Azərbaycanın 2015-ci il
dövlət büdcəsi uğurla icra edilib
Mayın
31-də Milli Məclisin növbəti iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov
ilk olaraq
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi
Günü münasibətilə Azərbaycan
uşaqlarını təbrik etdi, onlara gələcək həyatlarında
böyük uğurlar arzuladı.
Sonra gündəlikdəki məsələlərin
müzakirəsinə başlanıldı. Milli Məclisin
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin
sədri Əli Hüseynli “H.Q.Səlimovun Şəki Apelyasiya
Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi
haqqında” sənədi təqdim etdi. Bildirdi
ki, bu, Hümbət Səlimovun vəzifəsinin dəyişdirilməsi
ilə əlaqədardır. Sənəd qəbul
edildi.
İclasın gündəliyindəki növbəti məsələ
“Azərbaycan Respublikasının 2015-ci il dövlət
büdcəsinin icrası haqqında” qanun layihəsi idi. Milli Məclisin
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin
sədri Ziyad Səmədzadə qeyd etdi ki, 2015-ci ildə
iqtisadi inkişafa nail olmaq özü özlüyündə
böyük nailiyyətdir. Neftin qiymətinin
3 dəfədən çox azalması iqtisadiyyata mənfi təsir
göstərsə də, ölkəmizdə bu təsir
minimuma endirildi. Onun sözlərinə görə,
2015-ci il büdcəsinin icrasında vergi və
gömrük daxilolmaları üzrə proqnozlar artıqlaması
ilə yerinə yetirilib. Vergi-gömrük
sistemindəki iqtisadi islahatların nəticəsində
büdcənin gəlirləri üzrə proqnozlar uğurla həyata
keçirilib. Ölkənin müdafiəsi
ilə bağlı xərclərdə heç bir azalma
olmayıb. Təhsil, səhiyyə, mədəniyyət
xərclərinin xüsusi çəkisi artıb. Son 5
ildə aqrar sektorun inkişafına 2,5
mlrd. manat ayrılıb. Z.Səmədzadə
əlavə etdi ki, hələlik dövlət büdcəsinin
gəlirlərində Dövlət Neft Fondunun vəsaitləri
üstünlük təşkil edir. 2013-cü ildə
transfert 11,3 mlrd. manat,
2015-ci ildə 8 mlrd. manat təşkil edib.
“Gələcəkdə büdcə gəlirlərinin
artması nəticəsində büdcənin strukturu da təkmilləşəcək.
Dövlət büdcəsinin kəsiri də
kifayət qədər məqbul olub. Son 10
ildə dövlət büdcəsinin kəsiri proqnozdan
artıq olmayıb, bu da düşünülmüş
büdcə siyasətinin nəticəsidir” - deyə komitə
sədri əlavə etdi.
İclasda Hesablama Palatasının sədri Vüqar
Gülməmmədov da büdcənin icrasına rəy
bildirdi. Onun
sözlərinə görə, ötən il
dünya iqtisadiyyatında sistemli böhranın davam etdiyi bir
şəraitdə ölkəmiz davamlı iqtisadi inkişaf
tempini qoruyub saxlaya bilib. Keçən il
dünya bazarında enerji resurslarının qiymətinin
aşağı düşməsi tədiyyə balansında kəsirə
səbəb olub və əvvəlki illərlə müqayisədə
orta illik inflyasiya səviyyəsinin artmasına gətirib
çıxarıb. Düşünülmüş
iqtisadi siyasət, qeyri-neft sektorunun inkişafının diqqətdə
saxlanılması ilə dövlət büdcəsində nəzərdə
tutulan gəlir və xərclər tam
reallaşdırılıb. Əvvəlki
illərlə müqayisədə debitor borcların həcmi
azalıb. Sədr dövlət büdcəsinin
əsas parametrləri haqqında da məlumat verib.
Müzakirələr
zamanı çıxış edən deputatlar Zahid Oruc,
Əli Məsimli, Elmira Axundova, Fazil Mustafa, Astan Şahverdiyev,
Qənirə Paşayeva, Tahir Kərimli, Əflatun Amaşov, Fərəc
Quliyev, Ağalar Vəliyev, Aydın Hüseynov və Şəmsəddin
Hacıyev “Azərbaycan Respublikasının 2015-ci il dövlət
büdcəsinin icrası haqqında” qanun layihəsinin
qanunvericiliyə uyğun hazırlandığını qeyd
etdilər.
Maliyyə naziri Samir Şərifov deputatların səsləndirdiyi
fikir və təkliflərə münasibət bildirdi. Qeyd etdi ki,
dünya xammal bazarında qiymətlərin aşağı
düşməsi, iqtisadi artım templərinin azalması
qlobal ticarətə də təsirsiz ötüşməyib.
Lakin Azərbaycanda dövlət
başçısı tərəfindən atılan
çevik addımlar hesabına xarici iqtisadi faktorlardan
qaynaqlanan mənfi fəsadların neytrallaşdırılması
təmin edilib. Büdcənin icrası ilə
bağlı öhdəliklər yerinə yetirilib. Əhalinin yaşayış səviyyəsi və
pul gəlirləri, ölkənin beynəlxalq aləmdə
reytinqi artıb, Azərbaycanın regionda iqtisadi mövqeyi daha
da möhkəmlənib. Bu nailiyyətlər
dünya iqtisadiyyatında mövcud olan qeyri-sabitlik şəraitində
qazanılıb. 2015-ci il icmal büdcənin gəlirləri
20 milyard 716,8 milyon manat proqnoza qarşı 18 milyard 416 milyon
manat və ya 88,9 faiz, xərcləri isə 25 milyard 911 milyon
manat proqnoza qarşı 21 milyard 14,7 milyon manat və ya 81,1
faiz icra olunub. Ötən il dövlət büdcəsinin gəlirləri
19 milyard 438 milyon manat proqnoza qarşı 90 faiz icra olunaraq 17
milyard 498 milyon manat olub. Nazir əlavə edib ki,
2015-ci ilin ortalarından etibarən dövlət büdcəsinin
xərcləri ilə bağlı qənaətə
başlanılıb.
Diqqətə
çatdırıldı ki, 2015-ci ildə dövlət
büdcəsi gəlirlərinin 8 milyard 130 milyon manatı və
ya 46,5 faizi Dövlət Neft Fondundan
transfertin, 7 milyard 118,3 milyon manatı və ya 40,7 faizi Vergilər
Nazirliyinin xətti ilə daxilolmaların, 1 milyard 591,9 milyon
manatı və ya 9,1 faizi Dövlət Gömrük Komitəsinin
xətti ilə daxilolmaların, 657,8 milyon manatı və ya
3,7 faizi digər mənbələr üzrə daxilolmaların
payına düşür. 2015-ci ildə Vergilər Nazirliyinin
xətti ilə dövlət büdcəsinə daxilolmalar nəzərdə
tutulduğundan 6,3 milyon manat və ya 0,1
faiz, 2014-cü illə müqayisədə isə 4,6 milyon
manat (0,1 faiz) çox icra olunub. Dövlət Gömrük
Komitəsinin xətti ilə dövlət büdcəsinə
daxilolmalar 1 milyard 590 milyon manat proqnoza qarşı 1 milyard
591,9 milyon manat və ya 100,1 faiz icra olunub ki, bu da 2014-cü illə
müqayisədə 81,1 milyon manat (5,4 faiz) çoxdur.
Bildirildi
ki, ötən il sosial xərclərin icra
edilməsinə üstünlük verilib, lüzumsuz xərclər
üzrə qənaət edilib. 2015-ci ildə
ölkə iqtisadiyyatının məruz qaldığı
xarici qiymət şoklarının qısa və ortamüddətli
təsirlərinə cavab olaraq büdcə
yığcamlaşdırılması siyasəti davam etdirilib.
2016-cı ilin dövlət büdcəsinə
yenidən baxılması nəzərdə tutulmur. 2016-cı ilin fevralında dövlət büdcəsinə
düzəlişlər edilib, dövlət və icmal büdcənin
gəlirlərinin hesablanması üçün neftin baza qiyməti
25 dollardan götürülüb. Transfertlərin
həcmi isə manatla göstərilib. Buna
görə də neftin qiymətinin artması və ya
azalması Dövlət Neft Fondundan transfertlərə təsir
etmir. Hazırda neftin qiyməti dövlət
büdcəsində nəzərdə tutulandan yüksək
olduğundan Dövlət Neft Fondunun gəlirləri artır.
Qanun layihəsi səsə qoyularaq qəbul
edildi.
“Antidempinq, kompensasiya və mühafizə tədbirləri
haqqında” qanun layihəsi barədə komitə sədri
Ziyad Səmədzadə danışdı. Bildirdi ki, sənəd
komitə üzvləri tərəfindən geniş müzakirə
edilib və 3-cü oxunuşda müzakirə edilməsi
üçün tam hazırdır. Qeyd
olundu ki, qanun layihəsi iqtisadi maraqların müdafiəsi məqsədilə
yerli istehsal sahəsinə zərər vuran və ya zərər
vurma təhlükəsi yaradan dempinqli, kompensasiya və
mühafizə tədbirlərinin tətbiqi qaydalarını tənzimləyir.
Qanun layihəsi qəbul edildi.
Sonra Milli
Məclisin Müdafiə, təhlükəsizlik və
korrupsiya ilə mübarizə komitəsinin sədr müavini
Aydın Mirzəzadə “Hərbi vəzifə və hərbi
xidmət haqqında” qanunda dəyişiklik edilməsi barədə
sənədi təqdim etdi. Bildirdi ki, sənədə əsasən
xarici ölkədə təhsil alan Azərbaycan
vətəndaşlarının hərbi
çağırışdan möhlət hüququ ilə
bağlı məhdudiyyət aradan qaldırılır. Belə
ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında”
qanunun 21-ci maddəsinə (Təhsili davam etdirmək
üçün çağırışa möhlət
verilməsi) təklif edilən dəyişikliyə əsasən,
xarici ölkələrdə əyani təhsilalma formasında
təhsil alanlara ali təhsil pilləsində
(bakalavriat), tibb təhsili üçün ali baza tibb təhsili
və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini
bitirənədək möhlət hüququ veriləcək. Bundan sonra xarici ölkələrin təhsil müəssisələrində
təhsil alanlar üçün hərbi
çağırışdan möhlət hüququnun əldə
edilməsi üçün müvafiq icra hakimiyyəti
orqanı (Təhsil Nazirliyi) tərəfindən tərtib
olunmuş xarici ölkələrin təhsil müəssisələri
siyahısına ehtiyac qalmayacaq. Qanun layihəsi
səsə qoyularaq təsdiq edildi.
Azərbaycan
Respublikasının Cəzaların İcrası Məcəlləsində,
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində,
“Məlumat azadlığı haqqında” və
“Terrorçuluğa qarşı mübarizə haqqında”
qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrini
komitə sədri Əli Hüseynli təqdim etdi. Bildirdi ki, bu layihələrin hər birində “terror
aksiyaları” sözləri “terror aktları” sözləri ilə
əvəzlənir. Qanun layihələri
ayrı-ayrılıqda səsə qoyularaq qəbul edildi.
Gündəlikdəki növbəti məsələ
“Dövlət qulluğu haqqında” qanunda dəyişikliklər
edilməsi barədə qanun layihəsi idi. Komitə sədri
Əli Hüseynli bildirdi ki, “Dövlət qulluğu
haqqında” qanuna təklif olunan dəyişikliyə əsasən,
dövlət qulluğuna qəbulla bağlı aparılan
müsabiqə test və müsahibə mərhələsindən
ibarət olacaq. Onun sözlərinə görə,
müvafiq icra hakimiyyəti orqanının yaratdığı
qurum inzibati və yardımçı vəzifələrin təsnifat
toplusuna uyğun olaraq dövlət qulluğuna qəbul
üçün ayda bir dəfədən az
olmayaraq test imtahanları təşkil edəcək. Test
nümunələrinin hazırlanmasını,
ekspertizasını, təsdiqini, test imtahanının təşkilini,
keçirilməsini, qiymətləndirilmənin
aparılması qaydasını müvafiq icra hakimiyyəti
orqanı (Dövlət İmtahan Mərkəzi) müəyyən
edəcək. Test imtahanında iştirak etmək
üçün ödənişin məbləğini
müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirəcək.
Bundan başqa, dövlət orqanına təklif
edilən namizəd müsbət təklif alarsa,
stajçı əmək müqaviləsi bağlanılmaq
yolu ilə 3 ay sınaq müddətinə dövlət
qulluğuna qəbul ediləcək. Sınaq
müddəti ərzində əmək müqaviləsi
pozulmayıbsa, həmin müddət qurtardıqdan sonra
dövlət orqanının rəhbəri müqavilənin
şərtlərinə uyğun olaraq, həmin şəxsin
daimi dövlət qulluğuna qəbul edilməsi haqqında əmr
verib onunla müvafiq əmək müqaviləsi bağlayacaq.
Stajçı kimi qulluğa qəbul edilən
şəxs həmin müddətdə yenidən müsabiqədən
keçərək yeni vəzifəyə təyin edildikdə
əvvəlki vəzifədə staj müddəti nəzərə
alınacaq. Sınaq müddəti ilə
dövlət qulluğuna qəbul edilən şəxs yenidən
müsabiqədən keçdikdə, əvvəlki sınaq
müddəti nəzərə alınmamaqla yenidən
sınaq müddəti ilə vəzifəyə təyin ediləcək.
Həmçinin, attestasiyalar ləğv olunacaq və
dövlət qulluğunda fəaliyyətini davam etdirmək istəyən
şəxslər sertifikat almalı olacaqlar. Yəni, həmin
şəxs sertifikatın qüvvədə olma müddətinin
son ilində növbəti sertifikat almaq üçün
müvafiq icra hakimiyyəti orqanının yaratdığı
qurum tərəfindən keçirilən imtahanlarda iştirak
etməli və yenidən sertifikat almalıdır. Eyni zamanda, sertifikat alaraq dövlət qulluğuna
daimi xidmətə qəbul edilən şəxs sonradan iki dəfə
sertifikat aldıqda, sonuncu sertifikat şəxsə
ömürlük veriləcək və həmin şəxs
dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirməsi
üçün hər hansı bir imtahana cəlb olunmayacaq.
Deputatlardan Fazil Mustafa, Zahid Oruc, Tahir Kərimli və Nəsib
Məhəməliyev məsələ barədə fikir və
təkliflərini səsləndirdilər. Əli
Hüseynli qeyd edilən təkliflərə münasibət
bildirdikdən sonra qanun layihəsi qəbul edildi.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar
İbrahimov “Kənd təsərrüfatı kooperasiyası
haqqında” qanun layihəsini ikinci oxunuş üçün
müzakirəyə təqdim etdi. Bildirildi ki, layihə kənd
təsərrüfatı kooperasiyasının
formalaşmasının və inkişafının, kənd təsərrüfatı
kooporativlərinin təşkilinin və fəaliyyətinin
hüquqi və iqtisadi əsaslarını müəyyən
edir. Layihə səsə qoyularaq ikinci
oxunuşda qəbul edildi. Sonra “Məhkəmələr
və hakimlər haqqında” qanunda dəyişikliklər edilməsi
barədə qanun layihəsi müzakirə edildi.
Bildirildi ki, qanunun 86-cı maddəsi yeni redaksiyada verilir və
“onların səlahiyyət müddəti bitdikdə” sözləri
çıxarılır, əvəzində sədr və sədr
müavini vəzifələri vakant olduqda” sözləri əlavə
edilir. Layihə qəbul edildi.
Gündəlikdəki sonuncu məsələ Azərbaycan
Respublikasının Mülki Məcəlləsində dəyişikliklər
edilməsi haqqında qanun layihəsi idi. Layihəyə
təklif olunan düzəlişə əsasən, 3000 manatdan
yuxarı məbləğdə bağlanan borc müqaviləsi
yazılı formada olmalıdır. Bundan əvvəl
isə borc müqaviləsi şifahi bağlanırdı.
Tərəflərin razılaşması ilə
yazılı formada da istifadə edilə bilərdi. Qanun
layihəsi qəbul edildi
Sonra Azərbaycan Respublikasının himni səsləndirildi. Bununla da Milli
Məclisin yaz sessiyası başa çatdı.
“Azərbaycan”.- 2016.- 1 iyun.- S. 5.