Bakıda Dünya Azərbaycanlılarının
IV Qurultayının rəsmi açılış mərasimi
olub
Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib
İyunun 3-də Bakıda, Heydər Əliyev Mərkəzində Dünya Azərbaycanlılarının IV Qurultayının rəsmi açılış mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qurultayın açılış mərasimində iştirak edib.
Dövlət başçısı qurultayda nitq söyləyib.
Prezident İlham Əliyevin nitqi
- Hörmətli xanımlar və cənablar, əziz həmvətənlər!
Mən sizin hamınızı ürəkdən salamlayıram. Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Dünya azərbaycanlılarını təmsil edən əsas diaspor təşkilatlarının nümayəndələri, rəhbərləri Azərbaycandadırlar, doğma Vətəndədirlər. Bu gün IV qurultayın açılışı münasibətilə bütün dünya azərbaycanlılarını təbrik etmək istəyirəm. Əminəm ki, qurultay dünya azərbaycanlılarının birləşmələri, daha da fəal olmaları üçün çox önəmli tədbir olacaq.
Bildiyiniz kimi, I qurultay ulu öndər, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə keçirilmişdir. O vaxtdan bugünə qədər Azərbaycanda böyük işlər görülmüşdür, Azərbaycan daha da güclənmişdir, bizim imkanlarımız artmışdır.
Əlbəttə, biz həmişə xaricdə yaşayan azərbaycanlıların həyatı, taleyi, işləri ilə maraqlanırıq. Çalışırıq ki, onlara öz dəstəyimizi verək. İstəyirik ki, onlar olduqları ölkələrdə rahat yaşasınlar, yaxşı mövqe tutsunlar, onların yaxşı imkanları olsun və eyni zamanda, öz doğma Vətəninə də xidmət etsinlər.
2001-ci il Azərbaycan diaspor təşkilatlarının formalaşdırılması işində çox önəmli il olmuşdur. Çünki I qurultaydan sonra 2002-ci ildə Heydər Əliyevin sərəncamı ilə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılmışdır. Hazırda onun adı Diasporla İş üzrə Dövlət Komitəsidir. Diaspor təşkilatlarının təşkilatlanma, formalaşma prosesi daha da geniş vüsət almışdır. Əgər o vaxt dünyada 200-dən bir qədər çox diaspor təşkilatımız var idisə, hazırda onların sayı 462-dir. Azərbaycan diaspor təşkilatları həm kəmiyyət, həm keyfiyyət baxımından böyük yol keçmiş, güclənmiş, bu gün dünya miqyasında azərbaycanlılar və onların təmsil etdikləri təşkilatlar önəmli rol oynayırlar.
Bilirsiniz ki, ulu öndər Heydər Əliyev bütün dövrlərdə, o vaxt Sovet İttifaqı çərçivəsində başqa respublikalarda yaşayan azərbaycanlılara həmişə diqqət göstərirdi. Məhz onun təşəbbüsü ilə Sovet İttifaqında istisna hal kimi Azərbaycan gəncləri imtahan vermədən Rusiyanın, digər müttəfiq respublikaların ali məktəblərində təhsil alırdılar. Hər il 800-dən çox Azərbaycan gənci ən qabaqcıl təhsil ocaqlarında təhsil alırdılar. Ondan sonrakı dövrdə - müstəqillik dövründə ulu öndər bu məsələni daim diqqət mərkəzində saxlayırdı. Məhz onun təşəbbüsü ilə 1991-ci ildə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik Günü təsis edilmişdir. Bu gün bu bayramı bütün dünya azərbaycanlıları qeyd edirlər.
Beləliklə, Azərbaycanda 15 il ərzində diaspor təşkilatları ilə qurulan iş, əlaqələr tam yeni bir vəziyyətə gətirib çıxardı. Bu gün biz dünyanın müxtəlif yerlərində istənilən tədbiri keçirə, dünya ictimaiyyətini Azərbaycan reallıqları ilə daha da geniş şəkildə tanış edə bilərik və bunu edirik. Əlbəttə, əminəm ki, qurultayda səslənəcək fikirlər, aparılacaq müzakirələr bizim imkanlarımızı daha da genişləndirəcək.
Diaspor təşkilatlarının fəaliyyəti daim diqqət mərkəzindədir. Bu gün mən diaspor təşkilatlarının gələcək fəaliyyəti ilə bağlı bəzi fikirlərimi bildirmək istəyirəm. İlk növbədə əlbəttə, biz istəyirik ki, dünyada yaşayan azərbaycanlılar öz tarixi Vətənləri ilə əlaqələri heç vaxt kəsməsinlər. Daim əlaqədə olsunlar, Azərbaycan ilə bağlı olsunlar. Beləliklə, onlar özlərini daha da rahat hiss edəcəklər. Belə olan halda Azərbaycan dövləti onlara daha da böyük dəstək verə biləcək.
Hazırda xaricdə yaşayan azərbaycanlıların sayı milyonlarla ölçülür. Əlbəttə ki, onlar yaşadıqları ölkələrin vətəndaşlarıdırlar. Mən çox istəyirəm ki, onlar yaşadıqları ölkələrdə daha da böyük mövqelərə nail ola bilsinlər. Yaşadıqları ölkələrin ictimai, siyasi, iqtisadi həyatında daha da fəal rol oynasınlar.
Yetişən gənc nəsil də Azərbaycan ilə bağlı olmalıdır. İlk növbədə, Azərbaycan dilini bilməlidirlər. Mən şadam ki, hazırda müxtəlif ölkələrdə 160-dan çox həftəsonu məktəbi fəaliyyət göstərir. Yəqin ki, biz bu məktəblərin sayını artırmalıyıq və Azərbaycan dövləti bu istiqamətdə öz səylərini davam etdirəcək.
Qeyd etdiyim kimi, xaricdə bizim 462 diaspor təşkilatımız var. Bu, özlüyündə onu göstərir ki, azərbaycanlıların yaşadıqları hər bir ölkədə bir neçə diaspor təşkilatı var. Əlbəttə, bu təşkilatlar arasında koordinasiya işi aparılmalıdır, birlik, həmrəylik olmalıdır. Bəzi hallarda bizim diaspor təşkilatlarımız bir-biri ilə rəqabət aparırlar. Əgər bu, sağlam rəqabətdirsə, mən bunu ancaq alqışlaya bilərəm. Bu rəqabət ümumi işimizə xidmət etməlidir. Biz ölkə daxilində də, xaricdə də birlik nümayiş etdirməliyik və bizim gücümüz birliyimizdədir. Bu gün Azərbaycanda vətəndaş cəmiyyəti birlik nümayiş etdirir. Biz vahid amal uğrunda çalışırıq. Ölkəmizin gələcəyi ilə, strateji istiqamətlə bağlı cəmiyyətimizdə fikir ayrılığı yoxdur. Dövlət müstəqilliyi, iqtisadi müstəqillik, sosial məsələlərin həlli, ərazi bütövlüyümüzün bərpası, digər məsələlər ətrafında cəmiyyətdə vahid fikir var, konsensus var.
Əlbəttə, mən çox istəyirəm ki, xaricdə fəaliyyət göstərən diaspor təşkilatları da bir nöqtəyə vursunlar, birləşsinlər. Belə olan halda onların gücü də, ictimaiyyət tərəfindən onlara qarşı hörmət də artacaq. Əgər xarici ölkələrin ictimaiyyəti görsə ki, Azərbaycan diaspor təşkilatları bir-biri ilə yola getmirlər, bir-birinin əleyhinə fəaliyyət göstərirlər, əlbəttə, bu, yaxşı hal olmayacaq. Belə hallar var, onlar çox deyil. Ancaq mən istərdim ki, bu gün bu kürsüdən bu mövzuya toxunum və qeyd edim ki, birlik əsas məsələdir. Xüsusilə nəzərə alsaq ki, bütün azərbaycanlılar, onların böyük əksəriyyəti vətənpərvərdirlər, Vətənə bağlıdırlar. Onlar istəyirlər ki, Azərbaycan dövləti daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin.
Əlbəttə, dövlət orqanları ilə Azərbaycan diaspor təşkilatlarının əlaqələri daimi olmalıdır, güclənməlidir. Diasporla İş üzrə Dövlət Komitəsi burada koordinasiya funksiyalarını icra edir. Eyni zamanda, bizim xarici ölkələrdə fəaliyyət göstərən səfirliklərimiz də bu işdə çox fəal olmalıdırlar. Mən onlara da dəfələrlə tövsiyə etmişəm, göstəriş vermişəm ki, diaspor təşkilatları ilə daim əlaqədə olsunlar. Mən xaricdə fəaliyyət göstərən səfirlərlə iki ildən bir görüş keçirirəm və hər bir çıxışda xüsusilə bu mövzuya toxunuram ki, onlar diaspor təşkilatlarına kömək göstərməlidirlər. Diaspor təşkilatları ilə səfirliklər arasında möhkəm əlaqələr olmalıdır və bu əlaqələr güclənməlidir. Çünki bir daha demək istəyirəm, biz bir məqsədə qulluq edirik, biz hamımız istəyirik ki, Azərbaycan daha da güclənsin. Hamımız istəyirik ki, xaricdəki azərbaycanlılar rahat yaşasınlar, yaşadıqları ölkələrdə yüksək mövqelərə malik olsunlar və Azərbaycanı ləyaqətlə təmsil etsinlər.
Bir daha qeyd etmək istəyirəm ki, dövlət, hökumət, qanunvericilik orqanlarında Azərbaycan diaspor nümayəndələrinin sayı daha da çox olmalıdır. Hesab edirəm ki, bu sahədə hələ görüləsi işlər çoxdur. Əfsuslar olsun ki, azərbaycanlılar müxtəlif dövlət və qanunvericilik orqanlarında lazımi səviyyədə təmsil olunmurlar. Bu təmsilçilik onların sayına uyğun deyil. Ona görə bu istiqamətdə də iş aparılmalıdır. Əlbəttə ki, Azərbaycan dövləti bu işə heç cür müdaxilə edə bilməz və etməməlidir. Bu vəzifəni ancaq diaspor təşkilatları özləri həll etməlidirlər. Necə? Yenə də birlik hesabına. Əgər misal üçün, bir ölkədə bütün diaspor təşkilatları arasında vahid koordinasiya və qarşılıqlı dəstək, anlaşma varsa, deməli, bu məqsədə çatmaq üçün daha da asan yollar müəyyən ediləcək.
Azərbaycanlılar müxtəlif ölkələrdə böyük biznes imkanlarına malikdirlər. Mən bunu alqışlayıram, bu, çox müsbət haldır. Bu, xalqımızın iqtisadi imkanlarını genişləndirir. Eyni zamanda, xaricdə yaşayan iş adamları Azərbaycandakı qohumlarına da kömək göstərirlər. Bu da burada yaşayanlar üçün çox önəmlidir. Əlbəttə, mən çox istərdim ki, xaricdə yaşayan azərbaycanlı iş adamları Azərbaycana sərmayə qoysunlar.
Bu gün Azərbaycanda sərmayə iqlimi çox müsbətdir. Bunu bütün mötəbər beynəlxalq maliyyə qurumları qeyd edir. Son 20 il ərzində - 1995-ci ildən bugünə qədər ölkə iqtisadiyyatına 200 milyard dollardan çox sərmayə qoyulmuşdur. Bu sərmayənin təxminən yarısı xarici investisiyalardır.
Azərbaycanda sərmayə iqlimi yaxşıdır, biznes mühiti gündən-günə yaxşılaşır. Xüsusilə bu ilin əvvəlindən imzaladığım sərəncamlar, fərmanlar nəticəsində bu istiqamətdə çox ciddi dönüş yaranmışdır. Bütün bürokratik əngəllər aradan götürülür, şəffaflıq tam təmin edilir. Bütün bunların nəticələrini biz gündəlik həyatda görürük. Biz bunu mötəbər beynəlxalq maliyyə qurumlarının hesabatlarında və bəyanatlarında görürük. Ona görə sərmayə qoyuluşu üçün Azərbaycan dünya miqyasında ən cəlbedici ölkələrdən biridir.
Bu gün sərmayə qoyuluşu problemləri, həmçinin bazarlarla bağlıdır. Çünki dünyada, yaşadığımız bölgədə, Yaxın Şərqdə, Avropada vəziyyət gərginləşir. Yeni qarşıdurma, münaqişə ocaqları yaranır, sabitlik pozulur. Sabitlik olmayan yerdə investisiya da olmayacaqdır. Azərbaycanda sabitlik var. Bu sabitliyin təminatçısı, qarantı Azərbaycan xalqıdır. Bu, gözəl biznes imkanları üçün də gözəl şərait yaradır. Ona görə bir daha demək istəyirəm və xüsusilə böyük maliyyə imkanlarına malik olan azərbaycanlı iş adamlarına müraciət etmək istəyirəm: Azərbaycana sərmayə qoyun. Müxtəlif sahələrə, xüsusilə iqtisadiyyatın real sektoruna, kənd təsərrüfatı, sənaye, turizm, yüksək texnologiyalar sektorlarına. Bütün bu sektorlar sürətlə inkişaf edir və bu sektorlara qoyulan sərmayə batmır. Biz bunu iqtisadi göstəricilərdə görürük. Sərmayələr Azərbaycan dövləti, o cümlədən qəbul edilmiş qanunlar tərəfindən layiqincə qorunur.
Bir məsələyə də toxunmaq istəyirəm. Azərbaycanlılar dünyada özlərini həmişə öz Vətəninə bağlı insanlar kimi göstəriblər. Bu gün də bu, belədir. Əlbəttə, biz çox istəyirik ki, xaricdə yaşayan hər bir azərbaycanlı heç olmasa, ildə bir dəfə Azərbaycana gəlsin. Birincisi, ona görə ki, Vətənlə əlaqələr qırılmasın. İkincisi, ona görə ki, Azərbaycanın müxtəlif yerlərində çox gözəl şərait yaradılıb. Bakı şəhərində, bölgələrimizdə istirahət üçün gözəl, müasir hotellər, istirahət zonaları var. Hesab edirəm ki, Azərbaycan indi dünya miqyasında öz imkanlarını ortaya qoyur. Bunun əlbəttə ki, ölkə iqtisadiyyatına da xeyri olacaq. Çünki hazırda biz turizm sektorunu sürətlə inkişaf etdiririk. Bu sektoru daha da sürətlə inkişaf etdirmək üçün vizalarla bağlı çox ciddi islahatlar aparılır və görürük ki, hazırda Azərbaycana gələn turistlərin sayı getdikcə artır. Əlbəttə ki, biz onların arasında dünya azərbaycanlılarını da görmək istəyirik. Əgər xaricdə yaşayan hər bir azərbaycanlı ailəsi, hesab edirəm ki, ildə ən azı bir dəfə Azərbaycana gəlsə, bu, çox yaxşı olar.
Bizim xarici ölkələrlə əlaqələrimizdə heç bir problem yoxdur. Hazırda bizim 92 diplomatik nümayəndəliyimiz, 60 səfirliyimiz var. Qeyd etdiyim kimi, bu səfirliklər, nümayəndəliklər diaspor təşkilatları ilə daim əlaqə saxlamalıdırlar. Ümumiyyətlə, Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş, ləyaqətli ölkə kimi tanınır. Bizim heç bir ölkə ilə, - Ermənistandan başqa, - heç bir problemimiz yoxdur.
Azərbaycan reallıqları dünya ictimaiyyətinə daha da geniş şəkildə çatdırılır. Hesab edirəm ki, bizim zəif yerlərimizdən biri, qeyd etdiyim kimi, xarici ölkələrin dövlət, hökumət, qanunvericilik orqanlarında təmsilçiliyimizin aşağı səviyyədə olmasıdır. İkincisi, xarici media qurumları ilə bizim işimiz o qədər də yaxşı qurulmayıb. Burada da əsas rolu əlbəttə ki, diaspor təşkilatları oynamalıdır. Çünki Azərbaycan dövləti bu işlərə müdaxilə edə bilməz. Biz heç bir xarici ölkənin daxili işinə qarışmırıq. Bu, qəbuledilməzdir. Ancaq hesab edirəm ki, Azərbaycan diaspor təşkilatları bu istiqamətdə öz işini lazımi səviyyədə qura bilməyiblər. Bizim xarici mediaya çıxışımız çox məhduddur.
Aydın məsələdir ki, Ermənistanın, ermənilərin diaspor təşkilatları artıq onilliklər ərzində formalaşıb. Onlar dünyanın aparıcı media qurumlarına müxtəlif yollarla müdaxilə ediblər və orada təmsil olunurlar. Azərbaycanı ləkələyən, Azərbaycan reallıqlarını təhrif edən, bizə böhtan atan yazıların böyük əksəriyyətinin arxasında erməni qulaqları görünür.
Biz bu istiqamətdə işimizi daha da təkmilləşdirməliyik. İlk növbədə, media ilə iş aparılmalıdır. Biz çalışmalıyıq ki, azərbaycanlı jurnalistlər təbəqəsi yetişsin və onlar müxtəlif media orqanlarında təmsil olunsunlar. Onlar öz Vətənini müdafiə edəcəklər. Onlar həqiqətləri çatdıracaqlar. Çünki XXI əsr informasiya əsridir. Bu gün informasiya müharibələri bir alət, bir silah kimi artıq mövcuddur. İndi dünyanın müxtəlif yerlərində qanlı toqquşmalar baş verir. Biz burada, Bakıda, yaxud da başqa bir şəhərdə oturub haradan necə bilərik ki, orada nələr baş verir, kim haqlıdır, kim haqsızdır, kim hücum edir, kim özünü müdafiə edir? Biz onu ancaq media vasitəsilə bilə bilərik. Əgər hər hansı bir ölkəyə qarşı əlaqələndirilmiş çirkin kampaniya aparılarsa, istər-istəməz ictimai fikir də o istiqamətdə gedəcək.
Ona görə bax, bu, zəif yerimizdir. Bu, prioritet istiqamətdir
və hesab edirəm ki, qurultay zamanı bu məsələ
çox ciddi müzakirə edilməlidir. Azərbaycan
həqiqətlərini müxtəlif ölkələrə
çatdırmaq üçün burada lazımi tədbirlərin
görülməsi haqqında müzakirələr
aparılmalıdır, proqram tərtib edilməlidir. Əgər Azərbaycan dövləti bu işdə
hər hansı bir formada öz dəstəyini verə bilərsə,
biz buna hazırıq. Əsas odur ki, biz
bunu planlı şəkildə icra edək. Bu, Azərbaycanın diaspor təşkilatları olan
bütün ölkələrdə bəlkə də birinci məsələ
olmalıdır.
Azərbaycan həqiqətləri haqqında əlbəttə
ki, dünya ictimaiyyətinə geniş informasiya verilməlidir. Biz dövlət
olaraq bunu etməyə çalışırıq. Ancaq diaspor təşkilatlarından da çox
şey asılıdır. Xüsusilə
biz bunu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli ilə bağlı informasiya təminatında
görürük. Müstəqilliyimizin
ilk illərində zəif olmağımızdan istifadə edən
erməni diasporu uzun illərdir ki, dünyada bizə
qarşı çox çirkin kampaniya aparır. Bu
kampaniyanın tərkib hissəsi o idi ki, Azərbaycanı
qaralasınlar, Azərbaycanı antidemokratik, Ermənistanı
isə yazıq, “blokada” şəraitində olan ölkə
kimi təqdim etsinlər, Dağlıq Qarabağın tarixi ilə
bağlı yalan, uydurma məlumatları
sızdırsınlar və onlar buna müəyyən dərəcədə
nail ola biliblər.
Əgər belə olmasaydı, 1992-ci ildə ABŞ Konqresi
o məlum və mənfur 907-ci düzəlişi qəbul etməzdi. Təsəvvür edin, Ermənistan
Azərbaycan torpaqlarını zəbt edir, Xocalı
soyqırımını törədir, insanları didərgin
salır, etnik təmizləmə aparır, ABŞ Konqresi
“Azadlığa dəstək aktı”na düzəliş qəbul
edir ki, Azərbaycan Amerika dövlətinin birbaşa
yardımından məhrum edilməlidir. Nəyə
görə? Ona görə ki, Azərbaycan
Ermənistanı blokadada saxlayır. Bundan
cəfəng və riyakar qətnaməni bəlkə heç
bir parlament görməyib.
Bu, nəyə
görə baş verdi? Ona
görə ki, erməni lobbisinə aid olan satqın,
rüşvətxor konqresmenlər, - bəziləri bu
çirkin missiyanı hələ də davam etdirir, - belə
bir yalanı ortaya atıblar. Azərbaycan
isə, sadəcə olaraq, susub. O vaxt bizim diasporumuz da
yox idi. Azərbaycanı idarə edənlər də,
ümumiyyətlə, heç bilmirdilər ki, idarəçilik
nədir. Ona görə ölkəni belə
uçurum kənarına qoydular və vətəndaş
müharibəsinə başladılar. İndi
bu düzəliş qüvvədədir. İndi
bu düzəlişi aradan götürmək üçün
böyük səylər göstərilməlidir. Birinci mərhələdə biz, doğrudan da,
böyük səylər göstərirdik. Sonra isə qərara gəldik ki, buna ehtiyac yoxdur.
Onsuz da bu düzəlişin heç bir mənası
yoxdur. Biz heç kimin yardımından
asılı deyilik, ayaqda möhkəm dayanmışıq.
Özümüz kimə lazımdırsa
yardım göstərə bilərik.
Ancaq nəyi demək istəyirəm, bax, bu, erməni təxribatı
idi. Bu gün onlar müxtəlif ölkələrdə
Azərbaycana qarşı eyni üsulla çirkin kampaniya
aparırlar. Biz isə həqiqətləri
çatdırmalıyıq. Çatdırmalıyıq
ki, birincisi, Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan
torpağıdır. Əsrlər boyu Azərbaycan
xalqı bu torpaqlarda yaşayıb. Ermənilər
Dağlıq Qarabağa Şərqi Anadoludan və İrandan
XIX əsrin əvvəllərində
köçürülmüşdür. Nəyə
görə köçürülmüşdür? Biz hamımız bunu yaxşı bilirik. Hətta 1978-ci ildə Dağlıq Qarabağda ermənilərin
Dağlıq Qarabağa köçürülməsinin 150
illik yubileyini təsvir edən abidə də
ucaldılmışdır. Müharibə
zamanı ermənilər özləri o abidəni
dağıtdılar ki, bu, tarixdən silinsin.
Yəni, budur reallıq. Bu, bizim tarixi
torpağımızdır. Bütün
toponimlər, bütün şəhərlərin, kəndlərin
adları Azərbaycan mənşəlidir. Nəinki
Dağlıq Qarabağda, Ermənistanın özündə də.
İrəvan xanlığı, Zəngəzur,
Göyçə - bütün bunlar bizim tarixi
torpaqlarımızdır. Götürün,
XX əsrin əvvəllərində çar Rusiyasında
çap edilmiş xəritələrə baxın,
bütün toponimlərin 80 faizi Azərbaycan mənşəlidir.
Sonra ermənilər bunları yavaş-yavaş
dəyişməyə başladılar, bizim tarixi abidələrimizi,
məscidlərimizi dağıtdılar ki, o tarix silinsin.
Bu, birinci məsələ.
İkinci məsələ, biz işğala məruz
qalmışıq və bu, dünyanın gözü
qarşısında baş verib. Torpaqlarımızın
20 faizi - Dağlıq Qarabağ və ətraf yeddi rayon
işğal altındadır. Bizə
qarşı etnik təmizləmə siyasəti
aparılıb. Bir milyondan artıq
qaçqın və köçkünümüz var. Azərbaycanlılara
qarşı Xocalı soyqırımı törədilib.
BMT Təhlükəsizlik Şurası dörd qətnamə
qəbul edib, tələb edib ki, erməni silahlı qüvvələri
işğal edilmiş torpaqlardan çıxarılsın.
Bunlara əməl edilmir. Yəni,
budur bu işin tarixi və hüquqi tərəfi. Əlbəttə
ki, bunu heç kim inkar edə bilməz. Hətta ermənipərəst qüvvələr də
inkar edə bilməzlər, halbuki buna
çalışırlar.
Ona görə bu həqiqətlər
çatdırılmalıdır. Azərbaycanda bu
mövzu ilə bağlı kifayət qədər materiallar, xəritələr,
kitablar, tarixi sənədlər var. Bizim alimlərimiz çox
böyük işlər görürlər. “İrəvan xanlığı” adlı böyük
bir elmi əsər yaradılıbdır. Çünki
dünyada bir çoxları bilmir ki, bu, bizim tarixi
torpağımızdır. Ancaq biz bunu sənədlər
əsasında sübut edirik, xarici dillərə tərcümə
edirik.
Ona görə bu istiqamət diaspor təşkilatları
üçün əsas olmalıdır. Diaspor təşkilatları
yaşadıqları ölkələrdə internet saytları
açmalıdırlar. Biz bunu hələ
ki görmürük. O internet saytları
yaşadıqları ölkələrin ictimaiyyəti
üçün maraqlı olmalıdır, eyni zamanda, Azərbaycan
həqiqətləri orada göstərilməlidir. Bu proses daim
aparılmalıdır. Azərbaycan dilində və
xarici dillərdə qəzetlər dərc edilməlidir ki, azərbaycanlılar,
onların övladları oxusunlar, Ana dilini bilsinlər, həm
də o ölkələrin ictimaiyyəti oxusun.
Yenə də deyirəm, biz informasiya dövründə
yaşayırıq və informasiyanın əhəmiyyəti
getdikcə artacaq. Biz buna hazır olmalıyıq. Bilirsiniz ki, erməni diasporu bunu öz hesabına
edir. Ermənistan səfil bir ölkədir,
orada heç büdcəni doldurmaq üçün pul tapa
bilmirlər, nəinki indi harasa, xaricə nəsə yardım
edə bilsinlər. Ancaq Azərbaycan
dövləti bir çox məsələləri həll edir
və həll edə bilər, dəstək verir və verə
bilər. Sadəcə olaraq, bu işlər
məqsədyönlü şəkildə
aparılmalıdır və səmərəli şəkildə
qurulmalıdır. Beləliklə, Azərbaycan
reallıqları haqqında həqiqətə uyğun
informasiya veriləcək.
Bax, ən yeni misal aprel döyüşləri ilə
bağlı olubdur. Ermənistan nə qədər çalışıb
ki, bu döyüşlər haqqında yenə də yalan məlumatlar,
informasiyalar ötürsün, buna nail ola
bilməyib. Ancaq erməni diasporu ilə sıx
biznes əlaqəsində olan çox məhdud sayda bəzi
satılmış jurnalistlər, - onların adlarını
biz hamımız yaxşı bilirik, bu auditoriyada onları
çəkmək yerinə düşməz, -
çalışdılar ki, Azərbaycanı
günahlandırsınlar və o aprel döyüşlərini
Ermənistanın böyük qələbəsi kimi qələmə
versinlər.
Amma alınmadı. Nəyə görə? Çünki birincisi, artıq bizim də
imkanlarımız var. İkincisi, biz də öz
sözümüzü deyirik. Hamı bilir
ki, nələr baş verib. Hamı bilir
ki, aprel döyüşlərinin nəticəsi nədir.
Çox təəccüblüdür, Ermənistan rəhbərliyi
bu situasiyada da çalışır ki, öz xalqını,
dünya ictimaiyyətini aldatsın. Bu gün bu,
mümkün deyil. İndi isə nəticə
etibarilə özünü belə gülünc vəziyyətə
qoyub. Gah deyirdilər ki, onlar heç bir
torpaq itirməyiblər. Gah deyirdilər ki,
əksinə, onlar Azərbaycan torpaqlarını zəbt ediblər.
Gah deyirdilər ki, onlar qələbə
qazanıblar. Sonra deyirdilər ki,
torpaqları itiriblər. Sonra deyirdilər
ki, bu torpaqların əhəmiyyəti yoxdur. Daha sonra deyirlər ki, əhəmiyyəti var, Azərbaycan
o torpaqları qaytarsın. Əgər əhəmiyyəti
yoxdursa, Azərbaycan bunu nəyə görə
qaytarmalıdır?! Yəni, özlərini
tamamilə itiriblər, özlərini belə gülünc
ifadələrlə ifşa ediblər.
Bunun son nümunəsini Ermənistan prezidenti bu
yaxınlarda Avrasiya İqtisadi İttifaqının zirvə
görüşündə ifadə edib. Onun sözləri
təxminən bundan ibarət idi ki, Azərbaycan apreldə bu əməlləri
edib, “Dağlıq Qarabağ ordusu” vəziyyəti nəzarətə
alıb və Azərbaycan Rusiyadan xahiş edib ki,
döyüşlər dayandırılsın. Bax, bu
cümlədə bu adam dörd dəfə
yalan danışıb. Birincisi, aprel
döyüşlərini törədən Ermənistandır.
Nəyə görə? Mən
artıq bunu demişəm və qısaca olaraq, bir daha qeyd etmək
istəyirəm ki, çünki Ermənistan sülh istəmir.
Görəndə, onlara təzyiq artır ki, məsələ
sülh yolu ilə həll olunsun, bəyanatlar səslənir
ki, status-kvo dəyişməlidir, - status-kvonun dəyişməsi
isə işğalçı qoşunların torpaqlardan
çıxarılması deməkdir, - təxribatlara əl
atır.
Onlar aprel döyüşləri ərəfəsində
də bizim mövqelərimizə hücumlar ediblər. Hətta təmas
xəttində deyil, başqa istiqamətdə, Qazax bölgəsində
bizim iki hərbçimiz həlak olub. Onlar
daim bizim kəndləri atəşə tutur, mövqelərimizə
hücum edirdilər. 2014-cü ildə
növbəti təxribat törədib bizim mövqelərimizə
hərbi helikopterlə hücum çəkmişdilər.
Bizim Ordumuz onu vurdu. Ermənistan bundan bəhanə
kimi istifadə etdi və danışıqlar bir il donduruldu. Yəni, görəndə
ki, onlara təzyiq güclənir, daim təxribatlara əl
atırlar. Bu aprel döyüşləri də
bu sıradan olan təxribat idi. Azərbaycan Ordusu onlara
layiqli cavab verdi və düşməni
yerinə oturtdu. Yəni, bu, birinci yalan.
İkinci yalan odur ki, “Dağlıq Qarabağ ordusu” vəziyyəti
nəzarətə alıb. Birincisi, bu, necə nəzarətdir
ki, özləri etiraf edirlər, onlar 800 hektar torpağı
itiriblər. Bu, çox qəribə bir nəzarətdir.
Birincisi, onu qeyd etməliyəm ki, Azərbaycan Ordusu 800 hektar
deyil, 2000 hektardan çox torpağı işğalçılardan
azad edib. Ağdərə - keçmiş
Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati ərazisi,
Füzuli və Cəbrayıl rayonlarında 2 min hektardan
çox ərazi işğalçılardan azad edilib. Ondan bir neçə dəfə böyük əraziyə
hazırda Azərbaycan Ordusu nəzarət edir. O ərazidə
erməni ordusu heç tərpənə də bilmir.
Üçüncü yalan odur ki, “Dağlıq
Qarabağ ordusu” yoxdur. Bu, beynəlxalq ictimaiyyəti
çaşdırmaq üçün bir mifdir. Dağlıq Qarabağda erməni silahlı birləşmələrinin
tərkibində xidmət edən hərbçilər Ermənistan
vətəndaşlarıdır. Onların
80 faizi Ermənistan vətəndaşlarıdır, Ermənistanda
doğulublar. “Dağlıq Qarabağ
ordusu” mifdir. Bu, üçüncü
yalan.
Dördüncü yalan isə ondan ibarətdir ki, guya Azərbaycan
Rusiyadan xahiş edib ki, bu döyüşlər
dayandırılsın. Bu, yalandır. Azərbaycan
belə bir xahiş etməyib. Bu təxribat
törədiləndən sonra Azərbaycan əks-hücum əməliyyatı
keçirib və dərhal lazımi mövqelərə sahib
çıxıb. Ondan sonra hələ bir
iki-üç gün Ermənistan ordusu
çalışırdı ki, o mövqeləri geri
götürsün. Görəndə ki, buna
nail ola bilmir, görəndə ki, böyük itkilər
verir, görəndə ki, əgər dayanmasa, daha da
böyük torpaqlar itirəcək, Rusiyaya müraciət etdilər.
Rusiyanın Baş Qərargah rəisi bizim Baş Qərargah rəisinə
zəng etdi, dedi ki, Ermənistan xahiş edir ki, atəşkəs
bərpa edilsin və bizim qərargah rəisini Moskvaya
danışıqlara dəvət etdi. Ondan sonra
Rusiya Prezidenti mənə eyni təkliflə zəng etdi ki, atəş
dayandırılsın və qərara gəldik ki, aprelin 5-də
atəş dayandırılsın.
Yəni, budur reallıq. Mən bir cümlədə
dörd dəfə yalan danışan ikinci prezident
tanımıram. Bu, mütləq “Ginnesin rekordlar
kitabı”na salınmalıdır, amma
antirekord kimi. Heç olmasa, Ermənistan
dünyada hansısa bir sahədə birinciliyi əldə edər.
Aprel döyüşləri bir daha Azərbaycanın
qüdrətini, Ordumuzun gücünü göstərdi. Xahiş edirəm
ki, bütün dünya azərbaycanlıları adından
bizim qəhrəman hərbçilərimizi salamlayaq.
Eşq
olsun, Azərbaycan Ordusuna! Yaşasın, Azərbaycan!
* * *
Sonda xatirə şəkli çəkdirildi.
* * *
İki gün davam edəcək Dünya Azərbaycanlılarının IV Qurultayında 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonaq iştirak edir. Qonaqların içərisində xarici ölkələrin Azərbaycana dost münasibətilə tanınan nüfuzlu siyasətçiləri, ictimai xadimləri, elm adamları və bir neçə ölkənin yüksək vəzifəli şəxsləri, parlament üzvləri də var. Xaricdən dəvət edilən qonaqlarla yanaşı, qurultayın işinə Azərbaycanın müxtəlif dövlət və hökumət strukturlarının, qeyri-hökumət təşkilatlarının, elm, təhsil, mədəniyyət və digər yaradıcı qurumların, siyasi partiyaların təmsilçilərindən ibarət 360 nəfərlik nümayəndə heyəti də qatılıb. Qurultayda diaspor rəhbərləri müasir dövrdə informasiya müharibəsi, bu sahədə yeni fəaliyyət mexanizmlərinin tətbiqi, Azərbaycan diaspor hərəkatında gənclərlə bağlı yeni strategiyanın hazırlanması, yeni qlobal iqtisadi tendensiyalar fonunda lobbi quruculuğu, cəmiyyətə inteqrasiya, siyasi həyatda iştirak və digər bu kimi əhəmiyyətli mövzularda fikir mübadiləsi aparacaq, rəy və təkliflərini səsləndirəcəklər. Dünya Azərbaycanlılarının IV Qurultayında Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində qarşıda duran vəzifələr, təbliğat işində müasir metodların və informasiya texnologiyalarının tətbiqi, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması istiqamətində mövcud olan problemlər və onların həlli yolları və s. prioritet məsələlər müzakirə olunacaq.
Xatırladaq ki, Dünya Azərbaycanlılarının I Qurultayı ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə, II qurultay Prezident İlham Əliyevin sərəncamına əsasən 2006-cı ildə, III qurultay isə 2011-ci ildə keçirilib.
AZƏRTAC
Azərbaycan.- 2016.- 4 iyun.- S. 1-2.