Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Rəşid Alimovdan
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Çox hörmətli İlham Heydər oğlu.
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Son illərdə Azərbaycan ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində sanballı uğurlar qazanıb. İnkişaf yolu ilə inamla irəliləyən, beynəlxalq gündəlikdəki bir sıra aktual məsələlərin həllində fəal rol oynayan Azərbaycan dünya birliyində haqlı olaraq yüksək nüfuz və hörmət qazanıb.
Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusu verilməsi barədə bu yaxınlarda Pekində imzalanmış Memorandum da ölkənizin beynəlxalq və regional arenada fəallığının daha da artmasının təsdiqidir. Beləliklə, mühüm regional və beynəlxalq problemlər barəsində Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə konstruktiv əməkdaşlığının təşəkkülü və inkişafı üçün çox geniş imkanlar açılıb. Bu, həm də bizim Təşkilatın nüfuzunun hərtərəfli yüksəlməsinə şərait yaradacaq.
Əminəm ki, Sizin müdrik rəhbərliyinizlə Azərbaycan Respublikası bundan sonra da tərəqqi və firavanlıq yolu ilə inamla irəliləməkdə davam edəcək.
Zati-aliləri, icazə verin, Sizə ölkənizin rifahı naminə yeni uğurlar, dost Azərbaycan xalqına isə sülh, sabitlik və firavanlıq diləyim.
Hörmətlə,
Rəşid Alimov
Şanxay Əməkdaşlıq Təşkilatının
baş katibi
Azərbaycan.- 2016.- 1 iyun.- S. 4.