240-dan çox
tanınmış şirkət Bakıda bir
araya gəlirsə, bu
həm də Azərbaycanın nüfuzu
deməkdir
Belə uzunömürlü sərgilər tək-tək olur. 1994-cü ildə Azərbaycanda mürəkkəb ictimai-siyasi və iqtisadi vəziyyətin hökm sürdüyü şəraitdə ümummilli lider Heydər Əliyevin dünyadakı nüfuzu sayəsində baş tutan və xeyir-duası ilə həyata vəsiqə alan Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi artıq 23-cü dəfə idi ki, Bakıda keçirilirdi.
Ötən dövr ərzində sərgiyə maraq azalmayıb. Əksinə, öz maraq dairəsini genişləndirərək ətrafına daha çox iştirakçı toplayıb, diqqəti yeni-yeni sahələrə cəlb edib. Prezident İlham Əliyevin hər il sərginin açılışında iştirak və çıxış etməsi, ekspozisiyalara baxması, iştirakçılarla təmasda olması tədbirin əhəmiyyətini bir daha təsdiqləyir və artırır.
Bakı Ekspo Mərkəzində yenə 30 ölkənin 240-dan çox şirkəti bir araya gəlmişdi. Sərginin ekspozisiya sahəsinin 64 faizə qədərini yaxın və uzaq xaricdən gəlmiş iştirakçılar tutmuşdu. Onların bir çoxunu daimi iştirakçılar adlandırmaq olar. Çünki uzun illərdir sərgidə iştirak edirdilər. Bu sırada Azərbaycanda həyata keçirilən qlobal neft-qaz layihələrində tərəfdaşlıq edən şirkətlərin xüsusi yeri var idi. Bunlar “Əsrin müqaviləsi”nin iştirakçıları, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan kəmərinin səhmdarları, “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsinin tərəfdaşları idilər.
...”Total” şirkətinin pavilyonu qarşısında bir dəstə insan toplaşmışdı. Bu da təsadüfi deyildi. Çünki Fransanın bu nüfuzlu şirkəti artıq 20 ildir Azərbaycandadır və etibarlı tərəfdaş olduğunu əməli işi ilə təsdiqləyib. Hazırda “Total” BTC-nin 11 səhmdarından biridir və layihədə 5 faizlik payla iştirak edir. “Total”, eyni zamanda, Xəzərin Azərbaycan sektorundakı “Abşeron” yatağının işlənməsi layihəsində çalışır. Elə sərgiyə gələnlərin çoxunun da diqqətini cəlb edən bu idi. Çünki onlar əsasən neft-qaz sahəsində çalışan mütəxəssislərdir və “Abşeron”un işlənməsi zamanı ortaya çıxan spesifik xüsusiyyətlərlə maraqlanırdılar.
“Azfen”in pavilyonuna baxanların əksəriyyəti isə neft-qaz obyektlərinin tikintisində çalışan inşaatçılar idi. Bu da təbiidir. Çünki “Azfen” son iki onillikdə tikintidə möcüzələr yaradıb. Səngəçal terminalının, Qərb ixrac boru kəmərinin, “Azəri” yatağındakı Kompressor və suvurma platformasının tikintisində, barjların təmirində, ölkədaxili qaz xətlərinin çəkilişində misilsiz işlər görüb. İndi isə “Cənub qaz dəhlizi”nin ehtiyat mənbəyi olan “Şahdəniz” yatağı ilə bağlı tikinti işlərinin həyata keçirilməsində iştirak edir. Xatırladaq ki, “Azfen” SOCAR-ın və Türkiyənin aparıcı podratçı şirkəti olan “Tekfen”in yaratdıqları birgə müəssisədir.
Bakı Ekspo Mərkəzinə daxil olarkən iri bir lövhə var idi: “Baş sponsor - SOCAR”. SOCAR-la yanaşı, sərgiyə daha 13 şirkət sponsorluq edirdi. Bu, sərgiyə marağın ildən-ilə azalmadığını təsdiqləyən faktdır. Sərgi, sözün əsl mənasında, dünyanın iri neft-qaz şirkətləri arasında əməkdaşlıq, tərəfdaşlıq, işgüzar əlaqələr və dostluq yaradan platformaya çevrilib.
Ötən illər ərzində Azərbaycanın neft-qaz sənayesi də yüksək sürətlə inkişaf edib, ölkəyə gəlirlər gətirib. Azərbaycan dövləti bu gəlirlərdən düzgün və səmərəli istifadə edərək onları insanların rifahına, iqtisadiyyatın şaxələndirilməsinə, o cümlədən qeyri-neft sektorunun inkişafına yönəldib.
Son illər Azərbaycan investisiya yönəldən ölkədən
sərmayə yatıran ölkəyə çevrilib.
Elə qonşu Gürcüstanda
ölkəmiz neçə-neçə layihə
reallaşdırıb ki, onlardan
biri də SOCAR-ın Kulevi
(Qara dəniz) neft
terminalıdır. Neft-qaz sərgisinin
daimi iştirakçılarından
biri də bu terminal idi. Terminalın baş
direktorunun müavini Elnur Fətəliyevlə müəssisənin uğurlarını
maraqlı ekspozisiyalarla
əks etdirən pavilyonda söhbət etdik. O dedi:
- Kulevi neft terminalı
2008-ci ildən fəaliyyət
göstərir. Onun işi
neftin və neft məhsullarının
qəbul edilməsi, saxlanılması və tankerlərə yüklənməsindən
ibarətdir. Bizim
terminalın spesifik iş xüsusiyyəti
var. Belə ki, burada boru xətləri
yoxdur. Dəmir yolu vasitəsilə
aldığımız məhsulları
dənizlə yola salırıq. Su yolları ilə daxil olan məhsulları
isə mənzil başına dəmir yolu ilə ötürürük.
Elə burada öyrəndik ki, terminal Azərbaycan, Qazaxıstan,
Türkmənistan, Rumıniya,
Bolqarıstan arasında
qarşılıqlı məhsul
qəbulunu və ötürülməsini həyata
keçirir. İndiyədək terminal 21 milyon tona
yaxın neft və neft məhsulu
ötürüb. Bununla belə,
hazırda qəbul edilən və yola salınan məhsulların həcminin
artırılması məqsədilə
terminalda əlavə çənlər tikilir.
Neft-qaz sərgisindən
danışanda isə
terminalın nümayəndəsi
bildirdi ki, bu sərgi yalnız
işin xeyrinə xidmət edir. Burada hər
bir şirkət, hər bir müəssisə
özünə tərəfdaş,
məhsuluna müştəri
axtarıb tapır və onlar bir-birinin
təcrübəsindən yararlanırlar.
Builki Neft və Qaz
Sərgisində “veteran” iştirakçılarla
yanaşı, debütünü
edən, yaxud buraya cəmi bir neçə dəfə gələn şirkətlər də az deyildi.
Rusiya şirkətləri sərginin
ən fəal iştirakçılarından idi.
Onlar artıq 6-cı dəfə
idi ki, Neft
və Qaz Sərgisi ilə paralel keçirilən
“Caspian Power”ə (Xəzər
Beynəlxalq Energetika və Alternativ Enerji Sərgisi) də böyük maraq gostərirdilər.
Rusiyanın tanınmış “Svel” şirkətinin ictimaiyyətlə
əlaqələr meneceri
Mariya Berdnik məmnuniyyətlə müsahibimiz
oldu. Bildirdi ki, əsasən elektrotexnika avadanlığı istehsal
edən “Svel”in təkcə Yekaterinburq şəhərində 3 müəssisəsi
var. Bundan əlavə,
şirkətin Rusiyada
və keçmiş
SSRİ-nin müxtəlif
yerlərində 13 nümayəndəliyi
fəaliyyət göstərir.
“Svel”in bu
sərgidə iştirak
etməkdə məqsədi
özfəaliyyət dairəsini
daha da genişləndirmək
üçün yeni tərəfdaşlar tapmaqdır.
Mariya paytaxtımız barədə
təəssüratlarını da bölüşdü: “Burada qədimliklə müasirlik bir-birini çox tamamlayır. Qız qalası qədim tarixinizdən danışırsa,
müasir göydələnlər
ölkənizin bugünkü
inkişafından xəbər
verir. Burada hər şey gözəldir - dəniz də, hava da,
insanlar da...”
Yeri gəlmişkən
qeyd edək ki, sərgidə iştirak edən qonaqların hansını
dindirirdin, bu cür ürəkaçan
sözlər eşidirdin. Bu o deməkdir
ki, Bakıda keçirilən Beynəlxalq
Xəzər Neft və Qaz Sərgisi
təkcə işgüzar
əlaqələr yaratmır,
həm də xalqımız, ölkəmiz
haqqında həqiqətlərin
dünyaya çatdırılmasına
xidmət edir.
Flora SADIQLI,
Ağaəli MƏMMƏDOV (foto),
“Azərbaycan”.- 2016.- 4 iyun.- S. 8.