Azərbaycan Prezidenti İlham
Əliyev XXIII Beynəlxalq “Xəzər Neft və Qaz 2016” sərgi
və konfransının açılışında
iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 1-də Bakı Sərgi Mərkəzində XXIII Beynəlxalq “Xəzər Neft və Qaz 2016” sərgi və konfransının, həmçinin VI Xəzər Beynəlxalq energetika və alternativ enerji sərgisinin açılışında iştirak edib.
Xəzəryanı regionda energetika sektorunun ən əhəmiyyətli tədbiri olan XXIII Beynəlxalq “Xəzər Neft və Qaz 2016” sərgisi Azərbaycanın Energetika Nazirliyi və Dövlət Neft Şirkəti - SOCAR-ın dəstəyi, “ITECA Caspian” və “ITE Group” şirkətlərinin təşkilatçılığı ilə keçirilir. Bu il sərgidə dünyanın 30 ölkəsini təmsil edən 240 şirkət iştirak edir. Bütövlükdə sərginin ekspozisiya sahəsinin 63,7 faizini xarici iştirakçılar tutur. VI Xəzər Beynəlxalq energetika və alternativ enerji sərgisi Xəzəryanı regionun enerji səmərəliliyi və bərpa olunan enerji sahəsində yeganə ixtisaslaşmış tədbiridir.
Beynəlxalq “Xəzər Neft və Qaz 2016” sərgi və konfransında çıxış edən “ITE Group Plc” şirkətinin xüsusi məsləhətçisi Endryu VUD dedi:
-Zati-aliləri cənab Prezident.
Hörmətli qonaqlar, xanımlar və cənablar.
Mənim üçün böyük şərəfdir ki, bu vacib tədbirin təşkilatçılarından olan “ITE Group” şirkəti adından hər birinizə, xüsusən də Azərbaycan Hökumətinə, Dövlət Neft Şirkətinə bu sərginin keçirilməsinə verdikləri dəstəyə görə minnətdarlığımı bildirim. Builki sərgi də keçən illərdə olduğu kimi, çox əhəmiyyətlidir. Çünki ötən illərdə, xüsusən də son illərdə dünya iqtisadiyyatında, o cümlədən neft, qaz, energetika sahələrində böyük dəyişikliklər baş verib. Düşünürəm ki, biz bu tədbirin yaratdığı imkandan istifadə edərək, birgə fikir mübadiləsi, səmərəli müzakirələr aparmalıyıq.
Bizim sərgi tezliklə Azərbaycanda təşkil
ediləcək çox möhtəşəm idman tədbiri ərəfəsində
açılıb. Biz bu ayın ortalarında Bakıda Formula-1 Avropa
Qran-prisini izləyəcəyik. Sərgi və
konfransın bu yarışlar ərəfəsində
keçirilməsi çox sevindiricidir.
İndi isə mən çıxış
üçün sözü Azərbaycan Prezidenti cənab
İlham Əliyevə verirəm.
X X X
Dövlətimizin başçısı
açılış mərasimində nitq söylədi.
Azərbaycan
Prezidenti İlham Əliyevin
nitqi
-Hörmətli
xanımlar və cənablar, əziz qonaqlar.
Mən sizin hamınızı salamlayıram. Bu gün
ölkəmizin həyatında çox əlamətdar bir
gündür. XXIII Xəzər Neft və
Qaz Sərgisi öz işinə başlayır. Bu sərginin təşkilində rol oynayan
bütün insanlara, qurumlara öz minnətdarlığımı
bildirmək istəyirəm.
Sərginin Azərbaycanda keçirilməsi ölkəmizin
ümumi inkişafı üçün çox mühüm
rol oynayır.
Bildiyiniz kimi, birinci sərgi 1994-cü ildə
keçirilmişdir. O vaxt Azərbaycanı demək olar
ki, dünyada tanımırdılar. Azərbaycan
gənc müstəqil dövlət idi. Xüsusilə
nəzərə alsaq ki, müstəqilliyimizin ilk illəri
çox ağır keçirdi, Azərbaycanda iqtisadi, siyasi və
hərbi böhran hökm sürürdü. Ermənistan torpaqlarımızı işğal
etmişdir, 1993-cü ildə vətəndaş müharibəsi
başlamışdır. Yəni,
bütün bu amilləri nəzərə alsaq, bir daha
görürük ki, sərginin nə qədər
böyük əhəmiyyəti olmuşdur. Çünki o vaxt bu sərgi vasitəsilə Azərbaycan
öz neft potensialını dünyaya təqdim etdi. Azərbaycan bəyan etdi ki, o, investisiyalara
açıq bir ölkədir. Azərbaycan
inkişaf yolu ilə getmək, müasir dövlətə
çevrilmək istəyir. Buna nail
olmaq üçün əlbəttə ki, ilk növbədə
ölkəmizə xarici sərmayə qoyulmalı idi. Xarici sərmayə üçün ən cəlbedici
sahə təbii ki, neft sahəsi idi.
Azərbaycan qədim neft dövlətidir. Dünyada ilk
dəfə sənaye üsulu ilə neft XIX əsrdə Azərbaycanda
hasil edilmişdir. XX əsrdə isə ilk
dəfə olaraq, dünyada dəniz yataqlarından neft yenə
də Xəzər dənizində, Azərbaycanda hasil
edilmişdir. Ancaq 1990-cı illərin əvvəllərində
yaranmış vəziyyət, əlbəttə, o qədər
də ümidverici deyildi. Ölkə
çox böyük çətinliklərlə üzləşmişdi
və Azərbaycanın, ümumiyyətlə, uzunmüddətli
inkişaf perspektivləri çox qaranlıq idi.
Məhz belə bir şəraitdə birinci sərginin
keçirilməsi, bir daha demək istəyirəm, çox
önəmli bir hadisə idi. Bir daha bu fürsətdən
istifadə edərək, bu sərgini uzun illər keçirən
təşkilata minnətdarlığımı bildirmək istəyirəm.
Eyni zamanda, o şirkətlərə minnətdarlığımı
bildirmək istəyirəm ki, bizə inandılar və bizimlə
əməkdaşlıq etməyə başladılar. İlk növbədə, mən BP şirkətinin fəaliyyətini
xüsusilə qeyd etmək istəyirəm. Artıq 22 ildir ki, BP və SOCAR etibarlı tərəfdaşlar
kimi birgə işləyirlər. Bir çox layihələrdə
- ölkəmiz üçün ən önəmli layihələr
olan “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”,
“Cənub Qaz Dəhlizi” layihələrində, neft və qaz kəmərlərinin
tikintisində birgə işləyirlər və bu əməkdaşlığın
çox gözəl gələcəyi vardır.
Çünki qeyd etdiyim layihələrlə yanaşı, digər
perspektiv layihələr üzərində də birgə
iş aparılır.
Bu illər ərzində SOCAR – Azərbaycan Dövlət
Neft Şirkəti də beynəlxalq enerji şirkətinə
çevrilib.
İlk növbədə ona görə ki, Azərbaycanda
belə genişmiqyaslı böyük layihələr icra
edilmişdir. Artıq SOCAR həm ölkə daxilində,
həm xaricdə fəal iş aparır, böyük
investisiyalar qoyur. Vaxtilə Azərbaycana
yatırılan milyardlarla investisiyaları indi Azərbaycan
xarici məkanlara qoyur. Beləliklə, həm
bizim iqtisadi maraqlarımız təmin edilir və eyni zamanda, əlbəttə
ki, xarici ölkəyə qoyulan investisiya o ölkə ilə
bütün əlaqələrin inkişafına xidmət
göstərir.
1994-cü ildən bu günə qədər Azərbaycan
bütün sahələrdə olduğu kimi, neft-qaz sahəsində
də çox uğurlu və şərəfli yol
keçmişdir. Qarşımıza qoyduğumuz
bütün vəzifələr icra edilmişdir. Planlaşdırdığımız bir dənə
də layihə yarımçıq qalmamışdır.
Biz bütün layihələri icra etdik. Bu layihələri icra etmək üçün
çox böyük səylər, həmçinin siyasi səylər
göstərildi, eyni zamanda, böyük maliyyə
resursları ayrıldı. Bu böyük
layihələr bir çox ölkələrlə
razılıq əsasında icra edildi. Çünki
ilk növbədə qarşıda nefti Xəzər dənizindən
çıxarmaq, sahilə gətirmək, onu dünya
bazarlarına nəql etmək məsələləri
dayanmışdı. Burada əlbəttə
ki, beynəlxalq əməkdaşlıq olmadan bu məsələləri
həll etmək mümkün olmazdı. Eyni
zamanda, regionda sabitlik olmalı idi. İnvestorların
inamı artmalı idi ki, bu layihələr icra edilsin. Əks təqdirdə, nə beynəlxalq maliyyə
qurumları, nə də ki, şirkətlər öz vəsaitlərini
qoymazdılar. Məhz bu istiqamətdə çox ciddi
iş aparılmışdır və 1990-cı illərin
ortalarında Azərbaycanda sabitlik tam təmin edilmişdir. İnvestorlar bizə inandılar və Azərbaycana
milyardlarla dollar məbləğində sərmayə
qoyulmağa başlanmışdır.
Biz də bu imkanlardan səmərəli şəkildə
istifadə etdik. Neftdən əldə edilən gəlirləri
qeyri-neft sektoruna yönəltdik. Ölkə
iqtisadiyyatını şaxələndirmək
üçün böyük səylər göstərildi və
bu gün Azərbaycanın ümumi daxili məhsulunda neft amili
təxminən 30 faizdən bir qədər çoxdur. Ümumi gəlirlərimizin əksəriyyəti
qeyri-neft sektoru hesabına formalaşır. Ona görə vəsaitin şəffaf saxlanması və
idarə edilməsi üçün Dövlət Neft Fondu
yaradılmışdır. Bu gün bu Fond
dünya miqyasında ən şəffaf, suveren neft
fondlarından biridir. Aparılan
bütün infrastruktur və yenidənqurma işləri bir məqsədi
güdürdü ki, Azərbaycan iqtisadiyyatı
çoxşaxəli olsun, biznes imkanları genişlənsin,
neftdən və qazdan asılılıq daha da
aşağı düşsün. Biz bu
istiqamətdə bu gün də işləyirik. Bizim üçün bu gün ən önəmli vəzifə
məhz bundan ibarətdir ki, uzunmüddətli dayanıqlı
iqtisadi inkişaf konsepsiyamızı icra edək və gələcəkdə,
ümumiyyətlə, neftin qiymətindən asılı
olmayaq.
1990-cı illərin ortalarında isə
qarşımızda tam başqa vəzifələr dururdu. O vəzifələr ki, biz
həm neft, həm qaz potensialımızı maksimum dərəcədə
dünya bazarlarına çıxarmalı idik. Təsadüfi
deyil ki, 1994-cü ildə “Əsrin kontraktı”nın
imzalanmasından iki il keçməmiş – 1996-cı ilin
iyununda “Şahdəniz” qaz yatağı üzrə
hasilatın pay bölgüsü kontraktı
imzalanmışdır. Bu gün “Şahdəniz”
qaz yatağı dünya miqyasında ən böyük qaz
yataqlarından biridir. Artıq “Şahdəniz”dən
hasil olunan qaz regional bazarlara çıxarılır. “Cənub
Qaz Dəhlizi” layihəsinin icrası bizə imkan verəcək
ki, həm “Şahdəniz” qazı, həm digər qaz
yataqlarından hasil olunacaq Azərbaycan qazı dünya
bazarlarına çıxarılsın və beləliklə,
biz həm neft, həm qaz proqramlarımızı tam şəkildə
icra edək.
Təbii ki, bu gün “Cənub Qaz Dəhlizi” haqqında
danışarkən biz 1990-cı illərdə
görülmüş işləri mütləq qeyd etməliyik. Çünki
əgər o vaxt Bakı-Tbilisi-Ceyhan neft kəməri tikilməsə
idi, onda əlbəttə ki, bu dəhliz də yaranmazdı.
Bakı-Tbilisi-Ceyhan kəməri Xəzər dənizini
Aralıq dənizi ilə birləşdirdi və enerji dəhlizini
formalaşdırdı. İndi Azərbaycan
qazı həmin dəhliz vasitəsilə dünya
bazarlarına çıxarılacaq. Demək
olar ki, o dəhlizlərin coğrafiyası böyük dərəcədə
eynidir və bu dəhliz hazırda nəqliyyat dəhlizinə
çevrilir. Çünki biz neftdən əldə
olunan gəlirləri nəqliyyat infrastrukturuna yönəldərək,
çox ciddi nəqliyyat bağlantıları
yaratmışıq. Şərq-Qərb nəqliyyat
dəhlizi bu gün reallaşır və əminəm ki, bu
ilin sonuna qədər tam istifadəyə veriləcək.
Beləliklə, neft, qaz, nəqliyyat dəhlizləri
Azərbaycan ərazisindən keçəcək. Bu müddətdə biz elektrik enerjisinin ixracı ilə
də bağlı lazımi addımlar atmışıq və
bu gün Azərbaycan elektrik enerjisi də ixrac edir.
Yəni, bizim coğrafi vəziyyətimiz, qoyulan sərmayə
və düşünülmüş siyasət, tərəfdaşlarla
apardığımız birgə fəaliyyət bax, bu
reallıqları yaradıbdır. Bu reallıqlar həm
Azərbaycan dövlətinə, xalqına xidmət edir, həm
qonşu dövlətlərin maraqlarını təmin edir və
geniş coğrafiya baxımından beynəlxalq əməkdaşlığı
gücləndirir. Beynəlxalq əməkdaşlıq
olmadan, əlbəttə ki, biz heç bir layihəni icra edə
bilmərik. Çünki Azərbaycanın
açıq dənizlərə, dünya bazarlarına
çıxışı yoxdur. Məhz
buna görə neft və qaz kəmərlərinin tikintisinə
böyük vəsait yönəldilir və beynəlxalq əməkdaşlığın
təşəbbüskarı da biz olmuşuq. Bu da təbiidir. Çünki bu,
bizə lazım idi ki, neft-qaz kəmərləri tikilsin, bu
resurslar dünya bazarlarına çıxsın. Tranzit, istehlakçı ölkələr də bu
layihələrə böyük maraq göstərirlər.
Əlbəttə ki, onlar da bu layihələrdən
bəhrələnirlər. Tranzit ölkələr
onilliklər bundan sonra böyük mənfəət
götürəcəklər, istehlakçı ölkələr
əlavə alternativ qaz mənbələrinə
çıxış əldə edəcəklər. Yəni, burada bütün tərəflər ancaq
qazanır və əlbəttə, bu beynəlxalq əməkdaşlığı
formalaşdırmaq üçün, ilk növbədə, Azərbaycan
öz səylərini göstərməli idi və göstərdi.
Əgər 1990-cı illərin ortalarında üçtərəfli
format yaranıbdısa, – Azərbaycan-Gürcüstan-Türkiyə,
- bu gün bu format genişlənir və “Cənub Qaz Dəhlizi”nin üzv ölkələri müxtəlif
qurumları təmsil edirlər. Yenə də Azərbaycan-Gürcüstan-Türkiyə
və Avropa İttifaqına üzv ölkələr –
Bolqarıstan, Yunanıstan, İtaliya və Albaniya - artıq 7
ölkə “Cənub Qaz Dəhlizi”nin
üzvüdür və Balkan ölkələri də bu layihəyə
maraq göstərirlər. Bəzi Balkan ölkələri ilə
artıq memorandumlar da imzalanmışdır ki, gələcəkdə
biz “Cənub Qaz Dəhlizi”nin
qollarını açaq. Çünki indi əsas
xətt Bakıdan İtaliya sahillərinə qədər
uzanan bir xətdir. Ancaq bu xətdən kənara
çıxan qollar da olmalıdır. Biz
bu məsələlər üzərində də işləyirik.
Bizim kifayət
qədər qaz resurslarımız var. Azərbaycanın təsdiq
edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə
bərabərdir. Hazırda “Abşeron”, “Ümid”
yataqlarının işlənilməsi ilə bağlı
hazırlıq işləri aparılır. Əminəm
ki, bu layihələr də uğurla nəticələnəcək
və beləliklə, Azərbaycanın qaz hasilatı daha da
artacaq. “Azəri-Çıraq-Günəşli”
yatağının dərin laylarında böyük qaz
yataqları var və biz onların da hasilatı ilə
bağlı ciddi addımlar atırıq. Yəni, onu demək
istəyirəm ki, biz öz fəaliyyətimizi “Cənub Qaz Dəhlizi”nin mövcud formatı ilə məhdudlaşdırmaq
istəmirik. Biz istəyirik ki, daha da geniş
coğrafiyaya çıxaq. Buna nail
olmaq üçün qaz resursları var və artıq beynəlxalq
əməkdaşlıq formatı da yaranıbdır.
Siz yaxşı bilirsiniz, artıq ikinci dəfədir ki,
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət
Şurasının iclası keçirilib. Bu ilin
fevralında keçirilən ikinci iclasda bütün üzv
ölkələrin nümayəndələri yüksək səviyyədə
təmsil olunub. Avropa Komissiyasının
iki vitse-prezidentinin, Amerika Birləşmiş
Ştatlarının, Böyük Britaniyanın yüksək
vəzifəli nümayəndələrinin iştirak etdikləri
iclasda Yekun Bəyannamə imzalanmışdır. Bu Bəyannamədə Azərbaycanın “Cənub
Qaz Dəhlizi” layihəsinin icrasında liderlik rolu qeyd edilir.
Əlbəttə, bu, bizim üçün
böyük şərəfdir, eyni zamanda, böyük məsuliyyətdir.
Məşvərət Şurasının
yaradılması da məhz bizim təşəbbüsümüz
idi. Mən şadam ki, Avropa Komissiyası
da bu təşəbbüsə öz dəstəyini göstərdi.
Beləliklə, biz artıq çox ciddi
koordinasiya formatı çərçivəsində işləyirik
və şadam ki, bütün hədəflərə
çatırıq.
Yadımdadır,
keçən il bu sərginin
açılışında iştirak edərkən
demişdim ki, 2015-ci ildə TANAP layihəsinin təməli
qoyuldu. Bu gün məmnunluq hissi ilə qeyd etməliyəm
ki, keçən ay, iki həftə bundan əvvəl TAP layihəsinin
təməli qoyuldu. Yəni, biz öz hədəflərimizə
çatmaq üçün ardıcıllıqla irəliyə
gedirik və bütün hədəflərə
çatırıq. Əgər həyata
keçirdiyimiz işlərin xronologiyasına baxsaq görərik
ki, biz öz hədəflərimizə çatmaq
üçün çox böyük ardıcıllıqla, məqsədyönlü,
planlı şəkildə irəliləyirik.
1994-cü
ildə “Əsrin kontraktı”nın, 1996-cı ildə
“Şahdəniz” layihəsi üzrə kontraktın
imzalanması, 1997-ci ildə “Çıraq” yatağından
ilk neftin çıxarılması, 1999-cu ildə Qara dəniz
limanları ilə bizi birləşdirən Bakı-Supsa neft kəmərinin
tikilməsi, 2003-cü ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin
təməlqoyma mərasimi, 2006-2007-ci illərdə
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin
istifadəyə verilməsi, 2012-ci ildə Türkiyə ilə
Azərbaycan arasında TANAP layihəsinin imzalanması, ondan
sonra 2014-cü ildə “Cənub” qaz dəhlizinin təməl
daşının qoyulması, 2015-ci ildə TANAP-ın təməlinin
qoyulması və nəhayət, 2016-cı ildə TAP layihəsinin
təməlqoyma mərasimi. Bax, budur xronologiya.
Yəni, bugünkü vəziyyət
öz-özünə yaranmayıb. Əldə
edilmiş bu uğurlar göydən düşməyib.
Bu, gərgin, məqsədyönlü iş nəticəsində
mümkün olub. Bir daha demək istəyirəm
ki, biz ancaq beynəlxalq əməkdaşlıq çərçivəsində
bu nailiyyətlərə çata bilərdik.
Bu gün vəziyyət ondan ibarətdir ki, “Cənub” qaz
dəhlizinin icrası qrafik üzrə gedir. Hazırda
enerji sahəsində qarşımızda duran əsas vəzifə
“Cənub” qaz dəhlizinin icrasıdır. Əminəm
ki, bu proses qrafik üzrə gedəcək. “Cənub” qaz dəhlizinin
bütün 4 seqmentində də - “Şahdəniz”, Cənubi
Qafqaz qaz kəməri, TANAP və TAP layihələrində
işlər gedir və əminəm ki, vaxtında icra ediləcək.
“Cənub Qaz Dəhlizi” iqtisadi layihədir, eyni zamanda, təhlükəsizlik
layihəsidir.
Çünki bu gün dünyada enerji təhlükəsizliyi
məsələləri ön plana çıxır. Hər kəs artıq başa düşür ki,
enerji təhlükəsizliyi olmadan ölkələrin milli təhlükəsizliyi
haqqında danışmaq mümkün deyil. O ölkələr
ki, enerji resursları ilə zəngin deyillər, əlbəttə,
onlar digər resurslardan asılıdır. Bizim
vəzifəmiz həmişə ondan ibarət olub ki, əməkdaşlığı
dərinləşdirmək üçün enerji amilindən
istifadə edək. Azərbaycan heç
vaxt öz potensialından başqa məqsədlər
üçün istifadə etməyib. Bizim
istəyimiz və arzumuz ondan ibarət olub ki, əməkdaşlığı
dərinləşdirək, qonşuluğumuzda vəziyyət
sabit olsun. Bu sabit vəziyyət imkan versin
ki, biz transmilli layihələri icra edək və Azərbaycan
xalqının rifah halını yaxşılaşdıraq,
ölkəmizin qüdrətini artıraq. Buna
görə də Cənub Qaz Dəhlizinin Məşvərət
Şurasında müzakirə olunan məsələlərlə
bağlı heç bir fikir ayrılığı yoxdur.
Nəyə görə? Ona
görə ki, orada bütün maraqlar təmin edilir. İstehsalçı ölkənin – Azərbaycanın
maraqları, tranzit ölkələrin maraqları və
istehlakçı ölkələrin maraqları. Biz
ancaq bu maraqların uzlaşması şəraitində istədiyimizə
nail ola bilərik. Əgər bu
üç tərəfdən hər hansı biri ancaq öz
maraqlarını güdsəydi, biz bu uğura nail ola bilməzdik. Bu, çox
gözəl bir nümunədir. Enerji siyasəti
və bu sahədə uzunmüddətli əməkdaşlıq
ancaq bu sağlam zəmində qurulmalıdır. Enerji
amilindən heç vaxt başqa məqsədlər -
şantaj, hansısa sahədə imtiyazlara nail olmaq
üçün alət kimi istifadə edilməməlidir. Hesab edirəm ki, burada Azərbaycanın mövqeyi
artıq dünya miqyasında rəğbət qazanıb.
Digər tərəfdən, bu mövqe öz
haqqını artıq nümayiş etdirir və göstərir
ki, ancaq belə yanaşma uğur gətirə bilər. Biz istəyirik
ki, Azərbaycanda inkişaf daha da sürətlə getsin.
İstəyirik ki, bölgədə sabitlik
möhkəmlənsin. Bu gün dünyada
baş verən hadisələr, təbii ki, bizi də narahat
edir. Dünyanın müxtəlif yerlərində
yeni münaqişə ocaqları yaranır, müharibələr,
qarşıdurmalar, ziddiyyətlər, toqquşmalar baş
verir. Əlbəttə ki, bu, arzuolunan mənzərə
deyil.
Biz isə çalışırıq ki, bölgəmizdə
sabitlik olsun. Ancaq ölkələr sabitlik şəraitində
inkişaf edə bilər. Ancaq ölkələrə
sabitlik şəraitində investisiya qoyula bilər. Ancaq sabitlik şəraitində xalqlar rahat, təhlükəsizlik,
rifah içində yaşaya bilər. Azərbaycan
nümunəsi, hesab edirəm ki, bir çox ölkələr
üçün maraqlı ola bilər.
Bu il biz müstəqilliyimizin bərpasının
25 illiyini qeyd edəcəyik. İyirmi beş
il ərzində Azərbaycan sübut edib ki, müstəqil
ölkə kimi yaşaya bilər, yaxşı yaşaya bilər,
öz taleyinin sahibi ola bilər, bütün ölkələr
ilə normal münasibətlər qura bilər. Ən
əsası ondan ibarətdir ki, bizim gələcəyə də
çox dəqiq və aydın baxışlarımız var.
Biz hazırda “Cənub” qaz dəhlizinin icrası ilə
ciddi məşğuluq. Bununla bərabər, biz iqtisadiyyatın şaxələndirilməsi
ilə daha da ciddi məşğuluq ki, neft amilindən
asılılığı tam aradan götürək və Azərbaycan
iqtisadiyyatı uzunmüddətli dayanıqlı iqtisadiyyat ola bilsin. Bu istiqamətdə
görüləsi işlər hələ çoxdur.
2016-cı il bizim üçün, neftlə
zəngin olan bütün ölkələr üçün
sınaq ilidir. Neftin qiyməti bir neçə dəfə
aşağı düşüb, təbii ki, bu, bütün
ölkələr üçün sınaqdır. Ancaq hesab edirəm ki, Azərbaycan bu sınaqdan şərəflə
çıxır. 2016-cı il sabitləşmə
ili olmalıdır və artıq biz bunu görürük. Əminəm ki, gələn ildən iqtisadi artım
bərpa ediləcək.
Biz son 10 il ərzində çox yüksək iqtisadi
artım şəraitində yaşamışıq. Azərbaycan iqtisadiyyatı 3 dəfədən
çox artıbdır. Əlbəttə,
bizim iqtisadiyyatımız, əhalimiz buna öyrəşib,
indi yeni dövr başlayıb. Ancaq biz istənilən
şəraitdən üzüağ çıxa bilərik və
çıxırıq. Bizim əsas vəzifəmiz
ondan ibarətdir ki, dünyada yaranmış bu böhrandan Azərbaycan
xalqı əziyyət çəkməsin. Ona görə də bütün sosial proqramlar icra
edilir. Maaşlar, pensiyalar bu il 10 faiz
qaldırılıbdır. Bütün sosial
infrastrukturun yaradılması istiqamətində işlər
gedir və əlbəttə ki, gələcək illər
üçün gözəl zəmin yaradılır.
Neftin qiymətinin aşağı düşməsi bir stress vəziyyəti
yaratmışdır və hesab edirəm ki, bu, bizim
xeyrimizə oldu. Bir çox qurumlar, o cümlədən
dövlət qurumları öyrəşmişdilər ki,
müxtəlif layihələrin icrası üçün
onlara çox böyük həcmdə vəsait
ayrılır. İndi biz bu məsələlərə
daha qənaətlə yanaşırıq. Ancaq prioritet məsələlərə dövlət
vəsaiti ayrılır. Əsas vəsait
isə özəl sektordan gəlməlidir. Daxili və xarici investorlar vəsait qoyurlar, bizə
inanırlar və hesab edirəm ki, bu illər ərzində
biz etibarlı tərəfdaş kimi gözəl reputasiya
qazanmışıq. Bilirsiniz ki, neft sahəsində
bütün kontraktlar hasilatın pay bölgüsü əsasında
imzalanıbdır və biz orada bir nöqtəni və
vergülü belə dəyişə bilmərik və dəyişmək
fikrimiz də yoxdur. Bu, inamı
artırır. Neft sahəsində olan
şəffaflıq və proqnozlaşdırma meyilləri
bütün başqa sahələrdə daha da güclənməlidir.
Mən sərgidə iştirak edən bütün
şirkətlərin nümayəndələrini bir daha
salamlayıram.
Sərgi həm Azərbaycan, həm dünya
üçün doğrudan da çox önəmli, mötəbər
tədbirdir. Ona görə ki, sərgi
23-cü dəfədir keçirilir. Ona
görə ki, sərgiyə maraq artır. Eyni zamanda və ən başlıcası ona görə
ki, dünyanın aparıcı ölkələrinin rəhbərləri
bu sərgiyə çox böyük diqqət göstərirlər.
Amerika Birləşmiş Ştatlarının
Prezidenti, Böyük Britaniyanın Baş naziri sərgiyə
öz səmimi təbriklərini göndəriblər. Bu təbriklərə görə mən həm
Amerika Birləşmiş Ştatlarının Prezidentinə,
həm Böyük Britaniyanın Baş nazirinə minnətdaram.
Onların təbrikləri bir daha sərginin əhəmiyyətini
göstərir. Sərgiyə uğurlar
arzulayıram. Sağ olun.
X X X
ABŞ
dövlət katibinin köməkçisinin müavini
xanım Robin DUNNİGAN mərasimdə çıxış
edərək dedi:
-Sabahınız
xeyir, cənab Prezident.
Hörmətli nazirlər, səfirlər, qonaqlar.
“Xəzər Neft və Qaz 2016” sərgisində
iştirak etmək mənim üçün çox
böyük şərəfdir. Son 20 ildə ABŞ
şirkətləri bu sərgidə çox böyük məmnuniyyətlə
və fəallıqla iştirak edirlər. Azərbaycan ilə ABŞ arasında həm iqtisadi,
həm siyasi münasibətlər inkişaf edir. Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tikintisi və
“Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi
uzunmüddətli əməkdaşlıq və tərəfdaşlığın
bir nümunəsidir.
Mən XXIII Beynəlxalq “Xəzər Neft və Qaz 2016” sərgi
və konfransı münasibətilə Prezident Barak
Obamanın Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevə ünvanlandığı təbrik məktubunu
diqqətinizə çatdırmaq istərdim.
Robin Dunnigan Prezident Barak Obamanın təbrik məktubunu
oxudu.
X X X
Sonra
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş
Krallığının Baş naziri Devid Kemeronun XXIII Beynəlxalq
“Xəzər Neft və Qaz 2016” sərgi və konfransı
münasibətilə Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevə ünvanlandığı təbrik
məktubunu oxuyan Baş nazirin ticarət üzrə
elçisi xanım Baronessa Emma NİKOLSON dedi:
-Zati-aliləri
cənab Prezident.
Hörmətli qonaqlar.
Mən Birləşmiş Krallığın Baş
nazirinin təyin etdiyi səfir olaraq istərdim ki, çox
mühüm tədbir olan XXIII Beynəlxalq “Xəzər Neft və
Qaz 2016” sərgisinin açılışında hər
birinizi salamlayım. Sevinirəm ki, Baş nazir Devid Kemeronun məktubunu
sizin diqqətinizə mən təqdim edəcəyəm.
Xanım Baronessa Emma Nikolson Baş nazir Devid Kemeronun təbrik
məktubunu oxudu.
X X X
Sonra
Prezident İlham Əliyev sərgilərlə tanış
oldu.
SOCAR-ın stendi ilə tanışlıq zamanı
dövlətimizin başçısına şirkətin layihələri
barədə məlumat verildi. Bildirildi ki, SOCAR bir
sıra uğurlu sosial və ekoloji proqramlar həyata
keçirir. Bu proqramlar çərçivəsində
tullantı mərkəzinin genişləndirilməsi layihəsi
də var. Prezident İlham Əliyevə SOCAR-ın təlim və
təhsil proqramları, Bakı Ali Neft Məktəbinin fəaliyyəti,
elmi-tədqiqat işləri və şirkətin işində
əsas götürdüyü nano texnologiyalar barədə məlumat
verildi. SOCAR-ın stendində Azərbaycanın neft emalı və
neft kimyası müəssisələri, neft və qaz
ixracı marşrutları, həmçinin sərmayələr
barədə də geniş məlumat var. Hazırda Azərbaycan,
İsveçrə, Gürcüstan, Rumıniya və Ukraynada
“SOCAR” ticarət markası altında 370-dən artıq
yanacaqdoldurma məntəqəsi xidmət göstərir. Stenddə,
həmçinin “Şahdəniz Mərhələ-2”, “Cənub”
qaz dəhlizi, “Azəri-Çıraq-Günəşli”
yataqları, neft və qaz hasilatı, axtarış və kəşfiyyat
işləri barədə dolğun məlumatlar yer alıb.
BP şirkəti də uzun illərdir ki, Azərbaycanda
neft-qaz sənayesində uğurla fəaliyyət göstərir. Prezident
İlham Əliyevə burada “Şahdəniz” layihəsi ilə
bağlı görülən işlər barədə məlumat
verildi. Qeyd edildi ki, “Şahdəniz Mərhələ-2”
və Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi
layihələri üzrə işlərin 70 faizdən
çoxu tamamlanıb. Şirkət SOCAR ilə
birgə yeni yataqların kəşfi istiqamətində
axtarışları davam etdirir.
“Türkiyə
Petrolları” şirkəti “Əsrin müqaviləsi”nə
start veriləndən Azərbaycanda geniş fəaliyyət
göstərən şirkətlərdəndir. Bu
qurum Azərbaycanda bundan sonra da reallaşdırılacaq layihələrdə
yaxından iştirak etməyə və sərmayə
yatırmağa hazırdır. Ümumilikdə,
Türkiyə Azərbaycanın enerji sektorunda həyata
keçirilən layihələrdə ölkəmizlə hərtərəfli
və uğurlu əməkdaşlıq edir.
Prezident İlham Əliyev SOCAR-Türkiyə stendinə
baxdı. Burada dövlətimizin başçısına
SOCAR-ın Türkiyədə həyata keçirdiyi layihələr
barədə məlumat verildi. SOCAR 2015-ci
ildə Türkiyənin ən böyük xarici investoru olub.
Bildirildi ki, “Petkim” Türkiyənin ilk və
yeganə neft-kimya zavodudur. Burada 60 növdə
məhsul istehsal edilir. Məhsullar
dünyanın 50-dən artıq ölkəsinə ixrac olunur
və Türkiyədə 6 min müəssisə tərəfindən
istifadə edilir.
STAR neft
emalı zavodu Türkiyədə özəl sektorun inşa
etdiyi ilk neft emalı müəssisəsidir. Zavodun 2 il sonra istifadəyə verilməsi nəzərdə
tutulur. “Petkim” isə Egey dənizi bölgəsinin
ən böyük konteyner limanıdır. Layihənin reallaşdırılması ilə
dünyanın ən böyük gəmiləri limana yan ala
biləcək.
Builki sərgiyə Çin də böyük maraq
göstərir. Bu ölkənin Neft üzrə Texnologiya
və İnkişaf Korporasiyası sərgidə öz xidmət
və məhsullarını təqdim edir. Dünyada
məşhur olan bu şirkət əsasən neft
avadanlığının təchizatı ilə məşğuldur.
Şirkət artıq 12 ildir ki, Azərbaycan
bazarındadır.
Prezident İlham Əliyev “Rusneft” şirkətinin stendinə
də baxdı. Bu şirkət Rusiyanın ən
böyük 10 neft şirkətindən biridir. “Rusneft” Azərbaycan ilə yanaşı,
Qazaxıstanda, Afrika ölkələrində və
dünyanın digər bölgələrində fəaliyyət
göstərir.
“SOCAR-Polimer” müəssisəsi nəinki Azərbaycanda,
regionda ən böyük investisiya layihələrindən
biridir. Layihə son 40 ildə öz növünə və
miqyasına görə Azərbaycanın neft-kimya sənayesində
həyata keçirilən ilk layihədir. Azərbaycanda
kimya sənayesinin inkişafını sürətləndirmək
üçün 2013-cü ildə təsis edilən
“SOCAR-Polimer” şirkətinin polipropilen və yüksək
sıxlıqlı polietilen qurğuları Prezident İlham
Əliyevin Sərəncamı ilə yaradılan Sumqayıt
Kimya Sənaye Parkında inşa olunur. Şirkətin iki
qurğusu hər il 180 min ton polipropilen və
120 min ton yüksək sıxlıqlı polietilen istehsal edəcək.
SOCAR-ın “Caspian Driling Company” şirkəti 17 ildir fəaliyyət
göstərir. Şirkətin fəaliyyətində əsas
məqsəd qurğularla əlaqədar quyu tikintisi və
kompleks layihə idarəetməsi xidmətlərini təmin edən
dəniz qazma əməliyyatçısı olmaqdır.
Şirkət artıq özünü Xəzər
dənizinin qazma sənayesində təsdiq edə bilib.
Almaniya sərgidə milli stendlə təmsil olunur. Bu ölkənin
8 şirkəti sərgidə öz xidmət və məhsullarını
təqdim edir. Bu şirkətlər nəinki
Almaniyanın, eləcə də dünyanın
tanınmış şirkətləridir. Onlar
əsasən qazma, neft hasilatı, kəşfiyyat, gəmi təmiri
və xidmətlər, ölçü və
avtomatlaşdırılmış texnika, dəniz
platformaları, enerji təchizatı kimi xidmətlərini təqdim
edir.
Qazaxıstanın “Caspian Offshore Construction” şirkəti
2003-cü ildə yaradılıb. Şirkət Xəzər
dənizində gəmilərin idarə edilməsini,
istismarını və texniki xidmətlərini həyata
keçirir. Dünyanın
tanınmış şirkətləri “Caspian Offshore
Construction” ilə əməkdaşlıq edir. Şirkət fəaliyyətində əsas meyar kimi
keyfiyyət və operativliyi seçib.
İtaliya da sərgiyə böyük maraq göstərir. Bu ölkənin
8 şirkəti sərgidə neft-qaz sahəsinə aid məhsulları
nümayiş etdirir. İtaliyanın
şirkətləri ölkəmizdə neft-qaz sahəsində
həyata keçirilən layihələrdə yaxından
iştirak edir.
Amerika-Azərbaycan Ticarət Palatası da sərgidə
təmsil olunur. Palatanın missiyası Azərbaycanda
biznes mühitinin təkmilləşdirilməsinə və
üzvlərə xidmətlər göstərməklə
onların biznes maraqlarını artırmağı təmin
etməkdir. 1996-cı ildə
yaradılmış palata Azərbaycan iqtisadiyyatının hər
bir sektorunda fəal olan 280-dən çox üzvdən və
müxbir üzvdən ibarətdir.
Sərgidə məhsullarını nümayiş etdirən
İranın “Qaz Souzan” şirkəti 1980-ci ildə
yaradılıb və qaz avadanlığı istehsal edir. Onun məhsulları
arasında yüksək təzyiqli qaz tənzimləyiciləri,
sənaye üçün qaz qızdırıcıları və
qaz sayğacları sərgidə təqdim olunur.
Norveçin “Hexagon Composites” şirkəti də sərgiyə
böyük maraq göstərir. Burada şirkətin
sıxılmış qaz üçün balonları
nümayiş etdirilir.
Belarusun Minsk elektrotexnika zavodu məhsullarını sərgidə
təqdim edir.
1956-cı ildə yaradılan müəssisə
böyük təcrübəyə əsaslanaraq keyfiyyətli
məhsul istehsal edir. Zavodda güc,
ölçü və çoxfunksiyalı transformatorlar,
ayırıcı qurğular və digər avadanlıqlar
istehsal olunur.
Prezident İlham Əliyev “Azalternativenerji” MMC-nin stendinə
də baxdı. Son illərdə alternativ və bərpa
olunan enerjidən istifadə sahəsində çox
mühüm layihələr reallaşdırılıb. Ümumilikdə, Azərbaycanın bərpa olunan
enerji mənbələrindən istifadə sahəsində də
kifayət qədər zəngin təcrübəsi var.
Fransanın
dünyada böyük nüfuz sahibi olan “Total” şirkəti
Azərbaycanın ənənəvi tərəfdaşlarından
biridir. Bu şirkət ən müasir
texnologiyalarla bağlı zəngin təcrübəsini bundan
sonra da ölkəmizlə bölüşməyə
hazırdır. “Total” şirkəti
“Abşeron”, “Ümid” və “Babək” qaz yataqlarında ölkəmizlə
yaxından əməkdaşlıq edir.
Sərgilərlə
tanış olan Prezident İlham Əliyev
XXIII Beynəlxalq “Xəzər Neft və Qaz 2016” sərgi və
konfransının xatirə kitabını imzaladı.
Azərbaycan.- 2016.- 2 iyun.- S. 3.