“Sizin insanlarla böyük
işlər görmək mümkündür”
Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin iştirakçıları Bakıdan xoş təəssüratla ayrıldılar
Bakıda keçirilən ənənəvi neft və qaz sərgisi işgüzar əlaqələrin, möhkəm əməkdaşlıq tellərinin, yeni layihələr üçün ideyaların yarandığı platforma olduğunu bir daha təsdiqlədi. Sərginin müsahibimiz olan iştirakçıları tədbirin yüksək səviyyədə təşkil olunmasından məmnunluqlarını bildirdilər. Onlar birmənalı şəkildə bu sərginin gələcək işlərə və planlara dəstəkçi olduğunu vurğuladılar və Bakıdan ən xoş təəssüratlarla, düşünülən planların gerçəkləşəcəyinə böyük ümidlər bəsləyərək ayrıldılar.
Rusiyanın Birləşmiş Metallurgiya Kombinatının reklam və sərgi şöbəsinin müdiri Gülnara Belbezekova dedi:
- Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi öz stabilliyi ilə böyük nüfuz qazanıb. Əslində, onun stabilliyi elə sanbalından irəli gəlir. Bizim kombinat 15-ci dəfə bu sərgidə iştirak etdi. Məqsədimiz köhnə dostlarla görüşmək, əməkdaşlıq şəraitində gördüyümüz işlərə bir daha nəzər salmaq və yeni müştərilər tapmaq idi. Fikrimcə, sərgi günlərində səmərəli işlədik.
Birləşmiş Metallurgiya Kombinatı dünyanın 30-dan çox ölkəsinə məhsul göndərir. Bunlar sənayenin müxtəlif sahələrində, o cümlədən neft-qaz sektorunda işlədilən müxtəlif borular və onlar üçün örtükləmə materialıdır.
Biz Azərbaycan bazarına da məhsul göndəririk. Ölkənizlə əməkdaşlığı daha da genişləndirmək istəyirik. Ümid edirik ki, belə də olacaq. Çünki məhsulumuzun keyfiyyətinə əminik. Kombinatın çoxsaylı müəssisələrinin hamısında yüksək keyfiyyət standartları işlədilib və tətbiq olunub. Azərbaycan bazarında isə keyfiyyətə həmişə yüksək dəyər verilir.
Növbəti dəfə sizlərlə görüşməyin özü də xoş bir hadisə idi. Biz Bakını da, onun isti ürəkli sakinlərini də çox sevirik.
Çexiyanın “Şkoda Praha” şirkətinin biznes və innovasiyalar şöbəsinin müdiri Karel Duba isə belə dedi:
- Güman edirəm ki, bizim şirkətin adını eşitmiş olarsınız. 25-dən çox ölkədə su və qaz turbin elektrik stansiyaları tikmişik. Xəzər regionunda da iş qurmaq istəyirik. Deyim ki, hər hansı yeni bir yerdə işə başlamaq heç də asan olmur. Bakıda keçirilən Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinə böyük ümidlərlə gəlmişdik. Yeni tanışlıqlarımız oldu. Yeni layihələr həyata keçirmək, əməkdaşlıq əlaqələri qurmaq məqsədilə söhbətlər apardıq. Sərgidəki görüşlərin gələcəkdə öz bəhrəsini verəcəyinə ümidvaram.
Açığı, istəyimiz Azərbaycanda da elektrik stansiyaları tikməkdir. Sizin insanları, onların xoş münasibətini, necə qurub-yaratdıqlarını, böyük layihələr həyata keçirdiklərini görəndə, bu arzumuzun gerçəkləşəcəyinə inanırıq.
Mənimlə Çexiyadan gəlmiş həmkarlarım əvvəllər də Bakıda olublar. Paytaxtınızın bu cür böyüməsinə və gözəlləşməsinə, ölkənizin vüsətli inkişafına heyran qalmışıq. Bu irəliləyişə nail olan insanlarla böyük işlər görmək, birgə layihələr həyata keçirmək mümkündür.
Çinin STP enerji qrupunun Azərbaycandakı nümayəndəsi Nastia Vu fikirlərini belə ifadə etdi:
- Biz iki ildir Bakıdayıq. Burada nümayəndəliyimizi yaratmışıq. Arzumuz isə Azərbaycanda STP-nin filialını açmaqdır. Xəzər neft və qaz sərgisinin işində də fəal iştirak etdik. Belə sərgilərin keçirilməsi əlbəttə ki, nəzərdə tutulan işlərin, düşünülən planların xeyrinədir.
Sərgidə enerji qrupumuz haqqında istər iştirakçılara, istərsə də ziyarətçilərə ətraflı məlumat verə bildik. Belə ki, biz neft-qaz sahəsində geniş xidmətlər göstəririk. Qabaqcıl texnologiyalardan və yüksək keyfiyyətli avadanlıqlardan istifadə edərək müştərilərin neft-qaz yataqlarının kəşfiyyatı və işlənməsi zamanı ortaya çıxan müxtəlif problemlərini həll edir, işin səmərəliliyini artırır və istismarın maya dəyərini aşağı salırıq.
1993-cü ildən fəaliyyət göstərən STP-nin baş qərargahı Pekin şəhərində yerləşir. Onun Çinin digər rayonlarında da müəssisələri var. Biz eləcə də Qazaxıstanın Almatı, Türkmənistanın Aşqabad, İndoneziyanın Cakarta, Kanadanın Kalqari şəhərlərində filial və tədqiqat mərkəzlərini yarada bilmişik. Bu yerlərdə bir neçə müasir əməliyyat bazamız da var. Biz bu fəaliyyətimizi genişləndirmək istəyirik və ümid edirik ki, Bakı görüşləri arzularımızı həyata keçirməkdə dəstəkçimiz olacaq.
Sərginin təşkilindən, buradakı işgüzar görüşlərdən razılıqla danışan iştirakçılar belə bir tədbirdə yenidən bir araya gəlmək arzusunda olduqlarını bildirdilər. Odur ki, gələn il Bakı Ekspo Mərkəzinin qapılarını yenidən neft-qaz sərgisinin üzünə açacağı onları çox sevindirirdi.
Flora SADIQLI,
Ağaəli MƏMMƏDOV (foto),
“Azərbaycan”.- 2016.- 5 iyun.- S. 2.