Paytaxtımız “Formula-1”
yarışları ərəfəsindədir
Avropa Qran-prisinin keçiriləcəyi Bakı Şəhər Halqasında son tamamlama işləri gedir
Azərbaycan böyük inkişaf yoluna qədəm qoyub. Nəticədə dünya dövlətlərinin ölkəmizə yönələn diqqəti xeyli yüksəlib. Artıq nüfuzlu dövlətə çevrilən Azərbaycan ən mötəbər beynəlxalq tədbirlərə - idman və musiqi yarışlarına, konfranslara, zirvə toplantılarına evsahibliyi edir. Təkcə son beş ildə baş verən hadisələri - “Eurovision-2012” mahnı müsabiqəsi, I Avropa Oyunları, BMT-nin Sivilizasiyalar Alyansının (SA) VII Qlobal Forumu kimi mötəbər tədbirləri qeyd etmək kifayətdir ki, ölkəmizin ciddi beynəlxalq nüfuza malik olduğu açıq-aydın görünsün.
Sürət, çağırış, cazibə...
İki həftə sonra Azərbaycan növbəti dəfə mühüm bir beynəlxalq tədbirə evsahibliyi edəcək. Belə ki, 2016-cı il “Formula-1” mövsümünün Avropa Qran-prisi məhz Azərbaycanda, paytaxt Bakıda keçiriləcək. Yarış cədvəlinə əsasən, Beynəlxalq Avtomobil Federasiyası (FİA) “Formula-1” dünya çempionatı çərçivəsində martın ortalarından noyabr ayının sonunadək “Formula-1” tarixində bir il ərzində ilk dəfə rekord sayda yarış - 21 Qran-pri baş tutacaq. Xüsusi olaraq inşa edilmiş Bakı Şəhər Halqası “Formula-1” təqviminə ən yeni əlavədir. Bu tədbir çərçivəsində 17-19 iyun 2016-cı il tarixini əhatə edən yarış ərzində bolidlər Bakının gözoxşayan mərkəzi küçələrindən keçəcəklər. Necə deyərlər, sürət, çağırış, cazibə - bu üç söz Bakı Şəhər Halqasını tam simvolizə edəcək.
Dünyada məşhur olan “Formula-1” yarışlarının tarixinə nəzər saldıqda bəlli olur ki, bu yarış ilk dəfə 1950-ci il mayın 13-də İngiltərənin Silverstoun trasında keçirilib və tarixin ilk qələbəsini italyan pilot Nino Farina qazanıb. O həmçinin “Formula-1” üzrə ilk dünya çempionudur. Növbəti illərdə yarışlarda “böyük ustad” ləqəbli Xuan Manuel Fanxio dominantlıq edib. İlk çempionluğundan sonrakı 2 ildə titulu Alberto Askari qazansa da, o, 1954-cü ildən etibarən ardıcıl olaraq 4 dəfə dünya çempionu adına yiyələnib.
1960 - 1969-cu illərdə “Formula-1”də bir çox nailiyyətlər əldə edildi. Sürücülər arasında titul uğrunda mübarizədən başqa, Mühəndislər kuboku da getdikcə ön plana çıxdı. Çempionata inqilabçı Kolin Çəpmənin gəlişi isə bütün konsepsiya dəyişdi: maşınlarda mühərriklər sürücüdən arxaya keçirildi və antiqanadlar peyda oldu.
Yarışların son onilliyi isə iki komandanın dominantlığı ilə
keçib. Əvvəlcə Adrian Nyui yeni
komandası “Red Bulla” ardıcıl
dörd titul qazandırıb, hər dəfə də Sebastian Vettel çempionatda birinci olub. Çempionatın turbo mühərriklərə keçməsindən sonra
isə “Mercedes AMG” komandası
və Luis Hamilton qalib
olublar. Ona görə də qarşıdakı 2016-cı il yarış mövsümünü azarkeşlər
səbirsizliklə gözləyirlər.
Yüksək keyfiyyətli yol
və 30 minlik tamaşaçı tribunaları
Bu baxımdan, hesab
edilir ki, Bakıda keçiriləcək
“Formula-1” yarışlarının Avropa Qran-prisi çox maraqlı olacaq. Yarışların başlamasına isə sayılı günlər qalıb.
Bakı Şəhər Halqası
üzrə quraşdırılan
konstruksiya qurğularında
artıq son tamamlama işləri gedir. Vəziyyətlə tanış olmaq üçün bolidlərin
hərəkət edəcəyi
marşrut üzrə
irəlilədik. Ümumi işin
təxminən 90 faizinin
görüldüyünün şahidi olduq. Belə ki, bütün Bakı Şəhər Halqasının asfalt örtüyü tamamilə
yenilənib, yol kənarlarına xüsusi
barrikadalar və dəmir torlar yerləşdirilib.
Eləcə də müəyyən məsafələrdə keçidlər
salınıb. Bakı Şəhər Halqasında
azarkeşlər də
diqqətdən kənarda
qalmayıb. Onların rahat
şəkildə yarışı
izləmələri üçün
bir neçə yerdə xüsusi tribunalar quraşdırılıb.
Ümumilikdə 30 minə yaxın
tamaşaçı eyni
anda yarışı tribunalardan canlı izləyə biləcək.
Hər kəs cidd-cəhdlə öz işini görürdü. Biri dəmir
torların troslarını
bərkidir, digəri yol kənarında olan xüsusi qurğuları qaynaqlayırdı.
Asif adlı işçi əlini saxlayıb bizimlə söhbətə
başladı. Dedi
ki, işlər çox sürətlə
gedir, yaxın günlərdə hamısı
tamamlanacaq: “İşlərimiz
qaydasında gedir. Həvəslə çalışırıq.
Bir neçə günlük
işimiz qalıb.
Əminliklə demək olar
ki, yarış başlayana kimi bütün işlər yekunlaşacaq”.
Bir az irəlidə
asfalt üzərindəki
su xəttinə çıxış qapağı
qaynaq edilirdi. İşçilərdən nə işlə
məşğul olduqlarını
və işlərin necə getdiyini xəbər aldıq.
Məlum
oldu ki, onlar yolun üzərində
yerləşən su xəttinin qapaqlarını
bərkidirlər. Ramiz adlı
işçinin sözlərinə
görə, artıq dörd belə qapaq qalıb. Onlar da bərkidildikdən sonra işi təhvil verəcəklər.
Bununla da “Formula-1”in yol infrastrukturuna aid texniki işlər tam yekunlaşmış
olacaq. İşçilərin dediyinə görə,
Bakı Şəhər
Halqasında yüksək
keyfiyyətli yol çəkilib. Gələcəkdə
sökülməzsə, yaxud
təbii fəlakət
nəticəsində dağılmazsa,
bu yolun 20 illik zəmanəti var. Asfalt örtüyünün
qalınlığı 9-12 santimetrdir, bəzi yerlərdə isə normadan 2-3 dəfə artıq asfalt qatı çəkilib. Yolun təmirinə ötən
ilin noyabrından başlanılıb. Bu il iyun ayının
14-dən isə yol ümumi istifadəyə bağlı olacaq. Yarış bitdikdən sonra avtomobil yolu yenidən şəhər
əhalisinin istifadəsinə
veriləcək.
Pilotların marşrut xətti
necə təşkil edilib
6 kilometrdən bir
qədər artıq olan Bakı Şəhər Halqası
trekin uzunluğuna görə dünyada ikincidir. Unikal xüsusiyyətlərə
sahib Bakı Şəhər
Halqası elə təşkil olunub ki, yarış zamanı “Formula-1” iştirakçıları
və azarkeşləri
UNESCO-nun Ümumdünya İrsi
Siyahısına daxil olan İçərişəhər
Tarixi-Memarlıq Qoruğunu,
şəhərin müasir
göydələnlərini və Xəzərin sahil boyu hissəsini
özündə birləşdirən
Bakının ecazkar simasını görəcəklər.
Trekdə yarış avtomobillərinin
hərəkəti saat
əqrəbinin əks
istiqamətində olacaq.
Trekin ən geniş yeri 13 metrdir, ən dar hissəsi isə İçərişəhər
ətrafında olan bölmələrində, o cümlədən
7-ci və 8-ci döngələrdə
7.6 metr təşkil edəcək.
Start və finiş xətti Azadlıq meydanında olacaq. Həmçinin burada “Formula-1” Paddok
klubu, komandaların boksları və pit-leyn qurulacaq. 19 və 20-ci döngələrdən
sonra 1500 metrlik məsafədə 340 km/saat
sürət yığacaq
pilotları kəskin döngə gözləyir.
90 dərəcəli sol döngədən sonra, pilotlar 300 metrlik məsafədə görkəmli
rus şairi A.S.Puşkinin adını
daşıyan küçədən
keçəcəklər. 2-ci döngədən sonra “Formula-1” bolidlərini
trekin Xaqani küçəsi boyu 1 km
uzanan və uzunluğuna görə ikinci böyük sürətlənmə xətti
sayılan hissəsi gözləyir. Sonra pilotlar
yenidən kəskin döngə ilə qarşılaşacaqlar. 1-ci
və 3-cü döngə
pilotlara ötmə üçün əla şərait yaradacaq.
Şəhər treklərində çox nadir hallarda iki uzun sürətlənmə
xətti görmək
olar. 3-cü döngədən sonra pilotlar sol tərəfə
- Bülbül prospektinə
doğru yol alacaqlar. 240 metrlik
məsafəni düz
keçdikdən sonra
90 dərəcəli sağ
döngə ilə qarşılaşacaqlar. Bu
düz yolun sol tərəfində Sahil bağı yerləşir.
Daha sonra pilotlar Zərifə Əliyeva küçəsinə
dönəcəklər, kiçik
bucaqlı döngədən
sonra 350 metr uzunluğunda məsafə
qət edəcəklər. Növbə 5-ci və 6-cı döngəyə
çatır. Bu döngələr pilotları
Neftçilər prospektinin
əks istiqamətindəki
yola yönəldəcəkdir.
Bura trekin iki fərqli
hissəsinin yan-yana olduğu bölmədir.
Təxminən 300 metr məsafədə
“Formula-1” bolidləri eyni
küçədə əks
istiqamətlərdə hərəkət
edəcəklər, onları
yalnız baryerlər ayıracaq. Bununla, trekin müasir
Bakının mərkəz
hissəsini göstərən
görüntüləri sona
çatır. 7-ci döngədən sonra pilotlar Əziz Əliyev küçəsi
ilə İçərişəhərin
qala divarlarına yönələcəklər. Bolidlər
500 metrə yaxın məsafəni ensiz küçələrdə qət
edəcəklər. Trekin ən
çox çətinliyə
malik hissəsi 8-ci döngədən sonra başlayır. Bu döngədən sonra yol maksimal şəkildə
daralır və bu hissədə pilotları kəskin yoxuş gözləyir.
8-ci və 11-ci döngələr
trekin İçərişəhər
ətrafındakı hissəsində
yerləşir. Trekin bu hissəsində
İçərişəhərin görüntüləri daha
müasir küçələrlə
davam edir. 13 və 14-cü döngələr
kiçik bucaqlı olduğundan, buradan pilotlar demək olar ki, əyləc
sistemindən istifadə
etmədən keçəcəklər.
15-ci döngədən sonra pilotları kəskin eniş gözləyir. 16-cı döngə pilotları yenidən Neftçilər
prospektinə yönəldəcək.
Məhz bu küçədə
1-ci döngəyə tərəf
sürətlənmə prosesi
başlayacaq. Pilotlar
yalnız 17 və
18-ci döngələrdə sürəti bir az azaldacaqlar.
19-cu döngədən sonra pilotlar 1500 metr məsafə qət edərək yenidən 1-ci döngəyə
gəlib çatacaqlar.
Trekin məhz bu hissəsində
bolidlərin sürətinin
ən yüksək həddə - 340 km/saata çatacağı gözlənilir.
Bakı unikal yarışa səhnə olacaq
FİA-nın yarış direktoru və təhlükəsizlik məsələləri üzrə səlahiyyətli nümayəndəsi Çarli Vaytinq yarışdan əvvəl trekdə görülən hazırlıq işlərini yoxlamaq üçün Bakıya səfər edib. Trekin “Formula-1”in şəhər yarışına evsahibliyi etməyə hazır olub-olmadığından əmin olmaq üçün keçirilən baxış zamanı trek yolu və onun ətrafında quraşdırılmış obyektlərin keyfiyyəti yoxlanılıb. Yarış təqvimindəki ən yeni treki ətraflı şəkildə incələyən Çarli Vaytinq trekin hazırlığından olduqca razı qaldığını bildirib: “Bakı Şəhər Halqası vaxtında yarışa tam hazır olacaq. Siz trekin və onun ətrafında quraşdırılmış bütün obyektlərin yüksək keyfiyyətinə əmin ola bilərsiniz”. FİA rəsmisi Bakıya səfər etmək barədə hələ tam qərar verməmiş azarkeşlərə də müraciət edib: “Bakıya gəlmək istəyənlərə sözüm odur ki, siz bu şəhərə mütləq gəlməlisiniz. Bakı ecazkar şəhərdir. Mən burada dəfələrlə olmuşam və ünsiyyətdə olduğum hər kəsdən böyük qonaqpərvərlik görmüşəm. Bakı həqiqətən də unikal yarışa səhnə olacaq”.
Beləcə, həm ekspert rəylərinə, həm də öz müşahidələrimizə əsaslanaraq əminliklə deyə bilərik ki, Bakı 17-19 iyun 2016-cı il tarixində keçiriləcək “Formula-1” Avropa Qran-prisinə tam hazırdır. Çünki Azərbaycanın beynəlxalq tədbirlərdə həm təşkilatçılıq, həm də yüksək səviyyədə evsahibliyi etmək təcrübəsi var. Çox güman ki, bu yarışlar da I Avropa Oyunları kimi ölkəmizin tarixinə qızıl hərflərlə yazılacaq.
Elgün MƏNSİMOV,
“Azərbaycan”.- 2016.- 3 iyun.- S. 1;6.