Meliorasiya və su təsərrüfatı
ərzaq bolluğuna xidmət edir
Ölkəmizdə bütün peşə sahələri, o cümlədən su təsərrüfatı və meliorasiya işçilərinin əməyi çox qiymətli və şərəflidir. Meliorasiya və su təsərrüfatı işçiləri o insanlardır ki, məhz onların əməyi ilə susuz ərazilər su ilə təmin olunur, şorlaşmış sahələr duzlardan təmizlənir, bataqlıqlaşmış ərazilər qurudulur, bəndlər və dambalar tikilməklə çayların axınları tənzimlənir və ölkə əhalisinin ekoloji cəhətdən təmiz ərzaq məhsulları ilə etibarlı təminatı üçün əlverişli şərait yaradılır.
Müstəqil Dövlətlər Birliyi ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda 1996-cı ildə ulu öndər Heydər Əliyev tərəfindən “Meliorasiya və irriqasiya haqqında” qanunun imzalandığı 5 iyun tarixi sonralar möhtərəm Prezident cənab İlham Əliyevin imzaladığı 24 may 2007-ci il tarixli sərəncamla “Meliorator günü” kimi qeyd edilmişdir. Həmin peşə bayramının miqyasını daha da genişləndirən və su təsərrüfatı və meliorasiya işçilərinin şərəfli əməyinə yüksək qiymət verən cənab Prezident hörmət əlaməti olaraq 5 iyun gününün “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı kimi qeyd olunması barədə 14 may 2014-cü il tarixli sərəncam imzalamışdır. Sərəncamın imzalanması möhtərəm Prezidentin meliorasiya və su təsərrüfatı sahəsinə göstərdiyi daimi diqqət və qayğının bariz nümunəsi kimi su təsərrüfatı və meliorasiya işçiləri tərəfindən böyük sevinc və minnətdarlıqla qarşılanmış, onları öz çətin və şərəfli işlərinə daha da həvəsləndirmişdir.
Azərbaycan qədim suvarma əkinçiliyi ölkəsidir. Onun əsas kənd təsərrüfatı bazası sayılan Kür-Araz düzənliyi suvarılan torpaqların istifadə edilməsi baxımından dünyanın ən qədim və unikal regionlarından biridir. Ölkə ərazisi quraq və arid zonada yerləşdiyinə görə burada suvarma aparılmadan, meliorasiya və su təsərrüfatı inkişaf etdirilmədən kənd təsərrüfatı məhsullarının yetişdirilməsi mümkün deyildir. Bunu böyük uzaqgörənliklə qeyd edən və “Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik” sözlərini tarixə yazmış müdrik bir şəxsiyyət, dünya şöhrətli siyasətçi ulu öndər Heydər Əliyev meliorasiya və su təsərrüfatı sahəsini daim diqqət mərkəzində saxlamış, onun inkişafına xüsusi əhəmiyyət vermişdir.
Azərbaycanda meliorasiya və irriqasiya işlərinə keçən əsrin əvvəllərində, lakin onun genişmiqyaslı, intensiv inkişafına ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1969-cu ildən başlanılmışdır. Bu vaxtdan etibarən ölkənin kənd təsərrüfatında, sənayesində, ümumiyyətlə iqtisadiyyatın bütün sahələrində xüsusi bir yüksəliş dövrü başlandı. Ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsi haqqında bir neçə tarixi qərar qəbul edildi. Bu qərarlarda nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsini təmin etmək məqsədi ilə kompleks meliorasiya proqramları hazırlandı və meliorasiya olunmuş torpaqlarda kənd təsərrüfatı istehsalının sabit şəkildə artırılması üçün mühüm tədbirlər işlənib həyata keçirildi.
Bu illərdə 200 min hektara yaxın yeni suvarılan torpaqlar kənd təsərrüfatı dövriyyəsinə cəlb edilmiş, 400 min hektara yaxın suvarılan torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılmış, 825 min hektar sahədə suvarma sistemləri yenidən qurularaq onların su təminatı artırılmış, 460 min hektar sahədə əsaslı hamarlama və 150 min hektara yaxın sahədə əsaslı yuma işləri aparılmış, texniki cəhətdən mükəmməl irriqasiya və meliorasiya sistemləri yaradılmışdır. Həmin müddətdə uzunluğu 20 min kilometrə yaxın olan suvarma kanalları, 15 min kilometrdən çox kollektor-drenaj şəbəkələri, 350 nasos stansiyası, 4 min subartezian quyusu tikilib istifadəyə verilmiş, ümumi sututumu 3 milyard kubmetr olan su anbarları inşa edilmişdir.
Ulu öndər keçmiş ittifaq rəhbərliyində olduğu illərdə də respublika iqtisadiyyatının, o cümlədən meliorasiya və su təsərrüfatının inkişafını daim diqqət mərkəzində saxlamışdır. Lakin böyük təəssüf hissi ilə qeyd etmək lazımdır ki, o keçmiş ittifaq rəhbərliyindən getdikdən sonra kənd təsərrüfatının, xüsusilə də meliorasiya və su təsərrüfatının inkişafı demək olar ki, tamamilə dayandı, sahə üzrə aparılan işlərin sürəti və həcmləri kəskin surətdə azaldı, kapital qoyuluşu heçə endirildi.
1993-cü ildə ulu öndər Heydər Əliyevin ikinci dəfə respublika rəhbərliyinə gəlişi meliorasiya və su təsərrüfatı sahəsini məhv olmaqdan xilas etdi, sahə öz inkişafının yeni mərhələsinə qədəm qoydu, ona diqqət və dövlət qayğısı bərpa olundu, mövcud meliorasiya potensialından daha səmərəli istifadə olunması yolları və sahənin gələcək inkişaf istiqamətləri müəyyənləşdirildi. Onun göstərişləri əsasında respublikaya ayrılan xarici investisiyalar ilk növbədə bu sahənin inkişafına yönəldildi və meliorasiya və su təsərrüfatı sahəsi özünün yeni və dayanıqlı inkişaf mərhələsinə qədəm qoydu.
Çox böyük fəxr ilə qeyd etməliyik ki, ulu öndərin siyasi xətti və ideyaları möhtərəm Prezident İlham Əliyev tərəfindən layiqincə və müvəffəqiyyətlə davam etdirilir. Azərbaycanda müstəqil, demokratik, hüquqi dövlət quruculuğu sahəsində, iqtisadiyyatımızın yenidən qurulmasında, inkişaf yoluna çıxmasında, milli adət-ənənələrimizin qorunub saxlanılmasında və digər istiqamətlərdə böyük nailiyyətlər əldə olunur.
Fərəhli haldır ki, 2005-ci ilin dekabr ayında Heydər Əliyev adına Vayxır su anbarının istismara verilməsi ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev tərəfindən həyata keçirilmişdir.
Möhtərəm Prezident İlham Əliyev 2004-cü ilin iyul ayında respublikamızın şimal bölgəsinə səfəri zamanı Xanarx kanalının tikintisi ilə tanış olmuş, burada görülən işləri yüksək qiymətləndirmişdir. Samur-Abşeron kanalının yenidən qurulması kompleksində həyata keçirilən bütün işlərlə və tikintisi gələcəkdə nəzərdə tutulmuş tədbirlərlə ətraflı tanış olmuş, bu işlərin müvəffəqiyyətlə davam etdirilməsi üçün müvafiq tapşırıqlar vermişdir. Bakı, Sumqayıt şəhərlərinin və Abşeron yarımadasının əhalisinin su təchizatının yaxşılaşdırılmasında Taxtakörpü su anbarının tikintisinin mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq möhtərəm Prezident xarici maliyyə qurumlarının dəstəyini gözləmədən bu obyektin layihələndirilməsi və tikintisi üçün respublika büdcəsindən vəsait ayrılması barədə göstəriş vermişdir. “Samur-Abşeron kanalının ilk 50 kilometrlik hissəsinin bərpası” layihəsi çərçivəsində Samur baş suqəbuledici qurğusunun bərpası, 185,7 kilometr təsərrüfatlararası kanalların yenidənqurulması və baş sudurulducu qurğunun tikintisi işləri 2006-cı ildə, kanalın ilk 50 kilometrlik hissəsinin bərpası isə 2007-ci ildə başa çatdırılmışdır. Baş Mil-Muğan kollektorunun 28,5 kilometr uzunluğunda 3-cü buraxılış hissəsinin tikintisi və 71,2 km uzunluğunda kollektor-drenaj şəbəkəsinin qurğularla birlikdə bərpası 2006-cı ildə başa çatdırılaraq istismara verilmişdir.
Möhtərəm Prezident İlham Əliyevin sədrliyi ilə 2005-ci ilin sentyabr ayında respublikamızda su təchizatı və meliorasiya sahəsində görülən işlər və perspektiv layihələrlə bağlı keçirilən müşavirə dövlət başçısının bu sahəyə göstərdiyi böyük diqqət və qayğının bariz nümunəsidir. Dövlət başçısının müşavirədəki dərin məzmunlu çıxışı, tapşırıq və tövsiyələri su təsərrüfatı və meliorasiya sahəsinin inkişafına güclü təkan vermişdir.
Möhtərəm Prezident İlham Əliyev tərəfindən 8 noyabr 2007-ci il tarixində təməli qoyulmuş Taxtakörpü su anbarının su elektrik stansiyası ilə birlikdə tikintisi 2013-cü ildə müvəffəqiyyətlə başa çatdırılmışdır. Dünya Bankının krediti hesabına 2004-cü ildə “Azərbaycanda suvarma-paylayıcı sistemi və onun idarə olunmasının təkmilləşdirilməsi layihəsi”nin (irriqasiya 2) icrasına başlanılmışdır. Layihə çərçivəsində 180 min hektar suvarılan sahələrə xidmət edən Araz çayı üzərindəki Bəhrəmtəpə hidroqovşağının və respublikanın 11 rayonunda təxminən 52 min hektar ərazidə suvarma-paylayıcı sistemlərinin bərpası işləri yerinə yetirilmişdir.
Qaçqınların və məcburi köçkünlərin bəzi sosial problemlərinin həlli məqsədilə Dövlət Neft Şirkətindən ayrılmış vəsait hesabına Füzuli rayonunun Harami düzündə məskunlaşmış məcburi köçkünlərin suvarma suyuna olan tələbatını ödəmək üçün Yuxarı Mil kanalının 4,23 kilometr hissəsinin onun üzərindəki hidrotexniki qurğularla birlikdə tikintisi 2006-cı ildə başa çatdırılmışdır. Ağcabədi rayonu ərazisində yerləşən Laçın qış otlaqlarında müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün ayrılmış torpaq sahələrinin və həyətyanı sahələrin su təminatının yaxşılaşdırılması məqsədilə Qarqarçay çayı üzərində suaşıran tipli yan sugötürücü qurğunun və uzunluğu 8 kilometr olan kanalın tikintisi 2006-cı ildə tam qurtarmışdır.
Füzuli rayonunda 2006-cı ildə “Qayıdış-2” qəsəbəsində 137 hektar əkin sahələrinin suvarılması üçün kanal üzərində nasos stansiyasının və təzyiqli boru kəmərinin tikintisinə başlanılmış və tikinti işləri 2007-ci ildə başa çatdırılaraq istismara verilmişdir.
Həyata keçirilmiş tikinti, təmir-bərpa və istismar tədbirləri hesabına respublikada 100 min hektar suvarılan torpaqların meliorativ vəziyyəti və 95 min hektar ərazinin su təminatı yaxşılaşdırılmışdır ki, bu da ölkədə pambıqçılığın, taxılçılığın, üzümçülüyün və meyvə-tərəvəzçiliyin inkişaf etdirilməsi üçün əlverişli şərait yaratmışdır.
Asiya İnkişaf Bankının maliyyələşdirilməsi ilə həyata keçirilən “Selə qarşı tədbirlər” layihəsi çərçivəsində 2006-2008-ci illərdə respublikanın çaylarında 34089 poqonmetr uzunluğunda sahilbərkitmə işləri görülmüşdür.
Tikintisinə 2009-cu ildə başlanılmış Şəmkirçay üzərində ümumi sututumu 164,5 milyon kbm olan Şəmkirçay Su anbarının Su Elektrik Stansiyası ilə birlikdə inşası başa çatdırılmış və möhtərəm Prezident İlham Əliyev onun 15 noyabr 2014-cü il tarixində keçirilmiş açılış mərasimində iştirak etmişdir. Layihənin həyata keçirilməsi ilə Şəmkir, Göygöl, Samux və Goranboy rayonlarının 54 min hektara yaxın mövcud suvarılan torpaqlarının su təminatının yaxşılaşdırılması və 17 min hektara yaxın yeni sahələrin istifadəyə verilməsi, eləcə də Gəncə və Şəmkir şəhərlərinin, Samux rayonunun bir qəsəbəsinin içməli su ilə təmin edilməsi mümkün olacaqdır.
Səhmdar cəmiyyəti əvvəlki illərdə olduğu kimi, 2015-ci ildə də meliorasiya və su təsərrüfatı obyektlərində təmir-bərpa, yenidənqurma və tikinti işlərini uğurla davam etdirmişdir.
Tovuz rayonunun əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə 2006-cı ildən tikintisinin davam etdirilməsinə başlanılmış Tovuzçay su anbarının inşası 2015-ci ildə başa çatdırılmış və 16 fevral 2016-cı ildə möhtərəm Prezidentin iştirakı ilə açılışı olmuşdur.
Dünya Bankının krediti ilə həyata keçirilən “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkinci Layihə” çərçivəsində respublikanın 8 rayonunda (Şabran, Siyəzən, Ağsu, İsmayıllı, Masallı, Yardımlı, Cəlilabad, Lerik) içməli su təchizatı və kanalizasiya sistemləri infrastrukturunun bərpası və tikintisi işləri davam etdirilmişdir. Layihə çərçivəsində 177 km su və 153 km uzunluğunda kanalizasiya xətləri çəkilmiş, içməli su ev birləşmələrində 19132 ədəd su sayğacları quraşdırılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 17 sentyabr 2015-ci il tarixində Ağsuya içməli suyun verilməsi mərasimində iştirak etmişdir.
Eyni zamanda bankın krediti ilə “Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək Layihəsi” çərçivəsində Sudan İstifadəedənlər Birliklərinin xidmət etdiyi 47297 hektar torpaq sahəsində suvarma və drenaj şəbəkələrinin bərpası, yenidənqurulması işləri başa çatdırılmışdır.
Dövlət Neft Fondundan ayrılmış vəsait hesabına “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinə daxil olan “Şimal çaylarında sugötürən qurğuların və nəqledici kanalların tikintisi” layihəsi tərkibində ilk mərhələdə Qusarçay, Qudyalçay və Caqacuqçay çayları üzərində sugötürücü qurğuların və nəqledici kanalların tikintisi işləri davam etdirilmişdir.
Caqacuqçay və Qusarçay çayları üzərində su qəbuledici qurğuda tikinti işləri başa çatdırılmışdır. Caqacuqçayda 4150 pm kanalın tikintisi, Qudyalçayda isə 15282 pm olan mövcud kanalda yenidənqurma işləri başa çatdırılmaqla Samur-Abşeron kanalına əlavə suyun verilməsi təmin olunmuşdur.
Layihə çərçivəsində
“Şabran, Siyəzən və Xızı rayonları ərazisində
mövcud suvarılan torpaqların su təminatının
yaxşılaşdırılması və yeni suvarılan
torpaqların istifadəyə verilməsi” layihəsi üzrə
Xızı rayonunda cəmi 9609 hektar yeni suvarılan
torpaqların istifadəyə verilməsi üçün
kompleks meliorativ tədbirlərin
aparılması və 2970 hektar mövcud suvarılan torpaqlarda
su təminatının yaxşılaşdırılması
üçün cəmi 12579 hektar sahədə tikinti işləri
davam etdirilmiş, 80135 pm uzunluğunda paylayıcı suvarma
boru kəməri layihəyə uyğun çəkilmiş və
69433 pm uzunluğunda açıq beton kanal tikilmiş və
ən son texnologiyalara əsaslanan
yağışyağdırma üsulu ilə suvarma sistemi
quraşdırılmışdır. Bu sistem respublikada təbii təzyiq
hesabına çiləmə aparan yeganə sistemdir. Siyəzən rayonunda 6972
hektar yeni suvarılan torpaqların istifadəyə verilməsi
üçün kompleks meliorativ tədbirlərin
aparılması və 5165 hektar mövcud suvarılan torpaqlarda
su təminatının yaxşılaşdırılması
üçün layihəyə uyğun olaraq 88831 pm
uzunluğunda paylayıcı suvarma boru kəməri, 25095 pm
uzunluğunda qapalı, 12006 pm uzunluğunda açıq
paylayıcı suyığıcı drenaj şəbəkəsi
tikilmişdir. Şabran rayonunda mövcud suvarılan
torpaqların su təminatının
yaxşılaşdırılması və yeni suvarılan
torpaqların istifadəyə verilməsi məqsədi ilə
30206 hektar (ondan 13806 hektar yeni suvarılan) sahədə
görüləcək meliorativ tədbirlərin layihə sənədlərinin
hazırlanması başa
çatdırılmışdır.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev 4
sentyabr 2015-ci il tarixində Xızı rayonunda 3396 hektar (ondan
3084 hektar yeni suvarılan) və Siyəzən rayonunda 1466
hektar (ondan 1424 hektar yeni suvarılan) torpaq sahələrinə
Taxtakörpü-Ceyranbatan kanalından suvarma suyunun verilməsi
mərasimində iştirak etmişdir. Ümumiyyətlə,
2015-ci ildə Xızı rayonunda cəmi 7111 hektar (ondan 5399
hektar yeni suvarılan) və Siyəzən rayonunda cəmi 3204
hektar (ondan 2539 hektar yeni suvarılan) sahədə mövcud
suvarılan torpaqların su təminatının
yaxşılaşdırılması və yeni suvarılacaq
torpaqların istifadəyə verilməsi üzrə işlər
başa çatdırılmışdır.
Respublika
büdcəsindən əsaslı tikintiyə
ayrılmış vəsait hesabına torpaqların su təminatının
və meliorativ vəziyyətinin
yaxşılaşdırılması tədbirləri üzrə
Ağdam rayonunun Ergi massivinin və Füzuli rayonunun Mollaməhərrəmli,
Arayatılı və Babı kəndlərinin əkin sahələrinin
su təminatı, Qazax rayonunun Şıxlı arxının
yenidənqurulması üzrə işləri davam
etdirilmiş, Ağdam rayonunda Atçılıq zavodunun ərazisində
130 hektar ərazidə qrunt sularının səviyyəsinin
aşağı salınması üçün 3200 pm
uzunluğunda drenaj şəbəkəsi tikilib istismara
verilmiş və Şəki rayonunun Şəkikənd, Cəyirli
və Qozlubulaq kəndlərinin içməli su təchizatı
ilə əlaqədar 3 ədəd subartezian quyusunun
qazılması, nasos stansiyasının, təmizləyici
qurğunun tikintisi, 21716 pm uzunluğunda boru kəmərinin
çəkilişi və nəzərdə tutulan digər
işlər tam başa çatdırılaraq obyekt istifadəyə
verilmişdir.
Tovuzçay
su anbarından rayonun əkin sahələrinə suyun verilməsi
üçün nasos stansiyasının xarici elektrik təchizatını
təmin etmək üçün elektrik
avadanlıqlarının quraşdırılması, Şəki
rayonunda əkin sahələrinin su təminatının
yaxşılaşdırılması üçün Cəyirli
su anbarında bənddə sızmaya qarşı mühafizə
tədbirlərinin yerinə yetirilməsi və torpaq bəndin
yenidənqurulması, Cəlilabad rayonunda İncəçay
su anbarının bəndinin təmir-bərpası və qəza
vəziyyətinin aradan qaldırılması tədbirləri
üzrə Astara rayonunda Ləvain su anbarında bəndin
yuxarı byefində dəmir-beton üzlüyün çəkilməsi
üzrə işlər görülmüşdür. Eyni zamanda, 2015-ci ilin oktyabr ayında respublikanın cənub
zonasına yağan leysan yağışları nəticəsində
Göytəpə su anbarının bəndində və
qurğularında yaranmış təhlükəli vəziyyətin
qarşısının alınması məqsədilə su
anbarında nəzərdə tutulan təxirəsalınmaz tədbirlər
həyata keçirilmişdir.
“Şəmkirçay
çayı üzərində dəryaçanın tikintisi”
kompleksi layihəsinə daxil olan obyektlərdə tamamlama
işləri başa çatdırılmaqla 164,5 mln.kbm həcmində
Şəmkirçay su anbarı, gücü 24,483 MVt Su
Elektrik Stansiyası (SES) və ümumi uzunluğu 60565 metr olan
Şəmkirçay magistral kanalları hidrotexniki
qurğularla birgə istismara verilmişdir.
Eyni
zamanda “Şəmkirçay çayı üzərində dəryaçanın
tikintisi” kompleksi layihəsinə daxil olan Şəmkirçay
magistral kanallarından Şəmkir və Göygöl
rayonlarının 25 min hektara (ondan 7878 hektarı yeni
suvarılan torpaqlar) yaxın əkin sahələrinə
suvarma suyunun verilməsi üçün Sağ sahil Şəmkirçay
kanalından paylayıcı və suvarma boru kəmərlərinin,
eləcə də Şəmkirçay su anbarının
tikintisi ilə Goranboy rayonunun 26584 hektara (ondan 8293 hektar yeni
suvarılan torpaqlar) yaxın torpaq sahələrinə suvarma
suyunun verilməsi məqsədi ilə uzunluğu 27,9 km olan
Şəmkir maşın kanalının 2-ci növbəsinin
2,56 km-nin qurğularla birlikdə tikintisi üzrə işlər
yerinə yetirilmişdir. “2014-2016-cı illərdə Bakı
şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramı”nın həyata keçirilməsi ilə
bağlı Abşeron magistral kanalında təmir-bərpa
işləri davam etdirilmiş, Zirə qəsəbəsi ərazisində
Qoşa Qışlaq nasos stansiyasını su ilə təmin
edən tənzimləyici hovuzun və Novxanı nasos
stansiyasında xarici elektrik təchizatı üzrə tikinti
işləri yerinə yetirilmişdir.
Eyni
zamanda, Xaçmaz rayonunun Yalama ərazisində
yaradılmış “Yalama Aqroparkı” MMC-nin (523 hektar) və
rayonun sərhəd ərazilərində yerləşən
997 hektar əkin sahələrinin, Sabirabad rayonunun Sarxanbəyli,
Moranlı, Bala Həşimxanlı, Əlilənbəyli kəndlərinin
əkin sahələrinin su təminatının
yaxşılaşdırılması üçün “H”
kanalının tikintisi, Ağsu rayonunda əkin sahələrinin
su təminatının yaxşılaşdırılması
üçün isə Qazanarx kanalının 219 pm hissəsinin
yenidənqurulması işləri həyata
keçirilmişdir.
İri
taxılçılıq təsərrüfatlarının
yaradılması ilə əlaqədar Hacıqabul rayonunda 400
ha yeni suvarılan sahənin istifadəyə verilməsi
üçün 2061 pm uzunluğunda Padar magistral
kanalının və Neftçala magistral kanalı ilə
rayonun əkin sahələrinə suvarma suyunun verilməsi
üçün Kür çayı üzərindəki nasos
stansiyasının xarici elektrik təchizatı və
kanalın 120 pm hissəsinin tikintisi üzrə işlər
başa çatdırılmışdır. Şəmkirçay
su anbarından sugötürən Sağ sahil Şəmkirçay
kanalından “Şəmkir aqroparkı”nın
543 ha torpaq sahəsinə suvarma suyunun verilməsi və
Yuxarı Mil kanalında Ağcabədi rayonu ərazisində
“Kroun-Ko” şirkətinə məxsus 2100 ha sahənin suvarma
şəbəkəsinin tikintisi işləri yerinə
yetirilmişdir.
Ümumilikdə,
bütün maliyyə mənbələrindən
ayrılmış vəsaitlər hesabına əsaslı
tikinti obyektlərində 478 km suvarma kanalları, 232 km
kollektor-drenaj şəbəkələrinin tikintisi, yenidənqurulması
və bərpası aparılmış, eyni zamanda 50 km
qapalı və 169 km paylayıcı suvarma şəbəkəsi,
28 km təzyiqli metal boru xətti çəkilmişdir. 78089 hektar torpaqların su təminatı və 18080
hektar torpaqların meliorativ vəziyyəti
yaxşılaşdırılmış, 16338 hektar yeni
torpaqların suvarılması təmin edilmişdir.
Azərbaycan
Respublikası Prezidentinin 25 dekabr 2014-cü il tarixli 961 nömrəli
sərəncamı ilə respublikanın 34 şəhər və
rayonunun 241 yaşayış məntəqəsində əkin
sahələrinin və əkin üçün istifadə
olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə
təminatının yaxşılaşdırılmasına,
habelə əhalinin içməli suya olan tələbatının
ödənilməsi üçün qazılması nəzərdə
tutulmuş 300 ədəd subartezian quyusunda qazma işləri
başa çatdırılmışdır ki, bununla da 5400
hektar torpaq sahələrinin su təminatının
yaxşılaşdırılması və əhalinin
içməli suya olan tələbatının ödənilməsi
təmin edilmişdir. Respublikanın ən təhlükəli
hesab olunan çaylarında (Kürmükçay, Tərtərçay,
Daşağılçay, Girdimançay, Kişçay,
Durucaçay və Dəmiraparançay) sel və
daşqınlara qarşı 1818 pm uzunluğunda sahilbərkitmə
(dəmir-beton, daş-beton, beton) işləri yerinə
yetirilmişdir. Bundan əlavə,
Ağstafa rayonunun Dağ Kəsəmən kəndinin
yağış və sel sularından mühafizəsi tədbirləri
üzrə uzunluğu 305 pm olan seltutan bəndin və onun
üzərindəki qurğuların tikintisi işləri
başa çatdırılmışdır.
2015-ci il meliorasiya və su təsərrüfatı
işçiləri üçün daha məsuliyyətli il
olmuşdur. Belə ki, ölkədə kənd təsərrüfatının
inkişafına yeni təkan vermək və onun modernləşdirilməsini
sürətləndirmək, aqrar sektorda mövcud problemlərin
həllinə sistemli və kompleks yanaşmanı təmin etmək,
bu sahəyə dövlətin inzibati və maliyyə
resurslarını səmərəli şəkildə cəlb
etmək və ölkənin aqrar potensialını geniş təbliğ
etmək məqsədi ilə Azərbaycan Respublikasının
Prezidenti tərəfindən “2015-ci ilin Azərbaycan
Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi
haqqında” sərəncam imzalanmışdır.
Qarşıya qoyulmuş vəzifələrin icrası məqsədi
ilə cəmiyyət tərəfindən meliorasiya və
irriqasiya sistemlərinin normal istismarının təşkili,
suvarılan torpaqların su təminatının və
onların meliorativ vəziyyətinin
yaxşılaşdırılması, sel və daşqın
sularına qarşı mübarizə sahəsində 2015-ci
ildə konkret tədbirlər həyata keçirilmişdir.
Sudan səmərəli, qənaətlə istifadə
olunmasının təmin edilməsi məqsədi ilə cəmiyyət
tərəfindən müvafiq tədbirlər işlənib
hazırlanmış, istismar təşkilatları ilə
birlikdə su istifadəçiləri ilə müvafiq izahat
işləri aparılmış, suvarmanın gecə-gündüz
və növbəlilik əsasında aparılması
üçün müvafiq tədbirlər
görülmüşdür.
Suvarma mövsümü başlanana kimi bütün
kanallar və üzərindəki hidrotexniki qurğular istismar
tədbirləri planına uyğun təmir edilərək
suvarmaya hazır vəziyyətə gətirilmişdir.
Görülmüş tədbirlər nəticəsində
suvarılan torpaq sahələri əsasən suvarma suyu ilə
tam təmin edilmişdir. Respublika üzrə bütün kənd təsərrüfatı
bitkiləri 1374,1 min hektar sahədə orta
hesabla 3,3 dəfə suvarılmışdır. Bütün
suvarma mənbələrindən 8,6 mlrd. kbm su götürülmüş və su
istifadəçilərinə 6,0 mlrd. kbm
su verilmişdir.
2016-cı ildə kənd təsərrüfatı bitkilərinin
vegetasiya suvarmasını mütəşəkkil keçirilməsi
və respublikanın çaylarında baş verə biləcək
sel və daşqın sularının maneəsiz
axıdılması ilə əlaqədar müvafiq tədbirlər
görülür.
Cəmiyyət
tərəfindən magistral kanallar üzrə su
bölgüsü limitləri, respublikanın çayları
üzrə suvarma dövründə rayonlararası su
bölgüsü cədvəlləri hazırlanaraq təsdiq
edilmiş, bütün istismar təşkilatlarında gecə-gündüz
növbətçilik yaradılmış, vegetasiya
suvarmasının mütəşəkkil həyata
keçirilməsi, sudan səmərəli və qənaətlə
istifadənin təmin edilməsi və su limitlərinə nəzarətin
gücləndirilməsi məqsədi ilə cəmiyyətin
mütəxəssisləri ayrı-ayrı obyektlərə təhkim
edilmiş, çayların gursululuq dövründə su
anbarlarının doldurulması və yarana biləcək sel və
daşqın sularının maneəsiz axıdılması
üçün bütün təxirəsalınmaz tədbirlər
görülmüşdür.
Hazırda
respublikanın su anbarlarında 16,0 mlrd.kmb
su yığışmışdır. Toplanmış
su ehtiyatları kənd təsərrüfatı bitkilərinin
vegetasiya suvarmasının mütəşəkkil
aparılmasına şərait yaradacaqdır.
Sudan istifadə planına əsasən, 2016-cı ildə
ümumilikdə 1363689 hektar sahədə kənd təsərrüfatı
bitkilərinin vegetasiya suvarılması nəzərdə
tutulmuşdur.
1 iyun 2016-cı il tarixə 523845 hektar sahədə taxıl
orta hesabla 2,3 dəfə
suvarılmışdır.
Suvarma
mövsümünə hazırlıqla əlaqədar cəmiyyətin
yerli istismar idarələri tərəfindən 1293 hidrotexniki
qurğu, 808 hidropost, 137 nasos, 132 elektrik və dizel mühərriki,
2261 subartezian nasosları təmir edilmiş, suvarma və
kollektor-drenaj şəbəkələrində 33871 min.kbm həcmində
lildən təmizləmə işləri
aparılmışdır.
Çay
məcralarında 4,9 mln.kbm həcmində məcratəmizləmə
işləri aparılmış, 932 kbm şax-daş və
faşın bəndlər quraşdırılmış,
daş-beton bəndlərdə 2,5 min kbm həcmində təmir
işləri görülmüşdür.
Möhtərəm Prezidentin müvafiq fərman və sərəncamları
ilə təsdiq edilmiş dövlət proqramları və tədbirlər
planlarında meliorasiya və su təsərrüfatı sahəsi
üzrə geniş tədbirlər nəzərdə tutulmuşdur. Bu tədbirlərin həyata
keçirilməsi nəticəsində respublikamızda
torpaqların su təminatına və meliorativ vəziyyətinin
yaxşılaşdırılmasına, yeni suvarılan
torpaqların istifadəyə verilməsi nəticəsində
ölkə əhalisinin ərzaq məhsulları ilə
etibarlı təmin edilməsinə, yaşayış məntəqələrinin,
əkin sahələrinin, hidrotexniki qurğuların və digər
infrastruktur obyektlərin sel və daşqın sularının
zərərli təsirlərindən mühafizəsinə,
çayların su ehtiyatlarının nizamlanması
hesabına onlardan daha səmərəli istifadə edilməsinə
imkan yaranacaqdır.
Azərbaycan
“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar
Cəmiyyəti, onun çoxminli kollektivi dövlətimizin
diqqət və qayğısına cavab olaraq əkin sahələrinin
suvarma suyu ilə təminatını
yaxşılaşdırmaq istiqamətində olan
ardıcıl tədbirləri davam etdirəcək, mövcud
meliorasiya və irriqasiya sistemlərinin tikintisi, qorunub
saxlanılması, onların lazımi səviyyədə
istismarının həyata keçirilməsi, təmir-bərpa
işlərinin təşkili sahəsində
qarşılarında qoyulmuş vəzifələri tam məsuliyyəti
ilə dərk edərək onların vaxtında və layiqincə
yerinə yetirilməsində daha səylə
çalışacaq və bundan sonra da bütün bacarıq
və imkanlarından istifadə edəcəklər.
Fürsətdən istifadə edib, Su təsərrüfatı
və meliorasiya işçiləri günü peşə
bayramı münasibətilə bütün meliorasiya və su
təsərrüfatı kollektivlərini təbrik edir və
ölkəmizin inkişafı naminə şərəfli
işlərində onlara daha böyük müvəffəqiyyətlər
arzu edirəm.
Əhməd ƏHMƏDZADƏ,
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı”
ASC-nin sədri
Azərbaycan.- 2016.- 5 iyun.- S. 6.