayəsində son illər Azərbaycanda işsizliyin səviyyəsində də nəzərəçarpacaq dərəcədə azalma müşahidə olunur. Qeyri-neft sektorunun və sahibkarlığın inkişafı, yeni müəssisələrin işə salınması istiqamətində həyata keçirilən sistemli tədbirlər əmək qabiliyyətli əhalinin iqtisadi fəallığının yüksəlməsinə, eləcə də ölkənin məşğulluq strategiyasının səmərəliliyinə imkan verir. Qeyri-neft sektorunun davamlı və dinamik inkişafı ölkədə işsizlik probleminin həllinə gətirib çıxarıb. Bütün mötəbər beynəlxalq maliyyə qurumları Azərbaycanda işsizliklə, yoxsulluqla bağlı mübarizəni çox yüksək qiymətləndirirlər.
Cənab İlham Əliyev sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində insan və vətəndaş mənafeyinə xidmət edən islahatların dərinləşdirilməsini də vacib sayır. Son illər korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində yaradılmış “ASAN xidmət” mərkəzləri qısa müddətdə ictimaiyyətin böyük inam və etimadını qazanaraq Azərbaycanın milli brendinə çevrilmişdir. Bu, dövlət idarəçiliyinə özəl sektorda geniş yayılmış “müştəri məmnunluğu” ideyasının geniş tətbiqinə, dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə təkan vermişdir. Vətəndaşlara göstərilən xidmətlərin “vahid pəncərə” əsasında həyata keçirilməsi ölkədə vətəndaş-dövlət münasibətlərini yeni keyfiyyət mərhələsinə yüksəltmişdir. Bu təşəbbüs vətəndaşların dövlətə olan inam və etimadını, güvənini daha da artırmaqla yanaşı, ölkə rəhbərinin neqativ hallara qarşı mübarizədə prinsipial siyasi iradə nümayişinin bariz təcəssümü olmuş, respublikamızın beynəlxalq arenada nüfuzu daha da yüksəlmişdir.
Azərbaycan bu gün qeyri-neft
sektoruna əsaslanan iqtisadi inkişaf modelini prioritet seçmişdir. Ölkəmizdə qeyri-neft sektorunun
inkişafı, sənaye
müəssisələrinin yaradılması, respublikamızın
xammal ixrac edən ölkədən elmtutumlu sənaye və informasiya texnologiyaları istehsalçısına,
münbit turizm məkanına çevrilməsi
məqsədinin reallaşdırılması
üçün bütün
imkanlar səfərbərliyə
alınmışdır. Vətəndaşların yaşayış tərzində, sosial rifah halında özünü qabarıq
göstərən müsbət
keyfiyyət dəyişiklikləri,
hər bir hüquqi dövlətdə
ictimai-siyasi sabitliyin başlıca təminatçısı
sayılan orta təbəqənin - milli sahibkarlar ordusunun mövqelərinin ildən-ilə
möhkəmlənməsi ümumbəşəri
xarakter daşıyan demokratik-hüquqi normaların
ictimai rəydə düzgün dərk olunmasına, qavranılmasına
və qiymətləndirilməsinə
əlverişli şərait
formalaşdırır.
Prezident İlham Əliyevin yüksək idarəçilik
keyfiyyətləri sayəsində
Azərbaycan bu dövrdə sürətli
inkişaf yolu keçmiş, bir sıra taleyüklü məsələlərin həllinə
nail olmuşdur. Dövlət başçısı daim milli maraq
və mənafeləri
uca tutur, ölkə vətəndaşlarının
arzu və istəyini gerçəkləşdirmək
üçün böyük
əzmkarlıqla çalışır.
Azərbaycan Prezidentinin fəaliyyətinin
əsas qayəsi də xalqa və
dövlətə sədaqətli,
layiqli xidmət prinsipindən ibarətdir.
Bu da deməyə
əsas verir ki, Azərbaycan xalqını uğurlu gələcəyə aparan
bu siyasət növbəti illərdə
də davam etdiriləcək, respublikamız
qabaqcıl dövlətlər
arasında layiqli yerini tutacaq.
Elnur HACALIYEV,
“Azərbaycan”.- 2016.- 1 iyun.-
S. 7.