Roman Viktyukun teatrı Uşaqların Beynəlxalq
Müdafiəsi Günündə Bakıda qeyri-adi
tamaşa təqdim edib
“ÜNS” Yaradıcılıq Səhnəsi Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində yenə də Roman Viktyukun teatrının tamaşasını böyük müvəffəqiyyətlə təqdim edib. Mayın 31-də tamaşaçılar dramatizminə görə çox böyük təsir gücünə malik, Çernobıl AES zonasında məlum hadisələrdən sonra insanların həyatından bəhs edən “Zamanların əvvəli və sonunda” tamaşasını sürəkli alqışlarla qarşılayıblar.
İyunun 1-də - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə “Çəkməli pişik” (daha doğrusu, “Diyircəklər üzərində pişik”) adlı qeyri-adi tamaşanı isə bu dəfə artıq uşaqlar hərarətlə alqışlayıblar.
AZƏRTAC xəbər verir ki, tamaşaya “ÜNS” Teatrının bədii rəhbəri, professor Nərgiz Paşayeva, mədəniyyət və incəsənət xadimləri, yaradıcı ziyalıların nümayəndələri baxıblar.
Müasir səhnənin tanınmış rejissoru, aktyor və şair Roman Viktyuk tamaşaya quruluş verməklə bərabər, onun musiqi tərtibatını da üzərinə götürüb.
Maraqlıdır ki, “Çəkməli pişik” Şarl Perronun hamımıza yaxşı tanış olan məşhur nağılı deyil - tamaşaya Gümüş əsrin tanınmış şairi Mixail Kuzminin orijinal versiyası əsasında quruluş verilib.
Melodik, parlaq, canlı və müasir! Həqiqətən də,
gedib bu tamaşaya baxmağa dəyər! Mixail Kuzmin süjetə
italyan maska komediyasına xas olan istehza və
yüngüllük gətirib.
Roman Viktyuk bu ideyaya əsaslanaraq hər bir uşağa
tanış olan, amma rəngbərəng
kvadratlarla məhdudlaşan
bir oyun məkanı yaradıb. Məhz teatrın magiyasına sonsuz inamı Roman Viktyuka imkan verib ki, o, nağılı
səhnələşdirərkən porolon maskalardan, çəkilmiş təsvirlərdən
və hər cür yöndəmsiz personajlardan imtina edib, istər uşaqları, istərsə
də onların valideynlərini valeh edən dinamik təsirli tamaşa yaratsın.
Hər halda, tamaşada məşhur nağılın bütün süjet xətləri saxlanılıb: ata mirasından kiçiyinə yalnız Pişik qalan üç qardaş; Şahzadə qız ilə görüş; Pişiyin Adamyeyən üzərində qələbəsi. Maraqlıdır ki, baş qəhrəmanın adı Petruşadır, Adamyeyənin musiqi mövzusu isə “Gecəniz xeyrə qalsın, balalar” verilişinin musiqisidir. Nəhayət, ənənəvi uzunboğaz çəkmələrini diyircəkli konki ilə əvəz edən baş qəhrəman Pişik. Üstəlik, artistlər başgicəlləndirici tryuklar edərək Rusiya ulduzlarının mahnılarına parodiyalar səsləndiriblər. Bütün bunlar tamaşanın dinamikasının böyük maraq oyatdığı heç də bütün üstünlüklər deyil. Tamaşanın gedişatında qəhrəmanların xahişi ilə markiz Karabasın təbəələrinin rollarını oynamaq və Pişiyin düşüncələrinin həyata keçirilməsində ona kömək etmək istəyən gənc tamaşaçıların sayı az olmayıb.
Sözün düzü, gənc tamaşaçılar da tamaşanı qeyri-adi şəkildə təqdim edən R.Viktyuku məyus etməyiblər. Onlar xeyirin şər üzərində zəfər qazanacağına əsla şübhə etmədən R.Viktyukun bütün zarafatlarına çox çevik reaksiya veriblər, Adamyeyənə ürəkdən gülüblər, bir ağızdan Pişiyi xəbərdar ediblər.
Beləliklə, uşaqlar özlərini balaca aktyor kimi hiss ediblər, başlıcası isə bolluca gülüblər. Məlum məsələdir: təkcə bir uşaq gülüşü Yer üzünün bütün sərvətinə dəyər!
Rep üslubunda təqdim olunan və xeyirin şər üzərində təntənəsinin labüd olduğu dünyamıza görə sevinc və heyranlıq hissləri ilə aşıb-daşan bu nağıl təkcə uşaqlar üçün deyil, həm də tamaşanın yaradıcı kollektivini ayaq üstündə alqışlayan, onlara bol gül-çiçək bəxş edən valideynlər üçün əsl bayrama çevrilib.
Azərbaycan.- 2016.- 3 iyun.- S. 7.